• çərşənbə, 24 Aprel, 18:59
  • Baku Bakı 23°C

“SÖZ İNCİSİ” KİTABINA ÖN SÖZ

23.02.19 20:19 1755
“SÖZ İNCİSİ” KİTABINA ÖN SÖZ
İnsanı kamil bir məxluq olaraq fərqləndirən sözdür. Söz insanın ən böyük kəşfidir. Əbəs yerə deməyiblər ki, söz insanın yaraşığıdır. Böyük söz ustadları – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqaları sözə yüksək qiymət və dəyər vermişlər. Azərbaycan poeziyasının cəsarət, dərk və humanizm tərcümanı olan böyük şairimiz İmadəddin Nəsimi də sözə böyük qiymət verərərək məhz varlığın sözdə vəcdə gəldiyini demişdir:
Dinləgil bu sözü ki, candır söz,
Aliyü asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh anlavü bax,
Şöylə kim, xaliqi-cahandır söz.
Bəli, söz ən böyük hikmət, ən ülvi, müqəddəs sərvət, əvəzsiz xəzinədir. Ana dilimizin zəngin xəzinəsini təşkil edən söz sərvəti xalqımızın nə qədər müdrik və istedadlı olduğundan xəbər verir.
Muxtar respublikada gənc nəsillərin vətənpərvər ruhda, xalqına, soykökünə bağlı, yüksək əxlaqi dəyər və əhatəli, müasir dünyagörüşü tərbiyəsi məqsədilə Ali Məclisin Sədri tərəfindən imzalanmış "Oxunması zəruri olan kitablar haqqında” Sərəncamdan sonra artıq gənc nəsillər də bu sahəyə bağlanaraq yaradıcı fəaliyyətlərini nümayiş etdirirlər. Müəllifi Leyla Xəlilovanın min bir zəhmət hesabına ərsəyə gətirdiyi "Söz incisi” kitabı da artıq zəngin mütaliədən doğan bir nəticə olaraq diqqəti cəlb edir. Bu, o kitablardandır ki, içində min illərin hikməti, müdrikliyi, zəngin söz sərvəti əks olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik kəlamları ilə başlayan kitab müəllifin oxucuya müraciəti ilə davam edərək əsas mətləbə keçir. Kitab bölmələrə ayrılmışdır: müqəddəs müdrik kəlamlar, hikmətli sözlər və aforizmlər, sosial şəbəkələrdə paylaşılan mənalı sözlər, sosial şəbəkələrdə paylaşılan yumoristik ifadələr, ibrətamiz və düşündürücü şeirlərdən parçalar, Azərbaycan və müxtəlif xalqların atalar sözləri və b. Kitabın özünəməxsusluğu və bir az da məzmun-çeşid baxımından əhəmiyyəti ondadır ki, bütün dünya xalqlarının hikmətli, müdrik kəlamlarını öz içində birləşdirib oxuculara təqdim edir.
Kitabda ilk olaraq müəddəs müdrik kəlamlar olaraq Qurandan və müxtəlif peyğəmbərlərdən, dini şəxsiyyətlərdən gələn müdrik fikirlər yer alır. Müqəddəs Quran ayələrindən seçmələr, həmçinin Məhəmməd peyğəmbərin, Süleyman və İsa peyğəmbərin müdrik kəlamları kitaba zənginlik qatır. Böyük şəxsiyyət kimi tanınan Həzrət Əlinin müdik sözləri də kitaba əlavə maraq artırır. Bu müdrik kəlamlar insanı doğru yola – Haqqa götürür, xeyirə, savaba, ədalətə dəvət edir, ali insani keyfiyyətlər aşılayır. Başlıca qayəsi, şüarı "Bizi doğru yola yönəlt!” olan "Oxu! Yaradan Rəbbinin adı ilə oxu! O, bizə qələmlə yazmağı öyrətdi!”deyən müəqəddəs Quran kəlamlarından başlanan bu müdriklik yolu dünya və bəşər xalqlarının humanist ideya və fikirləri ilə davam etdirilir.
Kitabın "Hikmətli sözlər və aforizmlər” bölməsi ən çox maraq doğuran hissələrdən biridir. Çünki burada dünyanın, o cümlədən Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən gətirilən müdrik kəlamlar yer almaqdadır. Dünya-bəşər mədəniyyəti tarixində elmin rəmzi olaraq tanınan Nəsirəddin Tusidən başlayaraq dünya fikir tarixində ədəbiyyat və söz korifeyi olaraq şöhrət qazanmış Azərbaycan şairi Nizami Gəncəvi ilə davam edərək Xaqani Şirvani, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı kimi klassik dövrün böyük şəxsiyyətləri və sənətkarlarının fikir və kəlamları sərgilənir. Burada həmçinin böyük islam şəxsiyyətləri kimi tanınmış Əbu Turxan (və ya Əbunəsr əl-Fərabi), İbn Xaldun, Əbül Fərəc, Şeyx Sədi Şirazi, Nasiri Hüsrəv, Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumidən olduqca maraqlı, oxunaqlı, mənalı kəlamlar gətirilmişdir. Burada həmçinin dünya xalqlarının görkəmli şəxsiyyətlərindən, o cümlədən Çin, yunan, alman, ingilis, ispan, yəhudi, Livan, fransız, Amerika, italyan, rus, türk və başqa çoxsaylı xalqların məşhur adamlarından gətirilən mənalı, ibrətamiz fikirlər yer almaqdadır.
Kitabda bir özünəməxsus digər hal sosial şəbəkələri də əhatə etməsidir. Müəllif sosial şəbəkələrdə də paylaşılmış mənalı, ibrətamiz sözləri seçib kitaba daxil etmiş, başqa oxucuların da tanış olması, bir məna əxz etməsi məqsədilə ortaya qoymuşdur. Sosial şəbəkələrin paylaşdığı mənalı sözlər və yumoristik ifadələr burada yer alaraq kitaba zənginlik qatır.
"İbrətamiz və düşündürücü şeirlərdən parçalar” başlıqlı bölməyə böyük Azərbaycan şairi Nizami Gəncəvidən başlayaraq Məhəmməd Füzuli, Xaqani Şirvani, Hüseyn Cavid, Səməd Vurğun, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Razi, o cümlədən türk dünyasının qüdrətli söz ustaları Yunus Əmrə, Mehmet Akif Ərsoy, Tovfiq Fikrət, Nəcib Fazil Qısakürək, eləcə də Şərqin görkəmli söz adamları olan Sədi Şirazi, Əmir Xosrov Dəhləvi, Sənai Qəznəvi, Əbunəsr əl-Fərabi kimi söz adamlarından ibrətamiz nümunələr, mənalı, hikmətli beytlər gətirilmişdir.
Kitabda "Azərbaycan və müxtəlif xalqların atalar sözləri” bölməsi də öz zənginliyi ilə maraq doğurur. Burada Azərbaycan xalqının atalar sözlərindən başqa abxaz, adıgey, Afrika, alman, amerikan, amxar, assuri, aşanti, başqırd, benqal, bolqar, çeçen-inquş, çex, çin, fars, ərəb, əfqan, filippin, gürcü və dünyanın bir sıra başqa xalqlarının atalar sözlərindən seçmələr daxil edilmişdir. Bir-birini tamamlayan bu hikmət, məna dolu sözlər insana zəngin təcrübə, bilik, tükənməz mənəvi xəzinə, müdriklik bəxş edir. Ulu əcdadların miras buraxdığı zəngin təcrübə qaynağı kimi yığcam, ifadəli və məntiqli atalar sözləri bütün xalqların mədəni səviyyəsinə işıq tutmaqla bərabər, bəşər mədəniyyətinin əxz etdiyi mənəvi sərvət olaraq oxucunun süfrəsinə qoyulur.
Bəli, mədəniyyət də, mənəviyyat da bir nemətdir. Necə ki böyük söz ustadı Məhəmməd Füzuli də vaxtilə deyirdi:
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin, aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!
Beləliklə, Leyla Xəlilovanın müəllifi olduğu, zəhmətlə toplayıb ərsəyə gətirdiyi qarşımızdakı bu kitab söz tarlasına əkilmiş bir güldür. Onun çiçək açacağı vaxt isə oxucuların onu mütaliəsi ilə baş tutacaqdır. Kitabla tanış olduqca aydın görürsən ki, bu söz incisindən ibarət külliyyatın ərsəyə glməsi çoxcəhətli bir mütaliənin, geniş, hərtərəfli bir məlumatın bəhrəsidir. Burada hər şey olmasa da, çox şey var. O var ki, bu kitabda hər şeydən əvvəl çoxəsrlik bir ibrət, müdriklik dərsi, mənəviyyat nümunəsi var. İnanırıq ki, kitabın çapı söz qədrini bilənlər üçün dəyərli bir töhfə olaraq qiymətləndiriləcək. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabdan müxtəlif ixtisas istiqamətli adamlar da istifadə edə bilərlər. Müəllim, tələbə, həkim, hüquqşünas, mühəndis... və bu ardıcıllığı daha da genişləndirmək olar. Zehnimizin qidalanması üçün "Söz incisi” kitabının mühüm bir rol oynayacağını əvvəlcədən əminliklə demək olar. Çünki burada dərin bir hikmət xəzinəsi yatır. Bu xəzinəyə nailik olmaq istəyən varsa, bu sükuta bir daş atsın... O zaman bu kitabın nə sirlər deyəcəyini hər bir bir oxucu özü məmnuniyyətlə eşidə bilər.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər