• çərşənbə axşamı, 23 aprel, 22:19
  • Baku Bakı 20°C

“Söz yaradıcılığını təsərrüfatla eyniləşdirmək sovet cəmiyyətinə xas xüsusiyyət idi”

10.12.18 13:00 1195
“Söz yaradıcılığını təsərrüfatla eyniləşdirmək sovet cəmiyyətinə xas xüsusiyyət idi”
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı, filologiya elmləri doktoru Vaqif Sultanlıdır. Vaqif müəllimin sevdiyi əsər Corc Oruellin "1984” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə "1984” romanı sizin sevdiyiniz əsərdir?
– Mövzu seçimi, yazıçının soyuq, sərt üslubu, dərin metaforizm, sarkazm, hadisələrin bənzərsiz simvollarla təqdimi, ümumiləşdirmə səriştəsi, yüksək peşəkarlıq və buna bənzər başqa səbəblər...
Corc Oruell imzası ilə tanınan müəllif – Eric Arthur Blair bundan öncə "Heyvanıstan” romanı ilə şöhrət qazanmışdı. Təəssüf ki, "1984” romanının yayınlanmasından yeddi ay sonra yazıçı dünyasını dəyişdi və əsərin gətirdiyi böyük şöhrəti yaşamaq ona nəsib olmadı. Vəfatından sonra qırx il boyunca Corc Oruell bu romanın timsalında ən çox tərcümə olunan müəllif rekordunu saxlamışdır.
Corc Oruell romanın yaranmasından əvvəl xeyli müddət BBC radiosunda jurnalist kimi çalışmışdır. Şübhəsiz ki, fəaliyyətinin bu yönümü yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmiş, "1984” romanı üçün zəngin material vermişdir. Romanda yazıçının məharəti həyatın gerçəkliklərini böyük sənətkarlıqla metaforik örtüyə bürüyərək canlandıra bilməsidir. "1984” ötəri, keçici müşahidənin deyil, bütöv bir ömrün yekunu olduğu üçün böyük təsir gününə malikdir.
– "1984” romanının adı barədə müxtəlif versiyalar var: Onlardan biri əsərin başa çatdığı 1948-ci ilin son iki rəqəminin yerinin dəyişməsidir. Digər versiyada deyilir ki, romanın adı Fabian Cəmiyyətinin 100 illik yubileyinin 1984-cü ilə təsadüf etməsi ilə bağlıdır. Başqa versiyalar da var, siz onlardan hansı ilə razısınız və ümumiyyətlə, romanın adı barədə nə düşünürsünüz?
– Dünya şöhrəti qazanan əsərlərin adı ilə bağlı versiyaların olması təbiidir. Ancaq "1984” ənənəvi adlardan fərqləndiyi üçün mübahisələrə və müzakirələrə yol açır. Bir versiyaya görə, müəllif romanın adını "Avropadakı sonuncu adam” (The Last Man in Europe – red.) və "Ölülər və dirilər” (Live and Died – red.) qoymaq istəmişdir. Əksər tədqiqatçıların qənaətincə, romanın naşiri Frederik Varburq oxucu marağı oyatmaq üçün əsərin adını bu şəkildə təqdim etməyi düşünmüşdür. Bu mənada romanın tamamlandığı 1948-ci ilin son iki rəqəminin yeri dəyişdirilərək adlandırılması daha ağlabatandır.
Bununla yanaşı, romanın 1884-cü ildə Londonda əsası qoyulan Fabian Cəmiyyətinin yüz illik yubileyi şərəfinə adlandırıldığını iddia edənlər də vardır. Roma sərkərdəsi Fabia Maksim Kunktatorun adından alınmış, hazırda Böyük Britaniyada Leyboristlər Partiyasının iqtisadi siyasətinin təməlində dayanan Fabianizm, yaxud Fabian sosializmi tədrici olaraq kapitalizmin sosializmə dönüşməsi prinsiplərinə söykənir.
Əlbəttə, zahirən yanaşılarsa, "1984” ad olaraq o qədər də qeyri-adi səslənmir, ancaq oxucuya yönəlik prinsiplərlə baxılarsa, bu adda çəkicilik var. Adın gələcəklə bağlılığı əsərə ciddi şəkildə maraq doğurur.
Təsadüfi deyildir ki, romanın və romana seçilən adın cazibədarlığı bəzi yazıçılarda bəhs olunan hadisələrə təkrar qayıdış marağı oyatmışdır. Məsələn, 1978-ci ildə ingilis yazıçısı Entoni Bercess "1985” adlı roman nəşr etdirmişdir. Bu əsərin birini hissəsində Corc Oruellin romanı təhlil obyektinə çevrilir. Macar yazıçısı Daloş Dyerdin 1983-cü ildə nəşr etdirdiyi "1985” adlı romanında isə Corc Oruellin əsərindəki hadisələrin davamı təsvir olunmuşdur.
– Əsər açıq-aydın sosializmin əleyhinə yazılıb, amma müəllif ölümündən əvvəl Fransuna Hensona yazdığı məktubda qeyd edir ki, romanım sosializmə və Leybotistlər Partiyasına hücum kimi qəbul edilməsin, mən faşizmin və kommunizmin özbaşınalıqlarını göstərmişəm. Bu məqam çox ziddiyyətli deyilmi?
– Şübhəsiz ki, mühüm olan müəllifin söylədikləri ilə yanaşı, əsərdən doğan qənaətlərdir. Romanın yüksək sarkazmı və metaforizmi onu fərqli şəkildə dəyərləndirməyə imkan verir. Bir də əsərin yazılarkən konkret hədəfə ünvanlandığının düşünülməsi oxucu dairəsini məhdudlaşdıra bilər. Bu səbəbdən, yazıçı çox doğru olaraq roman haqqında formalaşmış və onu çərçivəyə ala biləcək düşüncələri dağıtmağa çalışır. Bir məqama da diqqət yetirmək lazımdır ki, yaradıcılıq prosesində əksər hallarda qələm, yazıçının niyyətindən və onun siyasi mənsubiyyətindən hökmlü olur.
– Əsərdəki Böyük Qardaşı Stalinə, Çörçilə və Hitlerə bənzədirlər, sizcə, o, kimdir?
– Böyük qardaşın bu şəxslərdən hər hansı birinə bənzədilməsi mümkündür. Ancaq hadisələrin mahiyyətində sovet siyasi rejimi durduğunu duymamaq mümkün deyildir.
Maraqlıdır ki, Corc Oruell siyasi baxımdan kommunist düşüncəsinə malik olmuşdur. Əvvəlki əsərlərindən sonra Böyük Britaniya hökuməti məhz bu səbəbdən onu ciddi nəzarət altında saxlamışdır. "1984” romanı yazılanda da yazıçı nəzarət altında yaşamaqda idi. Hökumətin kəşfiyyat xəbərlərində onun "ifrat dərəcədə kommunist düşüncəsinə sahib olduğu” qeyd edilmişdir. Ancaq kommunist düşüncəli olmasına baxmayaraq, yazıçı İ.V.Stalinə qarşı müxalif mövqedə durmuş, sovet hakimiyyətinin yeritdiyi siyasəti sərt şəkildə tənqid etmişdir.
– Romanda dörd nazirlik var – Sevgi, Həqiqət, Sülh, Rifah. Onların adları ilə gördükləri işlər ziddiyyət təşkil edir. İstərdim bu paradoksu izah edəsiniz...
– Bu adlar rəmzidir. Tarixən bütün despotik rejimlər öz mahiyyətlərini pərdələmək üçün onlara xas olmayan mənəvi dəyərlərin, humanist adların arxasında gizlənirlər. Romanda ifrat despotik mühiti canladıran yazıçı həmin mühitdə mövcud olması yasaqlanan dəyərləri ad olaraq seçmişdir.
– Romanda ikifikirlilik qabardılır: Məsələn, müharibə – sülhdür, azadlıq – köləlikdir, cəhalət – qüvvədir. Romandakı cəmiyyəti bu cür ikifikirli olmağa sövq edən nədir?
– Bu da yenə despotizmin təməl prinsiplərindən qaynaqlanır.
– Thoughtcrime – fikir cinayəti. Əsərdə əsas bədii detallardan biri də budur. Bu detal barədə nə deyərdiniz?
– İnsanların sözlərinə, hərəkətlərinə görə cəzalandırılması bütün avtoritar rejimlərdə müşahidə olunmaqdadır. Düşüncəsinə, bəzən də susqunluğa, prinsipial məsələlərdə tərəfsizliyə görə cəzalandırılma sovet cəmiyyətinə məxsus idi. Məncə, yazıçı da bu məqamı vurğulamaq istəmişdir.
– Simvollardan danışmışkən, əsərdəki Yenidil məsələsinə də toxunsanız yaxşı olar...
– Keçmişin üstündən xətt çəkərək hər şeyin yenidən başlanmasına, yaxud bu istiqamətdə görüntü yaradılmasına cəhd, sosializmlə, konkret olaraq sovet siyasi rejimi ilə bağlı düşünülmüş metaforadır.

– Əsərdə tarixin dayanmasını müşahidə edirik. Bu məqamla müəllif nə demək istəyir?
– Tarixin dayanması fonunda müəllif, romanda qaldırılan problemin mahiyyətinə diqqəti çəkmək istəyir. Yəni ideologiya o qədər güclüdür ki, hətta tarixin axarını dayandıra bilər...
– Uinston Smitin Culiya ilə məhəbbətinin də axırı faciə ilə bitir. Bu məhəbbət, əsərin əsas süjetinə hansı mahiyyəti əlavə edir?
– Zahirən təsvir olunan hadisələrin ovqatı ilə bağlı görünməsə belə, romanda məhəbbət süjeti ideyanın aşkarlanmasında əhəmiyyətli rol oynayır. Yazıçı, siyasiləşmənin intim münasibətləri belə hədəf aldığını, məhrəm duyğuları qəddarcasına zədələdiyini önə çəkmək məramını izləyir. Tədqiqatçıların qənaətincə, Corc Oruell Culiyanın xarakterini yaradarkən ikinci xanımı Sonia Brounelli düşünmüşdür. Bunun nə dərəcədə doğru olduğunu təxmin etmək çətindir. Ancaq Culiyanın xaraktercə son dərəcə canlı təsviri yazıçının gerçəklərdən qaynaqlandığını təsəvvür etməyə əsas verir.
– Bayağılaşmış ideyalara nifrət əsərin az qala hər səhifəsində müşahidə olunur. Sizcə, bu nifrət gələcəkdən nə dərəcədə xəbər verirdi və Corc Oruellin bu əsərdə qoyduğu problemlər həllini tapa bildimi?
– Şübhəsiz ki, Corc Oruell bu əsər fonunda gələcəklə, dünya quruculuğu ilə bağlı ciddi narahatlığını ifadə edir. Ancaq məsələnin bu şəkildə qoyuluşu düzgün olmazdı. Çünki ədəbiyyatın missiyası daha çox dünyadakı problemlərin mövcudluğuna diqqətin yönəldilməsidir. Bu mənada "1984” romanı dünya ədəbiyyatı tarixində müstəsna rola malikdir.
– Əsərdə sanki prosesin yaradılıb sonra ona qarşı çıxılması məqamları var: Məsələn, guya azadlıq var, amma onun haqqında danışan kimi ona qarşı çıxırlar, insan haqları var, amma ondan söhbət gedən kimi qarşı çıxırlar...
– Aydındır ki, bu amil təsvir olunan cəmiyyətin ideoloji prinsiplərindən qaynaqlanır. Yəni hər şeyin görüntüsünün olması, əslində, olmaması şəklində...
– Əsərdə belə bir cümlə işlənir, ölkədə dost yox idi, ancaq yoldaş var idi. Bu cümləni necə izah edərdiniz?
– Bu, yalnız sosializmin mahiyyəti kimi izah oluna bilər.
– Romanda maraqlı, işarəli, ironik səhnələr çoxdur, sizi ən çox təsirləndirən səhnə, detal hansıdır?
– Romanda hadisələr güclü süjet hörüyü boyunca cərəyan edir, biri digərini tamamlayır. Və təsvir olunan hadisələr o qədər gözlənilməz keçidlərlə müşayiət olunur ki, onların hər hansı birini fərqləndirmək mümkün deyildir.
– Romanda müəllifin ifrata varması, hədsiz qabartmaları da var: Müəllif, ideyalarını yeritmək üçün bəzən həddən artıq reallıqdan uzaqlaşır, sanki obrazları, mühiti axmaq yerinə qoyur, hadisələri hədsiz bəzəyir. Sizcə, bu nə dərəcədə doğru müşahidədir?
– Roman şərti-metorik üslubun məhsuludur. Burada real ola biləcək, yaxud görünə biləcək hadisələr belə şərti metaforizmin estetik ölçüləri ilə təqdim olunur. Bu məzmunlu əsərlərin başqa üslubda yazılması mümkün də deyildi. Bu gün romanı araşdıranlar real prizmadan yanaşaraq burada təsvir olunan hadisələrin reallıqla nə dərəcədə bağlı olduğunu aşkarlamağa çalışırlar. Məsələn, romanda hər cür işgəncələrə məruz qalındığı 101 nömrəli kameranın, müəllifin, BBC-də çalışarkən işlədiyi ofisinə bənzədilərək təsvir edildiyi qənaəti mövcuddur. Hətta 2003-cü ildə rəssam Raçel Vaytrid müqayisə yolu ilə həmin otağın təsvirini yaratmışdır.
– Bu əsərdə müharibəyə qəribə bir münasibət var: Qeyd edilir ki, müharibənin əsas məqsədi başqa bir müharibəyə daha yaxşı hazırlıq görməkdir. Bu fikirdən belə bir qənaət hasil olur ki, müharibələr əbədidir və insanlar həmişəlik dinclik üzünə həsrət qalacaqlar. İstərdim müharibəyə bu cür qəddar mövqeyə münasibət bildirəsiniz...
– Corc Oruell müharibədə iştirak etdiyindən, onun mahiyyətini dərindən anlayırdı. Bu mənada yazıçının savaş haqqında qənaətlərini yalnız təxəyyül diktə etmir. Bütün başqa məsələlərdə olduğu kimi, müharibəyə münasibətdə də əsərin antiutopik mahiyyəti unudulmamalıdır.
– Əsərdə sosial siniflərlə bağlı bir məqama toxunulur. Müəllif yazır ki, yüksək və orta təbəqə bu və ya digər şəkildə öz məqsədinə çatır, bircə aşağı təbəqə heç vəchlə öz məqsədinə çata bilmir, hətta müvəqqəti də olsa arzularına yetmirlər. Bu cür pessimist hökmdə, sizcə, həqiqət payı nə qədərdir?
– Ümumiyyətlə, romanda totalitar rejimin insanları məhv etməsi sonucunda yaranan ruhsuzlaşma mühiti və arzuları, ümidləri tükəndiyindən bu mühitə alışaraq yaşayan toplum canlandırılır.
– Əsərdə bir məqam da müttəhimin, onu satan oğlu ilə fəxr etməsidir, o düşünür ki, oğluna düzgün tərbiyə verib. Sizcə, müəllif bu cür absurd səhnələrlə ifrata varmır ki?
– Bu, sarkazmdır.
– Sovet reallığı ilə bu əsərin əsas bağı nədədir və nəyə görə bu kitabın əksər nəşrlərində Stalinin şəklini üz qabığına çıxarırlar?
– Hansı istiqamətdə yozulursa yozulsun, təhlilin axarı romanı sovet gerçəkliyinə aparır. Çünki əsəri dəyərləndirmək, müəllifin təsirləndiyi qaynaqları arayaraq müqayisəli araşdırmaya cəlb etmək üçün dünyanın siyasi tarixində sovet gerçəkliyindən başqa örnək yoxdur. Stalinin şəkli də bu səbəbdən üz qabığına çıxarılır.
– Uinston düşünür ki, insanlar daim iki seçim qarşısındadırlar: ya azadlığı, ya xoşbəxtliyi seçməlidirlər. İnsanların çoxu isə əksərən, xoşbəxtliyi seçirlər. Bu fikirdən belə çıxır ki, azadlıq bədbəxtlikdir?
– Yox, olsun ki, yazıçı burda insanların azadlıq düşüncəsini dərk edə bilmədiyini vurğulamaq istəmişdir.
– Əsərdə uşaqların casusluğa sövq edilməsi, qulaq boruları ilə qapı dinləmələri kimi məqamlar var. Bu detallar gələcəyin daha faciəvi olacağına işarədir, yoxsa?
– Roman antiutopik ştrixlərlə zəngindir, gələcəkdə daha faciəvi məqamların gözlənilə biləcəyinə xəbərdarlıqdır.
– Əsərdə bir neçə yerdə ədəbiyyat haqqında danışılır. Bir yerdə roman yazmaq "roman istehsal etmək” kimi qələmə verilir. Bu ironiya sizə nə deyir?
– Əlbəttə, sosializmə, fərdiyyəti inkarçılıq təfəkkürünə parodiyanın ifadəsidir. Ədəbiyyatı fərdilikdən uzaqlaşdırmaq, yazarları və yazarlığı vahid ədəbi birliklər fonunda ortaqlaşdırmaq, sifarişli yazılara rəvac vermək, söz yaradıcılığını təsərrüfatla eyniləşdirmək sovet cəmiyyətinə xas xüsusiyyət idi.
– Bu roman sizcə, bəşəriyyətin mənəviyyatına nə qazandırıb?
– Bu əsər, adından da bəlli olduğu kimi, yazıçının gələcəyə yönəlik kədərli bir ssenarisi kimi düşünülmüşdür. Fərdi düşüncənin məhv edildiyi, idrakın nəzarət altına alındığı, insanların kütləyə çevrildiyi totalitar bir dünya sistemi romanda inanılmaz bir xəyal gücü ilə təsvir edilmişdir. Həmçinin romanda cərəyan edən hadisələr xəyal və utopiya məhsulu olduğu qədər real görünməkdədir. Bütövlükdə "1984” bəşəriyyətin gələcəyi ilə bağlı yarana biləcək siyasi-ideoloji təhlükələri önləmək üçün əvəzsiz təsir gücünə malik əsər, müasirliyini heç bir zaman itirməyəcək bənzərsiz söz heykəli, yalnız sabaha deyil, günümüzə yönəlik həyəcan siqnalıdır.

Söhbətləşdi: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər