• cümə, 19 Aprel, 01:10
  • Baku Bakı 18°C

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) təşkili işləri davam etdirilir

28.10.14 16:02 1783
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) təşkili işləri davam etdirilir
Azərbaycan Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) tabeçiliyində Sumqayıt Kimya Sənaye Parkı (SKSP) yaradılıb. Parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. 3 oktyabr 2013-cü il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) təməl qoyma mərasimi keçirilib və ərazidə müvafiq tikinti-quraşdırma işlərinə başlanılıb.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, ötən bir il ərzində Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə mövcud olan köhnə qurğuların sökülməsi, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, ərazinin relyefinin, mövcud yolların və infrastruktur xəritəsinin, tikililərin, qurğuların və digər obyektlərin yerləşməsinin müəyyən olunması üçün ərazidə topoqrafik çəkilişlər aparılıb. Ərazidə yerləşən texnoloji və mənəvi cəhətdən köhnəlmiş, yararsız bina və qurğular sökülüb və ərazidən çıxarılıb, hamarlama işləri aparılıb. Ərazi tikinti-quraşdırma işləri üçün tam hazır vəziyyətə gətirilib. Parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilib.
Sənaye Parkının Baş Planına əsasən, ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsi, o cümlədən SKSP-nin ərazisinə fiberoptik kabelin çəkilişi tamamlanıb və elektron avtomat telefon stansiyasına qoşulma işləri aparılır. SKSP-nin ərazisini qazla təmin etmək məqsədi ilə xarici qaz xəttinin inşası başa çatıb, sınaq nəzarəti keçirilib. SKSP-nin xarici içməli su xəttinin çəkilişi tamamlanıb, daxili məişət tullantı suları və kanalizasiya xəttinin çəkilişi 70%-ə yaxın, xarici kanalizasiya xətti 45%-dən çox, ərazidaxili yağış suyu şəbəkəsinin tikinti quraşdırma işləri 90%, kimyəvi tullantı su xətlərinin tikinti və quraşdırma işləri 85%-dən çox yerinə yetirilib. Ərazidaxili yeraltı kommunikasiya xətləri üçün nəzərdə tutulmuş yeraltı texniki qalereyanın quraşdırma işlərinin 90%-i, texniki qalereyanın daxilində inşa olunacaq yanğına qarşı su xəttinin çəkilişi 60% yerinə yetirilib. İçməli və texniki su xətlərinin isə quraşdırma işlərinə başlanılıb. SKSP-nın Sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə yaxın zamanlarda start veriləcəkdir. Ümumilikdə, bütün sahələr üzrə inşaat işləri qrafikə uyğun aparılır. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Hazırda parkın ərazisində SKSP-nın rezidenti “Azertexnolayn” MMC-nin ölkə başçısı İlham Əliyev tərəfindən açılışı olan Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda burada daha iki zavodun inşasına başlanılıb. SKSP-nin digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən istehsal məqsədilə bütün avadanlıqların gətirilməsi başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır. Parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Parkın fəaliyyətinin təşkili istiqamətində layihə-tikinti işləri ilə paralel olaraq təbliğat-təşviqat işləri aparılır, investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olub və onlar SKSP-nın rezidenti olmaq niyyətini bildiriblər. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.
Bununla yanaşı SKSP-də yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndəlikləri ilə bir sıra görüşlər keçirilib. Eyni zamanda aparıcı ölkələrin təcrübəsinə əsasən SKSP-nın ərazisində biznes inkubatorların fəaliyyətinin təşkili ilə əlaqədar inkişaf konsepsiyasının layihəsi hazırlanıb. Aparılan danışıqların nəticəsi kimi, bu ilin mayın 12-də sənaye qazlarının istehsalı üzrə tanınan Fransanın “Air Liquied” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında sənaye qazlarının istehsal imkanlarının araşdırılması, potensial alıcıların və yerlərin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. SKSP-nın investorlar üçün cəlbediciliyinin daha da artırılması məqsədilə burada qeydiyyatın “bir pəncərə” sistemi ilə aparılması məqsədilə zəruri təşkilati işlərə start verilib. Dövlət Gömrük Komitəsi ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında elektron sistemin inteqrasiya prosesi başa çatdırılıb. Vergilər Nazirliyi ilə də analoji proses üzrə işlər davam etdirilir.
SKSP regionda fəaliyyət göstərən sənaye parkları arasında ən cəlbedici imtiyazlar portfelini təklif edir. Rezidentlər qeydiyyata alındığı andan 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, habelə SKSP-yə istehsal məqsədi ilə idxal etdikləri avadanlığa görə ƏDV-dən azad olunurlar. İnvestorlara mənfəətin repatriasiyası imkanına təminat verilir.
Kaspi.az

banner

Oxşar Xəbərlər