• şənbə, 20 Aprel, 10:04
  • Baku Bakı 14°C

Söyüş dilini Azərbaycan siyasi leksikonundan çıxarmaq lazımdır

27.09.13 12:57 1673
Söyüş dilini Azərbaycan siyasi leksikonundan çıxarmaq lazımdır
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Artıq 12 gün sonra Azərbaycan xalqı özünün növbəti prezidentini seçəcək. Hazırda isə prezidentliyə namizədlərin təbliğat-təşviqat işləri aparılır. Belə bir ərəfədə partiyaların seçki hazırlığı, Milli Şuranın fəaliyyəti, İctimai Televiziyadakı tele-debatlarda namizədlərin çıxışları, özlərini demokratik qüvvələr adlandıranların 22 sentyabr mitinqi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.
- Əli bəy, namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmayan partiya sədrlərindən biri kimi Siz də MSK-nın bu qərarı ilə bağlı məhkəməyə müraciət etmişdiniz. Hazırda iş nə yerdədir?
- İlkin Məhkəmə instansiyası və Apelyasiya Məhkəməsi bizim iddiamızı təmin etmədi. Ona görə də Ali Məhkəməyə müraciət etməli olduq. Sonuncu da işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytardı. Bu məhkəmə isə sənədləri Ekspertiza İnstitutuna göndərdi. Sözügedən qurumun rəyi alınandan sonra sentyabrın 24-də bizim iddiamızın təmin olunmaması barədə qərar çıxarılıb. Ona görə də biz yenidən Ali Məhkəməyə müraciət etməkdə qərarlıyıq. İndi müraciət üçün müvafiq sənədləri hazırlayırıq.
- Azərbaycanda prezident seçkiləri marafonunun hazırda həssas məqamlarıdır. Bu prosesləri necə qiymətləndirirsiniz?
- Bu günə kimi Azərbaycanın siyasi müqəddəratının həllində heç bir namizədin ailə üzvləri prosesə qatılmamışdı. Bu dəfə namizədlər şəxsi səviyyədə deyil, ciddi arqumentlər, görüləcək işlər səviyyəsində deyil, bir-birinin ailə üzvlərinin təhqir olunması ilə məşğuldurlar. Bu Azərbaycan əxlaqına, mənəviyyatına yaraşmayan mübarizə tərzidir. Təəssüf edirik ki, bu seçkidə məhz bu cür mənəviyyatsızlıqlar yaşanır.
- Hakim partiya ilə yanaşı, müxalifət partiyalarının birləşdiyi Milli Şura da prezident seçkilərinin indiki mərhələsində özünəməxsus fəallıq nümayiş etdirir. Onların seçkiöncəsi fəaliyyətinə münasibətiniz necədir?
- Seçkiöncəsi vəziyyətin birinci mərhələsini təhlil edərkən, buna qədər Milli Şuranı biz Moskva layihəsi adlandırmışdıq. Hazırda da bu fikrimizdə qalırıq. Moskva öz məqsədlərini həyata keçirmək, maraqlarını təmin etmək üçün Milli Şura layihəsinə dəstək verirdi. Lakin sonradan hansısa səbəblərdən bu layihə sonadək işə salınmadı. Rüstəm İbrahimbəyovdan sonra Cəmil Həsənli Milli Şuranın vahid namizədi elan edildi. Bununla da seçkilərin birinci mərhələsində, Müsavat başqanı İsa Qəmbərin təəbirincə desək, - Milli Şura Rusiya layihəsindən Azərbaycan layihəsinə çevrildi. Hazırda Cəmil Həsənli radikal köklənmiş narazı elektoratın maraqlarını ifadə etməyə çalışır.
- İctimai Televiziyanın efirindəki debatlarda namizədlərin xalq qarşısında özlərini aparmasına, səsləndirdikləri fikirlərə münasibətiniz necədir?
- Hər namizədə debatda 6 dəqiqəlik vaxt ayrılır. Bu da ümumilikdə 1 saata yaxın vaxt edir. Mənim fikrimcə, təbliğat aparmaq üçün bu, olduqca az vaxtdır. Namizədlərin mübarizə tərzinə gəldikdə isə, nə Cəmil Həsənliyə, nə də onun opponentlərinə yaraşdırmıram ki, müzakirələrdə ailə üzvləri mübahisə predmeti olsun. Hər bir insanın ailəsi toxunulmazdır. Hər bir şəxsin ailəsi, ailə üzvləri Azərbaycan mentalitetinə görə müqəddəsdir. Bu səbəbdən mədəni çərçivələri aşıb ailə üzvlərini müzakirə və mübahisə predmetinə çevirmək yolverilməzdir. Mən təəssüf edirəm ki, namizədlər üçün ayrılmış canlı efirdə, debatlarda təxribat törətmək istəyənlər də var. Bəzən bu müzakirələr siyasi müstəvidə deyil, adi məişət səviyyəsinə endirilir, bu şəkildə həyata keçirilir. Hesab edirəm ki, bu, düzgün deyil.
- Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli sentyabrın 22-də Yasamaldakı stadionda görüş-mitinq keçirib. Bu mitinqdə iftira, böhtan xarakterli çıxışlarla yanaşı, üzərində təhqiramiz ifadələr, konkret söyüşlər əks olunan şüarlar, plakatlar da diqqət çəkib. Belə hallara yol verilməsi nə dərəcədə düzgündür?
- Kim tərəfindən icra edilməsinə baxmayaraq, qeyri-etik, əxlaqdan kənar, davranış qayda və normalarına sığmayan təhqirlər yolverilməzdir. Biz belə halları qətiyyətlə pisləyirik. Çünki həm ekran qarşısında, həm də tədbirlərdə yaşlı nəslin nümayəndələri, xanımlar, uşaqlar da yer alırlar. Onlar qarşısında bu cür təhqirlər səsləndirmək qeyri-etikdir, yolverilməzdir. Söyüş dilini Azərbaycan siyasi leksikonundan çıxarmaq lazımdır. İntellektual mübarizə bitəndə, bunun üçün vasitə olmayanda insanlar təhqirə əl atırlar. Bu da Azərbaycan xalqına böyük hörmətsizlikdən başqa heç nə deyil.
- Bakı Şəhər Baş Polis İdarəsi yaydığı rəsmi məlumatda da bildirib ki, icazəli mitinqdə AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də digər müxalifətyönümlü partiyalar, qeyri-hökumət və gənclər təşkilatlarından ümumilikdə iki min nəfərədək insan iştirak edib. Sizcə, əhalinin müxalifətin keçirdiyi mitinqlərə az maraq göstərməsinin səbəbi nədir?
- Mən nə rəsmi statistika ilə, nə də təşkilatçı tərəfin səsləndirdiyi rəqəmlə razılaşmıram. Həmin gün meydanda 10-15 min nəfər adamın olması real deyil. Bu Milli Şuranın şəhərin mərkəzində keçirdiyi ilk tədbir idi. Əgər növbəti tədbirlərdə də bu iştirakçı sayı qalarsa, bu, Milli Şura layihəsi iştirakçılarına ictimai etimadın göstəricisi olacaq. Çünki Milli Şurada təmsil olunan partiya və təşkilatlar bundan əvvəl birgə şəkildə Bayıldakı 20-ci sahə adlanan yerdə də mitinq keçirmişdilər. O zaman icazəli aksiyaya az adamın gəlməsinə münasibət bildirən Milli Şura üzvləri deyirdilər ki, sayın az olmasına səbəb mitinqin şəhərin mərkəzindən uzaqda keçirilməsidir. Yəni, meydana az tərəfdar toplanmasını məsafənin uzaq olması ilə əlaqələndirirdilər. Sentyabr ayının 22-də mitinq keçirilən meydan isə “İnşaatçılar” metro stansiyasının yanında, şəhərin mərkəzi ünvanlarından birində idi. Mitinq iştirakçıları asanlıqla metrodan istifadə edib ora gələ bilərdilər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, əgər Milli Şuranın eyni məkanda növbəti icazəli mitinqində əvvəlkindən çox sayda insan iştirak etməsə, bu, radikal siyasi xəttin iflası sayılacaq. Açıq-aşkar Milli Şuraya, orada təmsil olunanlara ictimai dəstəyin olmamasının göstəricisi hesab ediləcək. Ona görə də bu proseslərə daha düzgün qiymət vermək üçün növbəti aksiyanı gözləmək lazımdır. Onu da yaddan çıxarmamaq lazımdır ki, mitinq keçirmək həm də təşkilati məsələdir. İnsanları mitinqə cəlb etmək üçün mexanizm olmalıdır. Ola bilər ki, uzun illər ərzində bu mexanizm ya sıradan çıxıb, ya da “paslanıb”.
- Bütün bu hadisələrin fonunda, seçkidə Cəmil Həsənlinin səs toplaması, ciddi nəticələr əldə etməsi nə dərəcədə realdır?
- Heç bir ciddi nəticə ola bilməz. Cəmil Həsənli Milli Şuranın ideologiyasına söykənsə də, onu bilavasitə sözügedən layihəyə bağlılığı olan insan kimi təqdim etmək qeyri-mümkündür. Əvvəla, Azərbaycan müxalifəti bu seçkiləri çoxdan uduzub. Nə təşkilati, nə ideoloji, nə də maliyyə baxımından müxalifət prezident seçkilərinə, seçki ilinə hazır deyildi. Digər tərəfdən, seçki ilində Moskva layihəsi olan Milli Şurada bəzi siyasi qüvvələrin təmsil olunması da müxalifətə baş ucalığı gətirən proses olmadı. Bunun kimi bir çox hadisələr onu deməyə əsas verir ki, müxalifətin bu seçkilərdə ciddi nəticələr əldə etməsi mümkünsüzdür.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər