• şənbə, 20 Aprel, 11:01
  • Baku Bakı 14°C

Tahirə Məmmədqızı: “Ölməyə haqqım yoxdur, çünki əsgər anasıyam” - Fotolar

07.02.19 10:45 4030
Tahirə Məmmədqızı: “Ölməyə haqqım yoxdur, çünki əsgər anasıyam” - Fotolar
Ötən həftə həmkarımız, aparıcı, "Şərq” qəzetinin mədəniyyət yazarı Tahirə Məmmədqızı xərçəng xəstəliyinə tutulduğunu eşitdik. Həmkarımızın durumu ilə maraqlanmaq, ona dəstək vermək üçün redaksiyamıza dəvət etdik. Hər zaman pozitiv ab-havada olan aparıcı bizimlə də müsahibəyə zarafatla başladı: "Həkimə gedəndə ilk sualım bu oldu ki, əgər əməliyyatdan sonra kökələcəyəmsə, əməliyyata girməyəcəyəm. Kökəlmək mənim ən böyük problemimdir”.

- Xəstəliyə tutulduğunuzu nə zaman hiss etdiniz?
- Əvvəla qəzetinizin rəhbərliyinə və kollektivinizə mənə diqqət göstərdiyi üçün təşəkkür edirəm. Məni diqqətdən kənarda qoymadınız və jurnalist həmrəyliyinizi nümayiş etdirdiniz. Hərdən deyirlər ki, jurnalistlər arasında həmrəylik yoxdur. Ancaq mən son bir həftədə bunun əksini gördüm. Buna görə, bütün həmkarlarıma təşəkkür edirəm. 7 ay idi ki, narahatlıqlarımın olduğunu hiss edirdim. 3-4 ay xüsusilə narahatlığım çoxalmışdı. Oğlumu hərbi xidmətə yola salırdım deyə, başım bir az ona qarışmışdı. Başqa bir nahiyədə şiş əməliyyatı keçirdim. Həkimlər mənə bədənimdə olan şişin xoşxassəli olduğunu demişdilər. Təxminən bilirdim ki, yenə də yarana bilər. Son bir ayda gördüm ki, işləyə bilmirəm və gücüm qalmayıb. Sadəcə, ümid edirdim ki, bədxassəli şiş olmasın. Olsa belə, məni öldürməyə o şişin gücü çatmasın. Mənim ölməyə haqqım yoxdur, çünki əsgər anasıyam. Oğlumun məndən başqa kimsəsi də yoxdur. Günlərdir özümə təsəlli verirəm ki, güclü qadınam, bunun da öhdəsindən gələcəyəm. Amma həm də onu başa düşürəm ki, həyatda güclü qadın yoxdur. Hamının başına sığal çəkən bir insana, dəstəyə ehtiyacı var. Amma dəstək də olmayanda, çırpınıb, ayaq üstə durmağa məcbur olursan. Onsuz da içimdə ağlayıram.

- Onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramovadan, Toppuş bacıdan müsahibələr alanda düşünürdünüzmü ki, bu hadisə sizin də başınıza gələ bilər?
- Heç zaman ağlımın ucundan da keçməzdi ki, mən də bu xəstəliyə tutularam. Ömür boyu həyatımı qaç-qovla keçirmişəm. Düşünmüşəm ki, bu xəstəliyin də yanından sürətlə ötüb keçəcəyəm, o, mənə yaxın dura bilməyəcək. Özümü aldatmışam ki, çox güclüyəm. Bununla dördüncü dəfədir ki, əməliyyat masasına uzanacağam. Təsəllim isə "pis adama heç nə olmaz” deyimidir. Məni sevənlər qədər sevməyənlər də var. Onların bəziləri indi məyus haldadırlar. Bəziləri də gözləyir ki, Tahirə nə vaxt öləcək yasıma gəlib aşımı yeyəcəklər. Biz tərəfdə yas mərasimlərində aşla bərabər ləvəngi də verirlər (gülürük). Onlara həmin aşı yasımda deyil, oğlumun toyunda yedizdirəcəyəm.

- Nə üçün sizə təklif olunan yardım kampaniyalarının başlanmasını istəmirsiniz?
- Bəlkə də son fürsətimdir. Bəlkə də heç vaxt bir də bunları deməyə fürsətim olmaz. Çox insanlara az da olsa yaxşılığım dəyib. Amma həyatımın elə dönəmi gəldi ki, onlar məni tək qoydular. Zatən son dönəmlər tanınmışların efirdə bu şəkildə müraciətləri artıb. Ona görə də istəmərəm ki, kimsə məni, xəstəliyimlə bağlı müzakirəyə çıxartsın. Xəstəliyindən istifadə edən insan kimi tanınmaq istəmirəm. Durum ağlayım, sızlayım ki, kömək eləyin, onu edə bilmərəm. Bir az Allahın ədalətinə sığınmaq istəyirəm, deyirəm ki, mənim övladımın nə günahı var, niyə bu yaşda anasız qalsın? Axı onun məndən başqa heç kimi yoxdur. Bu gün əlimi qaldırıb təslim olsam, əminəm ki, xəstəlik məni aparacaq. Həyatın o qədər çətinliklərindən keçmişəm, xərçəng mənə yəqin ki, qalib gələ bilməz. Ağrıları olsaydı, bəlkə də bu qədər güclü ola, dayana bilməzdim. Məni yarı yolda qoyanlar görsünlər ki, tək də bacarıram. Əslində, təklik bir məktəbdir. O məktəbdə o qədər şeyləri öyrənirsən ki, öyrəndikcə də həyatın qoynuna atılmaq daha rahat olur. Bəlkə elə bir məqam yetişəcək ki, mən məcbur qalıb son həddə o müraciəti etməyə borclu qalacam, yenə də oğluma görə. Amma indi tezdir.

- Sizi daha çox, qalmaqallı, məşhurların qənimi olan bir jurnalist kimi tanıyırıq. İnsanların yaddaşında belə qalmaq sizi qorxudurmu?
- Açığı desəm, əvvəllər qorxmurdum. Daha gənc olanda bu barədə düşünmürdüm ki, qalmaqallı çıxışlar edərəm, haqqımda nələrsə düşünərlər. Bir şeyi düşünürdüm - jurnalistikada olmalıyam və həqiqətlərdən qaçmamalıyam. Bəlkə də mənim həqiqətim başqasının yalanıdır. Mən həqiqətimin arxasında dayanan bir insanam. Bunu kiminsə marağının qurbanı etməməyə çalışmışam. Əvvəllər belə şeylərə önəm vermirdim. Oğlum böyüyəndən sonra hiss etdim ki, haqqımda olan istənilən rəy, fikir ona toxunur. Oğul anası olmaq daha çətindir. Onun atası yoxdursa və sən tək qadınsansa, bu, daha böyük məsuliyyətdir. Həyat yoldaşım olsaydı bunlara belə reaksiya verməzdim. Son 3-4 ildə bir az sakitləşmişəm. Görünür bu, yaşla bağlıdır. İnsan müəyyən yaşa gəlib çatandan sonra xarakterində dəyişikliklər olur. Ancaq Allah o təmkini mənə vermədi. Mənim ən böyük qüsurlarımdan biri də odur. Düzdür, qalmaqallı biriyəm. Ola bilər, kimlər üçünsə cılız görünüm, kimlər üçünsə böyük. Bir çox kişilərdə olmayacaq qədər cəsarət sahibiyəm. Mən kifayət qədər sərt, qalmaqallı, hətta, bəziləri üçün ürəyi olmayan, daş ürəkli bir qadın obrazı yaratmışam. Belə bir qadın olmağa məni məcbur etdilər. Məndə hamı kimi bir xanım idim, duyğusal, yumşaq. Amma həyat hər dəfə məni vurduqca, divara çırpdıqca bərkidim.

- Xəstəliklə mübarizə apardığınızı oğlunuz bilirmi?
- Oğlum 20 gün idi ki, hospitalda yatırdı. Buna görə, özümü ikinci dərəcəyə atmaq məcburiyyətində qaldım. Çünki hər gün həm işləmək, həm də xəstəxanaya da gündə iki dəfə getmək ən azından, fiziki baxımdan çətin idi. Oğlum əsgərlikdə olduğuna görə, ona deyə bilməzdim ki, mən ağır xəstəyəm. Ona görə də o dönəmdə heç dostlarıma da bu barədə demirdim ki, xəbər sıza bilər. Bizim sahə elədir ki, barəmizdə olan balaca məlumat dərhal yayılır. Biz sosial insanlarıq. Xəstəxanada qaldığı dönəmlərdə çalışdım ki, bu barədə heç kim heç nə bilməsin ki, onun da qulağına nəsə sızmasın. 5-6 gündür ki, artıq gedib hərbi hissəyə. Bilir ki, əməliyyat olacağam, amma bilmir ki, xərçəngəm.

- Bu xəbərin mətbuatda yayılmasını niyə istəmirdiniz?
- Ağlamağı sevmirəm, sızlamağı isə xoşlamıram. Əvvəllər iki yerdə işləyirdim, maddi baxımdan imkanlarım daha normal idi. Çalışdığım qəzetdən 300 manat maaş alıram. Əsgər anasıyam, oğlumun yanına gedib gəlməliyəm. Bunlar mənim gücüm daxilində deyildi. O vaxt evimdə 5 manat artıq pulum yox idi ki, iynəni alım. 7 ay idi ki, qanaxmam dayanmırdı. Pulum olanda iynələri vurdururdum, olmayanda vurdurmurdum. Çünki o imkanım yox idi. Ən əzizlərimə belə bunu demirdim, gizlədirdim, bir-iki nəfərdən başqa. Mənim xəstəliyimi bilənlərdən biri həkim Elman Əzimov oldu. Mən burdan ona, həyat yoldaşına sizin qəzet vasitəsilə bir də təşəkkür edirəm. Demək ki, insanlıq ölməyib. Elman həkim mənə kömək əlini uzatdı. Bu, o dönəmlər idi ki, çarəsiz idim, oğlum xəstəxanada idi, mən də müayinələrə getməliyəm, amma evimdə bir manat pulum yox idi. Özümü unutmağa məcbur oldum, dayanmalı, dözməli idim. O dönəmdə Elman həkim mənə zəng vurub dedi ki, Tahirə, vəziyyətini bilirəm, bütün əməliyyat xərclərini mən öz üzərimə götürürəm. Əgər razısansa, mənə etibarın varsa, əməliyyatı mən edirəm. Demək olar ki, müayinə xərclərinin 80-90 faizini həkim öz üzərinə götürdü. Özünüz bilirsiniz ki, bu, o qədər ağır prosesdir ki, bir çox müayinələrdən, aparatlardan keçirsən, analizlər çox bahalıdır. Bunların hamısının xərcini Elman Əzimov ödəyib.

- İndi son durum necədir? Həkimlər nə deyir?
- Əslində dünən (srağagün-X.R.) əməliyyat olunmalı idim. Bir gün qabaq hazırlıq prosesi gedirdi. Həkimlərlə görüşdük məsləhət etdik. Dedilər ki, əməliyyata hazır deyilsən. 7 ay idi ki, qan itirirdim. Ürəyimin qidalanması zəif idi. Məsləhət gördülər ki, 10 gün müalicə alım. Son 2 gündür ki, özümü yaxşı hiss etməyə başlayıram.

- Deyirlər "Hadisə haradadırsa, Tahirə ordadır”. Yenə də hadisələrin içindəsiniz...
- (gülür) Mən nə edim axı, oturduğum yerdə hadisə baş verir. Kiminsə yanından keçirəm, hadisə yaşanır.

- Özünüzə hesabat verirsinizmi?
- Əvvəllər az-az verirdim. Bəlkə də hesabat verməkdən qorxurdum. Son 3 ili hər gecə özümə hesabat verirəm. Səhvlərimi bilirəm, doğrularımdan yapışıram. Səhvim olanda üzr istəməyi bacarıram. Kinli insan deyiləm. Əslində məni incitsən, tərpətsən yandıra-yaxa bilərəm.

- Çalışdığınız "Şərq” qəzetində "Şərq”i oxu” adlı kampaniya başlayıb. Proses necə gedir?
- Artıq bu kompaniyaya iki gündür start vermişik. "Şərq”i yaşatmaq istəyirik. Çünki "Şərq”in yaşamağa haqqı var.. Kampaniya çərçivəsində ilk qonaqlarımız xalq artisti Mənsum İbrahimov, əməkdar artist Elçin Həşimov və Elnur Əhmədov oldu. Onlar "Şərq”in ilk günündən oxucumuz olublar. Qəzetimizə abunə yazıldılar. Qəzetimiz haqqında xoş sözlər səsləndirdilər. Fürsətdən istifadə edib "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya və bütün kollektivə təşəkkür edirəm. "Şərq”in də çətin günləridir, Tahirənin də. "Şərq” məni tək qoymadı, mən də ən çətin vaxtlarımda da onu tək qoymuram. Onlar mənim ailəm olublar. Oğlumun 19 yaşı var, artıq 18 ildir ki, "Şərq” qəzetində çalışıram. Balamı "Şərq”lə bir yerdə böyütdüm. "Şərq” mənim balama himayə, çörək yeri oldu. Bu gün oğlum mənə zəng vuranda kef-əhvalımı öyrənəndən sonra "Şərq”i soruşur. Övladımın ən böyük dayaqlarından biri "Şərq” olub. Bəlkə də "Şərq” olmasaydı Tahirə bu gün bu qədər tanınmazdı. Bəzən nəyi isə olduğu qədərində demək lazımdır. "Şərq” mənim üçün məktəb oldu.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər