• çərşənbə axşamı, 19 mart, 12:49
  • Baku Bakı 8°C

Sözün rəqs etdiyi yer, yaxud rəqs teatrı

05.09.19 13:38 4643
Sözün rəqs etdiyi yer, yaxud rəqs teatrı
Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun "Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun "Buto” rəqsi, "Sasha Valtz & Guests” qrupunun rəhbəri olan Saşa Valtz və digərləri. Bu yazıda gücüm çatdığı qədər müasir rəqs teatrı anlayışı və onun ən tanınmış nümayəndələri barədə, qısa da olsa, məlumat verməyə çalışacağam.
Müasir rəqs XIX əsrdə Amerikada meydana gəlmiş, lakin dünya məşhurluğuna XX əsrin ortalarında çatmışdır. Araşdırmaçılar müasir rəqsin yaranmasını rus şairi Sergey Yeseninin həyat yoldaşı olmuş İsadora Dunkanın adı ilə bağlayırlar. O, XIX əsrin sonu XX əsrin əvvəllərində Avropa və SSRİ-də yaşamış və burada rəqs fəaliyyəti ilə məşğul olmuşdur. Onun məqsədi bədən və düşüncəni bir-birindən ayıraraq, rəqsə yeni üslub qazandırmaq idi.
Sonrakı dövrlərdə müasir rəqsin inkişafı Marta Qrahamın adı ilə bağlanır. O, 1926-cı ildən 1991-ci ilə kimi rəqs sahəsində çalışmışdır. Amerikada yaşamış xoreoqraf və rəqqasənin islahatları və fəaliyyəti Pablo Pikassonun rəssamlıqda, İqor Stravinskinin musiqidə, Frank Lloydun memarlıqdakı yaradıcılığı ilə müqasiyə olunur.
XXI əsrin rəqs teatrını isə aşağıda adlarını sadaladığım sənətkarlar olmadan təsəvvür etmək mümkün deyil.
Pina Bauş
Bauş 1940-cı ildə restoran sahibi olan ailənin 3-cü övladı olaraq dünyaya gəlmişdi. Restoran ona gənc yaşlarında sənətə başlanmaq üçün uyğun məkan olmuşdu. Restoran-oteldəki bütün qonaqlar üçün performans sərgiləyən Pina Bauşun potensialını ailəsi gənc yaşlarında kəşf etmişdi.
15 yaşında Pina, Folkwangschule-Folkwang Akademiyasına qəbul edilir. Akademiya rəqs və teatrı özündə cəmləşdirən Tanztheater-in yaradıcılarından biri sayılan Kurt Jooss tərəfindən idarə olunurdu. 1959-da Almaniyada məzun olan Pina təhsilini davam etdirmək üçün Nyu-Yorkdakı Culliard məktəbinə daxil olur. O, Metropolitan Opera və Balet səhnəsində Tudor, New American Balletdə isə Paul Taylor ilə çıxış edirdi. Nyu-Yorkda olarkən Pina "Nyu-York bir meşəyə bənzəyir, amma eyni zamanda, sizə tam azadlıq hissi yaşadır. Bu iki ildə mən burada özümü tapdım” deyirdi. 1973-cü ildə Pina Bauş sonradan müstəqil çalışan və adını "Tanztheatre Wüppertal Pina Bausch” olaraq dəyişəcək Wüppertal Opera və Balet teatrında fəaliyyətə başlayır. Teatr özünəməxsus əsərlərdən toplanan geniş repertuara sahib idi və mütəmadi olaraq dünya turuna çıxırdı. Pina Bauşun ən tanınan əsərlərindən biri isə "Cafe Müller” əsəridir. Tamaşanın premyerası 1978-ci ildə keçirilmişdir. Əsərin səhnə tərtibatında kafedəki bütün masa və oturacaqlar dağınıq şəkildə səhnəyə düzülmüşdü. Kafedə daim külək əsir və gözləri bağlı olan müştərilər bir-birilərinə dəyirlər. Bauş məşqlərdə rəqqasların gözlərini bağlayaraq bunu oynamalarını istəyirdi. "The Rite of Spring” əsəri isə səhnənin tamamilə torpaq ilə örtülməsini tələb edirdi.
"Əsərin onu anlayan kütləyə çatması önəmli deyil. Bu işi kimsə görməlidir, çünki haradasa bunun doğru olduğuna inanan var” - deyə Pina Bauş bildirirdi.
"Cafe Muller”
Henry Purcellin musiqilərindən yığılan yarım saatlıq əsər, tənha kafedə lunatik kimi fırlanan bir sıra obrazlardan ibarətdir. Güman ki, onlar uzun müddət əvvəl bitmiş bir hadisədən sonra itkin düşmüş insanlardır. Obrazlar ekzistensial bir atmosfer daxilində, öz hərəkətlərini qarşılıqlı olaraq sonsuzadək davam etdirirlər. Gerçək kafeyə bənzədilən səhnə quruluşu bir dəlixananın dəhlizini xatırladır” (Arlene Kroce – New-Yorker dərgisi).
"Gördüyünüz şey ikinci bir həyat yaşamış kimi görünən sənətçilərin gerçəkləşdirdiyi olduqca ağır bir teatr eksperimentidir. Həyəcan, yüksək idarə edilən enerjidən, səhnənin gözəl istifadəsindən, sinematik toqquşma və vizual axımdan doğulur.
Bauşun digər bir tanınmış əsəri isə rus bəstəkar İqor Stravinskinin "Bahar ayini” ("The Rite of Spring”) operası əsasında hazırladığı eyniadlı tamaşa idi.
Bütün bunlardan başqa "sinyora” Bauşun "Orfey və Evridika”, "Palermo, Palermo”, "Vollmond”, "Kontakthof” kimi dünyaca məşhur tamaşalarının adını çəkmək olar.
Pina Bauş 1982-cü ildə Federiko Fellininin "Və gəmi üzür” və 2002-ci ildə Pedro Almadovarın "Onunla danış” filmlərində də iştirak etmişdir. Bundan başqa onun yaradıcılığı haqqında 9-a yaxın sənədli film çəkilmişdir. Bunlardan ən məşhuru isə alman rejissor Vim Wendersin çəkdiyi "Pina” filmidir. Bu filmin premyerası 61-ci Berlin Film Festivalında keçirilmişdir.
Dünyaca məşhur rejissor Pina Bauş 2009-cu il iyunun 30-da yaşadığı Vuppertal şəhərində vəfat etmişdir.
Saşa Valtz
XXI əsrin məşhur xoreoqraf-rəqqaslarından biri də Saşa Valtzdır. Almaniyada Pina Bauşun sələfi sayılan Saşa 1993-cü ildə həyat yoldaşı Yoxen Sandiqlə birlikdə öz "Twenty to Eight” tamaşasının premyerasından sonra hazırda da fəaliyyət göstərən "Sasha Waltz & Guests” teatr kompaniyasının əsasını qoyur. Onun ən əsas fəaliyyəti də bu kompaniya çərçivəsində olmuşdur. 2004-cü ildən isə Tomas Ostermeyerlə birgə Almaniyanın nüfuzlu "Schaubühne” teatrına rəhbərlik edir.
Saşa rəqsə 5 yaşında Karlsruhe şəhərində tanınmış rəqqas Meri Viqmanın yanında başlamışdır. 1983-cü ildən 1986-cı ilə qədər Amsterdamdakı "Yeni Rəqs İnkişafı Məktəbi”ndə təhsil almışdır. 1986-cı ildən 1987-ci ilədək isə Nyu-Yorkda karyerasını davam etdirmiş Saşa burada bir çox peşəkar rəqqaslarla tərəf müqabili olmuşdur. Beləliklə o, 1992-ci ildən artıq Almaniyada çalışır və burada musiqiçi, rəqqas və rəssamlarla birlikdə multidissiplinar layihəsinə başlayır. 3 ilin sonunda "Səyahətnamə-Trilogiya” (Travelogue-Trilogy) işini başa vurur. Bu trilogiya 3 tamaşadan -"Twenty To Eight”, "Tears Break Fast” və"All Ways Six Steps”-dan ibarət idi.
Saşa Valtzın ən məşhur tamaşaları bunlardır: "Körper”, "noBody”, Hektor Berliozun operası əsasında qurduğu "Rome və Cülyetta”, Hokosavanın operası əsasında "Matsukaze”, Stravinskinin "Bahar ayini” və s.
"NoBody”
"NoBody, insanlar və bədənləri haqqındakı üç hissəli trilogiyanın sonuncusudur. Bu əsər insanlığın metafizik varlığını araşdırır. Bədənin yoxluğuna xitab edir və bizi ölümlü olduğumuzun fərqinə varmağa məcbur edir. İnsan bədəni olmağın fövqündə nə durur? Hansı tərəfimiz ölümsüzdür? Beton fonda bəyaz pəncərələrin arxasında itirdiyimiz insan siluetlərini görürük. Onlar bizim düşüncəmizdə yaşayır, sıxılıb qalıblar. Səhnədə 25 rəqqas insan varolması ilə bağlı suallara cavab axtarır. NoBody ən köhnə suallara cavab axtaran müasir rəqs klassikasıdır. Bəs bizim üçün sonsuz olan nədir?” (Rəsmi press-relizlərdən)
"Körper” bədən deməkdir. Bu, rəqqasları zəngin hərəkət çeşidlərinə yönləndirir. Memarlığı və bədəni bir-birinə bağlayan tamaşa ortalığa belə sualı qoyur: Vücud nədir? Necə qurulur? Rəqs mənəvi ölümsüzlük axtarışını analiz edir və genetik manipulyasiya əsrində çoxalmanı sorğulayır.
"Buto” rəqs forması
Buto rəqs forması İkinci dünya müharibəsindən sonra Hicikata Tatsumi və Ohno Kazuonun birlikdə əsasını qoyduqları müasir yapon teatrının qollarından biridir. Dediklərinə görə, bu rəqs forması durğunluğa etiraz olaraq yaranmışdı. Hicikata Tatsumi bu rəqsi "sıxıntı” olaraq tərcümə edir. Bu forma özündə qrotesk və əyləncəli görüntülər, tabu yıxıcı mövzular, sərhədsiz və absurd atmosfer daşıyır. Adətən, asta hərəkətli, dəqiq idarəli və ağ rəngə boyanmış bədənlə reallaşdırılır. Rəqsin yaranmasında məqsəd müharibədəki ağrıları əks etdirmək idi, bədənlərini ağ rəngə boyamaq isə hissiyyatsızlığı və formasını itirmiş bədənləri ifadə edirdi.
Rəqsin əsas məqsədi yapon teatrında bir yenilik etmək idi. 1950-60-cı illərin avanqard axınının təsiri altında Hicikata yeni formanın yaranmasına ehtiyac duyur. 1959-cu ildə yapon yazıçı Yukio Mişimanın "Qadağan olunmuş rənglər” romanı əsasında o, ilk Buto tamaşasını hazırlayır. Tamaşa homoseksuallıq mövzusu üzərində qurulduğuna görə qadağaya məruz qalır. Əvvəllər Buto oyunlarına "rəqs təcrübəsi” adı verilir. Sonralar, XX əsrin 60-cı illərinin əvvəllərində Hicikata təqdimat üçün "Ankoku-Buyou” (tərcümədə "qaranlıqların rəqsi” anlamını verir) adından istifadə edir. Bundan sonra isə Buto adı seçilir.
Hicikata zaman ötdükcə bütün ənənəvi teatr anlayışlarını inkar etməyə başladı. Y.Mişima, Lautreamont, A.Arto(Artaud), J.Jene (Genet), M. De Sad kimi yazıçılardan təsirlənərək "qaranlıq” mövzuları kəşf etdi. Həmçinin, o, insan bədənlərinin heyvanlarınkı kimi dönüşümünü, transmutasiyasını araşdırmağa başladı. Rəqqasın öz vücud, varolma vəziyyətinə dönməsi üçün şairanə və sürreal bir bədən dili yaratdı. Nourit Masson-Sekine və Jean Vialanın "Qaranlığın kölgələri” kitabında Kazuo Ohno "Butonun ruhu” olaraq təqdim edilirsə, Hicikata Tatsumi "Butonun memarı” adlandırılır. 60-cı illərdə onlar artıq özünəməxsus təhsil üslublarını da müəyyənləşdirirlər. Fərqli amplualarda olan tələbələr müxtəlif qruplar yaratmağa başlayırlar. Tələbələrin iki müəllimin metodlarını bir-birindən ayırdıqları açıq-aşkar görünür. Hicikata qruplar halında çalışan sənətçilərə təsir göstərmiş böyük müəllim kimi görünərkən, Ohno solo sənətçiləri təsirləndirən daha təbii, fərdi və bəsləyici bir ustad olaraq tanınır.
1980-cı illərdən sonra Buto sənətçiləri ilk dəfə olaraq ölkədən xaricdə tamaşalar nümayiş etdirməyə başlayırlar. Sankai Juku Buto qrupu tez-tez xaricə səyahət edir. Lakin, bir gün Vaşinqtondakı çıxışları zamanı binadan asdıqları ip qırılır və bir rəqqasın ölümü ilə nəticələnir. Buna görə Buto Amerikada daha çox tragik hadisə ilə yadda qalır.
Tanınmış Buto rəqqaslarından Kazuo Ohno və Hicikata Tatsumidən başqa Akaci Maro, Uşio Amaqatsu, Edoheart və başqaları vardır.
Yaponiyanın Kioto şəhərində hal-hazırda "Kyoto Butoh-kan” adlı Buto rəqs formasını özündə əks etdirən bir teatr da mövcuddur.
Rəqs teatrı, təbii ki, təkcə bu adlarla məhdudlaşmır. Dünyada bu teatr növünün çoxlu uğurlu və uğursuz nümunələri var. Bəs, rəqs teatrı müasir dünyada hansı yeri tutur? Nəyi ifadə edir? Teatrda sözün getdikcə öldüyü dövrdə, ola bilər ki, rəqs teatrı daha irəli çıxsın və sənət sahəsindəki "pop-kultura” mükafatını əlinə keçirsin. Lakin, bu nümunələr ciddi sayda artmadığından bu haqda söz demək çətinləşir. Ümid edək ki, Azərbaycanda da bu teatr növü bir gün klassik balet ənənələri ilə müharibəyə girib, bizə böyük zövq yaşadacaq.
Emin Əliyev
Teatrşünas
banner

Oxşar Xəbərlər