• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

Söyün Sadıqov: “Abbas Abbasov çox qorxulu adamdır”

15.04.15 08:05 1202
Söyün Sadıqov: “Abbas Abbasov çox qorxulu adamdır”
Xəbər verildiyi kimi, dünən Moskva şəhərində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FMMM) "Azərros"un növbədənkənar keçirilən VI qurultayında Söyün Sadıqov bu qurumun yeni prezidenti seçilib.
Söyün Sadıqov bundan sonrakı fəaliyyəti və qurumda baş verən qalmaqallarla bağlı fikirlərini AzNews.az-la bölüşüb: “Öncə mənə etibar etdiyinə görə Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığımı bildirirəm. Bundan sonra fəaliyyətimizi daha gücləndirəcəyik və Azərbaycana xəyanət edən şəxslərin bu təşkilatda fəallaşmasına imkan verməyəcəyik. Bu təşkilatda indiyə qədər bəziləri xalq üçün deyil, ayrı-ayrı insanlar üçün çalışdılar. Bu da düzgün deyildi, çünki burda çalışanların hər birinin vəzifəsi yalnız təşkilat üçün işləmək idi”.
S.Sadıqov dünən qurultayda etdiyi çıxışında Azərbaycan Baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovla bağlı dediyi fikirlərə aydınlıq gətirib: “Mən dedim ki, Abbas Abbasovun yanvarın 17-də və fevralın 21-də etdiyi hərəkət, eləcə də yaratdığı qarşıdurmalar xalqın marağına xidmət etmir. Əgər o, özünü millətin ağsaqqalı sayırsa, gərək doğrudan da bu millətin ağsaqqalı olsun və millətə əziyyət verməsin. Abbas Abbasov yeritdiyi mövqe ilə heç vaxt millətin nə ağsaqqalı, nə də lideri ola bilməz. Görünür, o, kimdənsə çox asılıdır. Özünün çirkin mövqeyini yeritməklə Rusiya ilə Azərbaycanın münasibətlərini pozur. Mən ona müraciət edərək bildirdim ki, özünü millətin ağsaqqalı sayırdısa, çalışdığı “Azərros”da xalqın adət-ənənəsini cavanlara öyrətməlisən. Onun əsas məqsədi Azərbaycanla Rusiyanın münasibətlərini möhkəmləndirmək idi. O isə hər şeyi tərsinə etdi. Nəticədə iki ölkə arasındakı əlaqələr pozulmağa doğru getdi. Abbas Abbasov çox qorxulu adamdır”.
Söyün Sadıqov qurumun qarşıda duran planlarından danışıb: “Bizim birinci məqsədimiz “Azərros”un bütün strukturlarını yenidən qurmaqdır. Regionlarla əlaqələrimizi yaxşılaşdıracağıq. Bu iki ildə təşkilatın regionları bizimlə əlaqə saxlamırdı. Hazırda əsas iş prinsiplərimizdən biri regionlarla çalışmaq olacaq, çünki yaşadığımız bu ölkədə xalqın etibarı çox önəmlidir”.

banner

Oxşar Xəbərlər