• cümə, 29 Mart, 01:22
  • Baku Bakı 7°C

Süni zəka insanın yerini dar edəcək?

27.10.18 09:00 703
Süni zəka insanın yerini dar edəcək?
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizinin iş yerini itirə biləcəyini deyib.
Y.Sesitski qeyd edib ki, quruma üzv olan 160 ölkə arasında ABŞ və Çin elmi ixtiralara görə daha çox vəsait sərf edir. Rəqəmsal texnologiyaların yeni istiqamətlər yaratdığını deyən proqram rəhbəri əlavə edib ki, nanotexnologiya, süni zəka son zamanlar çox populyar sahəyə çevrilib: "Ancaq alimlər xəbərdarlıq edirlər ki, süni zəkanın inkişafı ilə bağlı bir çox problemlər ola bilər. Süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizi iş yerini itirə bilər. Ona görə, yeni istiqamətlərə yaradıcı baxmaq lazımdır".
Doğrudan da, son dövrlər texnika və texnologiya sahəsində böyük inkişaf baş verir. Demək olar ki, bir çox sahələrdə kompüter və robotlardan istifadə olunur. Maraqlıdır, bir neçə il sonra kompüter və robotlar bütün sahələrdə "hökmranlıq” əldə edəcəksə, onda insanların günü necə olacaq?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Qafar Əhmədov bildirdi ki, bu kimi xəbərlər uzun müddətdir ki gündəmdə dolaşır, ancaq onun doğrulma ehtimalı aşağıdır: "Yəni işsiz qalmaq söhbəti yoxdur, sadəcə iş sahələri dəyişəcək. Məsələn, Sovet dövründəki universitetləri oxuyub bitirənlər indi o sahələrdə işləyə bilmirlər. Çünki həmin iş sahələri yoxdur. Əvvəlki dövrlərdə kotan sürənlər yeni texnologiyalar gələndə əllə kotan sürmək yerinə, həmin kotanı işə salan texnologiyanı idarə etməyə başladılar. Yeni texnologiyalara uyğunlaşmaq lazımdır. Əlbəttə ki, kimsə həmişə kotanı əllə sürəcəksə, o, işsiz qalacaq. Amma yeni gələn texnologiyaya uyğunlaşıb ondan istifadə edə bilsək, işsiz qalan olmaz. İnsanların 50 faizinin işsiz qalma ehtimalı o zaman baş verə bilər ki, onlar özlərini inkişaf etdirməsinlər. Robot insanı idarə edə bilməz, istənilən halda idarəçilik insandadır. Təbii ki, işsiz qalmaq istəmirsənsə, o robotu idarə etməyi bacarmalısan”.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, hər şey işin qurulmasından asılıdır: "Kompüter işin görülməsi üçün bir vasitədir. Əlbəttə, iş çox sadə qurulanda insanı kompüter əvəz edə bilər. Amma daha dərin məzmunlu, yaradıcı işlərdə insanlara həmişə ehtiyac olacaq. Biz bu inkişafdan qorxmamalıyıq, əksinə, bundan səmərəli şəkildə istifadə edib, uğurlu işlər görməliyik. Belə baxanda, illər öncə də kompüterləşmə gedən zaman insanların işsiz qalacağı deyilirdi. Amma əksinə, kifayət qədər yeni iş yerləri açıldı. Həmin texnika və texnologiyanı istifadə edəcək insana ehtiyac oldu. Robot məsələsinə gəlincə, bizim ölkəmizdə də bu cür işlər görmək üçün kifayət qədər elmi potensial var. Yəni istəsək, biz də bu sahədə müəyyən addımlar ata bilərik. İnkişafdan qorxmaq yox, onunla ayaqlaşmaq lazımdır”.
İnsan resurslarının idarə edilməsi üzrə məsləhətçisi Taleh Qasımov qeyd etdi ki, texnika və texnologiyanın sürətli inkişafı qaçılmazdır: "Hazırda süni intellektin məlumat bazasından istifadə də güclənir. Bununla yanaşı bir sıra peşə sahələri avtomatlaşdırılır, insan əməyi minimuma endirilir. Elmi texnologiyanın inkişafı daha çox süni intellekt, nano-texnologiya, robotlaşma, rəqəmsallaşma kimi istiqamətlərdə gedir. Amma onların emosional tərkibi yoxdur. Misal üçün, hansısa bir ölkədə ancaq robotların işlədiyi bir aptek olsa, insan həmin aptekdən təbii ki, narazı gedəcək. Baxmayaraq ki, robot resepti də oxuyacaq, dərmanı da düz verəcək, amma insan əczaçı ilə ünsiyyətindən aldığı rahatlığı robotdan ala bilməyəcək. İnsanı avtomat maşından fərqləndirən emosional hislərin olmasıdır”.
Müsahibimin vurğuladı ki, insan istəsə, bundan da çıxış yolunu tapa bilər: "İş yerlərinin azalmasının qarşısını almaq üçün isə ilk növbədə həm təhsil sistemi, həm də şirkətlər və dövlət qarşılıqlı şəkildə, indidən hazırlıq işləri görməlidirlər. Bu işlər cəmiyyətin növbəti mərhələdə baş verəcəklərə hazırlıqlı olmaları üçün lazımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər