Uzağı 15 dəqiqədən ötrü risk etməyə dəyərmi? – Araşdırma
"Elə yollar var ki, sürət həddi Avropada saatda 150 km-di, bizdə 90
qoyublar. O cür yolda adam istəsə belə, yavaş sürə bilmir. Çünki indiki dövrdə
hər anın öz qiyməti var və mən də zamanımı qiymətləndirmək istəyirəm. Bəzən isə
maşında oturan adamlar bir az sürətli sürməyi tələb edirlər. Xarici maşınlarda
da sürət həddi hiss olunmadığına görə, bəzən bilmədən də sürət həddini
aşırsan”.
Bu sözləri bizimlə söhbətində bir neçə dəfə sürət həddini aşdığına
görə, cərimə sanksiyası ilə üzləşən "Mitsubişi
Pajero” avtomobilinin sahibi 30 yaşlı
Sahib Yusifov bildirdi. Onun sözlərinə görə, ümumiyyətlə, sürətli
sürəndə sürücünün bütün fikri yolda olur, amma yavaş sürəndə bir növ sürücüdə
arxayınlıq yaranır və nəticədə yol qəzası baş verir. Sahib onu da etiraf edir
ki, cərimələr artırılandan sonra çox nadir hallarda sürət həddini aşdığına görə
radara düşüb: "Amma radar olmayan yerlərdə sürət həddini aşıram”.
50 faizdən 32 faizə düşən
sürət
Sürət sevgisi olan müsahibimizin sözləri və sürət həddinin aşılmasına
görə baş verən qəzalar göstərir ki, bu sahədə hələ də görüləsi işlər var. Təkcə
iki ay əvvəl Bakı-Sumqayıt yolunda sürücü sürət həddinin aşdığına görə baş verən
qəzada 5 nəfər 20-21 yaşlı gəncin dünyasını dəyişməsi bunu deməyə əsas verir.
Qeyd edək ki, cərimələr artırılana qədər Bakı şəhərində sürət həddinin
aşılması ilə bağlı baş verən yol-qəza hadisələrinin sayı ümumi qəzaların 50
faizdən çoxunu təşkil edirdi. Bu barədə qəzetimizə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol
Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi. Onun
sözlərinə görə, son 5 ildə ölkəmizə yeni texniki vasitələrin - sürətölçən
cihazların, radarların və s. gətirilməsi Bakı şəhəri üzrə sürət həddinin
aşılması ilə bağlı hadisələri 32 faizə salıb: "Belə olduğu halda, artıq sürücü
istədiyi kimi hərəkət etmir. Çünki gözəl başa düşür ki, kameralar dostluğu,
insanları ayırd etmir, kim olursa-olsun onun fotosunu çəkir və tədbir görülməsi
üçün aidiyyəti ünvana göndərir. Yəni qəza metodları o qədər sərtləşdirilib ki,
artıq mən inanmıram ki, kimsə özündən razı halda sürəti artırsın. Eyni zamanda,
"Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə vaxtaşırı edilən
əlavə və dəyişikliklər də bu gün müsbət göstəricilər əldə etməyə imkan verir. Məhz
bu cərimələrin, sanksiyaların tətbiq
edilməsi Bakı şəhərində baş vermiş yol-qəza hadisələrinin sürətlə bağlı göstəricisini
32 faizə salır”.
Yol hərəkətində mədəniyyət
səviyyəsi formalaşmalıdır
Sürət həddini aşmağa meylli olan gənclərimizin bu qədər sərt
qanunların qarşılığında hələ də olmasına gəlincə, V.Əsədov hesab edir ki, bu,
sürücülərin gəncliyindən irəli gələn və mental xüsusiyyətlərimizlə bağlı çatışmazlıqdır: "Hesab edirəm ki, tətbiq edilən
cərimələr və quraşdırılan yeni texnika bu cür gənclərimizin də "sürət
sevgisi”nin azalmasına gətirib çıxaracaq. Yetərincə təbliğat işlərinin
aparılması və insanların şüuruna təsir edənədək kompleks tədbirlərin həyata
keçirilməsi lazımdır. Düşünürəm ki, bu yolla qəzaların sayını bir az da aşağı
salmaq olar. Bunun üçün yol hərəkətində mədəniyyət səviyyəsi formalaşmalıdır.
Hesab edirəm ki, yollarda yol polisi əməkdaşları olmasa da, sürücülər özləri öz
hərəkətlərini tənzimləməyi bacarmalıdırlar ki, hadisələr sıfıra ensin. Hələlik
çox təəssüf ki, küçə və yollarda yol polisi əməkdaşını görməyəndə, bəzi sürücülərimiz
bundan sui-istifadə edib kobud xəta edirlər. Bu, o deməkdir ki, hələ də yollarda bizim əməkdaşlarımız dayanmalı və
xidmət aparmalıdır ki, buna da zaman lazımdır”.
Baş Dövlət Yol Polisi
İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə mətbuata
açıqlamasında bildirib ki, yüksək sürətin qəzanın ağırlıq dərəcəsinə təsiri
olur: "Yəni sürət nə qədər az olsa, toqquşma zamanı xəsarətin sayı az olar və
ya ölüm halları olmaya bilər. Nəqliyyat vasitələrindən hansısa birinin sürətinin
nisbətən yüksək olması qəzaya yol açır. Artıq yüksək sürətlə idarə olunan maşın
birbaşa qəzanın ağırlığına təsir göstərir”.
Psixoloji problem?
Psixoloq Orxan Orucun fikrincə, avtomobili sürətli idarə etmək
adrenalinli bir hərəkətdir və orqanizmin müəyyən bir normada buna ehtiyacı var:
"Başqa bir vasitə ilə adrenalin ehtiyacını ödəyə bilməyənlər üçün maşın ən
rahat vasitədir. Birinci səbəb bu ola bilər. Digər tərəfdən, avtomobilə qədər dədə-babalarımız
at sürüblər. Və ən sürətli qaçan ata sahib olmaq igidlik göstəricisi kimi qəbul
olunub. Bütün nağıl və rəvayətlərimizdə atın kişinin ən yaxın və güclü dostu
olması öz əksini tapır. Müasir dövrdə də atı avtomobil əvəz edir. Ola bilər ki,
şüuraltı olaraq eyniləşdirmə aparırıq və ona görə də bəzən avtomobili sürətli
sürmək və ya güclü avtomobilə sahib olmaq bir güc, hünər göstəricisi kimi təqdim
olunur. Ümumiyyətlə, avtomobili sürətli sürmək və ondan zövq almaq demək olar
ki, qeyri-məntiqi bir fəaliyyətdir. Bütün bunlara biz psixi problem deyə bilmərik.
Dəfələrlə əcnəbi qonaqlar Bakıda avtomobillərin çox təhlükəli sürüldüyünü söyləyiblər.
Amma bu, bizim üçün o qədər də hiss olunacaq səviyyədə deyil, çünki biz bu cür
mühitə öyrəşmişik. Və deməzdim ki, hal-hazırda avtomobili təhlükəli sürənlərin,
sürət həddini aşanların sayı çoxdur. Əvvəlki illərlə müqayisədə, məncə, xeyli azalma var. Burada cərimələrin, kütləvi
maarifləndirmə işlərinin əvəzsiz rolu var. Mütəxəssislərimizin yol mühəndisliyi,
yol nişanlarından düzgün istifadə ilə bağlı təcrübələri çoxaldıqca, bu kimi
problemlər də tədricən azalacaq. Cəzalandırma üsulunun tərəfdarı olmasam da, bəzən
bu metodun daha çox işə yarayan olduğunu düşünürəm. Yəni, cərimələrin miqdarı
qalxarsa, düşünürəm ki, təhlükəli davranışlara meylliliyin statistikası da
xeyli aşağı düşər”.
Sürətə qarşı qeyri-adi
etiraz
Qeyd edək ki, ötən il Rusiyanın Nijeqorodskaya vilayətində bir qəsəbədə
gənc xanımlar soyunaraq əllərində sürət həddini göstərən plakatlar tutmuşdular.
Soyunmuş xanımlar yol boyu əllərində "Ötmə”
və 40-60 sürət həddini göstərən
plakatlar tutaraq, sürücüləri sürət həddinə
riayət etməyə dəvət edirdilər. Aksiyanın məqsədi barədə danışan iştirakçılar
deyiblər ki, ildə minlərlə insan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını
itirir. Biz bu yolla sürücüləri sürət həddini aşmamağa və yol hərəkət
qaydalarını pozmamağa dəvət edirik.
İctimai qınağa ehtiyac
var
Sosial məsələlər üzrə
ekspert İlqar Hüseynli düşünür ki, problemin qarşısını almaq üçün ictimai
nəzarətə ehtiyac var: "Bu gün sosial medianın masştabı o qədər genişlənib ki, hər
kəsin üstündə ağıllı telefon var və ürəyi istəyən insan öz media mənsubiyyətini
ortaya qoymaq imkanına malikdir. Hesab edirəm ki, kənardan bu prosesləri
müşahidə edən vətəndaşlarımız bunun qarşısını almaq üçün sürət həddini aşan nəqliyyat
vasitələrini çəkməli və məsələni ictimailəşdirməlidirlər. Bir sözlə, ictimai
qınaq kampaniyası işə düşməlidir, vətəndaş cəmiyyəti aktiv və fəal olmalıdır.
Bir də KİV-də təbliğat işinə ehtiyac var. Məsələn, Türkiyə telekanallarına,
saytlarına fikir versək, görərik ki, siqaretlə mübarizəyə qarşı o qədər effektiv
reklamlar və videoçarxlar verirlər ki, hətta o videoları izləyən Azərbaycan vətəndaşları
belə o zərərli işlərdən uzaqlaşmağa, kənarlaşmağa başlayıblar. Bu tip maarifləndirmə işləri mütləq lazımdır”.
İ.Hüseynlinin fikrincə, sürət sevgisi gənclərimizin içindəki
cahillikdən, enerjili olmaqdan irəli gəlir: "Burada psixoloji aspektlər də, təlim-tərbiyə
ilə bağlı səbəblər də var”.
"Axı səni evdə gözləyən
ailən var ”
"Mersedes” markalı maşınının sürücüsü, 27 yaşlı Heydər Bəşirov deyir ki, sürətli sürmək vərdişdir: "Əgər
ünvandan vaxtında çıxıb təmkinlə, yollarda tələb olunan sürət həddi ilə sürməyə
alışsan, bu, səndə vərdiş yaradacaq. Mən həmişə yola çıxanda düşünürəm ki, bu,
Allah tərəfindən mənə verilən bir gündür, tələsərək bu günümü puç da edə, səbirlə,
təmkinlə sürüb problemsiz də keçirə bilərəm. Bir də nə qədər sürətli sürsən də, ünvana Bakı kimi balaca yerdə uzağı 15 dəqiqə
tez çata bilərsən. 15 dəqiqədən ötrü riskə getməyə dəyərmi? Axı səni evdə gözləyən
ailən var”.
Lalə MUSAQIZI