• cümə, 19 Aprel, 01:26
  • Baku Bakı 18°C

Tahir Kərimli: Paşinyan Qərbdəki ağaları ilə Rusiya arasında çabalayır

11.09.18 14:45 594
Tahir Kərimli: Paşinyan Qərbdəki ağaları ilə Rusiya arasında çabalayır
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfərinin Ermənistan üçün heç bir müsbət nəticəsi olmadı. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, N.Paşinyan bu səfərdə yalnız populist sərsəmləmələri ilə yadda qaldı: "Bu, bəlli bir məsələ idi. Azərbaycan Prezidenti İlham Əliyev də Putinlə görüşdü. Görüşdə çoxsaylı sənədlər imzalandı,qarşılıqlı bəyanatlar səsləndirildi. Azərbaycan Prezidentinin səfəri ilə müqayisədə Paşinyanın Moskva səfəri aydın məsələdir ki, bir növ hesabat xarakterli görüş idi. Yəni Paşinyan Moskvaya çağırılmışdı ki, öz mövqeyini müəyyən eləsin. Görüşdə Ermənistanla Rusiya arasında heç bir sənədin imzalanmamasının səbəbi o idi ki, Ermənistan iqtisadiyyatının özü Rusiya şirkətlərinin əlindədir. Ermənistan dövlətinin özünün investisiya qoymaq qabiliyyəti yoxdur".
Onun sözlərinə görə, digər tərəfdən də hamıya məlum idi ki, bu görüş Dağlıq Qarabağ məsələsi ilə bağlı idi:"Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq hüquqa əsasən də Azərbaycanın ərazisidir. Ona görə də Paşinyanın dedikləri yalnız populizmdir. Sadəcə Paşinyan Ermənistanda "xalq dalğası" adı ilə hakimiyyətə gəldiyindən özünü göstərmək istəyir ki, guya vətənpərvərdir. Əslində bu cür sərsəm bəyanat danışıqlar prosesinə birbaşa əngəldir. Bu onu göstərir ki, Ermənistan hələ də konstruktiv dialoqa hazır deyil, status-kvonun qorunub saxlanmasının tərəfdarıdır və bu, sonda Ermənistan üçün yaxşı qurtarmayacaq. Doğrudur ki, Qərb dairələri Paşinyana Rusiyadan yayındığı üçün rəğbətlə yanaşırlar. Güman edirəm ki, əvvəlcədən gözlənildiyi kimi, Putinin ona hər hansı tapşırıqları işə keçməyəcək. Çünki Paşinyan bir növ qərbyönlü dalğa üzərində hakimiyyətə gəlib, Ermənistanın keçmiş hakimiyyətindəki Rusiyayönümlü məmurları həbsə atdırıb, hakimiyyətdə qərbyönümlüləri saxlayıb. Ona görə də Ermənistanın Rusiya ilə münasibətləri yaxşı görünmür".
T.Kərimli qeyd edib ki, N.Paşinyanın Rusiyanın Azərbaycana silah satmasına etiraz etməsi də əhəmiyyətsizdir: "Rusiya Azərbaycana silah satışını dayandıran deyil. Artıq Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və bundan sonra da bu proses davam edəcək. Yəni Rusiya Ermənistana görə Azərbaycan kimi dövlətlə bazarını itirmək istəməz və münasibəti pozmaz. Rusiya Qafqazda Azərbaycana ehtiyac duyur".
Millət vəkili deyib ki, N.Paşinyan özünün Qərbdəki ağaları ilə Rusiya arasında çabalayır, bu da çox çəkməyəcək.
banner

Oxşar Xəbərlər