• cümə, 19 Aprel, 13:10
  • Baku Bakı 25°C

Taksilərdə vahid qiymət müzakirələri

30.07.16 11:17 1694
Taksilərdə vahid qiymət müzakirələri
Bakı Nəqliyyat Agentliyi (BNA) təmsilçisinin paytaxtın taksi xidməti sistemində vahid qiymətlərin tətbiq ediləcəyi ilə bağlı açıqlaması iki gündür medianın diqqət mərkəzində saxladığı mövzudur. Həmçinin sosial şəbəkələrdə bu mövzuda statuslar, rəylər yazılmaqda, geniş müzakirələr aparılmaqdadır. Tanınmış iqtisadçı, hüquqşünas və media mənsublarının da qatıldığı belə müzakirələrdə BNA nümayəndəsinin taksilərdə vahid qiymət tətbiq etmək barədə fikrini dəstəkləyən, eyni zamanda buna qarşı çıxanlar var. Təklifə qarşı çıxanlar iddia edirlər ki, vahid qiymət siyasətinin tətbiq edilməsi, bu barədə Tarif Şurası tərəfindən hansısa qərarın qəbul olunması bazar iqtisadiyyatının qanunlarına uyğun deyil. Onların fikrincə, belə bir qərar taksi xidmətindəki sağlam rəqabət mühitinə xələl gətirəcək, vətəndaşlara ucuz taksi xidməti göstərən taksilərin işinə maneə yaradacaq. Qeyd edilən arqumentlərin nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün mövzu ilə bağlı hüquqşünasın, BNA-nın və iqtisadçı ekspertin mövqeyini öyrəndik.

Hüquqşünas Ərşad Hüseynov"Kaspi"yə açıqlamasında qeyd etdi ki, Azərbaycanda təxminən 10 il bundan öncə taksidən istifadədə vahid tarif müəyyən olunsa da, sonradan bu, müxtəlif mülahizələrə yol açması, gediş haqqına nəzarətin mümkünsüzlüyü və digər səbəblərdən qüvvədən düşüb. Onun fikrincə, avtomobillərin və xidmətlərin fərqli olması da vahid tarif siyasətini qüvvədən salıb: "Hesab edirəm ki, 10 il əvvəl qəbul edilən qərarın ləğv edilməsi daha düzgün qərar idi. Çünki taksi kimi fəaliyyət göstərən avtomobillərin köhnə və təzəsi, təhlükəsizlik səviyyəsi müxtəlif idi. Bundan başqa, taksi sürücüsünün davranışı, xidmət mədəniyyəti də vacib məsələlərdən biri idi. Müştəri kimi taksi xidmətindən istifadə edənin də seçimindən çox şey asılıdır. Misal üçün, müştəri taksi sürücüsünün idarə etdiyi ən müasir tələblərə cavab verən, rahat, yaxud da sovet dövründən qalma, yalnız köhnə standartlara cavab verən avtomobilin taksi xidmətindən yararlana bilər. Bu, müştərinin öz seçimidir. Bu kimi bir sıra səbəblərdən taksi xidməti sistemində vahid qiymətdən söhbət gedə bilməz. Bunu məqbul saymıram və ehtimal etmirəm ki, gələcəkdə də belə bir qərar qəbul olunsun”.

İqtisadçı ekspert İlham Şaban mövzu ilə bağlı bildirdi ki, Tarif Şurası inhisarçı orqanların tarif, qiymət münasibətlərini tənzimləmək üçün yaradılıb və bu, bütün dünyada belədir. Onun sözlərinə görə, əgər bir yerdə inhisarçılıq yoxdursa, Tarif Şurasının oyuna daxil olması yolverilməzdir. İqtisadçı ekspert hesab edir ki, əgər bütün bunlara baxmayaraq, Tarif Şurası oyuna daxil olursa, bu, artıq həmin yerdə rəqabət mühitinin dayandırılması, bazar iqtisadiyyatı elementlərinin aradan götürülməsi anlamına gəlir: "Azərbaycan bazar iqtisadiyyatlı ölkədir. Ona görə də Tarif Şurası ancaq inhisarçı xidmət və mövqedə olan dövlət və ya özəl şirkətlərin tariflərini tənzimləyə bilər. Digərlərini isə tənzimləyə bilməz”.


BNA-nın mətbuat katibi Nuridə Allahyarova isə taksi xidməti sistemində vahid qiymətlərin tətbiq ediləcəyi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra həm mediada, həm də sosial şəbəkədə bunun əleyhinə gətirilən arqumentləri əsassız sayıb. O, fikirlərini əsaslandırmaq üçün deyib ki, hazırda Bakı şəhərində taksi xidməti həyata keçirən 4 şirkət rəsmi qeydiyyatdan keçib. Mətbuat katibinin sözlərinə görə, həmin şirkətlərdən yalnız biri - Bakı Taksi Xidməti MMC dövlət hesabına alınan minik avtomobilləri, yəni London taksiləri ilə xidmət göstərir. Qeydiyyatdan keçən digər 3 şirkət isə özəldir. N.Allahyarova bildirib ki, həmin özəl şirkətlərdə qiymətlər müxtəlif standartlarla tətbiq olunur: "Bu özəl şirkətlər arasında qiymətlər kilometraja uyğun olaraq müəyyən edilsə də, standartlar müxtəlifdir. Bəzisində qiymət yüksək, digərində aşağı ola bilər. Bunu da onlar göstərdikləri xidmətin səviyyəsi ilə əlaqələndirə bilərlər. Misal üçün, çağırılan taksinin anında gəlməsi, Wi-Fi və sair kimi daha yüksək keyfiyyətli xidmət və sair. Taksi xidməti göstərən həmin özəl şirkətlər bu kimi xidmətləri əsas gətirərək qiymətin baha olmasının səbəbini əsaslandıra bilərlər. Lakin statistika göstərir ki, hazırda paytaxt Bakıda 16 min fiziki şəxs öz şəxsi avtomobili ilə taksi xidməti göstərir. Həm sahibkar, həm də sürücü olan həmin şəxslər qiyməti də özləri diktə edirlər. Söhbət məhz həmin 16 min taksi sürücüsünün qeydiyyatdan keçməsindən, fərqlənmə nişanı almasından, avtomobillərində taksometrlərin quraşdırılmasından sonra göstəriləcək taksi xidmətindən gedir. Həmin taksometrlərdə kilometraja uyğun olaraq qiymətlər tətbiq olunacaq”.


N.Allahyarova deyib ki, Bakıda şəxsi taksi xidməti göstərən 16 min taksi sürücüsündən nümunə olaraq standartlara cavab verən 5-7 mini qeydiyyatdan keçib fərqlənmə nişanı ala biləcəksə, yalnız onların avtomobillərində taksometrlər quraşdırılacaq, kilometraja görə də qiymət tətbiq ediləcək. Mətbuat katibinin sözlərinə görə, belədə sürücü getdiyi məsafənin haqqını kilometraja uyğun olaraq müəyyən edəcək: "Problem yalnız burada çıxa bilər ki, sərnişin də narazı qala bilər. Yəni, tutaq ki, sərnişin "20 Yanvar” dairəsindən "Nizami” metrostansiyasına getmək üçün həmin taksilərdən birinə minəcək. Taksi sürücüsü Tbilisi prospekti ilə düz hərəkət edəcək, yaxud yolun bağlı olmağını, tıxacı nəzərə alıb alternativ yolla sərnişini mənzil başına çatdıracaq, kilometraja uyğun olaraq da sərnişinə ödəməli olacağı pulun miqdarını deyəcək. Bu zaman sərnişin deyə bilər ki, mən özəl taksi xidmətinə zəng vurub əvvəldən qiyməti maraqlanmışdım, onlar mənə taksi ilə bura gəlmək üçün 3 manat istəmişdilər, siz 4 manat istəyirsiniz. Bu kimi narazılıq ola bilər. Ancaq tətbiq ediləcək qaydaların taksi xidmətində rəqabətə mənfi təsir edəcəyi, digər özəl taksi xidməti göstərən şirkətlərin işinə maneə yaradacağı kimi fikirlər əsassızdır. Əksinə, yeni qaydalar taksi xidməti göstərən şirkətlər arasında rəqabət yaradacaq, onlar daha çox müştəri cəlb etmək üçün daha keyfiyyətli və vətəndaş üçün də sərfəli xidmət göstərəcəklər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər