AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Taksi adı altında sui-istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Taksi adı altında sui-istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Təfsilat
04 Aprel 2020, 14:15 200
Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin artıb.

Agentlikdən bildirilib ki, adi günlərdə 50-dən çox müraciətin daxil olduğu halda aprelin 3-də 500-dək sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib. Müraciət edənlərin böyük əksəriyyəti uzun müddət fərqlənmə nişanı olmadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər olub. Müraciət edənlərin bir qismi vergiödəyicisi kimi qeydiyyatda olsa da onların idarə etdiyi avtomobil taksi kimi qeydiyyatda olmayıb. Müraciət edənlər arasında yaşı 65-dən yuxarı sürücülərin olduğu da müəyyən olunub. Eyni zamanda, nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri üçün irəli sürülən standartlara və normativlərə uyğun olmadığı da müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq həmin sürücülərin avtomobillərinə fərqlənmə nişanı verilməyib.

Nəqliyyat vasitəsi taksi minik avtomobili kimi qeydiyyatda olan, davamlı olaraq fərqlənmə nişanı alan sürücülərə və taksi şirkətlərinə fərqlənmə nişanının verilməsi təmin edilib. Həmçinin bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. Belə ki, həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir.