• cümə, 29 Mart, 14:52
  • Baku Bakı 14°C

Susmayan iki səs

06.09.19 10:15 920
Susmayan iki səs
Taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində məskunlaşan həmvətənlərimizin həyatı, təfəkkür tərzi, cəmiyyətdəki yeri, rolu, maraq dairəsi, məşğuliyyəti, doğma Vətənlə əlaqələri, müstəqil Azərbaycan dövləti adına əməlləri, xidmətləri barədə yazılanlar hər bir oxucunu cəlb edən maraqlı, aktual mövzulardandır. Dünyanın əksər ölkələrində əməyi, zəkası, istedadı sayəsində ad-san, nüfuz qazanan çox sayda həmvətənimiz yaşayır və onların tanıdılması təqdirəlayiq, bir çox cəhətdən əhəmiyyətlidir. Bu cür insanlar yaşadıqları ölkələrdə milli, mənəvi dəyərlərimizin daşıyıcıları, təbliğatçıları olmaqla yanaşı, həm qürbətdə, həm də Vətəndə böyüməkdə olan nəsil üçün örnək, qürur yeridir. Harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqına, onun dövlətçiliyinə, milli maraqlarına xidmət etmək mümkünlüyünün əyani göstəriciləridir. Onlar məskunlaşdıqları ölkələrdə xoşməramlı təmsilçilərimiz, eyni zamanda ölkəmizə, xalqımıza yönələn məkrli plan və niyyətlərə qarşı etibarlı sipərdir.
Bəs biz necə, həmin insanları kifayət qədər tanıyırıqmı? Fransada, Almaniyada, İspaniyada, Kanadada, Şərqi Avropa və ərəb ölkələrində, lap elə qonşu, qardaş Türkiyədə yaşayan, yaradan, istedadı, zəhməti hesabına tanınan, yaxud həmin ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan, elm mərkəzlərində çalışan həmvətənlərimiz haqqında kifayət qədər məlumatlıyıqmı? Bu suallar ətrafında fikir yürütmədən Rusiya Federasiyasında və Amerikadakı həmvətənlərimizi ölkəmizdə tanıtmaq və təbliğ etmək missiyasını öz üzərilərinə təmənnasız və könüllü götürmüş iki fədakar qələm sahibi - Ramin Məmmədov və Elman Eldaroğlu haqqında, onların bəhs etdiyimiz istiqamətdə fədakar fəaliyyətlərini qeyd etmək istərdik.
Səriştəli publisist Ramin Məmmədovun qəhrəmanları Rusiyada yaşayan, həyatını elmə, istehsalata, quruculuq və yaradıcılığa həsr etmiş Azərbaycan övladlarıdır. Uzun illər Rusiyada yaşayan və orada milis zabiti kimi çalışan R.Məmmədov, eyni zamanda mətbuat vasitəsilə xalqımızın mənəvi, milli dəyərlərini təbliğ etmiş, ölkəmizin tarixi, ərazisi, əhalisi barədə rusdilli oxucuları məlumatlandırmışdır. Torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda gedən Qarabağ müharibəsilə əlaqədar xidmətini dəyişib Vətənə qayıdan Ramin Məmmədov, hərbi əməliyyatlar gedən bölgələrə dəfələrlə ezam olunmuşdu. Atəşkəs əldə edildikdən və ölkəmizdə sabitlik yaradıldıqdan sonra məzuniyyəti dövründə Vətəndən uzaq düşən soy­daş­ları­mızın üzdə olan və olmayan, dünyasını dəyişən, naməlum talelərinə işıq salan, eləcə də Qarabağ həqiqətlərinə dair dövri nəşrlərdə özünə yer tapan erməni saxtakarlığını ifşa edən yazıları qələmə almışdır. O, ailə büdcəsi hesabına, təmənnasız, böyük sevgi və duyğularla vaxtaşırı Ru­siyanı şərqdən qərbə, şimaldan cənuba, bir sözlə, son 20 ildə 100-ə qədər şəhəri gəzib-dolaşmış, maraqlı insanlarla, onların həyat və düşüncə tərzi ilə tanış olmuş, Azərbaycan diasporunun fəaliyyəti və problemləri ilə yaxından maraqlanmış, bu məsələlərlə bağlı KİV- də sanballı məqalələrlə çıxış etmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramin Məmmədovun 37 kitabı, yüzlərlə məqaləsi işıq üzü görmüşdür. Çoxsaylı qəzet və jurnallarda onun Rusiya - Azərbaycan dostluq əlaqələrinə və Rusiyadakı diaspor təşkilatlarımıza həsr olunmuş elmi-publisistik yazıları böyük maraq doğurur. Bu yaxınlarda onun "Rusiyada Azərbaycan diaspor mətbuatı" adlı kitabı nəşr olunmuşdur.
"Elman Eldaroğlu” imzası ilə müxtəlif portallarda dərc olunan yazıları maraqla izləyirəm. Onun Amerikada yaşayan elm, mədəniyyət, sənət adamları haqqındakı məqalələri qürbətdəki həmvətənlərimiz haqqında zəngin təəssürat yaradır. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman, səmimiyyət dolu sevgi və zövqlə yazır. Həmvətənlər haqqında yazmaq qərarına necə gəldiyini müsahibələrinin birində belə izah edir: "Mən azərbaycanlıyam, amerikalıların arasında hər bir azərbaycanlı mənə doğmadır. Əvvəlcə çox götür-qoy etdim. Ölkə böyük, əhalisi 330 milyona yaxın. Bu qədər insanın içindən azərbaycanlıları, özü də sıradan bir nəfər deyil, müxtəlif uğurlara imza atan, oxucular üçün də maraqlı olacaq soydaşlarımızı axtarıb tapmaq çox çətin gəlirdi. Amma bir gün qərara aldım ki, köhnə peşəmi işə salım. Nə qədər ki, buradayam, mən də xalq üçün faydalı iş görüm. İlk olaraq yaxından tanıdığım insanlardan yazdım. Gördüm ki, Azərbaycan mətbuatı maraqla bu yazıları dərc edir və buna həqiqətən də ehtiyac var. Sonra əhatəni genişləndirdim”.
Amerikada yaşadığı 4 il ərzində Elman, bu ölkədə məskunlaşmış 150 nəfərədək həmvətənimiz haqqında yazı qələmə almış, onları Azərbaycan ictimaiyyətinə təqdim etmişdir. Florida Universitetinin professoru Pərvin Muradova- Dilbazi və ailə üzvləri, "Minesota Azərbaycan Assosiasiyası”nın təsisçisi Günel Musəvi , tanınmış alim İlqar Abbaszadə, Azərbaycanın Əməkdar artisti Telman Cəlilov, tibb sahəsində nüfuzlu mütəxəssis, özəl klinika sahibi Oqtay Məmmədov, Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondunun rəhbəri Şahyar Danişgər, memar-rəssamYavər Rzayev,blogerElman Kərimov və digərləri haqqında oçerkləri ABŞ-dakı həmvətənlərimizin fəaliyyəti barədə maraqlı məlumat mənbəyidir. Elman bu mövzuda danışanda, deyir ki, əslində, bu insanları nəinki Azərbaycan ictimaiyyətinə, həm də ABŞ-dakı azərbaycanlılara da tanıtdırıram. Ucsuz-bucaqsız ölkə, bu başında yaşayan, o biri başında yaşayandan xəbərsizdir. İndi özünüz təsəvvür edin ki, bu işin mahiyyəti nə qədərdir...
Ramin Məmmədov və Elman Eldaroğluna yeni yaradıcılıq uğurları arzulayır, eyni zamanda bildiririk ki, Fransadan, Almaniyadan, Türkiyədən, İsveçdən, Danimarkadan, Polşadan, Finlandiyada... da eyni missiyanı tükənməz enerji və sonsuz sevgi ilə yerinə yetirən soydaşlarımızın fəaliyyətinə böyük ehtiyac var.

Abid Tahirli

banner

Oxşar Xəbərlər