• çərşənbə, 24 Aprel, 20:55
  • Baku Bakı 23°C

Şuşasız 23 il...

08.05.15 05:26 1236
Şuşasız 23 il...
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi torpaqlarımızın əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa... Artıq iyirmi üç ildir ki, təcavüzkar Ermənistanın işğalı altında inləyən yurd yeri... Heç kəsin unuda bilmədiyi o işğal günü bu gün tarixin səhifələrindən kədərlə boylanır.
1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. İşğal nəticəsində ölüm sükutuna qərq olan şəhərdə ermənilər Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atdılar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıtdılar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd etdilər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdıldı, zəngin muzey və kitabxanaları talan edildi, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan ərazi xarabazara çevrildi.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni faşistləri 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etdilər, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar, buradakı nadir sənət incilərini taladılar və və məhv etdilər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə əl ataraq Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edildi.
23 illik həsrət
Şuşalılar 23 ildir ki, Şuşa adlı həsrətlə yaşayırlar. 23 ildir ki, Şuşa dərdini gözlərində, könüllərində yaşadır, bu ağrı ilə nəfəs alırlar. Ancaq dərd nə qədər böyük olsa da, sınmamağa, Şuşa adına bacardıqları kimi iş görməyə, onu yaşatmağa çalışırlar. Bir gün Şuşa torpağına üzüağ qayıda bilmələri üçün şalışırlar. Sinəsinə min cür düşmən yarası dəyən torpağı işğaldan qurtarmaq üçün qurduqları arzuların reallığa çevriləcəyi günü həsrətlə gözləyrlər.
“Əlbəttə, qol-qanadımız qırılıb. Bu gün də qırılır. Bu elə bir ağrıdır ki, ondan yalnız «Ya Qarabağ, ya ölüm!» yolu ilə xilas olmaq olar” - deyə Şuşa Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov bildirir: “Şuşa şuşalıların içində heç zaman sağalmayan yaradır. Analarımızın oğullarına: «Torpağımızı qaytarmasan, südümü sənə halal etmərəm», qızlarımızın qardaşlarına: «Torpağı qaytarmasan, üstümdə qardaşlıq haqqın yoxdur», nişanlılarına: «Mən belə oğlanla ailə qurmaram, namusumuz, qeyrətimiz düşmən tapdağındadır» - deyəcəkləri gün gələcək. Şuşasız dünyanın heç bir neməti, var-dövləti, əmin-amanlığı bizi qane edə bilməz. Düşmən mübarizəni bizimlə bütün sahələrdə aparır. Həmişə məclislərə düşəndə deyirəm ki, inşallah, vaxt gələcək, ermənilərin yandırıb xaraba qoyduğu kəndləri, şəhərləri göydə Allahın, yerdə insanların iradəsi ilə qaytaracağıq. Hər kəsin “qələbə üçün neyləmisən” sualına cavabı olmalıdır».
Teymur Məmmədov əminliklə “Biz Şuşamıza qayıdacağıq” deyir. O, bu fikirlərə hamının, Şuşasız illərin həsrəti ilə yaşayan şuşalıların da inanmasını istəyir: “Biz Azərbaycanın müstəqilliyinin atributları – bayrağımız, gerbimiz, himnimizin müqəddəsliyindən danışırıq. Ancaq müəllifinin doğulduğu, böyüdüyü torpaq düşmən əlindədir. Bu himn çalınanda ayağa durub bayrağımıza baxmağa da qürurumuz imkan vermir. O bayraq Şuşa qalasında dalğalanmalı, «Koroğlunun uvertürası» Şuşada səslənməlidir. Heç olmasa, torpaq öləndə adamı qəbul eləsin...”
“Nə vaxtsa Şuşaya qayıdacağam”
Dirijor Fuad İbrahimovun Şuşanı tərk edəndə 10 yaşı varmış. «İnsanın harada doğulduğunu planlaşdırmaq olmur. Ancaq mən həddən artıq xoşbəxt insanam ki, Şuşada doğulmuşam. Mən başa düşürəm ki, əgər Şuşada doğulmasaydım, bugünkü nailiyyətlərim, uğurlarım olmazdı. Məndə olan istedad o torpaqdan qaynaqlanıb»- deyir. Şuşanı tez-tez yuxularında görən musiqiçi nə vaxtsa yurd yerinə qayıtmaq arzusu ilə yaşayır: «Şuşanı tez-tez yuxularımda görürəm. Şuşa haqqında kitablardan oxuyuram, internet səhifələrində şəkillərinə baxıram». F.İbrahimov uşaq yaddaşından heç zaman silinməyən acılı günləri – Şuşanı tərk etdiyi günləri xatırlayır: «Orta məktəbin aşağı siniflərində oxuyanda artıq o zamanlar ermənilərlə problemlərin yarandığını eşidirdim. Sonra həyəcan siqnalları eşidilməyə başlandı. Bu səsləri eşidincə biz hamımız zirzəmiyə yığışırdıq. Demək olar ki, 1989-cu ildən 1991-ci ilə qədər biz bu vəziyyətdə, zirzəmilərdə yaşadıq. 1991-ci ildə vəziyyət daha da mürəkkəbləşdi. Yadımdadır, “Qrad” raketləri atırdılar. Həmin vaxt hər yer əsməyə başlayırdı. Vəziyyət çətinləşdikcə bəziləri «Gəlin, çıxıb gedək» deyirdi. Amma babam razı olmurdu. «Biz gərək torpağımızı qoyub getməyək» - deyə inad göstərirdi”. Bir çox ailələr Şuşanın işğal gününə qədər orada qaldılar. Ancaq vəziyyət elə gətirdi ki, əhalinin hamısı Şuşadan çıxmaq məcburiyyətində idi. Heç kim bilmirdi ki, sabah başına nə gələcək. Hamını məcburən evakuasiya edirdilər. İnsanlar ələrinə keçən geyim əşyalarını götürüb özlərinin də, övladlarının canlarını qurtarmağa çalışırdılar. Biz uşaq vaxtı küçə-bacada oynayanda vertolyotun səsini eşidib onun arxasınca Cıdır meydanına qədər qaçardıq. Hətta vertolyotdan tez Cıdır meydanına çatmağa tələsirdik. Onun yerə enməyini görmək istəyirdik. İş elə gətirdi ki, biz elə vertolyotla da Şuşanı tərk etməli olduq. Çünki avtobusla, maşınla getmək mümkün deyildi. Ermənilər hər tərəfdən hücuma keçib əliyalın insanları məhv edirdilər”.
F.İbrahimov danışır ki, Şuşanı tərk edəndən sonra həyat onlar üçün o qədər də asan olmayıb. Əvvəlcə Ağdamda qohumlarıgildə yaşamağa başlayıblar. “Mən orada məktəbə getdim. Sonra isə Bakıya gəldik. İnanıram ki, nə vaxtsa Şuşaya qayıdacağam».
Bu gün şuşalılar yurd həsrətindən doğan göz yaşlarını qəlblərinə axıdırlar. Dövlət nə qədər qayğılarını çəksə də, nə qədər təmin olunsalar da, gözlərindəki nisgili, qəlblərindəki həsəti heç nə ovuda bilmir. “Torpaqlarımız azad olununca ayağıyalın, başıaçıq o yerlərə qayıdarıq” deyirlər. Şuşalılar muğamın sədasının yenə də musiqi beşiyindən – Şuşadan gəlməsinin arzusu ilə yaşayırlar: “Üzeyir bəyin, Xan qızı Natəvanın yurdunda güllə səsləri deyil, musiqi sədaları eşidilməlidir...”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər