• cümə, 29 Mart, 16:00
  • Baku Bakı 14°C

“Susmağım haqsız olduğuma dəlalət etmir” - Fotolar

04.04.19 09:00 10304
“Susmağım haqsız olduğuma dəlalət etmir” - Fotolar
Son ayın ən çox danışılan mövzularından biri də Elməddin Cəfərovun Türkiyədə çəkilən və türk dünyasının məşhur simalarının da rol aldığı "Çat Kapı Aşk” filmindəki Nəriman obrazı oldu. Öncə Bakıda, daha sonra Türkiyədə qala gecəsi keçirilən filmdə Elməddin Cəfərovu baş prodüser kimi görməyi arzulasaq da, onu aktyor kimi gördük. Bir çox serialların baş prodüseri olan müsahibimiz deyir ki, Türkiyədə bir film çəkmək üçün onların kino bazarına yaxından bələd olmaq və orada uzun müddət fəaliyyət göstərmək lazımdır. O isə vətəndən kənarda 3 gündən artıq yaşaya bilmir...
- Elməddin bəy, Türkiyədə kino industriyasının bu qədər çox inkişaf etdiyi bir məqamda o aləmə necə daxil oldunuz?
- Türkiyədən bir neçə dəfə film təklifi alsam da, heç zaman qəbul etmirdim. Çünki edilən təkliflərə görə uzun müddət orada qalmalı olacaqdım. Başqa ölkəyə alışa bilmirəm, sanki orada havam çatmır. Türkiyədə çəkilişdə də olduğum müddətdə film təklifləri alsam da, məhz bu səbəbdən razılaşmadım. İndi bir şərtim var - əgər mənim türk filmlərində çəkilməyimi istəyirlərsə, çəkilişlər Bakıda olmalıdır.
- Serialda mühafizəçi, "qapıçı” Nəriman obrazına necə razılıq verdiniz?
- Nəriman qapıçı olsa da, əslində bir milyonçudur. Sevdiyi qız üçün gedib bir binanın nəzarət işlərinə baxır. Filmin əvvəlində kasıb olduğu görünsə də, sonradan bilinir ki, o, imkanlı bir şəxsdir. Əvvəl film 4 saatlıq çəkilmişdi, sonra onu kəsib 92 dəqiqə etdilər. Orda mənim çəkildiyim bir neçə hissələr də kəsildi. O ki qaldı sualınıza, belə bir layihəyə təklif alanda, onlara bir az normal rəqəm dedim. Əvvəl işə prodüser kimi yanaşdım, onların kino sahəsində real aktyor qiymətlərini araşdırdım və uyğun bir rəqəm dedim. Bütün obrazların içərisində ən varlısı Nərimandır. Orda bəzi səhnələr var idi ki, Türkiyədə əsas qəhrəmanların keçə bilmədiyi, icazəsi olmadığı ərazilərə Nərimanın icazəsi ilə buraxılırdılar. Bu da mənə xoş oldu və filmdə çəkilməyə razılıq verdim.
- 5 il bundan qabaq biz "Bacanaqlar” serialının çəkilişindən reportaj edərkən demişdiniz ki, türk televiziyalarından biri bu serialı müəyyən məbləğ müqabilində istəsə də, siz daha böyük məbləğ tələb etdiyiniz üçün məsələ baş tutmayıb. Yəqin ki, bu sizə bir dərs olub.
- (Gülürük) Əvvəllər elə naşı hərəkətlərim olub. Xarici kino prodüserləri tərəfindən hər hansı bir təklif alanda, onlara fantastik rəqəmlər deyirdim. Sonra araşdırdım ki, onlar bizim bazara girəndə, buradakı qiymətlərlə maraqlanırlar. Onlarda prodüser işi çox inkişaf edib. "Çat Kapı Aşk” filmində Nəriman obrazına təklif alanda isə, ssenariyə baxdım, ideya ilə tanış oldum. Mənim üçün ən vacib məqam bizə xələl gətirməyən bir obrazın olması idi.
- Amma elə təəssürat yaranır ki, Elməddin Cəfərov Azərbaycan hüdudlarına sığmır və Türkiyədə film çəkir.
- Əslində təkliflər var. Xaricdə böyük bir şirkətlə danışıqlar gedir. Mənimlə müqavilə bağlayıb, xarici filmlərə aktyor kimi dəvət etmək istəyirlər. Mənim özümün də şərtlərim var – qısa müddətlidirsə, olar. Uzağı, 10 günlük çəkilişlərə gedə bilərəm. Mənim elə bir şəraitim də yoxdur ki, uşaqları məktəbdən çıxarıb hansısa ölkəyə köçüm. Onların təhsilini yarımçıq qoymaq istəmirəm. Təbii ki, yerdəyişmə uşaqların təhsilinə ziyan edir. Ruhsal olaraq da xaricdə çox darıxıram. Bəlkə də bu mənim uşaq vaxtı yaşadığım bir travmadan qaynaqlanır. 1988-ci ildə Göyçə mahalı əlimizdən alınanda məcburi şəkildə Bakıya gəldik. Bir dəfə yerimizi dəyişmişik deyə, ikinci dəfə dəyişmək istəmirəm.
- Türkiyədə sizi bir televiziya proqramında gördük. Türk tamaşaçılarında elə bir təəssürat yaranıb ki, sanki siz milyonçusunuz.
- Türkiyədə və Avropada, eləcə də Amerikanın özündə belə bir təfəkkür formalaşıb ki, əgər sən prodüsersənsə, üstəlik, 3-4 serialın rəhbərisənsə, 50-60 nəfər heyətin varsa, demək sən varlısan. Mən də "Bacanaqlar”, "Qız atası”, "Kişi sözü”, "Qardaşlar”, "Toydan sonra” seriallarının və bir çox layihələrin prodüseri olmuşam. Onlar biləndə ki mən bu qədər heyətlə işləyirəm, bunu öz bazarları ilə hesablamağa başladılar. Düşündülər ki, insanın bu qədər layihəsi varsa, demək milyonları var. Onlara izah edə bilmirəm ki, sizdə seriallar 200-300 milyona çəkilir, bizə elə deyil. Həqiqətən rəqəm məsələsində onlarla min qat fərqimiz var.
- Türkiyədə niyə sponsorlar məhz seriallara və filmlərə pul ayırmaqda maraqlıdırlar? Bizdə isə əksinə, sponsorlar yüngül müğənnilərə pul ayırırlar.
- Əvvəla, Türkiyədə əhali çoxdur. Sponsorların gəlirləri də bir aya 1, ya 2 milyon edir. Bizdə bir layihənin 10 min manat xərci olanda, bu bir az yüksək qiymət hesab olunur.
- Onlar bizim serial sektorumuza bələddirlərmi?
- Təxminən bələddirlər və bizim sistemi öyrəndikcə də çox təəccüblənirlər. Bu imkanlarla necə serial çəkdiyimizi soruşurlar. Məsələn, onlar serialı ən azı 5 ədəd "Arri Alexa” kamerası ilə çəkirlər. Təkcə kameranın birinin qiyməti bir milyondur. Biz isə serialı adi kamera ilə çəkirik. Onlar işıq sisteminə 3 milyon xərcləyir, biz isə 3 min. Ancaq türklər bizim ssenarilərimizi çox bəyənirlər. Ssenari istedad tələb edən bir şeydir. İstedad da Allaha bağlı olan məsələdir, maliyyə tələb etmir.
- Bizə şikayətlər daha çox komediyaların üstünlük təşkil etməsi, dram janrında filmlərin çəkilməməsi ilə bağlı olur.

- Azərbaycanda 16 serial dram janrındadır, komediya janrında isə 5 serial çəkilir. O beş komediya insanların daha çox diqqətini cəlb edir. Əslində, bu, komediyanın uğurudur. Nə üçünsə istəyirlər ki, komediya məhvə doğru getsin.
- Komediya janrında çəkilən filmlər və seriallara niyə çox baxılır? Nədənsə tamaşaçı bu janrda çəkilən filmləri daha tez qəbul edir.
- Bu suala cavab versəm, dostlarım məndən inciyər. Biz dramı dram kimi çəkə bilmirik. Komediyada söz oyunu ilə insanı güldürə bilirsən. Dramda isə əsas situasiyadır. Bunun üçün məkan qurmalısan. Kiçik bir otaqda səhnə hazırlayırsan və istəyirsən ki, tamaşaçı onu qəbul eləsin. Tamaşaçı isə xarici kanallara baxır, başqa bir ekranda böyük məkan və orada yaranan fantaziyanı görürsə, ona öyrəşir. Yenidən onları kiçik bir otağa "salanda”, bu onlara real gəlmir. Bir də bəzi şeylər var ki, onlar bizim ölkəyə uyğun gəlmir.
- Məsələn, nələr?

- Kriminal seriallar. Azərbaycanda heç kim günün günorta çağı silah çıxarıb xoşu gəlməyən adımı öldürmür, bu bizə yaddır. Elə bir sabitlik qurulub ki, gecə saat 3-də də şəhərdə rahat gəzə bilirsən. Serialda kriminalın üzərindən dram göstərirlər, tamaşaçı da bunu "yemir”.
- Bəs Elməddin Cəfərov dram çəksə, tamaşaçı onu qəbul edərmi?

- Əslində, heç zaman dram janrında bir filmə çəkilmək istəmirdim. Ancaq son işlərimizdən olan "Qaragöz” filmində dram hissələri də var.
- "Qaragöz” filmi dram deyil, komediya janrındadır. Bu gün filmin qəhrəmanı olan müasir hacı qaralar filmdə özlərini gördülər. Sanki xoşbəxtlik eyforiyası yaşamağa başladılar ki, bizim haqqımızda film çəkilib.

- Filmin son 20 dəqiqəsində dram daha çox idi. Hər kəsin çevrəsində elə insanlar var. Mən "Tək səbir”də hansısa problemi qabardıb, kimlərisə tənqid edirdim. Səhəri gün o insanlar mənə təşəkkür edirdi. Mən onlara izah edə bilmirdim ki, insanlar sizə gülür. "Qaragöz” filminə baxan insanlar mənə yaxınlaşıb təşəkkür edirdi. Belə insanların onların çevrələrində də olduğunu qeyd edirdilər.
- "Bacanaqlar” serialı artıq 10 ildir ki, davam edir. Hətta bu seriala Azərbaycanın "Santa Barbara”sı da deyirlər.

- Biz bu serialı çox çətin şərtlər altında çəkirik. Ola bilər desinlər ki, neçə ildir davam edir, niyə bu qədər uzanır? Ancaq bir nəfər çıxıb demir ki, siz bu serialı necə bir şəraitdə, hansı məbləğlə çəkirsiniz? Türkiyədə bizim serialın çəkilmə şərtləri ilə maraqlananda şoka düşürlər. Deyirlər ki, bu şərtlə bizdə 4 seriya çəkmək mümkün deyil, nəinki 10 il. Onlar deyir ki, bu qədər dar, məhdud şəraitdə belə işlər ortaya qoyursunuzsa, həqiqətən siz çox istedadlı insanlarsınız. Onu da deyim ki, dincəlin, bu il "Bacanaqlar”ı bağlayırıq.
- Yeni bir serial olacaqmı?

- Yeni bir serial çəkmək istəmirəm. Ümumiyyətlə, serial çəkmək istəmirəm. Böyük bir layihə haqqında düşünürəm. Tamaşaçı xarici kanallarda böyük layihələr görür, deyir ki, bizdə niyə yoxdur. Onlara izah edə bilmirsən ki, "Möhtəşəm yüzyıl” 93 milyona çəkilib. 93 milyona şəhər salmaq olar. Bizdə ümumiyyətlə bütün televiziyaların büdcəsi heç 93 milyon deyil. Tamaşaçı baxır və onların seriallarından, verilişlərindən istəyir. Biz də baxırıq, susuruq. Susmağım haqsız olduğuma dəlalət etmir. Susmağım onlara bunu izah edə bilməməyimə görədir. Mən üsyan etmirəm. Sadəcə reallıq və qeyri-reallıq var.
- Bu gün Elməddin Cəfərovun yaradıcı komandası böyükdürmü?

- Bu gün yox, dünən böyük idi. Dünən komandamda ən az 55 nəfər yaradıcı heyət var idi. Çünki layihələrim çox idi, beş serialımız var idi. Böhran bizə də təsir etdi. Əvvəlcə 4, sonra 3, indi 2, daha sonra 1 serialımız olacaq. Günü-gündən seriallarımızı bağlayırıq. Dövrün tələbi dayandırmaqdır. Mən də istərdim ki, 500 nəfər komandam olsun, böyük işlər görüm. Keyfiyyətli işin xərci çox olur. Misal üçün, bu əşyanın qiyməti 10, digərinin qiyməti 1 manatdır. Sən sponsora 10 manatlıq işi təqdim edirsən, sənin rəqiblərin isə 1 manatlıq məhsul təqdim edir. Sponsor da aldanır. Sponsorun isə əsas məqsədi odur ki, məhsulu görünsün, keyfiyyət onun üçün o qədər də əhəmiyyətli deyil.
- "Tək səbir”dən beş serialın və bir çox layihələrin baş prodüserliyinə gedən yol çoxmu çətin oldu?

- Həmin illər bir filmə çəkildim. Səhhətimdə problem yarandı. Bir müddət uzaqlaşdım, sonra isə geri dönə bilmədim.
- İşsiz qalanda çevrənizdəki insanlar sizə yardım etdilərmi?

- Kirayə pulunu ödəyə bilmirdim. Kiçik qardaşım, anam, qaynanamgil kirayə pulu ödəməkdə mənə kömək edirdilər. Çox çətinliklər gördüm. Qərar verdim ki, sıfırdan başlayım və sıfır büdcə ilə "Qonşular” adlı serial çəkməyə başladıq. Başqa çıxış yolum yox idi. Daha sonra "Arı şou” verilişini yaratdım və zamanla özgüvənim yarandı, sonra "Bacanaqlar” serialını çəkməyə başladıq. Ancaq televiziyalar o illər yerli seriallar istəmirdilər. Ondan sonra prezidentimiz belə bir sərəncam verdi ki, yerli seriallar çəksilsin. O sərəncam qüvvəyə minməmişdən biz "Bacanaqlar”ı çəkdik. Bu sərəncam bizim köməyimizə çatdı. Sərəncam çıxan günü bizi dəvət etdilər ki, bu işi bacaran sizsiniz. Bizim də 44 seriya praktikamız var idi. Bizi dünən qovan insanlar yenidən təkliflər etməyə başladılar. Halbuki, çəkdiyimiz materiallara heç kim yaxın durmur, qəbul etmirdi.
- İndi sizə iş təklifləri çox olar...

- Əlbəttə, indi çox təkliflər alırıq. O vaxt mən "Tək səbir”ə gəlməmişdən əvvəl bir neçə bölgə televiziyalarının qapısını döydüm. Onlar məni qəbul etmədilər, dedilər ki, istedadın yoxdur. "Tək səbir”ə çıxandan iki həftə sonra məni dəvət etdilər ki, həqiqətən çox istedadlı imişsən. Axı siz haradan bilirsiniz ki, mənim istedadım var, ya yoxdur? Siz mənim istedadımı yoxlamadınız axı. İndi onların bir verilişinə getsəm, onlar üçün şərəf olur. Axı mən sizin qapınızda yatırdım. Belə şeylərlə çox qarşılaşmışam.
- İndi aktyorlarımız Türkiyə kino aləminə atılmaq istəyir.
- Türkiyə kino sferası bizdən 10 qat böyükdür. Onların hər hansı aktyoru xaricdə filmə çəkilirsə, onlar bunu qabardırlar. Bəndə qısqansa da, Allah istəyəndən sonra gerisi boşdur. Məni təbrik edənlər çox oldu. Mən işimi görmüşəm. Çox sağ olsunlar, diqqət ayırdılar.
- Belə olduğu halda, hər kəsi bir sual maraqlandırır – Elməddin Cəfərov Türkiyə kino cameəsinə qoşulur?

- Qətiyyən istəmirəm. Mən vətənimdə çox xoşbəxtəm və vətənimi sevirəm. Daşını, torpağını, təbiətini, hətta tozunu belə sevirəm. Çünki mən bu tozun-torpağın içərisində Elməddin Cəfərov oluram. Bunu özümü vətənpərvər göstərmək üçün demirəm. Vətənimin şoran suyu başqa yerin ağ suyundan mənə daha dadlıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər