AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tacikistanla Qırğızıstan arasında diplomatik qalmaqal

Tacikistanla Qırğızıstan arasında diplomatik qalmaqal

Siyasət
18 Fevral 2020, 18:13 1209
Taciklərin Batken vilayətinə iddiaları gərginliyi artırıb

Tacikistanla Qırğızıstan arasında sərhəd qalmaqalı səngimir. Əldə olunan razılaşmaya görə, birgə işçi qrupu martın 1-nə qədər münaqişələrin baş verdiyi tacik-qırğız sərhədində ərazilərin mübadiləsi ilə bağlı plan təqdim etməlidir. Lakin elə bu ərəfədə qalmaqal baş verib. Qırğızıstan xarici işlər naziri Tacikistanın ölkədəki səfiri Nazirmad Alizodeyə nota təqdim edib. Səbəb də Tacikistanın Soqdi vilayətinin rəisi general-mayor Abdullo Nadjuvanovun Batken vilayətinin heç vaxt qırğız ərazisi olmadığı barədə bəyanatıdır. Tacik general qonşularının ünvanına qeyri-korrekt ifadələr də işlədib. Abdullo Nadjuvanov daxili işlər nazirinin müavini vəzifəsindən Soqdiysk vilayətinə təyinatı ilə bağlı keçirdiyi ilk mətbuat konfransında Qırğızıstanla sərhəd ərazidə baş verən münaqişəyə toxunub. Bildirib ki, bu məsələ hüquq-mühafizə orqanlarının, terrorizm və ekstremizm kimi problemlərindən biridir. "Əgər tarixə müraciət etsək keçmişdə Batken heç zaman qırğız torpağı olmayıb. Mənim əcdadlarım qırğızları bura gətirdilər və onlara torpaq verdilər, bu gün də onlar bizlərə problem yaradırlar”, - deyə "Sputnik” agentliyi polis rəisinin sözlərini sitat kimi yazıb. Məlumat üçün bildirək ki, Batken vilayəti Qırğızıstanın ərazisindədir. Bişkekdə də baş verənləri və səslənən fikirləri təxribat cəhdi kimi qiymətləndiriblər. Qırğızıstan XİN-dən bildiriblər ki, yüksək rütbəli məmurların belə çıxışları yolverilməzdir. "Ən əsası, bu cür çıxışları hüquq-mühafizə orqanlarının əməkdaşları etməməlidirlər. Onlar bu cür təxribatçı bəyanat və hərəkətlərə yol verməməlidirlər”, - deyə qırğız XİN-in məlumatında bildirilir. Bişkek Düşənbədən rəsmi məlumat verilməsini gözləyir. Ümid edir ki, bu cür bəyanatlar bir daha təkrarlanmayacaq.
Mübadilə prosesi isə artıq qalmaqallarla davam edir. Əvvəlcə Batken sakinlərinin tələbi ilə qırğız hökumətinin baş nazirinin müavini Janiş Razakov vəzifəsindən çıxarılıb. Bu şəxs son dörd ildə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə məşğul olub. Qırğız siyasətçisi Feliks Kulov hesab edir ki, söhbət "narahatçılıqdan” getmir, bu şəxsin vəzifəsindən azad edilməsi tələbindən gedir. Əks təqdirdə, vəzifəsində olacağı müddətdə düzgün mövqedə olduğunu sübut etmək üçün ərazi tələbləri ilə çıxış etməkdə davam edəcək. Yəni belə çıxışlar edən təxribatçıların fikirlərini davam etdirəcək. Sərhəddə sonuncu münaqişə yanvar ayında, qonşuların bir-birinə atəş açması nəticəsində yaşanıb. Hərbçilər hələ də gücləndirilmiş qaydada xidmət çəkməkdə davam edirlər. Ötən il iki ölkə tarixində ən münaqişəli il kimi yadda qalıb. 12 dəfə etniklərarası münaqişə yaşanıb – ondan artıq ölən və yaralanan olub. İki ölkə prezidenti Sooronbek Jeenbekov və Emomali Rahmon arasında keçirilən görüş və danışıqlar da sülh gətirməyib. Mübahisəli ərazilərlə bağlı prosesin başladılması qərara alınıb. İki ölkənin topoqrafik qrupları Batken (Qırğızıstanın) vilayəti ilə Tacikistanın İsfar şəhərinin mübadiləsi imkanlarını nəzərdən keçirirlər. Yekun mübadilə planı martın 1-nə kimi təqdim olunmalıdır. Yerli sakinlərlə müvafiq danışıqlar aparılır. Qırğızıstanla sərhəd Çorkux ərazisində olan tacik eksperti Neqmatullo Mirsaidov "Nezavisimaya qazeta” qəzetinə açıqlamasında bildirib ki, regionda vəziyyət sakitdir, lakin patrul xidmət çəkir. "Qırğız qonşumun evinə qonaq getdim. Onun xanımına həkimlər müalicə yazmışdılar. Astma xəstəsidir. Ona yaxşı bir həkim məsləhət gördüm. Ümumiyyətlə, insanlar sülh şəraitində yaşamağı istəyirlər. İnsanlar mübahisəli ərazilərdə yaşayırlar. Ola bilsin ki, bura qırğız ərazisidir. Narahatdırlar ki, evlərindən çıxarıb qovalaya bilərlər. İnsanlar illər uzunu yaşadıqları ərazini tərk etmək istəmirlər. Lakin deyəsən, bunu etməli olacaqlar. Qonşularımla gəldiyim təəssüratları bölüşdüm. İki ölkənin rəhbərləri öz yerlərini tərk edən insanları "incitmək” istəməməyə çalışacaqlar. Əlbəttə xalqlar bölünəcək, lakin ən əsası odur ki, münaqişələr yaşanmasın. Bu gün düzgün olan variant bir-birinə nifrət hissi ilə alışıb yanan insanları barışdırmaqdır. Əgər ərazi mübadiləsi və insanların köçürülməsi ağrısız olacaqsa, bu, böyük bir nailiyyət olacaq”, - deyə Mirsaidov bildirib. 
Qırğız hərbi eksperti, polkovnik Toktakul Kakçekeyev əmindir ki, münaqişə o qədər mürəkkəbdir ki, tacik generalın bəyanatı belə neqativ rol oynamayacaq. Problem ondadır ki, mübahisəli ərazidən çay keçir və onun üzərində hidrotexniki qurğular yerləşdirilib. Onlar da qırğız və daha sonra tacik ərazisini su ilə təchiz edir. "Bu ərazi illər uzunudur ki, mübahisəli hesab edilir. Ona Tacikistan da iddia edir. Hazırda da bu ərazi mübadilə ərazisinə düşüb. 29 ildir ki, bu məsələ həllini tapmır və çətin ki, bu gün həllini tapsın”, -deyə Kakçekeyev bildirib. O, xatırladıb ki, bu ərazi ilə narkotrafik və yanacaq-sürtgü materiallarının qaçaqmalçılığı keçir. Bu prosesin isə əsası Tacikistanda vətəndaş müharibəsi başlananda qoyulub. O illərdə Qərb əfqan siyasi qüvvələrinə güclü dəstək verir, ayrı-ayrı klanları müdafiə edirdi. "Düşənbənin əsas hədəflərindən biri - tacik anklavını birləşdirməkdir. Süni yaradılan mühasirə vəziyyətindən çıxmaq üçün taciklər müxtəlif vasitələrə əl atırlar – məişət məsələlərindən tutmuş etnik münaqişəyə kimi. Vəziyyətin sabitləşməsi üçün müxtəlif görüşlər keçirilir, az əhəmiyyət kəsb edən sənədlər imzalanır. Qırğızıstanda bu məqsədlə baş nazirin müavini postu da yaradılıb. Bu şəxs məhz sərhəd məsələlərinin həlli ilə məşğul olmalıdır. Lakin heç bir uğur əldə edə bilməyib. Qırğız parlamentinin deputatlarından biri bildirib ki, Haniş Razakov baş nazirin müavini olduğu müddətdə sərhədin dörd santimetrini belə delimitasiya etməyə müvəffəq olmayıb. Lakin qan tökülməsi bir neçə dəfə baş verib. Onun qənaətincə, məmurlar bu məsələnin həllində heç bir hüquqa malik deyillər.
 
Azər NURİYEV