• cümə axşamı, 28 mart, 22:31
  • Baku Bakı 13°C

“Synergy Baku” Şimali Kiprdə yarışacaq

16.02.17 12:30 1271
“Synergy Baku” Şimali Kiprdə  yarışacaq
Bu gün Lefkoşada II Beynəlxalq velosiped yarışı start götürəcək. Şimali Kipr Türk Cümhuriyyətinin himayədarlığı ilə 16-18 fevralda baş tutacaq bu idman mübarizəsində 16 ölkəni təmsil edən 18 komanda iştirak edir. Bunların arasında Almaniya, Bolqarıstan, Fransa, İtaliya, Qazaxıstan, Makedoniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və s. ölkələrin komandaları var.
Azərbaycanı bu yarışda bir çox beynəlxalq velosiped turlarında uğurlu çıxışı ilə yadda qalmış "Synergy Baku” komandası təmsil edir. Müxtəlif ölkələrdən gəlmiş velosipedçilərin "Yaşam sürdükcə... sürdükcə kəşf et” şüarı altında həyata keçirilən bu idman mübarizəsi dörd mərhələdən ibarətdir. Beynəlxalq yarışmanın təşkilatçıları onun yadda qalması üçün maraqlı marşrut seçiblər. Belə ki, 250-yə yaxın idmançının iştirak edəcəyi və çoxsaylı qonaqların da izləyəcəyi yarışma ölkənin paytaxtı Lefkoşadan start götürəcək və bir neçə mərhələdə (Karpaz limanı, Magusa şəhəri, Girne şəhəri və Lefkoşa məhəlləsi) davam edəcək. Ümumi uzunluğu 182 kilometr olan marşrut Aralıq dənizinin mənzərəli sahillərini əhatə etməklə, gözoxşayan dağ ətəklərindən keçəcək və sonda tarixi-mədəni əhəmiyyəti danılmaz olan Lefkoşada yekunlaşacaq. Qeyd edək ki, artıq ənənə şəklini alan bu beynəlxalq yarışmanın keçirilməsində başlıca məqsəd Şimali Kipr Türk Cümhuriyyətində insanların gümrahlığına və sağlamlığına xidmət edən velosiped idmanını geniş yaymaq və onun daha da inkişaf etdirilməsinə nail olmaqdır. Bu idman mübarizəsindən istifadə edərək, bu il də dünyanın qabaqcıl velosiped turizmi mərkəzlərindən biri olmağa iddialı olan Şimali Kiprin əlverişli coğrafi özəlliyini, özünəməxsus iqlimini, gözoxşayan təbiət guşələrini və tarixi-mədəni abidələrini başqalarına tanıtmaq da yerli təşkilatçıların niyyətlərindəndir.
Təşkilatçılar tədbirin yaddaqalan olmasını təmin etmək məqsədilə yarışmanın son günü üçün maraqlı mədəni proqram hazırlayıblar. Qaliblərin mükafatlandırılmasından sonra paytaxtda gerçəkləşəcək "Velosiped festivalı”nda müxtəlif idman performansları nümayiş olunacaq, musiqi bayramı təşkil ediləcək.
Aysel Əliyeva,
Lefke Avropa Universitetinin magistri
banner

Oxşar Xəbərlər