• cümə, 29 Mart, 05:32
  • Baku Bakı 7°C

Supermarketlərin vergi güzəşti gözləntisi

20.04.16 12:15 2739
Supermarketlərin vergi güzəşti gözləntisi
Azərbaycanın supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlayıblar. Mətbuatda gedən məlumata görə, supermarketlərin rəhbərləri manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri vəziyyətdən çıxmaq üçün hökumətdən vergi yükünün azaldılmasını xahiş edirlər.
Məktubda ölkədə istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə Əlavə Dəyər Vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi istənilir.
Bir neçə gündür mətbuatda super market şəbəkələrinin üzləşdiyi problemlər, güzəşt istəkləri ilə bağlı müzakirələr gedir. Çoxları hesab edir ki, hökumət bu müraciətlərə baxmalı və istənilən güzəştlərə getməlidir. Aparılan yeni iqtisadi siyasətə əsasən, son vaxtlar sahibkarlara ən yüksək səviyyədə dəstək verilir. Yəqin ki, bu müraciət də ən yüksək səviyyədə araşdırılacaq və sahibkarlara müvafiq cavab veriləcək. Bu işin bir tərəfidir. Amma məsələnin başqa tərəfi də var.
Son vaxtlar ölkədə hamının ucdantutma vergi güzəştləri tələb etmələri nə dərəcədə doğrudur? Ölkədə neft gəlirlərinin kəskin şəkildə azaldığı bir şəraitdə büdcə gəlirləri əsasən vergi gəlirləri hesabına formalaşdırılır. Hamıya güzəşt tətbiq edəndə vergi gəlirləri də azalır axı...
Onu da nəzərə almaq lazımdır ki, supermarketlər istehsalla məşğul olmurlar. Onlar topdansatışdan əldə etdikləri məhsulun satışı ilə məşğuldurlar. İndiki durumda dövlət əsasən istehsal müəssisələrinə güzəştlər etməlidir.
Digər tərəfdən, indi hökumətdən güzəşt tələb edən supermarketlər devalvasiyadan sonra qiymətləri artırarkən hansısa güzəştlərə getdilərmi? O vaxt marketlər istədikləri məhsulun qiymətini istədikləri qədər qaldırıblar və alıcı da həmin qiymətlə razılaşmağa məcbur odu.
Ümumiyyətlə, indiki şəraitdə supermarketlərin vəziyyəti həqiqətdənmi dedikləri qədər acınacaqlıdırmı? ƏDV ilə bağlı onlara hər hansı güzəşt edilməlidirmi, yaxud edilə bilərmi?
Millət vəkili Əli Məsimli qəzetimizə açıqlamasında bildirdi ki, bu ilin birinci rübündə Azərbaycanda ümumdaxili məhsulun həcmi, sərmayə qoyuluşu aşağı düşüb, inflyasiya haradasa 12 faizə yaxınlaşıb. Ərzaq məhsullarının qiymətinin artması fonunda yüngül sənaye məhsullarının qiymətinin yüksəlməsi orta inflyasiyadan da çoxdur. Buna görə də vergi güzəştlərinin tətbiqinə ehtiyac var: “Hansı tərəfi götürsək, mənfi tendensiyalar özünü göstərir. Bu vəziyyətdən çıxışın optimal yollarından biri də vergi sahəsində islahatların dəqiq analizlər əsasında davam etdirilməsi məsələsidir. ƏDV-yə münasibətdə xeyli dərəcədə problemlər var. Ölkəmizdə ƏDV 18 faizdir. Amma bu verginin tətbiqində də xeyli dərəcədə müəmmalar, problemlər var. Bu da qiymətlərin artmasında təsir göstərir. Ona görə də bilavasitə istehsalla məşğul olanlara dəstək vermək üçün vergi yükünü aşağı salmaq olar”.
ƏDV-nin diferensiallaşdırılması...
Ə.Məsimli deyir ki, ƏDV-ni diferensiallaşdırmaqla vergi yükünü yüngülləşdirmək mümkündür: “Sahələr üzrə ƏDV fərqli faizlərlə tətbiq oluna bilər. Bəzi sahələrdə ƏDV 18 faiz qala bilər, amma elə yerlər var ki, 7-8-ə salına bilər. Yerli istehsalda, xüsusilə əhali üçün çox böyük əhəmiyyət kəsb edən istehsal sahələrinin inkişafında ƏDV məsələsinə diferensial yanaşmaq lazımdır”.
İqtisadçı alim Vüqar Bayramov isə bildirdi ki, iri super marketlərin fəaliyyəti xüsusilə üzən məzənnəyə keçiddən sonra kəskin şəkildə pisləşib: “Düzdür, bu supermarketlərin əslində müraciətdə qeyd etdikləri kimi qiymət artımlarına getməmələri müşahidə olunmadı. Qiymətləri artırdıqlarını müşahidə etdik. Amma etiraf etmək lazımdır ki, bu supermarketlərdə qiymət artımı heç də həmin supermarketlərin özü ilə bağlı deyildi. Bu manatın məzənnəsinin düşməsi nəticəsində baş verdi. Bu gün ölkədə istehlak edilən ərzaq məhsullarının təxminən 75 faizinin xaricdən gətirildiyini nəzərə alsaq, o anlama gəlir ki, qiymət artımları labüd idi. Amma müəyyən fiks xərclər var ki, onlar dəyişmədi. Buna görə də bu supermarketlərin xərcinin artmasına səbəb oldu. Bununla da təbii ki alıcılıq qabiliyyəti aşağı düşdü. Bu da supermarketlərin fəaliyyətinə mənfi təsir göstərdi”.
“Supermarketlər fəaliyyətini dayandırsa, yeni qiymət artımları ola bilər”
İqtisadçı deyir ki, indiki məqamda supermarketlərin fəaliyyətini davam etdirməsi olduqca vacibdir. Çünki onlar fəaliyyətini dayandırsalar, bu sektorda rəqabət zəifləyəcək. Hətta yeni qiymət artımları da müşahidə oluna bilər. V.Bayramov da problemdən çıxış yolu olaraq diferensial vergi sisteminin tətbiqini məqsədəuyğun hesab etdiyini dedi: “Xidmət sektoru da daxil olmaqla Azərbaycanda diferensial vergi sisteminin tətbiq edilməsi mümkündür. Adətən böhran dövründə, iqtisadi çətinliklər müşahidə ediləndə vergi dərəcələri artırılır. Amma mövcud vergi nəzəriyyələrini, iqtisadiyyatın strukturunu da nəzərə alsaq, Azərbaycanda diferensial vergi sisteminin tətbiq edilməsi mümkündür.
Diferensial vergi sistemi müxtəlif sektorlar üzrə fərqli dərəcəyə uyğun vergilərin tətbiq edilməsi deməkdir. Bu zaman artıq hökumət xüsusən çətinlik müşahidə edilən sektorlara xüsusi güzəştlər tətbiq edə bilər. Xüsusilə ƏDV ilə bağlı xidmət sektorunda güzəştlərin tətbiq edilməsi mümkündür. Bu birmənalı şəkildə büdcə daxilolmalarını kəskin şəkildə azaltmayacaq”.
İqtisadçı deyir ki, müraciəti bütün aparıcı supermarketlərin rəhbərləri imzalayıb. O baxımdan hökumətin bu müraciətə ciddi yanaşması daha məqsədəuyğundur: “Çünki bu marketlərin qorunub saxlanması rəqabətin qorunub saxlanması baxımından olduqca vacibdir. Diferensial vergi tətbiq edilə bilər, müəyyən vergi güzəştlərinin növbəti iki il ərzində tətbiqi mümkündür və arzuolunandır. Bu imkan verəcək ki, iqtisadi çətinlik dövründə marketlər fəaliyyətini davam etdirsin. İqtisadi çətinliklər aradan qaldırıldıqdan sonra həmin güzəştlərin ləğv edilməsi müzakirə edilə bilər”.
“Vergi güzəştlərinin tətbiqi büdcə ödənişlərinə ciddi təsir göstərməyəcək”
V.Bayramov onu da bildirdi ki, vergi güzəştlərinin tətbiqi büdcə ödənişlərinə ciddi təsir göstərməyəcək, əksinə supermarketlərin fəaliyyətinin dayanmasının qarşısını alacaq. Əgər onların fəaliyyətləri dayansa, bu mənbədən büdcəyə daxilolmalar azala bilər: “Müxtəlif sektorlarda fərqli vergi dərəcələrinin tətbiq edilməsi həm sektorların dəstəklənməsinə kömək edəcək, həm rəqabətlilik baxımından əhəmiyyətlidir, həm də imkan verəcək ki, bu sektorlarda fəaliyyətin genişləndirilməsi hesabına büdcə ödənişlərinin qorunub saxlanmasına nail olunsun”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra hansısa güzəştin edilib-edilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək: “Supermarketlər rəhbərləri deyirlər ki, topdan və pərakəndə satış zənciri Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilsin. Müraciət bizə aprelin 18-i günün ikinci yarısında daxil olub. 19 apreldə isə səhər saatlarında nazir tərəfindən supermarketlərin nümayəndələri qəbul edilib, müraciətləri dinlənilib. Hazırda məsələ araşdırılır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər