AZE | RUS | ENG |


Sözün təbiət və ədəbiyyat şəkli - Fotolar

Sözün təbiət və ədəbiyyat şəkli - Fotolar
Əgər yazıçı öz xalqı ilə toqquşursa...

"Novruz mühazirələri”ni keçirməkdə məqsəd Novruzu mərasim zehniyyətindən düşüncə məqamına gətirməkdir. Su, Od, Torpaq və Külək yaranışın başlanğıcıdır”. Təhsil Nazirliyinin «Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa…» mövzusunda keçirdiyi «Novruz mühazirələri»ndə səslənən bu fikirlər iştirakçıları elm və təbiətin vəhdətindən doğan maraqlı fikirlərin və ədəbi söhbətlərin dinləyicisinə çevirdi. 

Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, təhsil ekspertləri, yazarlar, KİV nümayəndələri, tələbələrin qatıldığı görüşdə qeyd edildi ki ,«Novruz mühazirələri»nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. "Təhsil Nazirliyi ötən ildən başlayaraq «Novruz mühazirələri» keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsindən bəhs ediblər. Həmçinin əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzuları ilə bağlı mühazirə və müzakirələrə yer ayrılıb”.

"Muğam klub”da keçirilən "Novruz mühazirələri”nin növbəti qonağı Xalq yazıçısı Çingiz Abdullayev çağdaş ədəbi proseslərə, yazıçının mövqeyinə və vəzifəsinə və s. toxunaraq iştirakçıları maraqlandıran sualları cavablandırdı. 

Əgər belə ağıllısansa...

"Yazıçının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, kitabını oxusunlar”- deyən Ç.Abdullayev yaradıcı adamın təvazökar ola bilməyəcəyini qeyd etdi: "Düzdür, fəxri adlar, titullar, mükafatların verilməsi yaxşı haldır. Amma ən böyük xoşbəxtlik yaradıcı insan üçün onun kitablarının oxunmasıdır”. Yazıçı istənilən ölkənin mədəniyyəti, tarixi, siyasəti, iqtisadiyyatı və ordusunun inkişafının təhsilin səviyyəsindən asılı olduğunu bildirdi: "Əgər biz Qarabağ problemimizi həll etmək istəyiriksə, bu da təhsildən asılıdır. Bizə yalnız savadlı vətəndaşlar lazımdır. Bəlkə də yeganə haldır ki, biz müəllimlərə pul veririk ki, uşağımızı öyrətməsinlər. O uşaqlar universiteti bitirib cəmiyyətdə kim olacaqlarını düşünmürlər. Azərbaycanda neqativ bir ənənənə var: insanlar tanış-bilişin, qohumun hesabına hansısa vəzifə tuta biləcəklərini düşünürlər. Düzdür, belə olanda  hər hansı vəzifəyə nail ola bilərsən, ancaq savadlı olmayacaqsan. Bunun üçün kitab oxumalısan. Faciə odur ki, bizim uşaqlar kitab oxumaq istəmirlər. Oxumaq insanın gözünü açır, dünyagörüşünü artırır. Dünyanın hər yerində zəngin insanlar var-dövləti ağılla qazanırlar. Amerikada belə bir deyim var: «Əgər belə ağıllısansa, niyə varlı deyilsən». Uşaqlıqdan oxumaq istəməyənlər heç nəyə nail ola bilməzlər. Kitab oxumalı, muzeylərə getməlisən. Bəzən insanlar müəyyən yaşa gəlib çatandan sonra: «Heç bilmirəm, ömür necə gəlib keçdi» - deyirlər”. Yazıçı İngiltərədə insanların neçə yaşa qədər yaşaması ilə bağlı keçirilən sorğudan misal gətirərək "təhsilli qadınla evlənən kişilər 3-4 il çox yaşayırlar. Əgər çox yaşamaq istəyirsinizsə, təhsilli qadınlarla ailə qurun” deyə bildirdi: "Eləcə də qızlar da ailə qurarkən ağıllı oğlanları seçsinlər. Səudiyyə Ərəbistanında ən böyük banklardan birinin rəhbəri qadın seçilib. Bizdə isə bu cür fikirlərə o qədər də müsbət yanaşılmır. Qızların təhsilli olması çox vacibdir. Çünki onlar təhsilli olsalar ağıllı övlad böyüdəcəklər”. 

Nə edək ki, bizi dünyada tanısınlar?

"Əgər biz istəyirik ki, inkişaf edək, bunun üçün övladlarımıza təhsil verməliyik” deyən yazıçı, övladlarımızın öz dillərindən başqa 2-3 xarici dil bilmələrinin vacibliyini vurğulayıb. Bəzən cavan yazarlar yanıma gələrək «Nə etməliyik ki, bizi dünyada tanısınlar?» - deyə soruşurlar. Mən də həmişə onlara: "İlk növbədə çoxlu kitab oxumalı və dil öyrənməlisiniz” deyirəm. Son 15 ildə Heydər Əliyev Fondunun xarici dillərdə çoxlu kitablar nəşr etdirdiyini deyən yazıçı həmin kitabların  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  böyük rol oynadığını bildirib: "Artıq çox ölkələr bizim faciələrimizi tanıyıblar. Mənim kitablarım 32 dildə nəşr olunub. Bir dəfə Orxan Pamuk mənə: "  Türkiyənin böyük əhalisinin olmasına, dünyada türkdilli xalqların çoxluğuna baxmayaraq, məni o qədər də tanımırdılar. Ancaq əsərlərim fransız və ingilis dillərinə tərcümə olunandan sonra məni bütün dünya tanıdı”- deyə bildirdi. Əgər yazıçının əsərləri ingilis, alman, fransız, rus və ispan dillərində tərcümə olunarsa, onda həmin yazıçını bütün dünya tanıyacaq”. 
 
Yazıçının faciəsi

"Yazıçı mənim üçün dünyanı quran insandır”- deyə Ç.Abdullayev yaxşı yazıçı olmağın məziyyətlərindən danışıb onu ilahi gücə malik məxluq kimi dəyərləndirdi: "Yazıçılıq çətin peşədir. Yadımdadır, kitablarım yenicə çap olunmağa başlayanda məni Mərkəzi Komitəyə çağırıb «Siyasi detektiv janrında yazan yazıçıları Moskvada qəbul etmirlər. Bu janrı yəhudilər yaxşı yazır» dedilər. Mən də cavan və inadkar idim: «Öz yolumla irəliləyəcəyəm. Hamıdan yaxşı yazacağam» dedim. «Onda gərək ruslardan yaxşı yazaraq azərbaycanlının nəyə qadir olduğunu sübut edəsən» - deyə bildirdilər. Yazıçı əsərləri ilə tarixdə qalır və heç vaxt unudulmur. Min yazıçıdan biri uğurlu ola bilər, digərlər isə uğursuz olacaq. Uğursuz yaradıcı insan olmaq faciədir. İki uğursuz yaradıcı insan tanıyıram: Hitlerin rəssamlığını, Stalinin də şairliyini qəbul etmirdilər». Ç.Abdullayevin fikrincə, yazıçılıq peşəsini şərtləndirən əsas amil vicdanlı olmaqdır:  «Yazıçı vicdanını satırsa, yalan danışırsa, hər gələn hökuməti tərifləyir və bu haqda yazırsa, deməli, o, yazıçı deyil. Əgər dövlət yazıçı ilə toqquşursa, həmişə uduzacaq. Əgər yazıçı öz xalqı ilə toqquşursa, bu mübarizədə həmişə xalq udacaq. Norveç yazıçısı Kunut Hamsun sevilən yazıçı idi. Amma faşistlər ölkəni zəbt edəndə o, onların tərəfinə keçdi. Xalq isə ondan qisasını kitablarını oxumamaqla aldı. Hamsun bunun səbəbini başa düşürdü”. 

Mühazirə iştirakçılarından birinin «Məktəb dərsliklərində "Darvinizm nəzəriyyəsi lazımdırmı? Bu yaxınlarda Türkiyədə bu mövzunu qadağan ediblər» - fikirlərinə aydınlıq gətirən yazıçı «Allah istəyi insanın ürəyində olmalıdır. Mən başa düşürəm ki, bu dünya elə-belə qurulmayıb, bir qüvvə var» - deyə cavab verdi: "Çox alimlər sübut edirlər ki, Darvinizmi dərsliklərdən çıxarmaq doğru fikirdir. İnsanlar hər şeyi öyrənməli və sonra seçim etməlidirlər. Darvinizm Allaha qarşı deyil. Biz müstəqil fikrimizi yaratmaq üçün Darvinizmi tədris edəcəyik. Lusi Borxes "Allah varsa, iblisi nə üçün yaradıb?” sualına "Seçimimiz olsun deyə, qəsdən yaradıb” deyirdi. Kitablar da seçim yaratmalıdır. Odur ki, Darvinizmi kitablardan çıxarsanız, ilk etiraz edən mən olacağam”.

Professor Şahlar Əsgərovun "Türkiyədə keçirilən sorğuya görə məlum olub ki, türk cavanı xəyal qura bilmir. Necə edək ki, bizim cavanlar xəyal qurmağı bacarsınlar?» sualını cavablandıran yazıçı: «Biz kitab oxumağı sevmirik. Əvvəllər bizdə kitab mağazaları çox idi. Sorğulara görə, Gürcüstanda 42, Ermənistanda 39, bizdə 11 faiz kitab oxunur. Sankt-Peterburqda kitab oxuyanların sayı 64 faiz hesablanıb. Bizim 8 kitab mağazamız var. Kitab mağazalarını bağlayıb yerində başqa mallar satılan mağazalar açdılar”- deyə cavab verdi. 

Yazıçı gənc yazarlardan birinin «Uşaqlıq fantaziyanız nə olub?» sualını da cavablandırdı: "Mən hüquqşünas olmaq istəmişəm. Atam da prokuror olub. Yazıçıların katibi ola-ola həm də tarixçi, polentoloq olmaq istəyirdim”. 

Kitab mağazalarının bağlanmasını soyuqqanlı qarşıladığımızı deyən təhsil eksperti Etibar Əliyev "Gərək buna qarşı aksiya edərdik» fikrini səsləndirərək, əsas sualını ünvanlayıb: «Harper Linin «Bülbülü öldürmək» kitabı 48 milyon tirajla çıxıb. Sizin tirajınız nə qədərdir? Sizcə bu janr süquta uğrayıbmı? Əgər süquta uğrayıbsa özünüzü hansı janrda görürsünüz?».  Kitablarının tirajının 28 milyon olduğunu deyən Ç.Abdullayev indi uşaqların daha çox fantastika, macəra janrında oxuduqlarını qeyd etdi: «20-ci əsrin ən maraqlı əsərlərində detektiv var. Bunu Borxes deyir. Bizdə fikirlər var ki, detektiv janrını mən başlamışam. Ancaq bu janr Cəmşid Əmirovun «Qara Volqa»sından başlayır. Elçinin «Arxadan vurulan zərbə»si də klassik detektivdir. Həmçinin Anarın və başqa yazıçıların da bu janrda əsərləri var. Mənim tarixi, melodram janrında yazdığım əsərlər var. Rejissor Mehriban Ələkbərzadə mənim əsərim əsasında «Məhkumlar» filmini çəkdi. «İlahi komediya», «İnsan komediyası», «Müasir komediya» yazılıb. Mən indiki dövrə "Kriminal komediya” deyirəm. Detektiv pul və ölümdür”.   

Mühazirə zamanı  Azərbaycanın çağdaş tarixində faciəli günlərin çoxluğu və bu günlərə birmənalı olmayan münasibətlə bağlı sual da səsləndi: "Məktəblərdə müəllimlər bu hadisələri şagirdlərə necə tədris etməlidirlər?” Azərbaycan tarixində xüsusən son 25 ildə qara günlərin olduğunu qeyd edən yazıçı həmin günlərlə bağlı qalibiyyətlərimizi qeyd etməyin vacibliyini də vurğuladı: "Mənə təsir edən odur ki, həmin günlərdə həlak olan insanlarımızın şəkilləri hər yerdən asılır və yalnız məğlubiyyətimiz haqqında danışırıq. Ancaq Xocalıda azərbaycanlılar vuruşub və 4 Milli Qəhrəmanımız var. Nəyə görə onları yad etmirik? Biz bu kimi faktları da deməli, onları yad etməliyik”. 

"Siz xoşbəxtsinizmi?”sualına isə yazıçının cavabı birmənalı səsləndi: "Mən xoşbəxtəm. Xoşbəxtlik nədir? Səni sevən insanların sənlə yaşamasıdır.  Xoşbəxtəm ki, atam 81, anam 83 yaşında vəfat edib. Mən xalq yazıçısı olanda atam sağ idi. Bu mənim üçün xoşbəxtlikdir. Ümumiyyətlə, əgər ata-ananız yanınızdadırsa demək xoşbəxtsiniz”.
 
Mühazirədə iştirak etdi
Təranə Məhərrəmova 


 
    


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6298
GBP 1 İngilis funt sterlinqi 2.2523
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6294
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9959
CHF 1 İsveçrə frankı 1.7121
USD 1 ABŞ dolları 1.7002