• cümə, 26 Aprel, 09:03
  • Baku Bakı 12°C

Söz terrorçuları

16.03.18 21:39 708
Söz terrorçuları
Xaricdə məskunlaşıb özünü müxalif adlandıran bəzi insanlar sosial şəbəkələr Azərbaycan dövlətini, onun atributlarını təhqir etməkdən çəkinmirlər. Prezidentinin köməkçisi Əli Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan dövləti öz təhlükəsizliyini bərqərar edərək, coğrafiyamızın sabitlik adasına çevrilib: "İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm: onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz? Yaxud da "PYD”, "İŞİD” və sairə adlarla silahlandırılaraq qruplaşdırılan dəstələrin sırasında öz ölkənizin sərhədlərini adlayaraq doğulduğunuz, yaşadığınız yurdu yerlə-yeksan etmək missiyası sizə həvalə ediləndə özünüzü necə hiss edəcəksiniz? Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz? Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək. Nə olardı, heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz”.
Millət vəkili Zahid Oruc bildirdi ki, xaricdəki müəyyən şəxslər özlərini legioner dəstəyə döndərib dövlət əleyhinə mübarizəni qəbul ediblərsə, yaxud da qarşılarına qoyulmuş öhdəliklərdən çıxış edirlərsə, geri çəkiləcək yolları yoxdursa, onları hər hansı ölkə əleyhinə layihələrə qoşmaq çətin olmur: "Adamlar gedib yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatına qoşulsunlar, aktiv şəkildə dövlət idarəçilik sisteminə gəlmək istəsinlər, biznesdə uğur qazansınlar. Amma bunu istəmirlər. Bəs nə ilə yaşayırlar? Ümumiyyətlə, özünü mühacir "müxalif” adlandıranlar həyatlarını sosial mediadan paylaşmaqla məşğuldurlar. Onların həm mənəviyyatları, həm də mənəviyyatsızlıqları buradan görünür. Bu adamlardan soruşsan ki, nə ilə yaşayırsan? ABŞ-a hansı maliyyə ilə gedibsən? Maskaların altında gizlənərək aksiya keçirirlər. Əslində üzlərini örtməsələr belə, mənəviyyatca libasları bəllidir. Bir hava limanından digərinə pulsuz getmək mümkündürmu? Hər seçki dönəmində bunları Amerika Konqresinin Helsinki Komissiyası dəvət edirdi. 2013-cü ildə Gürcüstanda toplaşdılar. Axı, bu vəsait haradandır? Daxildə deklarasiya təqdim edəndə deyirlər ki, çevrəmizdən heç kim dövlət qurumlarında işləmir. Bəs, onda nə ilə yaşayırlar? Necə olur ki, çevrəsi itirir, amma Əli Kərimli kimiləri qazanır? Azərbaycandan gedənlərin böyük əksəriyyəti yaşadıqları ölkələrdə öz şəraitlərini qurublar, bizim ölkəyə də bağlıdırlar. Amma 3-5 adamı Azərbaycandan gedən mühacir kimi təqdim edirlər, təşkilatlandırıblar, televiziya yaradıblar və onlar da dövlət əleyhinə fəaliyyət göstərirlər”.
Z.Oruc qeyd etdi ki, belə insanların arxasında hansısa casus dəstəsi dayanıbsa, bununla Azərbaycana demokratiya gətirmək mümkün deyil: "Burada məqsəd hakimiyyətə zərbə vurmaqla xalqın nəzərində dövlətin elitasında olan adamların nüfuzunu əngəlləmək və bundan sonra artıq iqtidar üzərinə yerimək üçün qarşılarında maneə görməməkdir. Texnologiya belədir. Bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Allen Dullesin "SSRİ-ni necə dağıtmaq” doktrinasının tərkib hissəsidir”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, bu insanlar Azərbaycan xalqına düşmən kəsildiklərini nümayiş etdirirlər: "Bunlarına davranışlarına fikir versək görərik ki, davaları heç də iddia etdikləri kimi insan haqları və demokratiya davası deyil. Onlar Azərbaycan dövlətini və xalqını gözdən salmaq üçün çalışmaqdadırlar. Ermənilər hazırda Avropada, Amerikada bizə qarşı cəbhə açıblar, torpaqlarımızı işğal altında saxlayırlar. Bu separatçıların rəhbəri Bako Saakyan ABŞ-a dəvət olunur, orada görüşlər keçirir və onunla paralel mühacir "müxaliflər” Amerikada Azərbaycana qarşı tədbirlər keçirirlər. Təbii ki, bu, təsadüf deyil. Bunlar ermənilərlə sinxron hərəkət edirlər və əgər ermənilərlə eyni vaxtda hərəkət edirlərsə, deməli, eyni məqsədi güdürlər. Yəni, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Belələrinin sayı azdır, Azərbaycan xalqı onların hədələrindən, təhdidlərindən qorxmur, çəkinmir. Üstəlik də, ümumilikdə götürdükdə xalqın bu adamların arxasınca gedəcəyi ehtimal belə edilmir. Çünki Yaxın Şərqdə, xüsusilə ərəb coğrafiyasında məhz bu cür adamlardan istifadə edərək qanlı qarşıdurmalar yaratmışdılar və nəticəsini də artıq o ölkələrin insanları öz üzərilərində hiss edirlər. Azərbaycan xalqı əlbəttə ki, kifayət qədər yüksək intellektə sahibdir, ağı qaradan seçməyi bacarır. Bütünlükdə regionumuzda oynanan oyunları dəyərləndirə bilir. Ona görə də belə adamların bu cür əməlləri könül bulandırmaqdan başqa bir şeyə yaramır. Yəni, bunlar artıq özlərinə ad da alıblar. Artıq xalq arasında onlara "ayaqyolu müxalifət”i deyilir”.

AZAD
banner

Oxşar Xəbərlər