Sumqayıt Dövlət Dram Teatrı ömrünün 48-ci ilini yaşayır
Sumqayıt
Dövlət Dram Teatrı dünən özünün 48 yaşını qeyd etdi. Bu teatrın yaradıcılıq
palitrasının yetərincə zəngin və çalarlı olması barədə dəfələrlə xəbər vermişik.
Sevindirici haldır ki, hazırda müasir binada gözəl yaradıcılıq şəraitində
fəaliyyət göstərən teatrın repertuarı da müxtəlif sosial təbəqələrin zövqünə,
istəyinə uyğun qurulub. Eyni zamanda, dövləti, dövlətçiliyi, azərbaycançılığı
təbliğ edən, vətənpərvərliyi aşılayan əsərlər teatrda maraqlı səhnə həlli
tapır. Sumqayıt Dövlət Dram Teatrının uğurları sırasında ayrı-ayrı illərdə
qazanılan beynəlxalq festivalların prizləri yer alır.
Ötən ilin
əvvəli Prezident İlham Əliyevin tapşırığına əsasən yenidənqurmadan sonra
teatrın açılışı oldu. Prezidentin bu qayğısı, xüsusi diqqəti yaradıcı heyətə yeni
ruh verdi.
Teatrın
tarixi
Məlumat üçün
bildirək ki, Azərbaycan Respublikasının Nazirlər Soveti 12 mart 1968-ci ildə
Sumqayıtda Dövlət Gənclər Teatrı yaradılması barədə qərar vermişdi. Bunun
əsasında Respublika Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə
teatr yaradıldı. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
aktyorluq fakültəsinin son kursunda təhsil alan tələbələrin əksəriyyətinin
təyinatı Sumqayıta verildi. Onların və şəhərin daha bacarıqlı dram
həvəskarlarının gücü ilə təzə səhnə sənəti kollektivi formalaşdırıldı.
İnstitutun aktyor və rejissor sənəti müəllimi, Bakının, Gəncənin, Naxçıvanın
Dövlət Teatrlarında maraqlı quruluşlar vermiş Nəsir Sadıqzadə teatra baş rejissor
təyin edildi. İyul ayında bu vəzifəni tutmuş rejissor kollektivə bir il
rəhbərlik etdi. 1 avqust 1968-ci ildə kimyaçıların Səməd Vurğun adına
Mədəniyyət sarayında gənc kollektiv ilk məşqinə başladı.
Yeni
kollektiv bir il Sumqayıt Dövlət Gənclər Teatrı adlandı. 1970-ci ildə
kollektivə görkəmli rejissor və aktyor Hüseyn Ərəblinskinin adı verildi. Sənət
ocağı Sumqayıt Dövlət Dram Teatrı adlandırıldı.
Teatrın rəsmi
və təntənəli açılışı 14 mart 1969-cu ildə Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası ilə oldu. Tamaşanın
quruluşçu rejissoru Cənnət Səlimova, rəssamı İsmayıl Axundov, Emin Mahmudov
idi. Mahnıların mətnini şair Zeynal Cabbarzadə yazmışdı.
Martın 15-də
isə gənc kollektivin üzvləri Amerika dramaturqu Con Patrikin "Qəribə missis
Səviç” tragikomediyasını oynadılar. Əsəri Novruz Gəncəli tərcümə etmiş və Nəsir
Sadıqzadə tamaşaya hazırlamışdı. Tamaşanın rəssamı Arif Əsgərov, bəstəkarı isə
Moris Ravel idi. Maraqlı səhnə təsviri verilmiş tamaşada əsas rolları Zərnişan
Fətəliyeva (Missis Səric), Vaqif Əliyev və Nazir Əliyev (Semuel) Vaqif Rəsulov
və Kamil Məhərrəmov (Tit) oynayırdılar.
Monumental
tamaşalar yaratmaq istiqamətində teatrın "Toy” (Sabit Rəhman) və "Müsibəti
Fəxrəddin” (Nəcəf bəy Vəzirov) tamaşaları daha cazibədar və daha bitkin alınmışdı.
Mənim qəti qənaətimə görə "Müsibəti Fəxrəddin” faciəsi teatrın qırx illik
yaradıcılığında ən dəyərli sənət əsərlərindəndi. Ümumiyyətlə bu quruluş həmin
faciənin Azərbaycanın müxtəlif teatrlarındakı onlarca quruluşu içində orijinal
forma həllinə və məzmun şərhinə görə seçilir.
Şərəfli
yaradıcılıq yolu...
Sumqayıt
teatrı keçdiyi 48 illik yaradıcılıq yolunda milli klassiklərimizin və çağdaş
dramaturqlarımızın əsərləri ilə yanaşı, müxtəlif dövrlərdə və müxtəlif
ölkələrdə yaşayıb-yaratmış əcnəbi müəlliflərin maraqlı dram, faciə və
dramlarına da öz repertuarlarında yer ayırıb. İngilis Vilyam Şekspirin və
Vilyam Leyesin, rus Nikolay Qoqolun, Mixail Lermontovun, Sergey Mixalkovun,
Vasili Şukşinin, Gennadi Bokarevin, qırğız Çingiz Aytmatovun və Maar
Bayçiyevin, gürcü Nodar Dumbadzenin, Merab Beredzenin, Aleksandr Çxaidzenin,
osetin Georgi Xuqayevin, tatar Azad Abdullayevin, osmanlı ədibləri Rəşad Nuri
Güntəkinin və Nazim Hikmətin, fransız Jan Batist Molyerin və Jan Kverin, amerikan
Con Patrikin və Tennsi Vilyamsın, belarus Andrey Makayonokun, bolqar Panço
Basbəyorrun, eston Eqon Rannetin, qazax Şahmet Xusianovun, türkmən Hüseyn
Muxtarovun və digərlərinin əsərləri teatrın repertuarını bəzəyib.
Nobel
mükafatı laureatları Hervard Kiplinqin («Öz xoşuna gələn pişik»), Con
Qolsuorsinin («Birincilər və sonuncular»), Alber Kamyunun («Ağlasığmaz faciə»),
Yucin O Nilin («Qarağaclar altında məhəbbət») əsərləri müxtəlif illərdə
Sumqayıt teatrının repertuarını bəzəyib.
Kollektiv
respublikada keçirilən müxtəlif xarakterli festivallarda uğurla çıxış edib.
Teatrın bir neçə tamaşası Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunub. Sevindirici
haldır ki, bu gün teatrın istedadlı aktyorları bədii filmlərə çəkilirlər.
Televiziya tamaşalarında müxtəlif şou proqramlarda səylə çıxışlar edirlər.
Teatrın
fədailəri...
Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin milli Teatr günü münasibəti ilə
verdiyi sərəncamda Sumqayıt Dövlət Dram Teatrın direktoru İslam Cəfər oğlu
Həsənov əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldü. Hazırda İslam
Həsənov ikiqat, yeri gələndə üçqat bayram sevincini yaşayır. Yenicə fəxri ad
alan İslam Həsənov teatrın ad gününə hazırlaşdığını və gələcəkdə daha böyük işlər
görəcəklərini bildirdi: "Bilirsiniz ki, Sumqayıt Teatrı yeni təmirdən çıxıb.
Hazırda binamız müasir standartlara cavab verir. İstilik sistemi, işıq, səhnə
tərtibatı hər şey qaydasındadır. Bu da bizə var gücümüzlə çalışmağa bir stimul
verir. Yaradıcı insan üçün münbit şəraitdən gözəl nə ola bilər. Belə bir
şəraitdə kollektivə də ikiqat həvəs
gəlib. İşimizi elə qururuq ki, gözəl binaya uyğun fəaliyyətimiz olsun. O ki,
qaldı 48 yaşımıza bayram bayrama
qarışıb. Fəxri ad, Novruz bayramı, teatrımızın ad günü. Bu çox sevindirici
haldır. Biz də bu bayramları hazırladığımız proqramlar və tamaşalarla
keçiririk. Bizim başqa planlarımız da var. Mövsümü gec açdığımıza görə, bütün
planlarımızı təxirə salmışdıq. Qarşıda bizi qastrol səfərləri gözləyir. Köhnə
tamaşaların bərpası, yeni tamaşaların hazırlanması vaxtımızı çox alır. Var
gücümüzlə çalışırıq. Dünən ad günümüzdə Marsel Berkye-Marinyenin "Oğru”
tamaşasını rejissoru Rövşən Almuradlıdır
oynadıq”.
Teatrın direktoru deyir ki, 48 heç də az yaş deyil. Bundan sonra da teatr
öz tarixini şərəflə və maraqlı taçmaşaları ilə yazacaq.Ömrünün 42
ilini məhz Sumqayıt Teatrında keçirən Azərbaycan Respublikasının Xalq
artistiMəzahir Süleymanov bizimlə söhbətində öz yaradıcı kollektivinə
uğurlar arzuladı. Bildirdi ki, ömrünün ən parlaq illəri məhz bu teatrda keçib:
"Sumqayıt teatrı mənim üçün çox əzizdir. Teatrın yaranması Nazirlər Kabinetinin
qərarı ilə 68-ci ildə olsa da, teatrımızın pərdələri öz tamaşaçıları ilə mart
ayının 14-də 1969-cu ildə görüşüb. Mən 72-ci ilin noyabr ayında gəlmişəm. Onda
teatrın haradasa 4 yaşı vardı. Bundan əvvəl teatrımız şəraitsiz olduğundan
işləyərkən çox çətinliklər çəkirdik. Əvvəl uzun müddət öz binamız olmayıb,
mədəniyyət evində fəaliyyət göstərirdik, mədəniyyət evində sığınmışdıq. Mədəniyyət
evi ləğv olunandan sonra həmin binanı teatra verdilər. O şəraitsizlikdə biz
qışda, soyuqda əlimizdən gələni etməyə çalışırdıq. Sevindirici haldır ki, bu
gün Sumqayıt Teatrı ən son texnologiya ilə təmin olunub, gözəl şəraiti var. Bu
teatrın mənim həyatımda çox böyük rolu var. Məhz Sumqayıt teatrında mən aktyor
kimi tanınmışam. Bir aktyor kimi məni məhz Sumqayıt Teatrı yetişdirib. Biz
Sumqayıt Teatrının kollektivi ilə böyük bir ailə olmuşuq.Öz doğma
teatrımı heç bir teatra dəyişməmişəm. İndi isə təqaüddəyəm. Son olaraq bütün
yaradıcı kollektivinə uğurlar arzu edirəm. Ad gününüz mübarək əziz Sumqayıt
Dövlət Dram Teatrı”.
Teatrının baş
rejissoru, əməkdar artist Firudin Məhərrəmovu da təbrik edib, təəssüratlarını
xəbər aldıq: "Hazırda teatrda bayram bayrama qarışıb. Bildiyiniz kimi, mən 1987-ci
ildə Mehdi Məmmədovun kursunu bitirmişəm. Həmin ildən Sumqayıt Teatrına
təyinatla gəlmişəm. İlk diplom tamaşamı da məhz burada hazırlamışam. O gündən-bu
günə Sumqayıt Teatrında çalışıram.
1997-ci ilə qədər quruluşçu rejissor, 97-ci ildən bu günə qədər artıq 20 ildir
ki, teatrın baş rejissoru vəzifəsində çalışıram. Mənim yaradıcılığımın ən uğurlu
illəri bu teatrla bağlıdır. Hazırladığım bütün tamaşalar mənim üçün doğmadır”.
F.Məhərrəmov
söhbəti zamanı Sumqayıt Teatrının 48 yaşı olsa da, ancaq Azərbaycan teatrının
inkişafında onun xüsusi xidmətləri olduğunu qeyd etdi: "Bizim teatrda zamanında
da, indi də Azərbaycan teatrının korifey sənətkarları çalışıb və çalışmaqdadır.
Teatrımız hər zaman digər teatrlar üçün bir baza rolunu oynayıb. Bu gün
paytaxtımızda fəaliyyət göstərən teatrların yaradıcı heyətinə fikir versəniz,
görərsiniz ki, onların əksəriyyətini məhz Sumqayıt Teatrı yetişdirib. Sumqayıt
Teatrı digər teatrlar üçün aktyor bazası baxımından sanki bir tramplin rolunu
oynayıb. Bilirsiniz ki, teatrımız 8-9 ay təmirdə oldu. Bir qədər planımızdan
geri düşdük. Çalışırıq ki, indi o ayların əvəzini çıxaq. Binamız yenidir. Bütün
təchizatımız var. Elə bu yaxınlarda xalq artisti Afaq Bəşirqızı ilə Valeh
Kərimovun "Subaylarınızdan görəsiniz” tamaşaçı olacaq. Həmin tamaşanı şəhər
ictimaiyyətinə göstərəcəyik. İcra hakimiyyəti tərəfindən daha bir sifariş almışıq.
Belə ki, Cəlil Məmmədquluzadənin "Ölülər” əsəri üzərində çalışırıq. Planlarımız çoxdur. İnşallah yaşayarıq,
görərik”.
Biz də bu
uğurlu yolda Sumqayıt Teatrının yaradıcı kollektivinə yeni-yeni nailiyyətlər arzulayırıq.
Xəyalə Rəis