• cümə, 26 Aprel, 09:43
  • Baku Bakı 12°C

Sürücülər üçün maraqlı layihəyə start verilib

14.03.14 17:30 1593
Sürücülər üçün maraqlı layihəyə start verilib
Azərbaycanda sürücülər üçün maraqlı layihənin icrasına başlanılıb. «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi B Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili» adlı layihə çərçivəsində bir sıra yeniliklər edəcək.
Bu barədə məlumat verən Mərkəzin sədri Elməddin Muradlı bildirib ki, martın 1-dən etibarən icrasına başlanılan layihənin hazırlıq mərhələsində uğurlu işlər görülüb. Belə ki, yaxın günlərdə sürücüləri yol hərəkətinə aid bütün məsələlərlə bağlı məlumatlandırmağa, yeniliklərdən xəbərdar etməyə xidmət edəcək yeni sayt – avtosfer.az saytı fəaliyyətə başlayacaq. Həmin saytda qanunvericilik bazası, yol polisi ilə əlaqələr, yol polisinə suallar, yol hərəkətinə aid qanunlarda və müxtəlif sahələrdə yeniliklər barədə geniş məlumat əldə etmək mümkün olacaq: «Saytda insanları maraqlandıran suallar da operativ şəkildə cavablandırılacaq. Sürücülər onları narahat edən istənilən məsələ ilə bağlı bizə müraciət edə bilərlər. Saytımız hər bir sürücünün, yol hərəkəti iştirakçısının üzünə açıq olacaq».
Bundan əlavə, layihə müddətində gənc sürücülərlə bir neçə görüş keçirilməsi nəzərdə tutulur. Elməddin Muradlı bildirib ki, belə görüşlər əsasən 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzində keçiriləcək: «Çünki həmin məktəbdə yeni sinif otaqları quraşdırılıb ki, orada sürücülərin praktiki təlim keçməsi üçün hər cür şərait var. Cənubi Qafqazda ilk belə sinif otaqları məhz Azərbaycanda hazırlanıb. Biz də sürücüləri, sürücü olmaq istəyən şəxsləri həmin siniflərdə təlimlərə cəlb edib yol hərəkətinin məsuliyyəti barədə məlumatlar verib onlara əyani misallar təqdim edəcəyik».
Layihədə daha bir maraqlı məqam isə üzərində müxtəlif maarifləndirici şüarların əks olunduğu yapışqanların hazırlanıb sürücülərə paylanmasıdır: «Mən müşahidə etmişəm. Azərbaycanda bu cür yapışqanlardan istifadə edən bəzi sürücülər lazımsız sözlər yazdırırlar və maşının üstünə yapışdırırlar. Biz isə düşündük ki, bu yapışqanlara daha diqqət çəkən şüarlar yazıb sürücüləri maarifləndirək».
Layihə müddətində sürücülər yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovdan və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından faydalı məlumatlar əldə edə biləcəklər.
banner

Oxşar Xəbərlər