• cümə, 26 Aprel, 18:48
  • Baku Bakı 22°C

Summativ qiymətləndirmələrin sayı azaldılıb

04.01.19 18:33 1343
Summativ qiymətləndirmələrin sayı azaldılıb
"Azərbaycan məktəblərində attestasiyanın qaydaları müəyyənləşib. Bu, təhsilalanların (yəni şagirdlərin) yekun qiymətləndirmə istisna olmaqla, attestasiya qaydalarıdır. Bu qaydaların təhsilverənlərin (yəni müəllimlərin) attestasiyasına heç bir aidiyyatı yoxdur”. Təhsil Nazirliyində «Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası»nın qəbulu ilə bağlı mətbuat konfransında səslənən bu fikirlər qaydalarda edilən əsas dəyişikliklərə də aydınlıq gətirdi.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarına dəyişiklikləri zəruri edən səbəblər barədə məlumat verərək bildirdi ki, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Belə ki, qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlər, V, VI, VII, VIII, və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq: "Təhsil səviyyələrinin sonlarında BSQ-lərin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir”.
Qaydalarda edilən ikinci dəyişikliyin ibtidai siniflərlə bağlı olduğunu bildirən nazirlik rəsmisi qeyd etdi ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq. II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) həyata keçiriləcək: "Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, «Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək”. Nazirlik rəsmisinin sözlərinə görə, summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq. Şöbə müdiri qeyd etdi ki, summativ qiymətləndirmə qaydalarının tədris ilinin ortasından tətbiqi heç bir problem yaratmayacaq: "Biz bu qaydaların tədris ilinin ortasından tətbiqi üçün bir maneə görmürük. Düzdür, bəzi məktəblərdə 1-ci siniflərdə summativ qiymətləndirmə aparılıb, çünki mövcud qaydalar belə idi. Bundan sonra məktəblərdə 1-ci siniflər üçün summativ qiymətləndirmə aparıla bilməz. Məktəblərdə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə isə hələ başlanılmayıb. Qiymətləndirmələr yarımillərin sonunda aparılır”.
E.Əmrullayev orta məktəblərdə summativ qiymətləndirmə zamanı təqdim olunan sualların 4 ağırlıq dərəcəsi olduğunu qeyd etdi: "İctimaiyyətdə belə yanlış təsəvvür var ki, bütün məktəblərdə qiymətləndirmə eyni olmalıdır. Halbuki, fizika-riyaziyyat təmayüllü siniflər üçün nəzərdə tutulmuş sualları adi kənd orta məktəbinin şagirdlərinə vermək olmaz”. Şöbə müdirinin verdiyi məlumata görə, KSQ üçün 1 dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqə vaxt nəzərdə tutulur. "Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər”.
Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. "Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətinin planlaşdırılması baxımından da faydalıdır”.
Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir: "Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin özünəməxsusluğu qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (İnternational Baccalaureate Diploma Proqramme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir”.
Qeyd edildi ki, yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir və cari tədris ilinin ilk yarımilindən tətbiq olunur.
E.Əmrullayev keçən ilin dekabr ayında elan olunan "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi ilə bağlı KİV-də və sosial mediada yayılan məlumatlara da aydınlıq gətirdi: "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi məktəblərdə tədris prosesini aparan müəllimlərin ümumi məktəb proqramı biliklərinin yoxlanılması məqsədi ilə həyata keçirilən imtahan deyil, tam əksinə, olimpiadalara hazırlıq prosesinə cəlb ediləcək müəllimlərin müəyyən edilməsinə xidmət edən müsabiqədir. Bu tip müsabiqələrdə nəticələrin 50 faizdən aşağı olması müsabiqənin xarakteri ilə əlaqədardır”. Nazirlik rəsmisi bildirdi ki, müsabiqədə təqdim edilən sualların məzmunu ümumtəhsil müəssisələrində tədris olunan milli kurikulum əsasında deyil, dünya olimpiadaları proqramına uyğun, kifayət qədər çətinliyi artırılmış tapşırıqlar əsasında hazırlanıb. Orta məktəblərdə tədris prosesini həyata keçirən müəllimlərin beynəlxalq olimpiadalara hazırlıq proqramını bilmələri mütləq deyil. Bu səbəbdən müsabiqə könüllülük prinsipi əsasında keçirilib. Beynəlxalq olimpiadalarda təqdim edilən tapşırıqlar və ya həmin məzmuna müvafiq hazırlanan sualların nəinki orta məktəb müəllimləri, hətta ali məktəblərin professor-müəllim heyəti üçün çətinlik yaratması təbii haldır. Sırf bu sahə ilə məşğul olmayan istənilən müəllimin belə müsabiqələrdə nəticələrinin qənaətbəxş olmaması təbiidir”. E.Əmrullayevin sözlərinə görə, dünyanın bir çox ölkəsində beynəlxalq olimpiadalara hazırlıq prosesi ali təhsil müəssisələrinin nəzdində professor-müəllim heyətinin rəhbərliyi altında həyata keçirilir: "Məzmunu kifayət qədər dərin olduğu üçün beynəlxalq olimpiadalara hazırlıq nəinki fənlər, hətta bir fənn daxilində müvafiq bölmələr üzrə ixtisaslaşmış müəllimlər tərəfindən aparılır. Müsabiqənin keçirilməsinin məqsədlərindən biri də orta məktəblərdə çalışan müəllimlərimizdən bu sahəyə marağı olanları müəyyən edərək yuxarıdakı təcrübəni ölkəmizdə tətbiq etməkdir. Müsabiqədə yaxşı nəticə əldə etmiş müəllimlərimizin olması bizi sevindirməlidir. Nəticələrin bu şəkildə olması müsabiqəni hazırlayan münsiflər heyəti tərəfindən çox təbii qarşılanıb, hətta paytaxtdan və ya bölgələrdən bu sahə ilə tanış olan müəllimlərin mövcudluğu müsbət qiymətləndirilib. Müsabiqədə iştirak edən müəllimlər olimpiadalara hazırlıq prosesinə cəlb edildikdən sonra ölkə üzrə nailiyyətlərin daha da yaxşılaşacağına şübhə etmirik”. Qeyd edildi ki, son 5 ildə Azərbaycan məktəbliləri iştirak etdikləri bir çox beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edib və 140 medal qazanıblar.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər