• cümə, 19 Aprel, 19:47
  • Baku Bakı 24°C

Sxolastikadan qurtuluş zərurəti

08.02.17 13:30 1242
Sxolastikadan qurtuluş zərurəti
Tənqiddə elmilik özünü bilavasitə elmdə olduğu kimi, bədiilik isə bilavasitə incəsənətdə olduğu kimi təzahür etdirmir. Tənqiddə elmi mahiyyət də spesifikdir, başqa cürdür, bədiilik də. Xüsusilə tənqidin sol tərəfinə artırılan "bədii" istilahı və onun daşıdığı semantika tənqiddə tamamilə özünəməxsusdur, onun məhz incəsənətdəki obrazlılığa qətiyyən toxunağı yoxdur. Tənqid mahiyyətcə yığnaq xarakterli deyildir; bədiilik, elmilik və s... cəhətlər, müxtəlif elementlər birləşərək, sintez təşkil edərək "tənqid" deyilən bir şeyi quraşdırıb mövcudlaşdırmırlar. Əksinə, tənqiddə təzahür edən nə varsa (ən müxtəlif formalar, janrlar, təhlil yönləri, üslub təmayülləri...), bütün bunları elə onun öz daxili mahiyyətindən doğan xüsusiyyətlər kimi başa düşmək lazımdır, daha onları hardansa, hansı elm sahəsindənsə gəlmə xüsusiyyətlər, elementlər hesab etmək gərək deyil.
Tənqidi idrakın öz genezisində və genotipində, real daxili qanunauyğunluqlarında axtarmaq lazımdır
Bəzən niyə bizə elə gəlir ki, müəyyən bir idrak hadisəsi ya mütləq elm olmalıdır, ya mütləq incəsənət olmalıdır, ya da mütləq onların sintezi. Əslində, belə qəti fərqləndirmə üsulu sonsuz dərəcədə mürəkkəb olan mədəniyyət hadisəsinə metafizik-imperativ yanaşmadır. Budda Kanonları, "Bibliya", "Quran" yalnız dini kitabələrdirmi? Volterin, Taqorun nəsri, Dostoyevskinin "İdiot"undakı İppolitin və Mışkinin, "Karamazov qardaşları"nda Abid Zosimin, İvan Karamazovun monoloqları yalnız bədii təfəkkürün məhsuludurmu; Platonun dialoqları, M.F.Axundzadənin "Kəmalüddövlə məktubları", F.Nitsşenin, A.Kamyunun, E.Levinasın esseləri yalnız fəlsəfi əsərlərdirmi?! Vaqnerin "Bethoveni ziyarət"i yalnız xatirə-oçerkdirmi?! Xüsusilə müasir ictimai-fəlsəfi şüurun funksional təbiətində spesifikləşmə nə qədər dərinləşsə də, inteqral məqamlarını həmişə yüksək keyfiyyət kimi saxlayır. İndi təfəkkür prosesində "ümumelmi, inteqrativ proseslər" gedir və bu - müasir idrakın xarakterik əlaməti olur.
Deməli, tənqidin də özünəməxsusluğunu onun yalnız elmi, yalnız bədii olmasında, yaxud yalnız elmi-bədii sintetizmdə, elementlər xəlitəsində deyil, tənqidi idrakın öz genezisində və genotipində, real daxili qanunauyğunluqlarında axtarmaq lazımdır. Nümunə üçün Yaşar Qarayevin "Tənqidi realizm: estetik ideal və müsbət qəhrəman" məqaləsinə müraciət edək: "...Mircə Cəlil təsvir etmək üçün kəndlinin də qeyri-adisini, qəhrəmanını, igidini yox, ən adisini, "naturalını", "novruzəlisini" seçir. Zəmanənin qəhrəmanı kimi seçilən Novruzəlidə zamanın intellektual və ictimai həyatından bir iz, əsər-əlamət belə yoxdur. Məhz əsrlə Novruzəli arasındakı əlaqə və təzad baxımından Mirzə Cəlil Novruzəliyə daxili bir nəzər salır, bir həməsr, vətəndaş kimi onun varlığında sağlam, normal fəlsəfi-hüquqi mənada "şəxsiyyət" axtarır və tapmadığı bir keyfiyyətin olmadığı bir boşluğu təhlil edir... İctimai məzmunu cəhətdən bu qədər müflis Novruzəliyə ədibin marağının səbəbi də elə budur: hər bir real Novruzəlidə potensial bir müsbət qəhrəman mürgüləyir". Belə klassik tənqidi təhlildə elmi analizin harda başladığını, bədiiliyin harda qurtardığını, elmi və bədii aspektlərin necə vəhdət tapdığını, onları bir-birindən ayıran və qovuşduran nöqtələri müəyyənləşdirmək mümkündürmü?! Onları ağlın nəzəriyyə zoru ilə ayrı-ayrı anlayışlar kimi təqdim edəndə və tənqid kontekstində birləşdirəndə, ortaya qəribə müddəalar çıxır; məsələn, V.Kubilyus "Tənqidin təbiəti ziddiyyətlidir" qərarına gəlir... Axı nə üçün?! Ona görə ki, V.Kubilyusun fikrincə, tənqid "həm elmi anlayışlara doğru qaçır", həm də "subyektiv əsaslarsız ötüşə bilmir", tənqid, eyni zamanda "bədii yaradıcılıqla elmi analiz arasında rəqs eləyir". Tənqidi "bədii yaradıcılıq, elm və publisistikanın sintezi" sayan Litva tənqidçisinin bu son nəticələri tamamilə əsassızdır. Yaşar Qarayevin məqaləsindən götürdüyümüz parçada və saysız-hesabsız dəyərli tənqidi əsərlərdə biz belə bir ziddiyyətlə, bədii yaradıcılıqla elmi analiz arasındakı tərəddüdlə, "rəqslə", görəsən, niyə rastlaşmırıq?!. Uzun illər ədəbiyyat haqqındakı elmlərin metodologiya problemləri ilə məşğul olan A.S.Buşmin təhlil prosesində bədiiliyin və elmiliyin süni sintezinin qeyri-mümkünlüyünü, səmərəsizliyini, həm də qondarma olduğunu sübut edir: "Bədii obrazı məntiqi anlayışlara calamaq olmaz, onu ancaq məntiqi anlayışların dilinə köçürmək olar. Elmi formada incəsənətin dərk edilməsi haqqındakı məsələni, bədii obrazların məntiqi anlayışlarla birləşdirilməsi haqqındakı məsələ ilə eyniləşdirmək lazım deyil".
Tənqiddə hissiyyatın obyektivliyi, rasional dəyərləndirmənin isə subyektivliyi xassəsi vardır
Gerçəkdən də, tənqidin özünəməxsusluğu heç bir sintez və diffuziyada, təsadüfi məqamlarda, hansısa bir janr paradoksunda deyil, onun öz funksional təbiətində, düşüncə-yozum strukturunda, sabit, uzunömürlü və eyni zamanda, daim inkişaf edən qanunauyğunluqlar sistemindədir.
Tənqidin çox mürəkkəb psixologiyası vardır. Burada təfəkkür fəaliyyəti özünəməxsus texnologiya ilə "işləyir". İbtidai, bəsit reflektiv xarakterli tənqidi təfəkkür insan şüurunun inkişafı prosesində formalaşaraq, fərdiləşərək, təkamülə uğrayaraq, heç nəyə bənzəməyən, özünəməxsus mükəmməl, "tənqid orqanına" çevrilmişdir. Bu fəaliyyət növündə obyektivliklə subyektivliyin, hissi və rasional amillərin çox orijinal təzahür xüsusiyyətləri vardır. Adətən, idrak fəaliyyətində hissi-emosional amilin subyektiv başlanğıcla, rasional amilin isə obyektiv başlanğıcla bağlı olduğunu güman edirlər. Ən ümumi nöqteyi-nəzərdən varlığın obrazlı dərkində (incəsənətdə) ilkin idrak fəaliyyətinin (hissi-emosional amil – subyektiv başlanğıc), elmi dərkində isə daha çox ikinci fəaliyyət tipinin (rasional idrak – obyektiv başlanğıc) müəyyənedici olduğu şübhəsizdir. Bax, elə burada tənqidin elmdən və incəsənətdən seçilən cəhətləri meydana çıxır. Çünki tənqiddə biz həmin idrak fəaliyyəti prosesinin fərqli təzahürünü – yəni hissi-emosional aspektin obyektivliklə, rasional aspektin isə subyektivliklə qırılmaz bağlılığını müşahidə edirik. Bu paradoksdurmu? Xeyr. Tənqidin təfəkkür texnologiyası məhz belə qurulmuşdur; onda hissiyyatın obyektivliyi, rasional dəyərləndirmənin isə subyektivliyi xassəsi vardır; tənqidi təhlil prosesində rasional qiymətlər, meyarlar fərdiləşir, özünəoxşar olur, subyektiv məzmun və forma kəsb edir, bununla da, tənqidi ideya özünəməxsusluğu yaranır, ümumi nəzəri model özünküləşir, ona fərdiyyətin möhürü vurulur; subyektiv duyum və hissiyyat isə məhz incəsənətdə olduğu kimi obrazlı inikas formasında deyil, hissi-obyektiv, emosional dərketmə şəklində reallaşır.
Tənqidin mühakimə-diskurs funksionallığı ilə mədəniyyət düşüncəsini hərəkətə gətirən fenomen olmasının ən həlledici şərti isə yəqin ki, onun öz metodoloji sistemini yarada bilməsidir. Tənqidin öz metodoloji sistemini yaratması zəruri təbii-tarixi qanunauyğunluqdur ki, fikrimizcə, bu proses hələ tam başa çatmamış və o tam mükəmməlləşməmişdir (məsələn, estetikada, ədəbiyyatşünaslıqda olduğu kimi). Bu sistem fəal formalaşma prosesi keçirir.
Tənqidi metodun xarakterini müəyyənləşdirməyə çalışarkən, özümüzü dağa-daşa salmağa, hansı bir sahəninsə metod sistemini tənqidə tətbiq etməyə ehtiyac yoxdur. Çünki tənqidin metodoloji əsasını elə ən ümumi halda estetikanın nəzəri bünövrəsinə, onun qanun və prinsiplərinə söykənən tənqidi metod – tənqidi düşüncə texnologiyası təşkil edir.
Tənqidi təhlildə subyektiv başlanğıc həmişə güclü olur
Biz bu mülahizə üzərində təkid etməyi həm də ona görə lazım bilirik ki, birtərəfli, lakin çox geniş yayılmış bir fikrə qarşı da öz münasibətimizi izah edək; belə ki, "tənqid", yaxud "bədii tənqid" deyərkən, yalnız ədəbiyyatın tənqidi nəzərdə tutulur və tənqid ətrafındakı araşdırma və mübahisələr də adətən, belə bir qapalılıqda aparılır. Bəs onda incəsənətin digər sahələrinin tənqidi necə olsun? Bəlkə bu tənqid sahələrinin prinsipial fərdiliyi yoxdur, yoxsa – təkcə ədəbi tənqidlə bütün incəsənəti əhatə etmək mümkündür ki, elə ona görə də təkcə onun araşdırma fərdiliyini öyrənmək kifayətdir?! Estetikanın nəzəri bazasına, onun qanun və prinsiplərinə söykənən, incəsənətə münasibətdə "metamövqedə" dayanan tənqid (Y.Borev) isə hər cür birtərəflilikdən uzaqdır. Bu tənqid anlayışı altında incəsənətin (əlbəttə ki, həm də ədəbiyyatın) bütün sahələri üzrə "ixtisaslaşmış" tənqid istiqamətlərini nəzərdə tuturuq. Çünki bu istiqamətlər nə qədər fərqli olsa da, incəsənətə tənqidi münasibət baxımından çox əsaslı ümumi xassələrə malikdir. Məhz fərdi araşdırma yolları ilə zənginləşmiş və zənginləşməkdə olan bu ümumi xassələr tənqidi "yetişdirir", onun metodoloji strukturunu müəyyənləşdirmək üçün əsas verir.
Estetiklik prinsiplərinə əsaslanan tənqidi metod elmi metodlardan fərqli olaraq müxtəlif təzahür formalıdır. Məsələn, tənqidi monoqrafiyada tətbiq edilən tənqidi metodun xarakteri, deyək ki, resenziyada, yaxud bədii-fəlsəfi essedə olduğu kimi deyildir. Tənqiddə analizin forma və xarakteri həmişə müxtəlif səviyyələrdə olur. Onun metodologiyasından danışmağın çətinliyi də elə bu mürəkkəblikdədir... Təsəvvür eləyin ki, Azərbaycan tənqidi öz tarixi fəaliyyətinə, peşəkar işinə (M.F.Axundzadənin timsalında) elə birbaşa olaraq forma rəngarəngliyi ilə, tənqidi üsul müxtəlifliyi ilə başlayır: "Açıq məktub" şəklində. – "Mollayi-Ruminin və onun təsnifinin babında", "Kritika", "Mirzə Ağanın pyesləri haqqında kritika"; "Tənqidi dialoq" üsulunda. – "Tənqid risaləsi"; ictimai-sosioloji təhlillə tənqidi analizin vəhdəti şəklində. – "Kəmalüddövlə məktubları" kimi konseptual "sosial epopeya"... Lakin bununla belə tənqidin metodoloji sisteminin sabit qanunauyğunluqları, şübhəsiz ki, vardır: tənqidi təhlildə subyektiv başlanğıc həmişə güclü olur, analizin orijinallığı ilə birlikdə analiz edənin şəxsiyyəti də, fərdi tənqidi-estetik konsepsiyası da qabarıq görünür; təhlil özü struktur baxımından tədqiqat xarakterli yox, polemik, diskursiv, strukturalist, komparativistik, esseistik və s. xarakterli olur; tənqidin metodoloji sistemində ən müxtəlif üsullar, araşdırma yolları – estetik, nəzəri, tarixi, semiotik, interpretativ, aksioloji, ictimai-ideoloji, məntiqi və s. təhlil istiqamətləri, adətən, ayrı-ayrılıqda deyil, bir-birilə qaynayıb-qarışmış şəkildə fəaliyyətdə olurlar – bu elə bir təhlil yoludur ki, burada estetik analizin harda başladığını, tarixi qiymətləndirmənin harda qurtardığını nişanlamaq mümkün deyildir.
Tənqidi metodun xarakterinin üç əsas müəyyənləşdiricisi vardır: dövrün və tənqidçinin fəlsəfi-ideoloji mövqeyi (bəzən bunlar ziddiyyətdə də ola bilirlər...); bəşər mədəniyyəti tarixinin əsrlərcə hazırlayıb yaratdığı ümumestetik meyarlar və prinsiplər; və konkret bir dövrün bədii sistemi. Tənqid və onun metodu bu ümumi kontekstdə (tarixi və müasir mədəniyyət) öz mövqeyini qərarlaşdırır. Təsadüfi deyil ki, hər hansı bir konkret dövrün tənqid metodologiyasının öz humanitar platforması, əsaslandığı fəlsəfi-estetik konsepsiyası olmuşdur. Bundan əlavə, müasir dövrümüzdə elmi metodologiyada baş verən yeniləşmənin tənqidin metoduna da bilavasitə dəxli vardır. "Ümumelmi, inteqrativ proseslərin" getdiyi bir şəraitdə, tənqid digər elmlərlə həmrəyliyini daha da möhkəmləndirir. V.S.Çernyak yazır: "Metodologiyaların müxtəlif növlərinin qarşılıqlı əlaqələnmə hərəkəti – təkcə dialektikanın prinsip və qanunlarının spesifikləşməsi prosesi deyil, o, eyni zamanda, ümumelmi metodologiya anlayışlarının universallaşması prosesidir". Belə bir proses həm tənqidin universallaşmış ümumelmi metodlardan da istifadə etməsinə imkan verir, həm də onun öz metodoloji sistemini daha fundamental şəkildə təşəkkül etdirməsinə kömək eləyir. Belə bir istiqamətdə tənqidin özündə də metodoloji monizm gerçəkləşir – tənqidi metod əhatəli xarakter kəsb edə bilir və bütöv bədii sistemə vahidmövqeli tənqidi münasibət göstərməyə, incəsənətin daxili inkişaf xüsusiyyətlərini – onun qabaqcıl və mühafizəkar cəhətlərini, ideoloji-estetik rolunu, bədii prosesi və ümumiyyətlə, incəsənətin morfoloji dinamizmini, bu günün sənət axtarışlarını tənqidi aspektdə öyrənməyə qadir olur. Bax, bu mənada tənqidi nə məhz nəzəriyyədən yaranan fikir, nə də məhz nəzəriyyənin yaradılmasına qədərki fikir hesab etmək olar. Tənqid klassikası həm kamil estetik nəzəriyyəni yaradan, həm də belə bir bünövrə üzərində təşəkkül tapıb daha da inkişaf edən, qüdrətlənən tənqiddir.
Rahid Ulusel
Fəlsəfə elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər