• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

“Şuşanın şikəstəsi”ndə vətən yanğısı

18.11.13 17:02 2153
“Şuşanın şikəstəsi”ndə vətən yanğısı
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qarabağa həsr olunan növbəti kompozisiya təqdim olundu. Belə ki, xalq artisti Nəzakət Teymurova “Şuşanın şikəstəsi” adlı musiqili kompozisiyasının təqdimat mərasimini keçirdi. Mərasimdə ziyalılar, xalq artistləri, tanınmış sənət adamları iştirak edirdilər.
İlk olaraq sözə başlayan “Şuşanın şikəstəsi” musiqili kompozisiyasının layihə rəhbəri Bəxtiyar Qaraca bu gün hər bir vətəndaş üçün Qarabağın vacibliyini vurğulayaraq son dövrlər Şuşa haqqında daha çox əsərlər yazıldığını və ona dair bir çox filmlərin çəkildiyini qeyd etdi, bu əsərdə iştirak etməyi özünə borc bildiyini söylədi.
Klip şəklində təqdim olunan kompozisiyada Şuşanın görüntüləri, Nəzakət Teymurovanın ifası və millət vəkillərinin oraya səyahəti yer alıb. Xalq artisti Nurəddin Mehdixanlının şeiri isə kompozisiyaya xüsusi bir rəng qataraq onu daha da təsirli edir.
Tədbirdə iştirak edən millət vəkili Rövşən Rzayev çıxışıda Şuşada olduğu zamanı keçirdiyi daxili əzablardan danışdı: “Torpaqlarımız alınandan sonra oraları dağıdılmış vəziyyətdə görmək bu dövlətin vətəndaşı kimi mənə həqiqətən də çox təsir etdi. Ancaq mən əminəm ki, biz Şuşaya yenidən qayıdacağıq. Azərbaycanın bu günkü mövqeyi bizi bu sözləri deməyə əmin edir. İşğal olunmuş torpaqlarımızda gördüyümüz mənzərələr bizi çox sarsıtdı. Belə ki, məscidlərimizi, tarixi yerlərimizi dağıdılmış görmək dilə gətirilməyəcək bir duyğudur. Nəzərinizə çatdırım ki, hazırda Şuşada heç bir tikinti işləri getmir. Şuşa şəhərinin yalnız giriş hissəsi təmir olunub. Başqa heç bir abadlıq işləri aparılmayıb. Arzu edirəm ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın və biz də öz növbəmizdə gözəl kompoziyalar yaradaq, bayramlar keçirək”.
Öz yaradıcılığında daim Qarabağ mövzusuna müraciət edən şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva musiqili kompozisiyanı izlədikdən sonra klipdəki insanların gözlərinin bir-birilərinə bənzədiyini müşahidə etdiyini söylədi. Onun sözlərinə görə, sanki Azərbaycan xalqının bütün nümayəndələrinin gözləri bir-birinə bənzəyir: “O gözlər yoldadır, kədərlidir, qəmlidir. Mən o gözlərdə kədər görürəm. İçimizdəki ümidlər bizi ona doğru aparır. Biz o torpaqları geri qaytaracağımıza inanırıq. Ümumiyyətlə, qələbəyə gedən yol yaddaşdan başlayır. Bu gün Qarabağı nəinki gənclərə təbliğ etməli, onu özünü dərk edən uşaqlara təlqin etməli və vətənlə bərabər Qarabağın da adının söylənilməsini öyrətməliyik. Bu bizim üçün çox vacibdir. Əgər Şuşanı canlı hesab etsək, onun başı kəsilən bədənimiz olduğunu söyləyə bilərik. Hesab edirəm ki, 1-ci sinfə gedən uşaqlar Şuşa mövzusunda şeirlər bilməlidir. Yaddaşsızlığın gənclərin zəkasında kök salması torpaqlarımızın hissə-hissə verilməsi deməkdir. Məfkurə itirmək millətin itkisidir. Böyütdüyümüz uşaqlara düşmənimizin kim olduğunu, torpaqlarımızın sərhədlərinin haradan başlamasını öyrətməliyik. Əgər uşaqlarımıza göz açan gündən daşıdığı dəyərləri öyrətsək, heç zaman məğlub olmarıq. Düşünürəm ki, bu cür mahnılara daha çox yer ayrılmalıdır. Onların ideyası qorunmalıdır. Məhz bu yolla itirilən torpaqları geri qaytara bilərik”.
Xalq artisti, xanəndə Arif Babayev musiqili kompozisiyanı izlədikdən sonra kövrəldiyini dilə gətirdi. Onun sözlərinə görə, hazırda belə kompozisiyaların hazırlanması çox vacibdir: “Kompozisiyanı izlədikdə elə hesab etdim ki, Nəzakət Teymurovanın səsi Şuşanı dolanıb geri döndü. İnanıram ki, biz Şuşaya geri qayıdacağıq. Bunun üçün əl-ələ verib bir olmalıyıq. İfadan danışsaq, Nəzakət Teymurovanın səsi əvəzolunmazdır. Mən müəllimi kimi hər zaman Nəzakətlə fəxr etmişəm. Kompozisiyaya gəlincə isə, əməyi keçən hər kəsi təbrik edirəm”.
Xalq artisti Ramiz Quliyev Şuşanın həsrəti ilə yanıb qovrulduğunu söylədi. Tarzən qeyd etdi ki, hazırda hər bir azərbaycanlının ürəyində bir nisgil var: “Biz torpaqlarımızın 20%-ni itirmişik. Bunu unutmaq olmaz. Unutmaq bir təhlükədir. Unutqanlığımızın əvəzinə inadkarlıq göstərək ki, itirilmiş torpaqlarımızı geri qaytara bilərik. Bu gün təqdimatına yığışdığımız kompozisiya “Şuşanın şikəstəsi” deyil, sanki bir Şuşanamədir. Bu mahnı Şuşaya məktubdur. Kompozisiyada musiqi ifası yanğı ilə ifa olunub”.
Xalq artisti Mənsum İbrahimov xanəndəni təbrik edərək ünvanına xoş sözlər söylədi. Qeyd etdi ki, Nəzakət xanımın ifası hər zaman seçilib: “Xanəndəmiz bu mahnıda Şuşaya sanki ağı deyirdi. Mənə elə gəldi ki, o kompozisiyada Nəzakət xanım fəryad qoparırdı. Mən ona görə bu klipə sakit baxa bilmirdim. Nəzakət xanımın ifası hər zaman qəlbləri oxşayır. Amma bu dəfə təqdim etdiyi ifada sanki ürəyindən gələn bir sızıltı var idi. Klipdəki musiqi ilə sözlər bir-birini tamamlayır. Şuşanın görüntüləri insanın ürəyini ağrıdır. Düşünürəm ki, Qarabağ mövzusu çox işlənilməli və ona tez-tez müraciət olunmalıdır ki, heç kim keçmişini unutmasın. Nə qədər ki Qarabağ düşmən tapdağı altındadır, hər birimiz bu mövzuya üz tutaraq qarabağlı olmalıyıq. Arzu edirəm ki, torpaqlarımız qaytarılsın və biz də o torpaqlarda bayram konserti ilə çıxış edək”.
Xalq artisti Nəzakət Teymurova “Kaspi”-yə açıqlamasında Qarabağ mövzusuna biganə qala bilmədiyini və bu baxımdan özünü hər zaman borclu hesab etdiyini söylədi: “Qarabağda dünyaya gəldiyim və azərbaycanlı olduğum üçün bu mövzuya biganə qala bilmərəm. Mən ifaçı olaraq əlimdən gələni etməyə çalışıram. Tahir müəllim bu musiqini mənə təqdim edəndə doğulduğum yer, evlərimizin dağıdılması gözümün qabağına gəldi. Mən özüm işlərimdən heç vaxt razı qalmıram. Bizim gördüyümüz işlərə tamaşaçı qiymət verir. Düşünürəm ki, hələ çox şeyi etməmişəm. Mən özüm Ağdamda anadan olmuşam. İstəyərdim ki, torpaqlarımızın alındığı gün deyil, hər zaman bu mövzu aktual olsun. Xanəndə işgüzar olarsa, gənclərimiz də maariflənərlər. Klip və mahnının ərsəyə gəlməsində əməyi keçən bütün heyətə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, kompozisiyanın bəstəsi Tahir Əkbərə, sözləri isə Şöhrət Əfaşa məxsusdur. Musiqili komposiziya “O FİLM–STUDİYA”-da hazırlanıb. Əsərin operatoru Elxan Rüstəmov, rejissoru isə Kəmalə Əhmədlidir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər