• cümə, 19 Aprel, 13:12
  • Baku Bakı 25°C

Söyün Sadıqov özünü ifşa edir

09.05.14 09:52 1332
Söyün Sadıqov özünü ifşa edir
Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti təşkilatının sabiq prezidenti, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov separatçılığı dəstəkləyən fikirləri ilə yenidən gündəmə gəlib. O, şəxsi “Facebook” səhifəsində Rusiya dövlət başçısı Vladimir Putinin ikinci dəfə prezident kürsüsündə əyləşməsinin nəticələrini dəyərləndirərkən Krımın ruslar tərəfindən tutulmasına da toxunub. S.Sadıqov Ukrayna ərazisi olan Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsini yalnız təqdir etməyi düzgün sayıb. Bildirib ki, bu amillə əlaqəli Rusiyanın və prezident Putinin qarşısında böyük məsələlər durur. S.Sadıqov V.Putinin bir müddət əvvəl səsləndirdiyi fikirlərə istinad edərək onu da əlavə edib ki, rəsmi Kreml Rusiyadan kənarda yaşayan bütün soydaşlarının hüquqlarının qorunmasında əlindən gələni edəcək. O, buna nümunə kimi Ukraynanın şərqində baş verən hadisələri misal çəkib.
Xatırladaq ki, S.Sadıqov əslən Gürcüstan azərbaycanlısıdır. Onun Rusiyada yaşayan ermənilərlə sıx dostluq əlaqələri mövcuddur. O, hələ 2006-cı ildə “Azərros” prezidenti kimi ermənilərin “Noev Kovçeq” qəzetinə verdiyi müsahibədə bu sevgisini ətraflı şəkildə izhar edib. Bununla yanaşı, S.Sadıqov ətrafındakı milyarder dostlarının kənara çəkilməsinə, Bakıdan səslənən etiraz səslərinə baxmayaraq, vaxtilə Moskvada ermənilərlə görüş keçirərək, guya iki xalq arasında düşmənçiliyin aradan qaldırılmasına xidmət edən müzakirələr də aparıb. Sonda isə erməni dostu Ara Abramyanla birlikdə “Sarı gəlin” festivalı keçirmək qərarı verib. Eyni zamanda, ildə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsi qərara alınıb. Həmişə milli təəssübkeşlikdən danışan bu şəxs həmin görüşdə Azərbaycanın torpaqlarını 20 ildir işğal altında saxlayan ermənilərlə qardaşlıqdan da dəm vurub. Bu kimi səbəblərdən, uzun müddət SSRİ-nin xüsusi xidmət orqanlarında çalışmış S.Sadıqov “Azərros” prezidenti vəzifəsindən kənarlaşdırılıb. Bundan dərhal sonra isə Borçalı Partiyasını yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə yeni partiyanın təşəbbüs qrupunun yaradıldığı, atributların qəbul edildiyi, partiyanın qarşısında isə əsas vəzifə kimi Kvemo-Kartli - tarixi Borçalı ərazisində muxtariyyətə nail olmağın qoyulduğun bəyan edilib. Lakin o zaman S.Sadıqovun bu ideyası həm Azərbaycan, həm də Gürcüstan cəmiyyətində sərt təpki ilə qarşılanıb və reallaşmayıb.
İndi üstündən bir ildən çox vaxt keçəndən sonra S.Sadıqov separatçılığa, işğalçılığa dəstək verən növbəti açıqlaması ilə nəzərləri təkrar öz üzərinə yönəldib. Sözügedən hadisə ilə bağlı “Kaspi”yə açıqlama verən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli əvvəlcə Gürcüstan azərbaycanlılarının sıx yaşadığı bölgədə Borçalı Partiyasının yaradılması cəhdlərindən danışıb. Deyib ki, vaxtilə ortaya atılan bu “ideya” Gürcüstanla Azərbaycan arasında münasibətlərin pozulmasına hesablanmışdı: “Son 25 ildə Borçalı türklərini Rusiyanın siyasi maşını, o cümlədən İran tərəfdən separatçılığa təhrik etmək cəhdləri olub. Bir müddət əvvəl “Borçalı” adlı partiya yaradılması təşəbbüsü də bu cəhdlərdən biri, Cənubi Qafqazı çökdürmək üçün yürüdülən siyasətin tərkib hissəsi idi. Bununla yanaşı, separatçılığa yönəlik partiya yaradılması Avropanın enerji təhlükəsizliyini də böyük risk altına alırdı. Bütün hallarda iki ölkə arasında soyuq əlaqələrin yaradılması məqsədilə yürüdülən bu tipli siyasətə “Borçalı” Cəmiyyəti tərəfdar deyil. İndiki məqamda ağıllı insanlar Cənubi Qafqaz ətrafında cərəyan edən gərginlikləri nəzərə alaraq, Gürcüstanın, Azərbaycanın milli maraqlarına cavab verməyən tezislər ortaya atmamalıdır. Soydaşlarımız da bu təxribatlara uymamalı, Gürcüstana milli dövlət olaraq baxmalı, o cümlədən Konstitusion hüquqlardan istifadə etməklə siyasi hakimiyyətdə təmsil olunmağa, gürcü cəmiyyətinə daha sıx inteqrasiya olunmağa çalışmalıdırlar. Bayaq dediyim kimi, zaman-zaman Borçalı məsələsini gündəmə gətirən qüvvələr var. Kreml də onlardan biridir. Rusiyanın yeganə, ən ciddi silahı separatçılıqdır. Hər yerdə etnik azlıqların müəyyən problemlərindən bəhrələnərək, onları aldatmaq yolu ilə öz məkrli siyasətini həyata keçirməyə cəhd edir. Önümüzdə Abxaziya və Cənubi Osetiyanın separatçı qüvvələrinin Rusiya tərəfindən tanınması, bununla Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxma, Ukrayna hadisələri, Krımın Federasiyaya birləşdirilməsi, Moldovadakı Dnestryanı problem, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində separatçılara dəstək verilməsi, erməni faktorunun qabardılması kimi faktlar var. Bu kontekstdə zaman-zaman Borçalı faktından da faydalanmaq cəhdləri də olub. Lakin unudurlar ki, Borçalı türklərinin tarixində belə hallar olmayıb. Bununla yanaşı, regionda Azərbaycan, Türkiyə var və Borçalını üçüncü dövlətin maraqlarını ifadə etmə alətinə çevirə bilməzlər. Separatçılıq türk etnosunun mahiyyətinə ziddir. Borçalı türklərinin də belə bir addım atmasını gözləmək yersizdir”.
S.Sadıovun Rusiya tərəfindən Krımın işğal edilməsinə haqq qazandırmasına münasibət bildirən Z.Məmmədli hər zaman demokratik dünyaya inteqrasiyanın tərəfdarı olduğunu bildirib. O, Ukraynanı postsovet məkanında demokratiyanın açarı kimi qələmə verərək, demokratiyanın taleyinin bu ölkədə həll olunduğunu vurğulayıb: “Rusiya bütün vasitələrlə bu demokratiya maşınını tormozlamaq istəyir. Bunun üçün Krım faktorundan istifadə elədi. İndi isə Ukraynanı parçalamaq üçün müxtəlif ideyalarla çıxış edir, bu ölkənin federallaşması məsələsini ortaya atır. Bunların hamısı avantüralardır, hamısı Kremlin siyasi maraqlarına hesablanmış məsələlərdir. Demokratiyaya meylli bütün insanlar Krım məsələsi gündəmə gələn ilk gündən problemin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olublar. Mən özüm də bu kateqoriya insanlara aidəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər