• cümə axşamı, 25 aprel, 03:46
  • Baku Bakı 19°C

Suriyada ABŞ və Rusiyanın birbaşa qarşıdurma ehtimalı artır

11.04.18 16:29 773
Suriyada ABŞ və Rusiyanın birbaşa qarşıdurma ehtimalı artır
Yaxın Şərq regionunda "ərəb baharı”ndan sonra başlayan gərginlik hələ də davam etməkdədir. Xüsusilə, Suriya böhranının aradan qaldırılması üçün edilən cəhdlər heç bir nəticə vermir. Əksinə, bu günlərdə Suriya ərazisində kimyəvi silahın istifadə edilməsi ilə bağlı məsələnin gündəmə gəlməsi, Əsəd rejiminə məxsus hərbi bazalara raket hücumunun təşkili vəziyyəti daha da gərginləşdirib. Bu hadisələrə görə ABŞ prezidenti Donald Tramp Rusiyanı ittiham edib. Digər yandan isə ABŞ-a məxsus hərbi gəmilər Aralıq dənizi vasitəsilə Suriyaya yaxın məsafədə yer alıb. Rusiya isə vəziyyətin gərginləşdirilməsində Qərbin siyasi dairələrini ittiham edir. Bəs görəsən ABŞ və Rusiyanın Suriya ərazisində birbaşa qarşıdurması ehtimalı varmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, Suriyada vəziyyət həqiqətən mürəkkəbdir: "Bundan sonra vəziyyət daha da mürəkkəbləşə bilər. Çünki aparıcı ölkələr olan ABŞ və Rusiya açıq şəkildə biri-birini ittiham edir. Hətta o da məlumdur ki, ABŞ-a məxsus təyyarə daşıyan gəmilər artıq Aralıq dənizində Suriya ərazilərinə yaxınlaşıb. Eyni zamanda, Suriya ərazisinə guya kimyəvi hücum olub. Kim bunu edib, nə qədər insan ölüb bilinmir. Ümumiyyətlə, bu əməliyyat olubmu, kim tərəfindən törədildiyi hələ sual altındadır. Əlbəttə ki, belə bir məqamda vəziyyət hər an nəzarətdən çıxa bilər. Bu özü-özlüyündə regiona böyük bir təhlükədir. İstəməzdim inanam ki, ABŞ-la Rusiya arasında açıq şəkildə hərbi münaqişə baş versin. Amma hər iki tərəf buna çox yaxınlaşıb”.

F.Sadıxov qeyd etdi ki, tarixdə bu iki dövlətin bir-biri ilə savaşma ehtimalı dəfələrlə baş verib: "Hətta iki ölkənin hərbi texnikalarının üz-üzə döyüş vəziyyətində dayanması halları da olub. Amma həm Moskvada, həm də Vaşinqtonda sağlam düşüncəli siyasətçilər varsa, tərəflər münaqişənin alovlanmasına imkan verməməlidirlər. Çünki emosional bəyanatlar bir, amma sağlam düşüncəli addımlar atmaq tamamilə başqa bir məsələdir. Əlbəttə ki, burada hansısa proqnozu vermək çətindir. Amma emosiyalar o qədər qabarıq şəkildə nümayiş olunur ki, heç bir şey istisna olunmur”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Suriyada artıq uzun müddətdir vəziyyət gərgin olaraq qalır: "Faktiki olaraq, "ərəb inqilabı” başlayandan sonra Yaxın Şərqdə qaynama dərəcəsi getdikcə artır. Məsələnin faciəvi tərəfi də ondadır ki, fövqəlgüclər - Rusiya, ABŞ və digərləri kənardan bu regiondakı vəziyyəti müşahidə edirlər, arabir bombardman edirlər. Ancaq dağılan, itirən Şərqin dövlətləridir. Sözün əsl mənasında, cinayətkar bir yanaşmadır ki, fövqəlgüclər öz haqq-hesablarını başqa dövlətlərin ərazisində həll edirlər. Düzdür, insafən qeyd etmək lazımdır ki, Rusiyanın bu məsələlərdə günahı qismən azdır. Əslində burada təxribatçı rolunda Qərb çıxış edir. Qərbin dilə ilə desək, qeyri-qanuni dövlətlərin müqəddəratını həll etmə layihəsi görürük ki, hansı formada həyata keçirilir. Söhbət Böyük Britaniyanın, ABŞ-ın və Fransanın təşəbbüsü ilə yaradılmış İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və s. kimi dövlətlərin müqəddəratından gedir. Böyük güclər elə hesab edir ki, bu dövlətlər guya tələsik formada yaradılıb və sünidir, özünü doğrultmur. Amma əslində bu, belə deyil. Fövqəlgüclər həmişə hesab edir ki, bütün dünyanın müqəddəratını onlar həll etməlidirlər. Adı çəkilən Yaxın Şərq dövlətləri istəyərəkdən və ya istəməyərəkdən yaradıldıqdan sonra subyektə çevriliblər. Yəni, bu dövlətlərin siyasi, ictimai institutları, vətəndaş cəmiyyəti və sair kimi atributları var. Ancaq bu, fövqəlgücləri qane etmir. Əgər bunlar həqiqətən də müstəqil inkişafın, demokratiyanın, azadlığın təəssübkeşi kimi çıxış edirlərsə, belə olmamalıdır. Bunları qane etməyən həmin o xalqların, dövlətlərin milli elitalarının meydana çıxmasıdır. İraq, Suriya və digər divan tutduqları ölkələrin milli elitası fövqəlgüclərə qəti şəkildə "yox” deyə bilirdilər. Buna görə də həmin ölkələrin vəziyyətini çətinləşdirdilər”.

T.Abbasov qeyd etdi ki, Qərb dövlətləri vəhşi və qətiyyən məntiqə sığmayan mexanizmlərlə Yaxın Şərqdəki xalqlara divan tuturlar: "Onları vəhşiliklə tənbeh etməyə çalışırlar. Bunun nəticəsində dövlətlərin vətəndaşları, demoqrafiyası, strukturu, bütün institutları məhv olub gedir. Görürük ki, Amerikanın Avropa ilə birgə Liviyada keçirdiyi hərbi əməliyyatlar nəticəsində indi bu ölkə 3 yerə bölünüb. Orada bir neçə general öz aralarındakı münasibətləri çözürlər. Ancaq buna baxmayaraq, Liviyanın nefti xarici bazarlara gedir. Neftə nəzarəti həyata keçirən isə Qərb şirkətləridir. Yəni, fövqəlgüclər prinsipial mövqe yürüdən Müəmmar Qəddafini məhv etdilər ki, öz işlərini asanlaşdırsınlar. Bu ssenaridən digər Yaxın Şərq ölkələri üçün də nəzərdə tutulub. Ona görə də bu planlara maneçilik törədən Rusiya, İran və hətta Bəşər Əsədin özü Qərbin, eləcə də ona dəstək olan dövlətlərin düşməninə çevrilib. Təəssüf doğuran məqam ondan ibarətdir ki, terror əleyhinə olan dövlətləri ABŞ və İsrail terrora dəstək verən qüvvə kimi təqdim edir. Biz burada təbliğatın idbarcasına aparılmasının şahidi oluruq. Bu hadisələrin sonunda çox böyük təhlükə var və dünya müharibəsi başlaya bilər. Çünki bu günlərdə Rusiya ordusunun baş qərargah rəisi general Valeri Gerasimov açıqlama verərək bildirdi ki, ABŞ Suriyaya qarşı silah işlətsə və bunun nəticəsində rusiyalı nümayəndələr zərər çəksələr, ölkəsi həmin an buna cavab verəcək. Rusiyada anlayır ki, qaradan betər rəng yoxdur. Əgər Amerika həddini aşıbsa, deməli, onun cavabını vermək lazımdır”.


Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər