Şuşa “konservatoriya”sının unudulmaz məzunu
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən
olan bəstəkar, dirijor, pedaqoq, xalq artisti Süleyman Ələsgərov zəngin
yaradıcılıq yoluna malik şəxsiyyət olub. Mahnı janrından başlayaraq opera kimi
böyük musiqi əsərləri yazan ustadın bu sahədəki xidmətlərinin əvəzi yoxdur.
Ömrü boyu milli musiqiyə və folklora bağlı olan Süleyman Ələsgərov bir bəstəkar
kimi xalq yaradıcılığından istifadə edərək yaratdığı əsərlərdə xəlqilik
prinsipinə həmişə sadiqliyi ilə seçilmişdir.
Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də qədim
Şuşa şəhərində anadan olmuşdur. Hələ uşaqlıq illərindən musiqiyə böyük maraq
göstərən yeniyetmə Süleyman, Şuşa dağlarının ucalığından, çəmənlərinin ətrindən,
bulaqlarının saflığından elə bəhrələnmişdir ki, ömrü boyu ilhamının ünvanı Şuşa
oldu. Bu da səbəbsiz deyildir. Mütəxəssislər Şuşanı "Azərbaycanın
konservatoriyası" adlandırmışlar. Musiqi tariximizə nəzər saldıqda neçə məşhur
el sənətkarının, xanəndənin, dünya şöhrətli bəstəkarın məhz Şuşada doğulduğu,
soykökü etibarilə bu qədim şəhərə bağlılığı haqqında maraqlı faktlar var. Şuşanın
suyunu içən hər kəsin gözəl səsi, təbi, ilhamı, bir sözlə, yaradıcılıq
potensialı olur. Ona görə də Süleyman Ələsgərovun musiqiyə, sənətə meyli təbii
idi. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi. Uşaq
mahnılarından başlamış operaya qədər müxtəlif janrlarda bəstələdiyi 300-ə yaxın
musiqi nümunələrində, bir bəstəkar kimi Azərbaycan xalq melodiyalarının zənginliyindən,
ritmik çalarlarından, dramaturji inkişafın prinsip və üsullarından istifadə edərək,
estetik dəyərini həmişə saxlayan əsərlər yaratmışdır.
İstedadlı bəstəkar həm də Azərbaycan xalq
musiqisinin toplanmasında, nota köçürülməsində böyük fədakarlıq göstərmişdir.
Musiqi fondunda saxlanılan bir sıra muğamlar, rənglər ("Qarabağ şikəstəsi",
"Segah rəngi" və s.), xalq mahnıları Süleyman Ələsgərovun zəhmətinin
bəhrəsidir. O, yurdumuzu qarış-qarış gəzərək yaddaşlarda yaşayan, el şənliklərində
ifa olunan mahnıları seçərək nota köçürürdü. Ötən əsrin 50-ci illərində nota
alınan "Girdim yarın bağçasına", "Bazarda alma",
"Anacan" və digər mahnılar müğənnilər arasında geniş yayılmağa
başladı.
Süleyman Ələsgərov həmişə tamaşaçılar tərəfindən
sevilən, alqışlarla qarşılanan bəstəkarlardan olub. Həm kinofilmlərə, həm
tamaşalara yazdığı musiqilər ifadə və təsir tərzinə görə mütəxəssislərin diqqətini
çəkib. "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu
belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan, ay
subaylıq?", "Sevindik qız axtarır", "Həmişəxanım" kimi
operettaları Musiqili Komediya Teatrının repertuarında uzun müddət yer tutan ən
uğurlu tamaşalardan olub. İndi də bu operettalara maraq sönməyib. Süleyman Ələsgərov
unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyov yolunun ən layiqli davamçılarından biri
idi. "Bahadur və Sona", "Solğun çiçəklər" operaları onun bu
möhtəşəm və mürəkkəb janrda işləmək qabiliyyətini təsdiqlədi. Zəngin musiqi
irsinə malik olan Süleyman Ələsgərov Azərbaycan professional musiqisinin əksər
janrlarında gözəl əsərlər yaradıb. Bəstəkar 12 musiqili komediyanın, 2
operanın, 2 simfoniyanın, "Bayatı-Şiraz" adlı simfonik muğamın,
uvertüraların, simfonik poemaların, 6 kantatanın, bir sıra kamera instrumental
nümunələrin, 300-ə yaxın mahnı və romansların, eləcə də digər janrda yazılmış əsərlərin
müəllifidir. Sözə böyük həssaslıq və məsuliyyətlə yanaşan Süleyman Ələsgərov
Nizaminin, Nəsiminin, Füzulinin, Müşfiqin, C.Cabbarlının, S.Rüstəmin, Sabirin şeirlərinə
əbədiyaşar musiqi bəstələyib. Səməd Vurğunun sözlərinə yazdığı "Eşq olsun
sənətkara" balladası Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuşdur. Vətən
gözəlliklərini vəsf etməkdən xüsusi zövq alan Süleyman Ələsgərov insan əməyinin
qüdrətini, yenilməzliyini əks etdirən sözlərə də nəğmə qanadı verərdi.
Yaradıcılığından sarı sim kimi keçən əmək nəğmələri bəstəkarın musiqisinə
xüsusi təravət gətirmişdi. Onun bu mövzudakı mahnılarında əmək adamlarının
xarüqələr yaradan ağır zəhməti təbii və məhəbbətlə tərənnüm edilib.
Ötən əsrin 40-cı illərində Tbilisidə Zaqafqaziya
respublikalarının mədəniyyət ongünlüyü keçirilirdi. Həmin tədbirdə Süleyman Ələsgərov
da iştirak edirdi. Ən çox dinlənilən və uğur qazanan əsər Süleyman Ələsgərovun
"Gözlə məni" mahnısı oldu. Maraqlıdır ki, mahnının sözlərini ikinci
dünya müharibəsində həlak olmuş şair Şirzad Əliyev yazıb. İfaçısı isə Bülbül
idi. O dövrdə bu mahnı çox məşhurlaşmışdı. Beləliklə, bəstəkarın mahnı
yaradıcılığında yeni bir xətt də uğurla davam etməyə başladı. Bu da hərbi vətənpərvərlik
mövzusunda yazılmış əsərlər idi. Bir-birinin ardınca "Xatirə",
"Bayram" uvertürası "Vətən" simfoniyası, bir sözlə, yurd
sevgisindən doğan həm simfonik orkestr üçün yazılmış əsərlər, həm də mahnılar
yarandı.
Süleyman Ələsgərovun məşhur "Bayatı-Şiraz"
muğamı bu janrda olan "Şur", "Kürdovşarı",
"Rast"dan sonra yazılmış gözəl nümunədir. Mütəxəssislər onu
"minçalarlı, minçiçəkli musiqi çələngi" adlandırıblar. Buna da səbəb əsərin
monumentallığı, eləcə də kamil formaya, dərin melodik dolğunluğa malik
olmasıdır.
Azərbaycanda musiqili komediya janrının inkişafında
öz dəst-xətti ilə tanınan Süleyman Ələsgərovun "Ulduz" musiqili
komediyası 60 ildən çoxdur ki, tamaşaçı
zövqünü oxşayır. Bu əsər nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində, eləcə
də Moskvanın Kreml Teatrında göstərilmişdir. Qızıl fonda daxil olmuş
"Ulduz" 1964-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında ekranlaşdırılmışdır.
O, yalnız bəstəkar deyildi. Uzun müddət Dövlət
Musiqili Komediya Teatrında baş dirijor, direktor vəzifəsində çalışmışdır.
Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş 20-dən artıq əsərə musiqi
yazmışdır. Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin müdiri, A.Zeynallı adına
musiqi məktəbinin direktoru, eləcə də Dövlət Radio və Televiziya Xalq Çalğı Alətləri
Orkestrinin dirijoru olmuşdur. Onun bütün əsərləri Azərbaycan musiqisinin inciləri
sayılır. 1974-cü ildə xalq artisti adına layiq görülən Süleyman Ələsgərovun çox
sevdiyi bir təltif də, Üzeyir Hacıbəyli adına respublika mükafatı laureatına layiq
görülməsi olmuşdur. Bəstəkarlıqla yanaşı pedaqoji fəaliyyətini də uğurla davam
etdirən unudulmaz bəstəkar 1957-ci ildən Ü.Hacıbəyli adına Dövlət
Konservatoriyasında dərs demişdir. Uzun müddət burada kafedra müdiri olan
Süleyman Ələsgərov ömrünün son illərində Bakı Musiqi Akademiyasının professoru
idi. Bir müddət də akademiyanın Şuşa filialının direktoru vəzifəsində
çalışmışdır.
Elə insanlar var ki, onların adları çəkiləndə
adamın ürəyi əsir, çünki yada doğulduqları yurd düşür. Soltan Hacıbəyov, Natəvan,
Bülbül, Süleyman Ələsgərov... Bu unudulmaz sənətkarların yaddaşlara iz salmış
adlarının sırasında bir nisgilin yeri var. Bu, Şuşadır. Süleyman Ələsgərov
Şuşada anadan olmuşdu. Ömrünün ahıl çağında Şuşanın düşmən tapdağında qalması
ürəyinə dərd verdi. Bəstələdiyi mahnılara qəmli notlar gətirdi. Xan
Şuşinsikinin böyük ehtiramla, dərin mənalarla oxuduğu bir mahnı dilinin əzbərinə
çevrilmişdi: "Şuşanın dağları başı dumanlı..." Bəlkə də o, bu mövzuda
nəsə bəstələmək istəyirdi. Amma ömür vəfa etmədi. Ruhu, eləcə, Şuşaya
qanadlandı. Azərbaycan musiqi mədəniyyətində isə həmişəyaşarlıq qazanmış sənət
inciləri qaldı. Yaradıcılığı ilə musiqi tariximizin parlaq səhifəsini əks etdirən
Süleyman Ələsgərov, muğam sənətimizin dərin bilicilərindən biri idi. Ömrü boyu
da bu sənət yolunda mühafizəkar oldu. İndi yaza uzanan bu günlərdə unudulmaz bəstəkarın
- ruhu Şuşada dolaşan Süleyman Ələsgərovun 94 yaşı tamamlandı. Belə yerdə
adamın nitqi tutulur. Görəsən bizi Şuşaya aparan gün nə vaxt gələcək?
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist