• cümə, 29 Mart, 00:47
  • Baku Bakı 7°C

Sözdən başlayan sevgi

18.09.18 12:30 1401
Sözdən başlayan sevgi
Böyük Vətən sevgisi doğulduğun yuvadan, eldən-obadan başlayır. Doğma kəndindəki dağı-dərəni, bulağı, çayı, ən zərif çiçəyi, gülü sevməsən dünyanın gözəlliklərini necə duyarsan, dəyərləndirərsən. Bu sevginin dərinləşməsində sözün də öz təsiri və rolu var. Bu istiqamətdə söz adamlarının xidmətləri əvəzsizdir. İçi mən qarışıq söz bizim üçün bütün varidatlardan yuxarıda dayanır. Onun məlhəmi əvəzsiz, zərbəsi ağırdır. Atalar boşuna deməyib ki, güllə yarası sağalar, söz yarası yox. Allah bizi bu hədəfə gətirməsin! Xoş söz adamı mənən ucaldar, qərəzli münasibətdən doğan ifadələr adamın yeddi yerindən geçər, səni üzər, ömrünün xərçənginə çevrilər, həyatına son qoymayınca əl götürməz. Nə isə, lap mətləbdən uzaq düşdüm. Əslində mənim məqsədim başqadır. Söz adamından, bizə sözün minbir hikmətini aşılayan sevimli müəllimim Cahangir Məmmədlinin yeni kitabından danışmaq istəyirəm. Sadəcə, kitabın adı o qədər xoşuma gəldi ki, bir qələm adamı kimi sözə bağlılığımı şərtləndirən bəzi məqamları bir daha xatırlatdım.
Müəllifin "Öncə söz gəldi...” adlanan yeni kitabında son illərdə qələmə aldığı yazıları toplanıb. Filologiya elmləri doktoru, professor Nəsir Əhmədlinin yeni nəşrlə bağlı bir fikri əvvəldən düşüncələrimə aydınlıq gətirdi. Hansı məqaləni oxudumsa məhz bu işığın nurunu gördüm: "Cahangir Məmmədlinin publisistikasında ən çox özünü göstərən bir məqam var: Vətən sevgisi, Azərbaycan deyilən bir məmləkətə vətəndaşlıq məhəbbəti. Ümid edirik ki, bu sevgi və bu məhəbbət duyğuları mütləq oxucunun da qəlbinə yol tapacaq”. Əlbəttə, söz yerində deyilirsə, millət, Vətən, Azərbaycan sevgisini ifadə edirsə, onun ucalığı şəksizdir. Bu zirvədə biz kimləri görürük? Otuzdan artıq məqalənin yer aldığı kitabın ilk yazısı "Vətənə sevginin ölçüsüzlük ölçüsü” adlanır. Ulu öndər Heydər Əliyevlə bağlı olan bu məqalə müəllifin səmimiyyətini, dahi liderə bəslədiyi ehtiramını əks etdirir. Bir etirafında da haqlıdır ki, ulu öndərin xalqımız qarşısındakı xidmətlərini əks etdirən yazılar, kitablar, filmlər çoxdur, amma tarix elmləri doktoru, professor Əli Həsənovun dediyi kimi "Heydər Əliyev irsi təkcə bu gün üçün yox, həm də gələcək üçün lazımdır”. Cahangir Məmmədli məhz bu irsi dürüst mənimsətmək yolunda gələcək nəslin dövlətçilik, siyasi liderlik, insanlıq, bəşərilik, millilik fəlsəfəsinə ləyaqətlə hazırlanmalarının zəruri detallarından söz açır. "Demokratik mətbuatın Heydər Əliyev konsepsiyası” adlı məqalədə də məhz milli liderin jurnalistikaya və jurnalistlərə, medianın nəzəri konsepsiyasının zənginləşməsinə, ölkədə kütləvi informasiya vasitələri sisteminin sürətli inkişafına göstərdiyi qayğıdan, dövlət köməyindən danışılır.
Cahangir Məmmədli hər şeydən əvvəl pedaqoqdur. Uzun illərdir ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyir. Açıq deyim ki, istər keçmiş tələbələri, istərsə də indiki gənclər onu çox sevirlər. Əlbəttə, tələbə yaddaşında qalmaq, həmişə izzət və hörmətlə anılmaq, ehtiramla qarşılanmaq hər müəllimə qismət olmur. Mən də onun tələbəsi olmuşam. İnsanlıq, mehribançılıq, həssaslıq, diqqətli olmaq kimi məziyyətlər əsas xüsusiyyətləridir. Tələbəsi ilə doğması kimi rəftar etmək, onu həm öyrətmək, həm də öyrənmək Cahangir Məmmədlinin ali cəhəti və bir çox həmkarlarından fərqidir. Yeni kitabında onun iki məqaləsini maraqla oxudum və anladım ki, ondakı bu ali xüsusiyyətlər əsasən hardan gəlir. İlk olaraq "Bir müəllim tanıyırdım” yazısı barədə. Müəllifin bu xatirələrinin qəhrəmanı görkəmli yazıçımız və çoxumuzun sevimli müəllimi olmuş Mir Cəlaldır. Cahangir Məmmədli öz müəlliminin məziyyətlərindən, heç kimə bənzəməyən xüsusiyyətlərindən məhəbbətlə söz açır: "Bu dünyada bir müəllim vardı, bir yazıçı vardı. Sözü gənclərəydi, əsərləri gənclərdən idi, gənclərə yönəlmişdi. Oxumuşuq, öyrənmişik, dərs almışıq. Oxuyacaqlar, öyrənəcəklər, dərs alacaqlar. "Klassik müəllimin sənət həqiqətləri” isə unudulmaz mətbuat xadimi və pedaqoq Nəsir İmanquliyev barəsindədir. Müəllifin yazdığı kimi "Jurnalistika fakültəsində oxuyanların bəxti gətirmişdi. Biz Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Həsən Şahgəldiyev kimi müəllimlərin illərlə qurduqları və təmizlik qeyrətini qoruduqları bir fakültədə oxuduğumuzu hiss edirdik”. Cahangir Məmmədli böyük məhəbbət və ehtiramla etiraf edir: " Mənə elə xoşbəxtlik nəsib olub ki, tələbə kimi həm Nəsir müəllimin, həm də Mir Cəlal müəllimin dərslərini keçmişəm və həm də universitetdə onlarla bir yerdə işləmişəm. Həyatımızda belə adamların olduğu bir şəraitdə bizim xeyirxah olmamağa, başqasının problemlərinə yanmamağa haqqımız yoxdur”.
Bakı Dövlət Universiteti ilə əlaqədar müəllifin kitabda bir-neçə yazısı da verilib. Bu da təsadüfi deyildir. Öncə bu təhsil ocağı müəllif üçün doğma bir ünvandır. İkinci əsas səbəb "Bakı Dövlət Universiteti 22 minlik tələbə ordusunu, 2500-dən çox əməkçini birləşdirən nəhəng bir müəssisədir.” Bu mənada "Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı monoloqu”, " Universitetdən dünyaya- dünyadan universitetə”, "Xalqa, dövlətə xidmətin universitet missiyası” adlı yazılarda bu ali məktəbin dünyanın bir çox ali təhsil ocaqları ilə yaratdığı elmi əlaqələri, ölkənin ictimai-siyasi həyatında iştirakı, gənclərin dövlətçilik ruhunda böyüməsi əsas faktor kimi diqqətə çatdırılır.
Müəllifin "Dünənin, bu günün, sabahın ustad sənətkarı” adlı düşüncələrində isə görkəmli nasir İlyas Əfəndiyev son dərəcə milli ruhlu bir yazıçı, dramaturq kimi xalqımızın tarixi keçmişini ədəbiyyata gətirən ədib olaraq səciyyələnir. "Ədəbiyyat xalqı ifadə edir”də isə xalq yazıçısı Elçin məhsuldar bir yaradıcı kimi dəyərləndirilir
Ənənələrə sadiqliyi, yaradıcı şəxsiyyətlərə, istedadlı qələm sahiblərinə diqqət və qayğısı ilə seçilən müasir "Kaspi” qəzeti haqqında Cahangir Məmmədlinin silsilə yazılarını da diqqətlə oxudum. Bəri başdan bu məqalələrdə öz adımı görəndə sevindim. Təbii ki, müəllimimdən xoş sözlər eşitmək, bir tələbəsi kimi yazılarımın təqdir edilməsi məni sevindirməyə bilməzdi. "Əvvəllər müxtəlif qəzetlərdə çalışmış Flora xanım bu gün İctimai televiziyadakı fəaliyyəti ilə "Kaspi”dəki müəlliflik fəaliyyətini birləşdirən məhsuldar bir jurnalistdir”. Sevinirəm ki, məni belə məhəbbətlə dəyərləndirib. Təvazökarlıqdan uzaq olmasın, mən bunu da yazmalıydım. Çünki bu qiyməti müəllim böyük ürəklə öz keçmiş tələbəsinin əməyinə verir. Var olsun! İnsanı ruhlandırmaq bax budur!
"Zaman xəbərsizmi ötdü?” yazısı məni yaman kövrəltdi. Bu, bir ovqat yazısıdır, bu Qarabağ həsrətilə üzülən bir ürəyin səsidir. Məqalə şeirləri ilə ruhumuzu tərpədən qələm dostumuz, şair Sona xanım Vəliyevanın poetik dünyasına həsr olunub. "Qarabağ onun şeirlərində baş mövzu kimi görünür (əslində elə belədir-F.X.). Bəzən əlacı hər yerdən üzülən şair üzünü Allaha, Tanrıya tutub Qarabağ həsrətini çözməyə çalışır. Bəlkə elə buna görədir ki, Allah, Tanrı, Yaradan kəlmələri bu poeziyanın əsas rəngini təşkil edir. "Bir az möhlət ver, Allah” sərlövhəli şeirində bu dünyadan, ömürdən gileylərin hamısı Qarabağ dərdində birləşir.”
Əl uzatdım dalınca, əlim qoldan kəsildi,
Yol başladım Şuşaya, yolum yoldan kəsildi.
Hanı ağ atlı oğlan, səbrim kəsik-kəsikdi,
Möhlət ver bizə, Allah, bu torpağı almağa
Bir az möhlət ver, Allah, dünyanı tanımağa.
Cahangir Məmmədlinin qətiyyət və bələdliklə söylədiyi fikirlər bizim də ürəyimizdən xəbər verir. Həqiqətən də "Sona Vəliyeva kimi dünyanı dərk edən, xalqa, millətə sevgi ilə yoğrulmuş bir yaradıcılıq ömrü yaşayan, klassikamızın hər an yenidən bizə qaytarılmasında xidmətləri olan və nəhayət, Ulu Öndərimiz Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideoloğiyasının yorulmaz təbliğatçısı...”dı. Bu amalla yaşamaqsa şərəfli ömür sahibi olmaq deməkdi. Belə şəxsiyyətlərdən isə zaman heç vaxt xəbərsiz ötə bilməz.
Kitabda AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovla bağlı yazılar da oxuculara təqdim edilib. Müəllif bir-birindən maraqlı və oxunaqlı olan bu məqalələrdə görkəmli alimin elmi fəaliyyətinə, yaradıcılığına güzgü tutub. Mənim ən çox diqqətimi çəkən və düşündürən "Səlahəddin Xəlilovun hikmət dünyası” oldu. İstər Cahangir müəllimin şərhi, istərsə də Səlahəddin Xəlilovun fikirləri ruhuna bir sığal çəkir, mənəvi aləminin rahatlığının yollarını arayır, müəyyən suallar qarşısında qalır və cavablarını tapırsan: "Mənəvi dünya "iç aləmi” sayılsa da, onun da öz içi, çölü və əlçatmaz göyləri vardır”, "Ləyaqətli adamlar yaxşılığı, naqislər isə pisliyi unutmurlar. Riyakarlıq zəiflərin silahıdır”, "Mənəviyyatca zəngin adamlar sadə, maddi imkan baxımından zəngin olanlar təkəbbürlü olurlar”, "Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər”, "Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə o yola işıq saçır”, "Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik”, "Elm beyni, sənət ürəyi, din ruhu qidalandırır...”
Kitabda toplanmış digər yazılarda da bir sıra alim və qələm sahiblərinin elmi fəaliyyətlərindən, yaradıcılıqlarından söz açılır. Cahangir Məmmədliyə xas olan səmimiyyət, mövzuya orijinal yanaşma tərzi, təqdim etmə ustalığı, axıcı, rəvan dil, özünəməxsus üslub bütünlüklə yeni nəşrin aparıcı qüvvəsi və təsir gücüdür. Müəllif böyük sevgi ilə "Öncə söz gəldi...” dedi və yazdı. Etiraf edim ki bizə də belə öyrətdi. Məhz sözün sayəsində ucaldıq, tanındıq. Məhz sözün qüdrətinə sığınaraq vətənimizi vəsf edirik. Sözün də vətəni var! Anamızın laylalarında doğulan sözlər! İlk dəfə eşitdiyimiz o müqəddəs oxşamalar! Sözlə əzizləndik, sözlə tərifləndik, sözlə vətənimizin dağını-dərəsini tanıdıq, ünvanımızı, kimliyimizi bildik! Elə sözün gücünə istəkli müəllimimizə - Cahangir Məmmədliyə olan rəğbət və hörmətimizi bildiririk. Vətən övladları haqqında yazdığı bu kitab da elə sözün qələbəsidir, tarixə çevrilir. Qarabağ - Ağdam, Şuşa adı gələndə necə qəmləndiyinin dəfələrlə şahidi olmuşam. Ürəyimdən keçən budur ki, Cahangir Məmmədli tez bir zamanda gözlədiyi o müjdəli sözləri eşitsin:
- Qələbə! Qarabağa-yurd yerlərimizə qayıdırıq!
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər