• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

Söyüş - söyüləni anlatmır, söyəni ifadə edir

21.02.18 19:12 672
Söyüş - söyüləni anlatmır, söyəni ifadə edir
Kitab bilik mənbəyidir deyib atalarımız. Elə bir insan yoxdur ki, bu müdrik kəlamın doğruluğunu təsdiqləməsin. Ağlı başında olan, öyrənməyə, bilgilənməyə, özünü inkişaf etdirməyə maraqlı olan istənilən şəxs kitabı insanın ən yaxın dostu, əzizi bilir. Çünki çox vaxt heç kimdən ala bilmədiyimiz məlumatları, həyatda var olmaq, düzgün yaşamaq, insanlarla münasibət qurmaq üçün lazım olan informasiyanı kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabı sayılır. Bu bilik xəzinələri gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün mühüm rol oynayır. Ona görə də kitabları qorumaq, onlardan səmərəli istifadə etmək hər bir kəs üçün vacibdir.
Amma di gəl ki, hətta orta məktəb şagirdinin başa düşdüyü, əməl etdiyi bu həqiqətləri müasir dövrümüzdə özlərini "ağıllı” hesab edən bəzi "siyasilərimiz” inkar edirlər. Demokratiya libasına bürünərək özlərini müxalifətçi adlandıran, milli-mənəvi dəyərlərə xor baxan, əks fikrə, arqumentə radikallıqla yanaşan belə insanlar kitab əleyhinə təbliğat aparmaqdan da çəkinmirlər. Son günlər cəmiyyətdə geniş müzakirəyə səbəb olan "kitabları yandırmaq” şüarı da bu qəbildəndir. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməsinə cavab olaraq radikal müxalifət təmsilçilərinin bu çağırışları heç də birmənalı qarşılanmayıb. Cəmiyyət üzvləri kitab yandırmaq çağırışlarının savadsızlıqdan, mədəniyyətsizlikdən irəli gəldiyini bildiriblər.
Qeyd edək ki, radikalların Xalq yazıçısı Anarın üstünə hücum çəkməsi, onun kitablarının yandırılmasına çağırışlar etməsi müxalif düşərgənin bəzi üzvləri tərəfindən də sərt tənqid olunub. Bununla onlar AXCP, Milli Şura təfəkkürünün müasir Azərbaycana yad olduğunu, zamanla səsləşmədiyini, geridəqalmışlığını sübut ediblər. Misal üçün, REAL-çı Erkin Qədirli bu məsələyə münasibət bildirərkən vurğulayıb ki, qəzəb, nifrət, söyüş və başqa mənfi duyğu və durumlar üzərindən siyasət yapılmaz. O bildirib ki, müxalifət özünü başqa gedişata hazırlaşdırmalıdır: "Siyasətə qəzəblə yanaşmaqla, siyasətçiləri söyməklə, toplum, ya da çevrə, özünü dolaşığa salır və beləliklə, siyasi səhnədə arsız adamların uğur qazanmaq fürsətlərini artırır. Unutmayın, söyüş söyüləni anlatmır, amma söyəni ifadə edir. Təmkinli olmaq gərəkdir. Qəzəb, nifrət, kədər, paxıllıq, küskünlük, eləcə də başqa mənfi duyğu və durumlar üzərindən siyasət yapılmaz. Siyasətdə, riyaziyyatda olduğu kimi deyil - mənfini mənfiyə vurmaqla müsbəti almaq olmur”.
Xalq yazıçısı Anar isə "Yeni Müsavat”a müsahibəsində müxalifət adına iddia edən, AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində vəzifədə olan bəzi radikallara səslənib, onların belə məsələlərə biganəliyinə təəssüf edib: "Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy – mənim ona hörmətim var – haqqında yazmışdım.Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq mənim haqqımda, bu birilərdən də söz gözləmirəm, amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?! Niyə demirlər ki, 80 yaşlı, ağır əməliyyat keçirmiş yazıçını, bu xalq üçün nə isə eləmiş bir adamı zəhərləmək yaxşı deyil? Niyə səslərini qaldırmırlar? Əgər belədirsə, nə haqla tələb edirlər ki, biz bunları dəstəkləyək, deyək ki, yox, İlham Əliyevi yox, bunları seçin?! Burada bir məntiq var?”.
Xalq yazıçısı özlərini müxalifət adlandıranların əməldə deyil, sözdə tolerant, dözümlü olmasına da diqqət çəkib: "Tək mənim üstümə yox, mənim haqqımda kimsə yaxşı söz deyir, onun da üstünə düşürlər. Bu, demokratiyadır? Bununla yeni cəmiyyət qurmaq istəyirlər? Mən cəmiyyətin biganəliyinə görə də narahatam. Belə olan yerdə gərək cəmiyyət səsini elə qaldırsın ki, o adamlar cəsarət eləyib həddini aşmasınlar. Amma cəmiyyət elə kənardan baxıb, kef çəkir, ə, gördün də, filankəsin kitablarını yandırdılar, nə yaxşı oldu. Ya heç "yaxşı oldu” yox e, "yandırırlar, yandırırlar da…” Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram. Belə bir cəmiyyətin yolu çox təhlükəlidir. Şəxsən mənə maraqlıdır ki, bizi indi konkret nədə günahlandırırlar? Niyə biz İlham Əliyevi müdafiə edirik? Bəs, kimi müdafiə edək, desinlər də! Mən ad çəkmək istəmirəm ki, o birilərə xələl gəlməsin, belə çıxmasın ki, mən onları pisləyirəm. Amma namizədliyini verənlərin hansı biri İlham Əliyevdən önə keçəcəyinə, seçiləcəyinə inanırlar? Bütün dünyanın müşahidəçiləri gəlsin, ən demokratik seçkidə mütləq İlham Əliyev qalib gələcək. İndi neçə səslə, bilmirəm, amma mütləq birinci turda qalib gələcək. Yaxşı, indi biz də bunu deyəndə niyə üstümüzə düşürlər?”.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, kitab yandırmaq savadsızlığın, mədəniyyətsizliyin göstəricisidir. Fərqli fikrinə görə qarşısındakının, xüsusən də ziyalıların üstünə hücum çəkmək demokratiyadan, tolerantlıqdan, ziyalılıqdan kənar məsələdir. Ona görə də Xalq yazıçısı Anarın kitablarının yandırılmasına çağırış, onun üzərinə "səlib yürüşünə” keçmək radikal müxalifət cameəsinin səviyyəsizliyini növbəti dəfə ortaya qoyub. Hər kəsə aydın olub ki, başlarından böyük danışan, böyük iddialarda olan bu adamlar daxilən qara qəpiyə də dəyməzlər. Əks fikir qarşısında son dərəcə dözümsüz olan, prezidentliyə başqa namizədin tərəfini saxlayanlara nifrətlə baxan belə şəxslərin əllərində imkan və səlahiyyət olarsa, Stalin repressiyasını, Beriya işgəncələrini müasir Azərbaycanda tətbiq etməkdən çəkinməzlər.
Alpər TURAN
banner

Oxşar Xəbərlər