• cümə, 19 Aprel, 10:59
  • Baku Bakı 13°C

Susmağı sevirəm

13.07.18 11:00 2308
Susmağı sevirəm
Teatr səbir işi, sevgi işidir. Bu aləmdə hər adam axıra qədər dözüb dayana və ömrünü fəda edə bilmir. Bəlkə də bu səbəbdəndir ki, bu aləmdə çalışanları "sənət fədailəri” adlandırırlar. Bu sənətdə baş çıxarmaq və ad qazanmaq heç də asan məsələ deyil. Lap bugünkü müsahibim - Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası, əməkdar artist Səbinə Hacıyeva kimi. O, hər dəfə izlədiyim tamaşalarda qəddi-qaməti, duruşu, baxışı və uzun saçları ilə diqqətimi çəkirdi. Yenicə fəxri ada layiq görülmüş aktrisamızla bir gün uzun-uzadı söhbət etmək, daxili dünyasına varmaq istəyirdim. Ötən gün bu istəyimə çatdım. Gündəmdə, göz önündə olmağı sevməyən müsahibim, hər zaman sənəti ilə söz deməyin vacibliyini vurğuladı.
- Sizinlə söhbət etməmişdən əvvəl bizdən tamaşalarınızı izləyib-izləmədiyimizi soruşdunuz. Sizə müraciət edən media nümayəndələrinə ilk olaraq bu sualı verməyiniz nədən qaynaqlanır?
- Bilirsiniz ki, şəxsi həyatımdan danışmıram və efirlərdə görünmürəm. Media nümayəndələri ilə yalnız sənətimdən və canlandırdığım obrazlarımdan danışıram. Əgər o jurnalist mənim yaradıcılığımla tanış deyilsə, o zaman onunla nədən danışacağam?
Mən özüm teatra müraciət etməmişdən öncə teatrın bütün tamaşalarını izlədim və sonra Bəxtiyar müəllimdən məşqlərə qatılmaq icazəsini aldım. Düşündüm ki, teatra müraciət etdikdə, mənə tamaşalardan sual verə bilərlər.

- Efirə nə üçün çıxmırsınız?
- Danışmağı sevməyən insanam. Efirdə isə danışmaq vacib bir nüansdır. Belə olan halda özümü narahat hiss edirəm. Susmağı sevirəm.

- 18 ildən çoxdur ki, Pantomima Teatrında çalışırsınız. Sizi bu teatra sıx tellərlə bağlayan nədir?
- Tələbəlik illərimdən Pantomima Teatrında çalışıram. Universiteti bitirdikdən sonra isə rəsmi olaraq teatrın əməkdaşı oldum. Pantomima Teatrı mənim ruhuma yaxın bir məkandır. Uşaq vaxtından musiqi dinləməyi sevirdim, rahat bir hava ilə rəqs edirdim. Gözəl rəqs etməyə çalışmırdım, həmin an yaşadığım halı rəqsdə nümayiş etdirirdim. İlk dəfə teatra gələndə teatrımızın qurucusu, müəllimimiz Bəxtiyar Xanızadə səhnənin ortasına stul qoydu, üstünə qalxdı və yuxarıdan ağ vərəqi atdı. Dedi ki, baxın vərəqə və bu vərəqin plastikasını, onun halını tapıb mənə deyin. Bunu eşidəndə sanki ruhum uçdu. O andan qərarımı verdim və dedim ki, mən axtardığımı tapdım. Həqiqətən də istədiyimi Pantomima Teatrında tapdım. Bu teatrda ruhum
rahatlandı. Buranı evim kimi əziz və doğma hesab edirəm. Başqa yerdə bu qədər azad ola bilmərəm.
- Səbinə xanım, siz İncəsənət Universitetinin "kinorejissorluq” fakültəsini bitirmisiniz. Amma kinoda deyil, daha çox səhnədə görünürsünüz.
- "Üfüq” adlı poetik düşüncələri əks etdirən bir film çəkmişəm. Cəhd edib, kameranı götürüb Qusarın meşələrinə getdim. Qısametrajlı bir film çəkdim. İlk işim o qədər də pis alınmadı. Kino sənətinə də meylim var. Belə ki, gözəl filmləri sevirəm və onlardan zövq alıram. Bu yaxınlarda Nizami Kino Mərkəzində İran rejissoru Məcid Məcidinin "Məhəmməd: Allahın elçisi” filminin təqdimatında iştirak etdim. Filmi çox bəyəndim. Əgər film insanın hisslərinə toxuna bilirsə, bu, ciddi bir uğurdur.

- Pantomima Teatrının "Maska” tamaşasını uğurlu tamaşalardan hesab edirəm. Eyniadlı obrazın mənim üçün yeri ayrıdır.
- Biz bu tamaşanı hazırlayanda 3 aktrisa ilə eyni zamanda məşqlər etdik. Təbii ki, bu tamaşadakı obrazı canlandıran aktrisaların hər birinin özünəməxsus ifası var. Mən də bu tamaşanı çox sevirəm. Hal baxımından aktrisa üçün gözəl tamaşadır. Bu tamaşa ilə sonuncu dəfə biz Moskvada çıxış etdik. Uzun müddət idi ki, bu tamaşanı oynamırdım. Birdən dedilər ki, sən oynayacaqsan. Gözlənilməz oldu, amma məni istənilən an yuxudan durğuzsalar, bu tamaşanı dəqiqliklə oynayaram. Cəmi 4 gün məşq etsək də, yaxşı nəticəsi oldu.

- Sonuncu dəfə sizi "Xoxan” filmində ev sahibi obrazında gördük. Bundan sonra sizi heç bir filmdə görə bilmədik. Buna səbəb nədir?
- Əslində son illər serial və filmlərin çəkilməsi sevindirici haldır, ancaq mən hər nüansla razılaşmağı xoşlamıram.
- Kaprizləri olan aktrisasınız?
- Mən buna kapiz deməzdim. Sadəcə olaraq, bayaq dediyim kimi, ruhum rahat olmalıdır. Məsələn, "Xoxan” filmini çəkən rejissor Samir Kərimoğlunun digər işlərinə bələd idim. Ona görə onun filmində çəkilməyə razılıq verdim. Ümumiyyətlə dramatik və tarixi filmləri çox sevirəm. Tarixi geyimlərdə özümü bambaşqa hiss edirəm və geyim mənə zövq verir. Belə filmlərdə rol almağı çox istərdim. Tarixi filmlər məni özünə çox çəkir. O prosesin içində iştirakın özü mənim üçün bir zövqdür.

- Bəs nağıl filmlər necə? Bildiyimiz qədəri ilə, siz nağıl filmlərini çox sevirsiniz.
- Arzulayıram ki, Azərbaycanda nağıl film çəkilsin və mən küpəgirən qarını oynayım (gülürük). Uşaqlarımızın milli nağıllarımıza həqiqətən ehtiyacı var. Nağılsayağı filmləri çox xoşlayıram. Misal üçün, "Üzüklərin əfəndisi” ən çox sevdiyim nağıldır.
- Bizdə tarixi filmlər çəkilmir. Ancaq qardaş Türkiyə bu mövzuda çox inkişaf edib.
- Elədir. İki dəfə Türkiyədən tarixi filmə dəvət almışam.
- Bəs nə üçün çəkilmədiniz?
- Bunun üçün önəmli səbəblərim var idi. Ümumiyyətlə mən məsuliyyətli insanam. Həmin layihə mənə təklif olunanda, teatrda "Manqurt” tamaşasının premyerası idi, qızğın məşqlər gedirdi. Həmin an deyə bilməzdim ki, məni bağışlayın, işimi yarımçıq qoyub gedirəm. Üstəlik, "Manqurt” tamaşasını çox sevirəm. Su içdiyim qaba tüpürən biri deyiləm.
- Sizin teatrda özünüzə xas plastikanız var. Həmin səhnə duruşunu, plastikanı öyrənmək çoxmu əziyyətli idi?
- Əziyyət məsələsi ştata düşənə qədər baş vermişdi. Mən teatra gələndə çox kilolu idim. Öz üzərimdə davamlı olaraq işləməyə başladım və istəyimə nail oldum. İnsanın istəyi güclüdürsə, mütləq ona çatır.
- Bir otaqda tək qalsanız, hansı obrazınızla söhbət etmək istərdiniz?
- İndiyə kimi canlandırdığım obrazlarımın hamısı ayrı-ayrılıqda mənim üçün əzizdir. Hətta "Tıq-tıq xanım” tamaşasındakı obrazım da. Onlar mənim övladlarımdır. Mən onları sevirəm. Əgər səhnədə oynayarkən canlandırdığım obrazdan zövq almaramsa, o zaman özümü ən bədbəxt sənətçi hesab edərəm. Sevgi həyatımın mayakıdır. Sevmirəmsə, bu işi görə bilmərəm.
- İşıq, səhnə, alqış sizin üçün nə ifadə edir?
- Səhnə mənim planetimdir, işıq mənim istiliyimdir, köməkçimdir, alqış isə gördüyüm işin nəticəsidir, tamaşaçıların təşəkkürüdür.
- Bəs səhnə tozu?
- Səhnə tozu əziyyət çəkmək, çox işləməkdir. Mən bu tozu sevərək qəbul edirəm.
- Siz eyni zamanda pedaqoji fəaliyyətlə də məşğulsunuz. Pedaqogika ilə məşğul olmağın hansı çətinlikləri var?
- Əvvəlcə gimnastika, xoreoqrafiya dərsi keçdim, sonra məşqçi kimi çalışmağa başladım. Uşaqlar və böyüklər üçün aktyor dərsləri keçdim. Ümumiyyətlə uşaqlarla işləməyi çox sevirəm. Uşaqlar üçün teatr studiyalarında tamaşalar hazırlayırıq. Məktəblərdə nağıl tamaşalar üzərində çalışırıq. Onlar bu tamaşaları sevərək oynayırlar. Uşaqlara nağıl həyatını yaşatmaq lazımdır. Bu həm də böyük bir müalicədir. Çox böyük zövqlə çalışıram, çünki uşaqlarla işləmək insana zövq verir.

- Uşaqlarla işləmək zövqlü olduğu qədər də çətin olmalıdır.
- Uşaqlar safdır, təmizdir. Sadəcə, bir az onlarda kompleks var. Bu da zamanla həll olunur. Bizim dərslərimizdən sonra onlar özlərini ifadə edə bilirlər, öz fikirlərini yaxşı izah edir, sərbəst olurlar. Uşaqların inkişafı baxımından tamaşaların hazırlanması mütləqdir. Vaxt var idi, valideynlər övladlarını uşaq yaşlarından musiqiyə, rəqsə, teatra aparırdılar. Ancaq indiki uşaqların əksəriyyəti daha çox elektron cihazlara meyl göstərir. Bu da onlara pis təsir edir. Biz də
hər dəfə balaca uşaqlarla tamaşalar üzərində çalışanda bu kimi məsələlərə toxunuruq, bir mesaj olaraq həm valideynlərə, həm də zalda izləyən uşaqlara bunun zərərlərini çatdırmağa çalışırıq.
- Pantomima Teatrının repertuarına nəzər saldıqda, tamaşaların çox qəliz adlarının olduğunu görürük. Misal üçün, "Dejavü”, "Adagio”.
- "Dejavü” adını tamaşaçılar seçib. Tamaşadan sonra bir çox təkliflər oldu, ancaq bu ad daha çox uyğun səsləndiyi üçün həmin adı seçdik. Kim bizdən tamaşaların adlarını soruşanda onlara izahını veririk.

- Səbinə Hacıyeva həyatında "dejavü” yaşayıbmı? Olubmu ki, yuxularınız gerçəkləşsin?
- Çox. Ümumiyyətlə, hissiyyatım çox güclüdür. Bəzən yuxuda gördüklərimi səhəri gün rənginə və ən xırda nüansına qədər real həyatda baş verib.

- Səbinə xanım, sizi Azərbaycan teatrının ən uzun saçlı aktrisası hesab etmək olarmı?
- Bilmirəm (gülür). Bu haqda dəqiq bir söz deyə bilmərəm. Ancaq sizə saçlarımın tarixini danışa bilərəm.
- Buyurun.
- Uşaq vaxtı saçlarım heç uzanmırdı. Anam saçlarımı nə qədər kəsdirsə də, saçım elə qısa qalırdı. Qonşumuzda yaşayan bir qızın saçları dizinə qədər idi. Hər dəfə onun saçlarını görəndə anamın yanına gedib, "mənim saçlarım nə üçün belədir?” deyib ağlayırdım. Saçlarım uzandıqca tökülürdü. Nə qədər dərmandan istifadə etsəm də, faydası olmurdu. 6-cı sinifdə bir dəfə saçımı "şarlotta” stilində kəsdirdim. Bu kəsimdən sonra saçım sanki yerinə düşdü və uzanmağa başladı. Ondan sonra saçlarım qonşumuzdakı qızın saçları qədər oldu. Dizə çatandan sonra saçlarımı kəsdirməyə başladım. İldə bir dəfə saçlarımı düzləşdirib, səliqəyə salıram. Uzun saçlar uşaqlıq arzumdur, ona görə də hələ kəsmək fikrim yoxdur.
- Səhnədə oynayarkən saçlarınız sizə çətinlik yaradırmı?
- Saçlarım heç də kaprizli deyil. Əksinə, ipək kimidir. Darağı yuxarıdan saçlarıma qoysanız sürüşüb axıra qədər gedər (gülürük).
- Lap reklamlardakı kimi?
- Eynilə.
- Təkliflər gəlibmi?
- Təəssüf ki, saç şampunlarının reklamına dəvət almamışam. Baxıram ki, istifadə etdiyim şampunun dünya üzrə öz simaları var ki, onlar öz ölkələrini təmsil edir, ancaq bizdə belə bir şey yoxdur. Buna təəssüflənirəm.
- Söhbətimizin sonunda sizi "Əməkdar artist” fəxri adı almanız münasibətilə təbrik edirəm. Gözləyirdinizmi ki, bu fəxri ada layiq görülərsiniz?
- Təşəkkür edirəm. Mənə bu xəbər çatan vaxt bir işə görə çox əsəbi idim. İlk dəfə eşidəndə, açığı, inanmadım. Və onu həqiqətən gözlərimlə oxuyub görəndə, oturub ağlamağa başladım. Düşünürdüm ki, nə vaxtsa bu adı alacam, ancaq indi gözləmirdim. Hərdən də düşünürdüm ki, yox, bu adı ala bilməyəcəm, çünki mərkəzdə olmağı və özümü görsətməyi sevən biri deyiləm. Elə insanlar olub, soruşurdular ki, "bu xanım teatra təzə gəlib? Mən bu xanımı ilk dəfədir görürəm”. Gözə girməyi sevməyən insanam. Ona görə də insanların çoxu məni tanımır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər