AZE | RUS | ENG |

Söz atdı, bıçaqlandı… həyat hekayəsi

Söz atdı, bıçaqlandı… həyat hekayəsi
Toyda qəbul edilən spirtli içki və onun təsiri ilə atılan söz böyük bir qalmaqala səbəb olub

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Qasımov Cavid Qəyyub oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs sağlamlığa ağır zərər vurmaqda ittiham olunub. Məhkəmə yolu ilə müəyyən edilib ki, Cavid Qasımov 14 aprel 2012-ci ildə axşam saat 22.00 radələrində bacısı Gülər Qasımova ilə birlikdə Lökbatan qəsəbəsində yaşayan dayısı evindən qayıdarkən küçədə Ənnağıyev Ənnağı Aydın oğlu tərəfindən təhqir olunub. Bacısını ötürəndən sonra o, Lökbatan qəsəbəsi, H.Sultanov küçəsi 27 ünvana - sonuncunun yanına gələrək nə səbəbə görə onu təhqir etdiyini soruşub. Bununla bağlı onların aralarında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı Cavid Qasımov Ənnağı Ənnağıyevə bıçaqla qarın nahiyəsindən zərbə endirib. Təqsirləndirilən şəxs qismində dindirilən Cavid Qasımov ona elan olunan ittihamla özünü təqsirli bilib. O, ifadəsində Ənnağı Ənnağıyevlə əvvəllər heç bir düşmənçiliyi olmadığını, onu hadisə günü tanıdığını göstərib. Onun sözlərinə görə, aprel ayının 14-ü axşam saat 22.00 radələrində bacısı Gülərlə birlikdə Lökbatan qəsəbəsində yaşayan dayısıgildən evlərinə qayıdırmış. H.Sultanov küçəsi 27 saylı evin qarşısında, asfalt yolun kənarında dayanan Ənnağı telefonla kiminləsə danışa-danışa onlara tərəf baxaraq, "məhəllədən qızla oğlan keçir, bunları neynəyim" deyərək söz atıb. Həmin vaxt isə oradan bacısı ilə Caviddən başqa heç kim keçməyib. Ona görə də Cavid Ənnağının məhz onlara söz atdığına əmin olub. Onun bu hərəkətindən bərk əsəbiləşən Cavid Ənnağıya "burda gözlə, bacımı yola salıb gəlirəm"- deyib, çıxıb gedir. Ənnağını bıçaqla vurduqdan sonra Cavidin hirsi soyuyub Bacısı Güləri evə yola salıb geri qayıtdıqda Cavid Ənnağının yenə də telefonla danışdığını görüb: «Şalvarımın arxa cibində iş yerində istifadə etmək üçün aldığım cib bıçağı vardı. Ənnağıya yaxınlaşıb niyə o cür söz işlətdiyini soruşdum. O, mənə əli ilə işarə edərək, "yeri get" dedi. Ətrafda adamlar olduğu üçün Ənnağı ilə bir qədər kənara çəkildik. Mübahisə zamanı əlbəyaxa olduq. Şalvarın arxa cibində saxladığım bıçağı çıxarıb Ənnağının qarın nahiyəsindən bir dəfə zərbə vurdum. Ənnağıyla mübahisə edən zaman dayım oğlu Nicat və Ənnağının qonşusu da orda idilər. Onlar mübahisəni sakitləşdirməyə çalışırdılar». Ənnağını bıçaqla vurduqdan sonra Cavidin hirsi soyuyub. Bundan sonra mübahisə zamanı yerə düşən Ənnağıya məxsus telefonla 103 xidmətinə zəng vurub təcili yardım çağırıb. Daha sonra dayısı oğlu Qadirə zəng edərək bıçaqla adam vurduğumu və hadisə yerinə gəlib köməklik göstərməsini xahiş edib. Təxminən 5 dəqiqə sonra Qadir hadisə yerinə gəlib. Cavid Qadirlə birlikdə Ənnağını təcili tibbi yardım maşınına mindirib xəstəxanaya aparıblar. Amma Cavid xəstəxanaya çatmamış maşından düşüb və könüllü olaraq Qaradağ rayon 10-cu Polis Bölməsinə gedib. Polis Bölməsində cinayət törətdiyini bildirib. Hadisədə istifadə etdiyim bıçağı, Ənnağı Ənnağıyevə məxsus olan mobil telefonu polisə təqdim edib. «Cavidlə tutaşarkən qarın nahiyəmdə ağrı hiss etdim» Zərərçəkmiş şəxs qismində dindirilən Ənnağı Ənnağıyev ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmadığını göstərib. O bildirib ki, Cavid Qasımovu hadisə gününə kimi tanımayıb. Hadisə baş verən zaman onun 16 yaşı yenicə tamam olub. Həmin gün qonşuluqda toy mərasimində olarkən bir qədər çaxır içib. Axşam saat 20.30 radələrində tanışı Qubadla toydan çıxıb yaşadıqları məhəlləyə gəliblər. Valideynləri rayonda toyda olduğundan evdə heç kim olmayıb. Buna görə də Ənnağı bir qədər küçədə dayanıb telefonla danışmaq istəyib. Mobil telefonla danışan zaman qarşıdan Cavidlə əl-ələ tutan bir nəfər qızın getdiyini görüb. Həmin qızın məhəllə sakini olmasını zənn edib onlara eşitdirmək məqsədi ilə telefonda danışdığı şəxsə "məhəllədən niyə oğlanla qız keçir?" deyib. Təxminən 5-10 dəqiqə sonra Cavid geri qayıdıb və onunla mübahisə etməyə başlayıb: «Cavidlə tutaşarkən qarın nahiyəmdə ağrı hiss etdim. Vurulduğumu bilib yolun kənarındakı daşın üstündə oturdum. Daha sonra tanımadığım avtomaşınla təcili yardıma, oradan da xəstəxanaya aparıldım. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim yoxdur, onun tutulmasını istəmirəm». Şahid qismində dindirilən Gülər Qasımova ifadəsində təqsirləndirilən şəxsin onun doğma qardaşı olduğunu açıqlayıb: "Cavid mənim qardaşımdır. Hadisə baş verən gün axşam saatlarında Cavidlə birlikdə dayımgildən gəlirdik. Lökbatan qəsəbəsi, H.Sultanov küçəsi 27 saylı evin qarşısında, asfalt yolun kənarında dayanmış tanımadığım bir oğlan mobil telefonla danışa-danışa "məhəllədən qızla oğlan keçir, bunları neynəyim" deyərək bizə söz atdı. Cavid həmin oğlana yaxınlaşaraq nə üçün söz atmasını soruşdu və "gözlə, gəlirəm" dedi. Həmin şəxs isə qardaşıma "gəlməyən kişi deyil" deyə cavab verdi. Qardaşımla həmin oğlanın savaşmasından qorxduğum üçün ona fikir verməməsini xahiş etdim. Həmin yerdən bir-iki küçə keçmiş Cavid məni yola salıb geri qayıtdı. Qardaşımın geri qayıtdığını görüb dayım oğlu Nicata zəng vurub bu barədə ona məlumat verdim. Bundan sonra Cavidi bir daha görmədim". «Bibim qızı zəng vurub Cavidin mübahisə etdiyini dedi» Şahid qismində dindirilən Nicat Babayev ifadəsində təqsirləndirilən şəxsin bibisi oğlu, zərərçəkmiş şəxsin isə qonşusu olduğunu göstərib. Onun sözlərinə görə, hadisə günü axşamüstü bibisi uşaqları olan Cavidlə Gülər onlardan çıxıb öz evlərinə gediblər. Təxminən 20 dəqiqə sonra Gülər ona zəng vurub, "Cavid yolda bir nəfər oğlanla mübahisə etdi və indi də həmin yerə qayıtdı" deyib. Bundan sonra Nicat evdən çıxıb Cavidgil yaşadığı ev istiqamətinə qaçıb. Bu zaman Cavidlə rastlaşıb. Hadisə yerinə qonşuları Qubad da gəlib: «Əlimi yolda dayanmış Ənnağıya uzadaraq Caviddən "orda dayanan oğlanla mübahisə etmisən?" deyə soruşdum. Cavid mənə "bəli, onunla mübahisə etmişik" dedi və Ənnağı ilə əlbəyaxa oldular. Qubadla birlikdə mübahisəni sakitləşdirmək istəyən zaman Ənnağı qarın nahiyəsini tutaraq "məni vurdular" dedi və yolun kənarında daşın üstündə oturdu. Sonra hadisə yerinə qardaşım Qadir gəldi. Maşın tutub Ənnağını xəstəxanaya yola saldıq». «Təkidlə Ənnağını evə aparmaq istəsəm də, evə getməkdən imtina etdi» Şahid qismində dindirilən Qubad Məmmədov isə təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıdığını göstərib: "Ənnağı mənim qonşumdur. Aprelin 14-də Ənnağı ilə birlikdə qonşumuzun toy mərasimində olmuşuq. Toydan çıxıb evə qayıdarkən Ənnağı onu da evə aparmağımı xahiş etdi. Birlikdə evə gəldik. Yaşadığımız məhəlləyə çatanda Ənnağı maşından düşüb küçədə dayandı. Mənsə yaşadığım evə getdim. Təxminən 2-3 dəqiqə sonra bayıra çıxanda Ənnağının küçədə bir nəfər oğlan və qızla söhbət etdiyini gördüm. Ənnağı ilə mübahisə edən oğlana "xahiş edirəm get, bu içkilidir" dedim. Ənnağı mənə həmin oğlanla mübahisələri düşdüyünü, oğlanın yanında olan qızı yola salıb geri qayıdacağını söylədi. Təkidlə Ənnağını evə aparmaq istəsəm də, o, valideynlərinin rayonda toyda olmalarını bildirərək evə getməkdən imtina etdi. Təxminən 5 dəqiqə sonra həmin oğlan geri qayıtdı və Ənnağı ilə əlbəyaxa oldular. Bu vaxt qonşumuz Nicat da hadisə yerinə gəldi. Nicatla mən mübahisə edənləri ayırmaq istəyən zaman Ənnağı, "xalaoğlu, deyəsən məni vurdu" dedi və qarnını tutdu. Ənnağıya su gətirmək üçün evə getdim. Geri qayıtdıqda gördüm ki, orada heç kim yoxdur». Məhkəmənin hökmü ilə Qasımov Cavid Qəyyub oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ayxan

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917