• şənbə, 20 Aprel, 17:14
  • Baku Bakı 23°C

Şuşanın işğalı ilə bağlı faktlar Serbiya ictimaiyyətinə çatdırılıb

06.05.16 22:02 1844
Şuşanın işğalı ilə bağlı faktlar Serbiya ictimaiyyətinə çatdırılıb
Azərbaycanın Serbiyadakı səfirliyi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı faktların əks olunduğu press-reliz yayıb. Press-relizdə deyilir ki, 8 may 2016-cı il tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümüdür. 1989-cu il statistikasına əsasən, Şuşada 20579 insan yaşayırdı. Onlardan 19036-sı azərbaycanlılar (92,5 faiz), 1377-si (6,7 faiz) isə ermənilər idi.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdiklərini Şuşa şəhərinin işğalı zamanı da təkrarlayıblar. Şuşa şəhərindən azərbaycanlıların izini silmək üçün Ermənistan silahlı qüvvələri burada mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırıb, girov götürüb, işgəncələrə məruz qoyub, etnik təmizləmə həyata keçirib, tarixi və mədəni abidələri dağıdıb. Bu cinayətlər silahlı münaqişə qanunlarının kobud pozuntusudur və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq edilmir.
Bu kimi cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan njdeizmin məntiqi nəticəsidir. Njdeizm nasizmdən ruhlanaraq yaranıb, erməni irqinə "sədaqət”i ehtiva edən və azərbaycanlılara qarşı açıq nifrət bəsləyən tseqakronutyun ideologiyasının davamıdır.
Şuşanı işğal etməklə, etnik təmizləməyə məruz qoymaqla və azərbaycanlıların bu ərazidə mədəni irsini dağıtmaqla Ermənistan, həmçinin qəsdən Azərbaycanın Dağlıq Qarabağ regionunun ikiicmalı xüsusiyyətini məhv etmək niyyətini güdürdü. Bu mənada qeyd edilməlidir ki, Şuşa şəhəri tarixən azərbaycanlıların yaşayış məskəni və Azərbaycanın Qarabağ bölgəsinin inzibati, mədəni və elmi mərkəzi olub.
Diqqətə çatdırılır ki, 9 may tarixi dünyada faşizm üzərində Qələbə günü kimi qeyd olunduğu bir halda, Şuşanın işğalı ilə bağlı Ermənistanın "şənliklər” təşkil etməsi nasizm ideologiyasının davamı olan njdeizmin və Ermənistanın sülh barədə düşünmədiyinin göstəricisidir.
Ermənistan silahlı qüvvələri Şuşaya hücumu və bu şəhərin işğalını Tehranda Ermənistanın və Azərbaycanın ozamankı rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirib. İşğaldan 24 il keçməsinə baxmayaraq, rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan bu kimi uyğunsuzluq münaqişənin dinc yolla nizamlanmasına dair Ermənistanın dövlət siyasətinin davam edən reallığıdır.
Ermənistan silahlı qüvvələri 2016-cı il aprel ayının əvvəlində Dağlıq Qarabağda cəbhə xətti boyunca törətdiyi təxribatlarla münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqları pozmaqda yenə də davam edir. Bu xüsusda, Ermənistan-Azərbaycan münaqişəsi zonasında bundan sonrakı gərginliyə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Şuşanı və Azərbaycanın digər tarixi ərazilərini işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə Ermənistan heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk edib beynəlxalq hüquqa uyğun davranarsa, münaqişə bir o qədər tez həllini tapar və regionda ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.
Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan torpaqlarının qeyri-qanuni işğalına son qoymağı, Ermənistanın silahlı qüvvələrini işğal edilmiş bütün torpaqlardan çıxarmağı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri və beynəlxalq hüququn norma və prinsipləri əsasında münaqişənin sülh yolu ilə nizamlanmasında konstruktiv iştirakı tələb etməyə çağırır.
AZƏRTAC

banner

Oxşar Xəbərlər