• cümə axşamı, 25 aprel, 10:36
  • Baku Bakı 14°C

Suriyada sabitliyin bərpasının postsovet məkanına da xeyri olacaq

23.11.17 10:30 2670
Suriyada sabitliyin bərpasının postsovet məkanına da xeyri olacaq
Ötən gün Soçidə Suriya böhranının həlli yollarının müzakirəsi ilə bağlı Rusiya, İran və Türkiyə prezidentlərin iştirakı ilə sammit keçirilib. Tədbirin əsas məqsədi hər üç ölkənin dəstəyi ilə Suriya böhranının aradan qaldırılması olub. Qeyd edək ki, hazırda Suriya problemi ilə bağlı bu üç ölkənin bir sıra məsələlərdə razılaşma əldə etmədiyi məlumdur. Məhz bu səbəbdən üç ölkənin iştirakı ilə Suriyanın 7 illik yol xəritəsi layihəsi hazırlanıb. Sammitlə bağlı Rusiyaya gələn Bəşər Əsəd təkliflər paketini qəbul edib. Təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var. Layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub və sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyi gözlənilir.
Amma Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Suriyadakı hərbi əməliyyatların ən qızğın fazası sona yetib: "Suriyanın şimalında, şimal-şərqində və İraqın şimalında təmizləmə əməliyyatlarının son mərhələsidir. Yəni, "islam dövləti” adlanan təşkilat demək olar ki, məğlub edilib və onun qalıq dəstələri taktiki baxımdan yerdəyişmələr edirlər, eləcə də müqavimət göstərirlər. Həm Rusiya, həm də İranın hərbi komandanlıqlarının rəhbərləri prezidentlər Putinə və Ruhaniyə, eləcə də ali dini lider Xamneyiyə qələbə əldə olunması ilə bağlı hesabat veriblər. Bu onu göstərir ki, faktiki olaraq Yaxın Şərq bölgəsinin postmüharibə dövrünün planları cızılır. Yəni, söhbət dağıdılmış infrastrukturun, yerli hakimiyyət orqanlarının fəaliyyətinin eləcə də bu ölkələrin dünyada və regionda itirilmiş əlaqələrinin bərpasından gedir. Təbii ki, üç ölkə İraqın və Suriyanın yenidən inteqrasiya xətlərinə qayıdışını təmin etmək vəzifələrini öz üzərilərinə götürməlidirlər. Düzdür, rəsmi Ankara ilə Moskva arasında hələ də bəzi ixtilaflar öz qüvvəsini saxlayır. Bunlar eskalasiya zonalarının təmin edilməsi, xarici qoşunların Suriyada qalıb-qalmaması, qalarsa, onların səlahiyyətlərinin müəyyən edilməsi və Bəşər Əsəd hakimiyyətinin gələcəyidir. Ancaq digər strateji problemlərin həlli sona yetmək üzrədir və proseslərin gedişatında bunlar aradan qalxacaq”.

T.Abbasov vurğuladı ki, vaxtı ilə region üçün təhlükəli olan silahlı qruplar artıq tərki-silah ediliblər: "Artıq onlara xüsusi dəhlizlər vasitəsilə çıxış imkanları yaradılıb. Bu o deməkdir ki, dağıdılmış böyük arealda artıq sabitlik yaranmaq üzrədir. İndi isə siyasi liderlər regionun bərpası, dünyaya inteqrasiyası və eləcə də öz aralarında mövcud olan problemlərin həlli ilə bağlı yekun qərarlara imza atmalıdırlar. Təbii ki, hər üç dövlətin marağında olan əsas məqam odur ki, sabitlik müvəqqəti yox, daimi hal alsın və Suriyada, İraqda, eyni zamanda Livanda öz maraqlarını təmin etmək üçün bir-birilərindən və digər dövlətlərdən zəmanət alsınlar. Bu regionda həqiqətən də problemli vəziyyət aradan qaldırılırsa, demək ki, sabitliyin faydasının rasional tərəfini bütün bölgə dövlətləri də görəcək, eləcə də postsovet məkanına da bunun böyük xeyri olacaq. Çünki İŞİD təhdidlər edirdi ki, məqsədlərinə Yaxın Şərqdə nail olduqdan sonra postsovet məkanındakı müsəlman dövlətlərinə də yayılacaqlar. İndi həmin şüarlar, təhdidlər öz qüvvəsini itirib və qüvvələr həm siyasi, həm də hərbi səhnədən yığışdırılırlar. Türkiyə, İran və Rusiyanın Soçi görüşünün nəticələrinə gəlincə, pozitiv tərəfə transformasiyaları gözləməyə dəyər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Suriyada müharibə başladıqda və terrorçu qruplar orada tüğyan etdikdə böyük dövlətlərin marağı var idi: "Hətta bir ara Türkiyə ilə Rusiyanın maraqları da kəsişirdi, iki dövlətin münasibətləri gərginləşmişdi. Sonra hər şey yoluna qoyuldu və Türkiyə, Rusiya və İranın iştirakı ilə üçlü ittifaq formalaşdı. Hər üç ölkənin müəyyən dərəcədə silahlı qüvvələri Suriyada var. Birinci mərhələdə çox faydalı əməkdaşlıq oldu və demək olar ki, İŞİD Suriyada əsas mövqelərini itirib. Bundan sonra isə ən ağır mərhələ gəlir. Yəni, Suriyada terror bitdikdən sonra seçkilər keçirilməli, hökumət formalaşmalı və prezidentlik institutu ilə bağlı müzakirələr başlamalıdır. Çünki Rusiya Bəşər Əsədə, Türkiyə isə Suriya Azadlıq Ordusuna və digər müxalif qruplara dəstək verir. Bu mərhələdə Əsəd güzəştə getməsə, onda fikirlər haçalanacaq və Rusiya-Türkiyə münasibətləri yenidən gərginləşə bilər. Həmçinin, kürd məsələsində Türkiyə ilə İranın maraqları da üst-üstə düşür. Amma Əsədə dəstək məsələsində maraqlar ayrılır. Rusiya çalışırdı ki, dialoqda kürdlərdə iştirak etsin. Hətta Soçidə bir konfransda təyin ediblər. Amma Türkiyə buna etiraz edir. Bilinmir ki, Rusiya bu etirazı nəzərə alacaq, ya yox. Çünki Türkiyə haqlı olaraq deyir ki, oradakı silahlı kürdlər PKK terror təşkilatının qanadıdır. Bu baxımdan, növbəti mərhələ üçlü ittifaq üçün daha çətin olacaq”.

E.Şahinoğlunun sözlərinə görə, bu mərhələ keçilərsə, Suriyada sabitlik və normal hakimiyyət qurularsa, üçlü ittifaq güclənə bilər və başqa problemlərin həllində də böyük rol oynaya bilər: "Bu üç dövlət Azərbaycanla qonşudur. Hesab edirəm ki, Suriyada əməkdaşlıq uğurla davam edərsə, üçlü ittifaqı Dağlıq Qarabağ məsələsinə transformasiya da etmək mümkündür”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər