Şuranın dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” davam edir

Şuranın dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” davam edir

Cəmiyyət
15 Oktyabr 2019, 14:51 54
"Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Uşaqlara qarşı Zorakılıqsız Həyat” maarifləndirmə kampaniyasının təşkili layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Zərdab şəhərində Gənclər evində uşaqlar, müəllimlər və valideynlərin iştirakı ilə növbəti tədbir keçirilib.
Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Məmmədova çıxış edərək bu tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Layihənin eksperti Əhməd Mansurov öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Zərdab Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Ə. Mansurov uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığın yaratdığı fəsadlar, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi, uşaqlara zorakılıq halları ilə üzləşdikdə hansı qurumlara və qaynar xətt nömrələrinə müraciət etmələri və digər bu kimi məsələlər barədə ətraflı məlumat verib.
İştirakçılar Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlar və bu hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatlandırılıb.
Tədbir zamanı Gənclər evinin nümayəndəsi, müəllimlər öz fikirlərini bildirib, səmərəli müzakirələr aparılıb və uşaqların çoxsaylı sualları cavablandırılıb.