• cümə, 19 Aprel, 22:30
  • Baku Bakı 24°C

“Super” qrupun məzunları - fotolar

08.06.13 08:46 2059
“Super” qrupun məzunları - fotolar
Əvvəla, niyə “super”? Bu kəlməni sərlövhəyə çıxarmağım təsadüfi deyil. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika şöbəsində 1957-1962-ci illərdə təhsil alan tələbə gəncləri və onları özündə cəmləşdirən “J” qrupunu “seçmə”, indiki dəblə desək, “super” adlandırırdılar. Bunu universitetin rəhbərliyi, müəllimlər, qonşu fakültələrdə təhsil alan tələbələr də etiraf edirdilər. Əvvəla bu qrupun müdavimlərindən səkkiz nəfəri şöbəyə fərqlənmə attestatı ilə (“qızıl” və “gümüş” medalla) imtahansız qəbul olunmuşdu. İstehsalatdan və birbaşa məktəb partası arxasından gələn yoldaşlarımız isə qəbul imtahanlarından yüksək qiymətlər alaraq, “konkursun” tələblərinə ən çox bal toplamaqla cavab vermişdilər. Hətta digər nüfuzlu fakültələrdə (hüquq, şərqşünaslıq və s.) ümumi bal yığımı aşağı olduğundan “J” qrupunun üzvlərindən bir neçəsinə həmin fakültələrə keçməyi təklif etmişdilər...
O zaman üçün (elə indi də) dərin bilik və xüsusi istedad tələb edən jurnalistika peşəsinə yiyələnmək istəyən 25 nəfərlik qrupumuz qəbul imtahanlarında olduğu kimi, semestr imtahanlarında da “birincilik” yarışına qoşulmuşdu. Elə birinci kursun sonunda “J” qrupu yenə də “rekord” nəticə əldə etdi. 10 nəfər tələbə bütün imtahanlardan əla qiymət alaraq, “Əlaçı” təqaüdünə layiq görüldü. Ümumilikdə qrupumuzun bütün üzvləri sübut etdilər ki, qəbul zamanı aldıqları “beşlər” yalançı, saxta “beşlər” deyilmış... Elə buradaca haşiyə çıxaraq, demək istəyirəm ki, ali məktəblərdə (hansı sahə olur olsun!) təhsilin keyfiyyəti bilavasitə ümumtəhsil məktəblərindəki təhsilin keyfiyyəti ilə sıx bağlıdır...
Adı çəkilən qrupun müdavimləri kimi, məzunları da “super” adına layiq oldular. Onlar həm jurnalistika sahəsində, həm də seçdikləri digər peşə yönümündə ləyaqətlə irəliləyərək, cəmiyyətin öndə gedən ziyalıları kimi məşhurlaşdılar. Bu seçmələr arasında yüksək vəzifəli dövlət qulluqçuları, nazir, partiya rəhbərləri, Mərkəzi Komitə katibi, ölkəmizi xaricdə təmsil edən səlahiyyətli səfir, habelə baş redaktorlar, naşirlər, yazıçı-publisistlər, şairlər, filosof alimlər, pedaqoqlar, tərcüməçilər, polkovnik və generallar, əməkdar jurnalistlər, “Qızıl qələm” və Ali Media mükafatı laureatları, Prezident təqaüdçüləri, müxtəlif orden və medallılar, nəhayət, vaxtilə təhsil aldığımız jurnalistika fakültəsinə uzun illər rəhbərlik edən dekan vardı. Ümumiyyətlə, “super” qrupu təmsil edən məzunların hər biri ayrıca yazının qəhrəmanı olmağa layiqdir. Lakin bu yazının məqsədi başqa olduğundan heç kimi ayrılıqda “öyməyə” ehtiyac duymadım...
Görüş yerinə vaxtından xeyli qabaq gəlmişdik. Sanki bir-birimizi görmək üçün tələsirdik. İllər ayrısı kimi bir-birimizə sırmandıq. Öpüşdük, geri çəkilib, yenidən qucaqlaşdıq. Diqqətlə bir-birimizin sifətini, qədd-qamətini süzdük, gözlərimizi güzgü edib, bir-birimizə baxdıq. Sanki arxada qoyduğumuz illərin bizdən nəyi alıb-almadığını yoxlamaq istəyirdik. Beləcə xeyli baxışdıq, baxışdıqca gülüşdük. Bu gülüş təkcə görüşümüzdən doğan sevinc gülüşü deyildi, həm də təəccüb, etiraz gülüşü idi. “Hanı o gözəl, şümşad sifətlər, qumral saçlar, şux qamətlər?” deyə içimizdə qiyam qaldırırdıq. Sanki bir-birimizin 50 il keçmişdə qalmış surətini axtarır, tapmadığımız üçün hönkürüb ağlamaq istəyirdik. Nəhayət, özümüzə gəldik. Daha doğrusu, yarım əsrlik aşırımı bir anda aşıb bu günə qayıtdıq. Və bir-birimizə təriflər yağdırmağa başladıq: “maşallah, yaxşı qalmısan”, “nəmxuda, sən də pis görünmürsən”...
Bu görüş bizi tələbəlik ömrümüzdən ayıran 1962-ci ildən bəri ötən 50 ildə ilk görüşümüz deyildi. Universitetdən ayrıldığımız “vida məclisində” söz vermişdik ki, hər ilin baharında, elə bu vaxt bir yerə toplaşaq, il ərzində nə etdiyimiz, necə etdiyimiz barədə bir-birimizə hesabat verək. Lakin bu vədimizə əməl edə bilmədik. Bir-birimizdən xəbər tutsaq da hamılıqla bir yerə toplaşa bilmirdik. Çünki həyat bizi toxum kimi, müxtəlif məkanlara səpələmişdi. Göyərmək, bar vermək üçün özümüzü axtarmağa getmişdik. Və yalnız özümüzü tapandan, başqa sözlə, həyatda yer-yurd olandan sonra “görüş cədvəlimizi” səhmana sala bildik. Xeyir-şər məclislərində təsadüfi görüşlərimiz olsa da ən azı beş ildənbir hamılıqla bir yerə toplaşır, özümüz üçün “məzun günü” keçirirdik. Xüsusən yubiley görüşlərimiz-10, 20, 30, 40 illiyimiz olduqca təmtəraqlı, yaddaqalan olmuşdu. Budur, bu da 50 illik “qızıl yubileyimiz”...
Bizi süfrəyə dəvət etdilər. Dəyirmi masa arxasında 32 stul düzülmüşdü. Bu stullarda “super” qrupun üzvləri əyləşməliydilər. Bəs, niyə 32? Axı biz universitetin jurnalistika şöbəsinə daxil olanda cəmi 25 nəfər idik. Hə, doğrudur, o zamanın “normasına” görə bütün fakültələrdə hər qrupa 25-dən artıq tələbə götürmürdülər. Lakin beş illik təhsil müddətində qiyabi şöbədən və yuxarı kurslardan gələnlərin hesabına sayımız artıb, 32 olmuşdu. Yəni 25 nəfərlə təhsilə başlayan qrupumuz təhsili 32 nəfərlə başa vurmuşdu. Odur ki, bu günki yubiley görüşümüzdə məhz 32 “super” məzun iştirak etməliydi...
Bugünkü yubiley süfrəsi arxasında isə 16 məzun əyləşmişdi. Qalan yerlərdən dördünün “sahibi” (İffət, Mənsurə, Aydın və Sabir) üzürlü səbəbdən görüşə gələ bilməmişdi. 12 stulda isə dünyasını dəyişən yoldaşlarımızın özləri yox, ruhları məskunlaşmışdı: Mailənin, Natellanın, Solmazın, Əzizənin, Əkbərin, Hafizin, İnqilabın, Zeynəddinin, Səfərin, Yusifin (Əliyev), Bəxtiyarın, Raufun (məzarları nurla dolsun) ruhları çox güman ki, bizimləydi...
Məclisi mərhum yoldaşlarımızın xatirəsini bir dəqiqəlik sükuta dalmaqla açdıq. Bu bir dəqiqə hər birimiz üçün il qədər uzun çəkdi. İçərimizdə uzaq səfərə çıxdıq, vaxtdan vaxta adladıq, birgə keçən bəxtiyar anları xatırladıq. Sonra... Sonra yavaş-yavaş “buz qatımız” əridi. Yenidən uşaqlaşdıq, 17-18 yaşlı tələbələrə, həyatın döngələrində “vurnuxaraq” özünü axtaran ilk məzunlara çevrildik. İndi burada nə nazir, nə katib, nə baş redaktor, nə də nəvə-nəticəli baba, nənə vardı. Sadəcə “super” qrupun turac kimi qaqqıldaşan qızları, şən və zarafatcıl oğlanları vardı. Sadəcə Ofelya, Liza, Ruhəngiz, Elza, Dilarə, Hökümə, Əlövsət, Əlikram, Sahıb, Rafiq, Ələkbər, Namiq, Zöhrab, İlyas, Yalçın vardı, bir də mən vardım.
Süfrəmiz hər löyün nemətlə zəngin idi. Ələlxüsus qızlarımızın evdə hazıladıqları təamlar xoşumuza gəlmişdi. Lakin bunların heç biri bizim danışmaq istəyimizin, yaddaşımıza həkk olunmuş xatirələri söyləmək arzumuzun qarşısına sədd çəkə bilmirdi. Az qala “xorla” danışır, bir-birimizin “sözünü kəsərək”, “növbədə” qabağa keçmək istəyirdik. Beləcə, söz köhlənimizi 50 illik məzunluq, 5 illik tələbəlik dünyamızda aşağı-yuxarı səyridərək, xatirələr söylədik. Ən çox da hamımızı şənləndirən məzəli əhvalatlardan danışdıq. Tələbəlik illərində Saatlı rayonunun Məmmədabad kəndində pambıq yığımında olarkən keçirdiyimiz “romantik” gecələrdən, Əlikramın “nalə çəkən” tarından, Zeynəddinin kənd toyu edib, “qazanc gətirən” qarmonundan, Natellanın “comərdliyindən”, Dilarənin “ağcaqanad ovundan”, Zöhrabın gecələr yuxudan ayılaraq, bədahətən şeir deməyindən, Hafizin “elçiliyindən”, Namiqgilin bağına kollektiv səfərimizdən və başqa “macəralarımızdan” danışdıq... Müəllimlərimizin istedadından və nəcibliyindən, müəllim-tələbə dostluğundan çoxlu misallar çəkdik...
Coşub-daşan bahar suları ram olub, yatağına qayıtdığı kimi, biz də tədricən “yatağımıza”, bu günümüzə qayıtdıq. Yenidən ağzı protezli, gözü eynəkli, daz başlı babalara, xına saçlı nənələrə çevrildik. Sanki bir-birimizin halından əhval tutmaq indi yadımıza düşmüşdü. “Vəziyyətin necədir, necə dolanırsan?” suallarını qar lopası kimi bir-birimizin üstünə ələyirdik. Xüsusən Namiq uzun müddət qürbətdə çalışdığı üçün bizi sorğu-suala tutur, hər birimizin həyat şəraiti ilə maraqlanırdı. Cavablarımız müxtəlif olsa da ümumi məzmunu bir idi: “Nigarançılığa əsas yoxdur. Bədbəxt deyiliksə, deməli, xoşbəxtik...”
... Təəssüf ki, vaxtı tutub saxlamaq qüdrətinə malik deyilik. Görüş saatlarımızı nə qədər uzatmaq istəsək də vaxt amili öz sözünü deyirdi. Ayrılmalı idik. 50 illik yubiley görüşümüzün təşkilatçılarına – Dilarəyə, Zöhraba, Əlövsətə minnətdarlıq edib, ayağa qalxdıq. Yenidən qucaqlaşma, yenidən vidalaşma... Bu anda müdriklərdən birinin sözlərini xatırladım: “Hər dəfə ayrılanda son dəfə görüşürsünüz kimi ayrılın. Çünki bu dəqiqədən o biri dəqiqəyə zəmanət yoxdur”.
Yusif Kərimov,
“Super” qrupun üzvü, əməkdar jurnalist
Şəkillər:
“Super” qrupun tələbələri. 1962
“Super” qrupun məzunları – 51 il sonra. 2013

banner

Oxşar Xəbərlər