• cümə axşamı, 25 aprel, 08:58
  • Baku Bakı 14°C

Sumqayıt hadisələri ilə bağlı maraqlı faktlar açıqlanıb

28.02.14 09:52 1358
Sumqayıt hadisələri ilə bağlı maraqlı faktlar açıqlanıb
"İstintaqla müəyyən edilib ki, 26 il əvvəl Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilib. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olub. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb”.
APA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş "Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində deyib.
R. Usubov qeyd edib ki, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilib.
R. Usubov qeyd edib ki, hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətçə erməni olan qadınlar dindirilib və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etdiklərini bildiriblər. Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirmiş və həmin şəxslər də azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişdilər. Bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılardan ölənlərin olmaması «fakt»ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun, azərbaycanlının öldürülməməsi barədə, iddialarını bu gün də davam etdirirlər: "Ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilib ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 4 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub və işin icraatına əsassız olaraq xitam verilib. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunub ki, Bakı 1 №-li avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürüb, nəticədə 4 azərbaycanlı həlak olub. İstintaq aparanlar isə rus millətindən olmaqla hadisəni elə qələmə veriblər ki, guya zərərçəkənlərin özləri günahkar olub və guya təsadüfən hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalaraq ölüblər. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman ediblər ki, hadisə hərbçilər tərəfindən törədilib. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Rüstəm Usubov daha sonra bildirib ki, Sumqayıt hadisələri ilə bağlı Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilib.
O, qeyd edib ki, Sumqayıtda «Krunk» təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi göndərilən Kalantarov soyadlı erməni polkovnik olub. O, buradakı ermənilərin hamısının siyahısını və ünvanlarını bilib, hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb: "Aşkar edilib ki, yaşayış binanın bir girişində 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyyətindən yaşayan vardısa, cinayətkarlar 1-2-cü mərtəbəyə yox 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənilər boşaldıb sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu məsələ də tam sübut edir ki, ermənilər məqsədyönlü hərəkət ediblər. MTN arxivlərində saxlanılan «Nalyotçik» adı altında məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli KQB şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri belə hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, «Krunk» cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar”.
R. Usubov həmçinin bildirib ki, aparılmış hazırkı istintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Vilayətində fəaliyyət göstərən «Krunk» cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinin Qaçqın və köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bəzi kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilərək, əksəriyyətinə cavablar alınıb.
R. Usubov qeyd edib ki, tərəfimizdən həmin dövrdə Sumqayıt şəhərində partiya sovet və hüquq mühafizə orqanlarında işləmiş, habelə kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri dindiriliblər: "Onların verdikləri ifadələrdən belə nəticəyə gəlmək olar ki, hadisələr Sovet rəhbərliyinin hansısa məkrli planları və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilib və idarə olunub, iğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində lazımi tədbirlər görülməyib. Əksinə, Kremlin göstərişi ilə rəsmi Bakı Sumqayıt hadisələrinin guya bir qrup xuliqan tərəfindən törətdiyini qəbul edib, siyasi səbəbləri araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə, günahkarları öz içimizdə, Sumqayıt şəhərinin o vaxt rəhbərləri arasında axtarmağa, tez-tələsik onları vəzifədən və partiyadan çıxarmağı çalışıb.
SSRİ daxili işlər naziri Puqonun 1991-ci ildə özünü vurması faktı üzrə müstəntiq Niyazi Vəlixanov onun evində baxış apararkən çoxlu sayda qovluqlar müəyyən edib, həmin qovluqlarda Dağlıq Qarabağ, Mesxeti türklərinin Özbəkistandan qovulması və bununla əlaqədar SSRİ Daxili İşlər Nazirliyinə mütəmadi məlumatların verilməsi aşkar edilib. Sumqayıt Rayon Polis idarəsinin rəis əvəzi, milis podpolkovniki Xanlar Cəfərov general Krayevdən Nasosnıda (indiki Tağıyev) qəsəbəsi hərbi qoşunların Sumqayıtda yeridilməsini xahiş etsə də, o bunu etməyərək «Bir qrup xuliqanın öhdəsindən gələ bilmirsiniz» iradı tutaraq, bundan imtina edib, nəticədə ölənlərin sayı 32-yə çatıb. Yalnız bundan sonra komendant saatı təyin olunub”.
banner

Oxşar Xəbərlər