AZE | RUS | ENG |

Sumqayıt əvvəlki şöhrətini geri qaytarır

Sumqayıt əvvəlki şöhrətini geri qaytarır
Millət vəkillərinin fikrincə, "SOCAR Polymer" müəssisəsinin açılması, həm də yüzlərlə iş yerinin açılması deməkdir

Azərbaycan sovetlər dönəmində sənaye sahəsində inkişaf etmiş respublikalardan biri olub. Sənayenin inkişafı, xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daha geniş vüsət alıb. Məhz həmin siyasətin nəticəsi idi ki, Sumqayıt ittifaq şəhərləri içərisində öncül yerlərdən birini tuturdu. Lakin müstəqillik əldə etdikdən sonra ölkədə yaranmış vəziyyət bütün iqtisadiyyata mənfi təsir göstərdiyi kimi, milli sənayenin də dağılmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın, eləcə də sənayenin inkişafı istiqamətində addımlar atıldı. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə Azərbaycanın milli sənayesində yeni mərhələnin başlanmasına rəvac verdi. Bu gün Sumqayıt Kimya Sənaye Parkı məhz Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir. Hazırda sənaye parkında müxtəlif müəssisələr fəaliyyət göstərir. Onlardan biri də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt  Kimya Sənaye Parkında açılışı olan "SOCAR Polymer” müəssisədir. Bu müəssisə faktiki olaraq, Azərbaycanın qeyri-neft ixracını 15 faiz artıracaq. Görülən işlərin nəticəsidir ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, ümumiyyətlə Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Bütövlükdə isə, Azərbaycanda aparılan sənayeləşmə siyasətinin əsas məqsədi qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bu məqsədlər isə Azərbaycanın həyata keçirdiyi siyasətin prioritet istiqamətlərdən biridir. Təsadüfi deyil ki, yaradılan yeni istehsal müəssisələri Azərbaycanın təkcə neftdən, qazdan deyil, eyni zamanda hazır məhsuldan da valyuta qazanmasına imkan verəcək. Ölkə vətəndaşlarının əksəriyyətinin gənclər olduğunu nəzərə alsaq, böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti həm də Azərbaycan gənclərinin mütəxəssis kimi hazırlanmasına xidmət edəcək. Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan düzgün yoldadır və ölkəmizin sənaye potensialı daha da inkişaf edəcək, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaq. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirdi ki, Prezident İlham Əliyevin Sumqayıta növbəti səfəri və burada yeni bir müəssisənin açılışı sumqayıtlılar üçün töhfə oldu: "Sumqayıtda "SOCAR Polymer" müəssisəsinin açılması 500 iş yerinin açılması deməkdir. Bu müəssisədə istehsal olunan məhsullar ixracyönümlü məhsullar olduğundan, ölkəmizə xeyli valyuta gətirəcək. Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələr Sumqayıtın sənaye şəhəri kimi əvvəlki şöhrətini qaytarmaqla yanaşı, həm də bu müəssisələr ekoloji standartlara cavab verəcək. Sovet dövründə Sumqayıt ən çirkli şəhər hesab olunurdu. Bugünkü Sumqayıtda yaradılan müəssisələr isə müasir texnologiyalar hesabına ekoloji cəhətdən təmiz müəssisələrdir və insanlar üçün heç bir təhlükə törətmir”. E.Səlimov qeyd etdi ki, Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan məhsullar dünyanın onlarla ölkəsinə ixrac edilir: "Bu sənaye parkı tam gücü ilə fəaliyyət göstərən zaman isə Sumqayıt regionun ən iri sənaye şəhərinə çevriləcəkdir. Həm də Sumqayıtda minlərlə yeni iş yerlərinin açılışı insanların məşğulluq səviyyəsini artıracaq. Dövlət başçısının şaxələnmiş iqtisadiyyata göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələri inkişaf edir. Onu da qeyd edim ki, dövlət başçısının Sumqayıtda vətəndaşlarla görüşü də sumqayıtlılar üçün yaddaqalan görüşlərdən biri oldu və bir daha onu sübut etdi ki, prezident-xalq birliyi daimidir”. Millət vəkili Tahir Mirkişili bildirdi ki, Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanda son 40 il ərzində növünə və miqyasına görə həyata keçirilən ilk neft-kimya layihəsi olan "SOCAR Polymer” zavodu tam fəaliyyətə başlayıb: "Zavodda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması da planlaşdırılır. Qeyd edim ki, 2018-ci ildə Azərbaycan və İtaliya prezidentlərini iştirakı ilə Polipropilen zavodu istifadəyə verilmişdi. Daha sonra prezident İlham Əliyevin iştirakı ilə yüksək sıxlıqlı Polietilen zavodu istifadəyə verildi. Hər iki zavodun fəaliyyəti idxalı əvəz edərək, məhsul ixrac etmək, ölkəyə valyuta gətirmək və yeni iş yerləri açmaq baxımından çox önəmlidir. Zavodların istismar dövründə 6,6 milyard dollar gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək”. T.Mirkişili vurğuladı ki, Sumqayıtın sənaye potensialının bərpa olunması və qeyri-neft sektorunda məhsul istehsalının artırılması yönündə həyata keçirilən layihələrin sayı daha da artacaq: "Biz zamanla bunun şahidi olacağıq”.   BƏXTİYAR

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311