• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

“Suya düşən” qrantlar

23.01.19 18:49 997
“Suya düşən” qrantlar
Anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri layihələr "suya düşəndə” əhvalları təlx olur. Necə ki, bu günlərdə bloqqer Mehman Hüseynovla bağlı bunun şahidi olduq. Mehman ilk vaxtlar aclıq etməkdən imtina etdiyini dedikdə, onun süd məhsulları ilə "50 faiz” qidalandığını və bunun da "aclıq aksiyası”nı davam etdirdiyini bəhanə gətirdilər. Mehman dövlət başçısına müraciət edəndə onun buna məcbur edildiyini dedilər. Hətta açılmış cinayət işinə xitam verilində "dövlətin borcudur” fikrini tirajladılar. Mehman həbsxanada insident yaşadığı şəxslə barışandan sonra isə artıq onu açıq şəkildə tənqid etməyə başladılar. Göründüyü kimi, işlərin müsbətə doğru getməsi bunlarda qıcıq doğurdu. Heç şübhəsiz ki, bu vəziyyətdən narazı olanlar özlərini siyasi və maliyyə dividentlərini itirmiş oldular. Belə olmasaydı, əvvəl müdafiə etdikləri Mehmanı, indi niyə təhqir edirlər ki?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, narazılıq edənlərə bu gün problemin həll olunması lazım deyildi: "Onlar problemin həll olunmamasında, dərinləşməsində, Mehman Hüseynovun həbsdə daha çox qalmasında maraqlı idilər. Çünki bu, onlara siyasi və maliyyə dividenti gətirirdi. Biz vaxtaşırı Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan müəyyən qrup insanların sonradan ayrılan qrantların bölüşdürülməsi üçün qovğasının şahidi oluruq. Bu işdə də ortada "Mehman Hüseynov problemi”ni yaratmaq və gündəmdə saxlamaq üçün ayrılan vəsait var. Bu baxımdan müəyyən qüvvələr həmin pulun xərclənməsinin yarımçıq qalmasından narahatdır”.
A.Mirzəzadə əlavə etdi ki, M.Hüseynov müstəqil Azərbaycanın vətəndaşıdır və nə edəcəyinə, həyatını necə quracağına özü qərar verir: "Kənardan bir qrup "məsləhətçi”nin onun zorla özlərinin siyasi sisteminə uyğun hərəkət etməsini istəməsi çox əcaib görünür. Hesab edirəm ki, Mehman Hüseynov məsələsi göstərdi ki, Azərbaycanda hər bir vətəndaşın problemi dövlətin diqqətindədir və istənilən məsələ hüquqi müstəvidə həll edilə bilər. Bu baxımdan, xaricdən müəyyən anti-Azərbaycan qüvvələrinin ölkə daxilində və xaricində bəzi həmvətənlərimizi bu işə qoşaraq siyasi şou yaratmaq istəyi baş tutmadı. Cənab prezidentin müdrikliyi, onun tapşırığının yerinə yetirilib, məsələnin hüquqi baxımdan həll edilməsi göstərdi ki, Azərbaycan hüquqi və müstəqil dövlətdir və bütün məsələlərini ancaq özü həll edəcək”.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, Mehman Hüseynov ətrafında yaranmış vəziyyət birinci dəfə deyil: "Bizdə belə məşhur, yaxud məşhurlaşdırılmış məhkumlar çox olub və onları müdafiə edənlər sonradan düşməninə çevriliblər. Çünki nə qədər ki, həmin məhkum məhbəsdə idi "müdafiə” edənlər qrantlar alır, müdafiə komitələri yaradırdılar. Digər tərəfdən, bu, dövlət əleyhinə təbliğatda əsas vasitələrdən biri olurdu. Bu fürsətdən yararlanan mərkəzlər bu mövzuların gündəmdə qalmasına çalışırdı. Eləcə də belə qüvvələr üçün hansısa məhkumun aclıq etməsi, cəzaçəkmə müəssisəsində həlak olması, nə qədər kobud səslənsə də, çox arzuolunandır. Bu planlar pozulanda, qrantlardan tutmuş anti-Azərbaycan kampaniyalarının aparılması üçün nəzərdə tutulan layihələrin hamısı yarımçıq qalanda əsəbiləşirlər. Bunu edənlər diletant adamlardır və emosiyalarını gizlədə bilmirlər. Mehman öz haqqından istifadə edərək müraciət edib, ancaq indi ona qarşı ittihamlar səsləndirməyə başlayıblar. O, azadlığa çıxandan sonra da buna oxşar bəyanatlar versə, artıq lənətləyəcəklər və onun düşməninə çevriləcəklər. Yox, əgər çıxandan sonra tamam ayrı bəyanat versə, onda da vəziyyətə baxacaqlar. Yəni, bu, həmişə belə olub və birinci hal deyil. Əslində biz hüquq müdafiəçiləri ona baş çəkib, şəkli paylaşandan sonra bizlərə münasibətdə iki qrup meydana çıxdı. Bir qrup bizə təşəkkür edənlər, Mehmanın sağlam olmasına sevinənlər və digərləri isə bundan pərişan olanlar və bizi ittiham edənlər. Belə deyək ki, ikinci qrupu indiki vəziyyət təmin etmir. Məsələnin bu cür başa çatması onların planlarına uyğun deyil və planın pozulması da ona gətirib çıxarır ki, öz emosiyalarını gizlədə bilmirlər. Bu gün Milli Məclisdə olan deputatlar var ki, vaxtı ilə "siyasi məhbus” adlandırılan şəxslər olublar, amma indi onları lənətləyirlər, təhqir edirlər. İnsanların sonrakı taleyi, siyasi görüşlərinin dəyişməsi əsl hüquq müdafiəçiləri üçün fərq etmir. Əgər biz bir şəxsin hüquqlarının müdafiə olunmasını lazım biliriksə, onu da edirik. Ancaq elələri var ki, vaxtı ilə müdafiə etdikləri şəxsləri indi söyürlər. Bütün hallarda bir insan məhkum olarkən bir mövqedə, 5 ildən sonra başqa bir mövqedə olursa, baxışları dəyişibsə, belə insanları düşmən, satqın elan etmək bəzilərinin köhnə şakəridir. Çünki onların çərçivələri daralır, aksiyalar üçün mövzu olmur və sair”.
S.Məmmədov vurğuladı ki, hüquq müdafiəçiləri ilə Mehmanın ilk görüşündə aclıqla bağlı həqiqətdən uzaq fikirlər yayanlar olub: "Təəssüf ki, indi də sosial şəbəkədə öz adı və ya saxta hesablarla belə məlumatları yayanlar var, amma bunlar ciddi söhbətlər deyil. Onlar acıqlarından deyirlər, amma bilirlər ki, bununla qrant aldıqları mərkəzləri inandıra bilməyəcəklər. Bunu özləri də bilir. Bilirsiniz ki, informasiya təkcə içəridən getmir. Diplomatik nümayəndələr açıqlama vermirlər, amma onlar öz dövlətlərinə, beynəlxalq təşkilatlara məlumatlar göndərirlər. Məsələn, Avropa İttifaqının Azərbaycandakı səfiri Mehmanla görüşdən sonra dərhal Brüsselə məlumat göndərmişdi və onun əsasında Avropa Parlamentinin komissarı çıxış etdi. Xarici dövlətlər, beynəlxalq təşkilatlar etiraf etməsələr də, həqiqi məlumatı bilirlər. Belə olan halda artıq bəzilərinin dediyi "50 faiz yemək yedi”, "iynə vurulub” kimi nağıllar keçmir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər