AZE | RUS | ENG |

Sürix protokollarının ləğvi olduqca gülünc addımdır

Sürix protokollarının ləğvi olduqca gülünc addımdır
Politoloqların fikrincə, bu, Sarkisyanın növbəti avantürasıdır

Ermənistanla Türkiyə arasında 9 il əvvəl imzalanmış protokollar rəsmi İrəvan tərəfindən ləğv edilib. İki ölkə arasında sərhədlərin açılmasını özündə ehtiva edən sənədlər 2009-cu ilin oktyabr ayında Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanıb. İmzalanma mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri iştirak ediblər. Lakin 2010-cu ilin aprelində Ermənistanın hakim koalisiyası protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul edib. Bu haqda Türkiyə tərəfi də məlumatlandırılıb. 2015-ci ilin fevral ayının 16-da S. Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkib. 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən S. Sarkisyan bəyan edib ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından Ermənistan onları ləğv edəcək.

Bir neçə gün əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında protokolların ləğv edilməsini bəyan edib.
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan prezidenti son çıxışlarının birində Sürix protokollarının ləğvi ilə bağlı fikrini bildirmişdi: "O, Türkiyə tərəfinə mesaj göndərmişdi ki, bu istiqamətdə yenidən danışıqlara başlandığı halda Sürix protokolları artıq öz əhəmiyyətini itirib və yeni sənəddən söhbət getməlidir. Yəni, yeni sənəd varsa, heç bir şərt irəli sürmədən danışıqlara başlaya bilərik. Bu, əslində təxribat idi. Çünki o güman edir ki, 2019-cu il Türkiyədə seçki ilidir və ola bilsin hakimiyyətə yeni qüvvələr gəlsin. Bu halda isə onlar yeni sənədlə bağlı danışıqlara başlaya bilərlər. Əslində Sarkisyanın məqsədi təxribatçılıqdır və guya Türkiyədəki müəyyən siyasi qüvvələrə bir jest edir. Lakin bu, onun növbəti avantürası idi. Onu qeyd edim ki, Türkiyə hökumətinin bu məsələdə konkret və dəyişməz mövqeyi var. Bu da onunla bağlıdır ki, prinsip etibarı ilə Türkiyə Ermənistanla sərhədləri aça bilər, lakin əsas şərt kimi Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Yəni sərhədlər yalnız bağlanmasına səbəb olan işğal faktı aradan qaldırıldıqdan sonra açıla bilər”. 

E.Nəsirov vurğuladı ki, Ermənistan hakimiyyətinin Sürix protokollarından imtina etməsi əslində heç nəyi dəyişmir: "Bu əslində onu təsdiq edir ki, Türkiyənin şərtlərini yerinə yetirmədən sərhədlərin açılmasından söhbət gedə bilməz. Ermənistan mətbuatı yazır ki, əgər Sarkisyan yeni sənəddən danışırsa, bu, Türkiyədəki müəyyən siyasi dairələr üçün maraqlı ola bilər. Təbii ki, bu, mümkün deyil. Türkiyə rəhbərliyi çox gözəl bilir ki, bu məsələdə göstərilən prinsipial mövqe əslində ölkənin maraqları gücləndirən amildir. 

Onu da qeyd edim ki, Ermənistan konstruktiv mövqe sərgiləməyəcəyi təqdirdə sərhədlərin açılması mümkün olmayan məsələdir. Yəni, yaxın gələcəkdə bu iki ölkə arasında sərhədlərin açılmasından danışmağa lüzum yoxdur. Elə Ermənistan rəhbərliyi reallığı dərk edib və bu addımı atıb. Bu da onu göstərir ki, Ermənistanın konstruktiv mövqeyi yoxdur. Azərbaycan "taqətdən salmaq” taktikasını həyata keçirir və Ermənistan getdikcə zəifləyir. Bu ölkənin iqtisadiyyatı iflas həddinə gəlib çatıb. Təsəvvür edin ki, ölkənin xarici borcu 7 milyard dollardır. Halbuki 10 il əvvəl Ermənistanın xarici borcu 2 milyard dollar səviyyəsində idi”.
 
 

Politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistan tərəfindən Sürix protokollarının ləğvi olduqca gülünc addımdır: "Çünki Ermənistan 2009-cu ildən bu yana gözləyib ki, Türkiyə güzəştə gedəcək, onların tələblərini yerinə yetirəcək. Bu, heç vaxt baş verə bilməzdi. Ona görə ki, Ermənistan indiyədək Türkiyənin ərazisinə iddialıdır. Bundan başqa, ermənilər 1915-ci il hadisələrini "soyqırımı” kimi dünyada yaymaqla məşğuldur. Eyni zamanda, orada daha bir şərt - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi var idi. Çünki Türkiyə-Ermənistan sərhədləri məhz buna görə bağlanıb. İndi Ermənistan heç bir güzəştə getmirsə, Türkiyə sərhədləri açmalıdırmı? Düşünürəm ki, bu sənədlərin ləğvi Ermənistan tərəfindən seçkiqabağı bir jestdir. Bunu müəyyən dairələrin xoşuna gəlmək və seçicilərin marağına səbəb olacaq bir addım kimi qiymətləndirmək olar. Əks halda, bu, tamamilə başa düşülməyən bir addımdır. Şübhə etmirəm ki, Türkiyə heç vaxt bu şərtləri qəbul edə bilməzdi. Ermənistan rəhbərliyi bu protokolların qüvvədən düşməsini 2009-cu ildə bəyan etsəydi, indiki kimi gülünc görünməzdi”.

F.Sadıxov əlavə etdi ki, gələcəkdə hansısa şərtlərsiz Türkiyə-Ermənistan münasibətlərinin qurulması mümkün ola bilər: "Hazırda iki ölkə arasında münasibətlər xeyli gərgindir. Bu gərginlik təkcə Azərbaycanla bağlı məsələ deyil. Təbii ki, Azərbaycan amilinin Türkiyə-Ermənistan münasibətlərində öz yeri var. Lakin indinin özündə belə, Ermənistan qondarma soyqırımı və ərazi iddiaları ilə bağlı Türkiyə qarşı çıxış edir. Hətta erməni tərəfi bu iddialardan əl çəksə belə, düşünmürəm ki, yaxın gələcəkdə Türkiyə-Ermənistan münasibətləri bərpa olunsun”.
 
Bəxtiyar MƏMMƏDLİ
     


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000