• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir

11.05.21 18:00 1385
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
Yaxın keçmişimizdə 1992-ci ilin may günləri tarixi şəhərimiz olan Şuşanın qəsbkar düşmənlərimiz tərəfindən işğal edilməsi, 480 nəfərin özünümüdafiə döyüşlərində şəhid olması kimi acı xatirələrlə yadda qalmışdı. 28 ildən artıq müddətdə qədim Şuşanın mədəniyyət abidələri, zəngin sərvətlərimiz yadellilərin əsarətində idi. Lakin Şuşanın işğal altında olduğu bu illər ərzində Azərbaycan xalqının ümidi qırılmamışdı. Ölkə vətəndaşları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsində böyük əminliklə inanırdılar ki, doğma Qarabağımız və onun tacı olan Şuşa şəhəri erməni vandallarının işğalından azad ediləcək.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat bildirib ki, bu gün artıq Şuşa azad olunub və Azərbaycanın üçrəngli əzəmətli bayrağı tarixi şəhərimizdə dalğalanır. Şəhərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə irihəcmli bərpa və quruculuq işləri görülür, tarixi, mədəni və dini obyektlər bərpa olunur, müasir tələblərə cavab verən yeni şəhərsalma layihələri həyata keçirilir. Dövlət başçısının müntəzəm səfərləri çərçivəsində həyata keçirilən tədbirlər yerində yoxlanılır və icrası barədə ətraflı məlumat verilir. Aparılan bərpa, quruculuq və abadlıq işlərinin təşkilində operativliyi və səmərəliliyi təmin etmək üçün Şuşa rayonunda dövlət idarəetməsinə xüsusi diqqət yetirilib. Mövcud şəraitə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib.
Bu günlərdə Prezident İlham Əliyevin Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması xalqımızın böyük sevincinə səbəb olub. Müasir dünyada mədəniyyət paytaxtı nəzərdə tutulan şəhərlərdə ölkə və region səviyyəsində mühüm tarixi keçmişinin olması, bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsindəki töhfələri, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olması və digər zəruri amillər vacibdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti ilə şəhərin tarixi-mədəni memarlıq abidələri yüksək keyfiyyətlə bərpa edilir, bərpa işlərinə Heydər Əliyev Fondu və onun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfələri də qeyd edilməlidir.
K.Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin böyük siyasi hədəfi Şuşanın həqiqətən qədim Azərbaycan torpağı, mədəniyyət mərkəzi olmasının dünya ictimaiyyətinə yenidən çatdırılmasıdır. Sözsüz ki, şəhərin yaxın gələcəkdə başa çatacaq bərpa və quruculuq işlərindən sonra yeniləşən Şuşa dünyanın böyük mədəniyyət, sülh və dostluq şəhərinə çevriləcək. Turizm potensialının gücləndirilməsi ilə şəhərin qonağı olan çoxsaylı xarici turistlər tarixin Azərbaycan və Qarabağ həqiqətlərini əyani görmək imkanına malik olacaqlar.
Bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü böyük ehtiramla qeyd edildi. Ulu Öndərin zəngin və mənalı həyatında Qarabağa və onun nadir incisi Şuşaya məhəbbəti xüsusilə qeyd ediməlidir. Heydər Əliyev "Şuşasız Qarabağ və Qarabağsız Azərbaycan yoxdur” deyirdi. Ümummilli lider Heydər Əliyev tərəfindən 1977-ci ildə "Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilmişdi. Sovetlər dövründə Şuşa şəhərinin inkişafında həmin qərar əhəmiyyətli rol oynayıb. Həmin dövrlərdə Şuşada olan tarixi abidələrin qorunması, mədəniyyət və incəsənət xadimlərinin, görkəmli şəxslərin abidələrinin abadlaşdırılması və yenidən yaradılması təmin edilmişdi. Ulu Öndərin dəfələrlə Şuşaya səfəri və tarixi-mədəniyyət obyektlərinin açılışında şəxsən iştirakı isə dahi şəxsiyyətin Qarabağın əzəmətli şəhərinə və onun tarixinə olan dərin hörmət və ehtiramı idi.
Deputat vurğulayıb ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən onun layiqli davamçısı İlham Əliyev işğal altında olan doğma Qarabağı və Şuşanı düşmən işğalından azad etmək kimi birinci vəzifəsini qalibiyyətlə yerinə yetirib.
Bir sözlə, bu gün şəhərin tarixi-mədəni irsi bərpa edilir, yeni müasir infrastruktur yaradılır, Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsinin isə şəhərin hərtərəfli inkişafına əhəmiyyətli təsiri olacaq. Uzunillik fasilədən sonra təşkil ediləcək "Xarı bülbül” musiqi festivalı, "Vaqif poeziya günləri” və digər tədbirlər Şuşanı həm də dünyanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən birinə çevirəcək.
banner

Oxşar Xəbərlər