• cümə, 29 Mart, 05:51
  • Baku Bakı 7°C

“Şuluqluğumun badına getdim” – Mən gənc olarkən

16.02.15 05:52 2645
“Şuluqluğumun badına getdim” – Mən gənc olarkən
Uşaqlıq və gənclik illərindən danışanda valideynlərimizin üzərimizdəki haqqını xatırlamalı və xatırlatmalı olduğumuzu deyir. Çünki məhz onların verdiyi təlim-tərbiyə və təhsil sayəsində hazırkı mərtəbədəyik. Müsahibimiz folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü Muxtar Kazımoğludur (Imanov).
8 uşağın hamısı oxuyub
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində dünyaya göz açıb. Ailədə səkkiz uşaq olublar: beş qardaş, üç bacı. Atası Kazım müəllim əvvəl Finlandiya, sonra isə rus-alman müharibəsində iştirak edib. Müharibədən qayıdandan sonra bir müddət raykomda (rayon icra hakimiyyətində - L.M) təlimatçı işləyib. Atasız-anasız qalmış qardaş-bacısına və müharibədən qayıtmayan böyük qardaşının uşaqlarına da Kazım müəllim baxmalı olub. Uzun illər məktəb direktoru və sıravi müəllim kimi çalışıb. Məktəbdən evə qayıdandan sonrakı vaxtlarında böyük ailəni dolandırmaq üçün arıçılıq təsərrüfatı ilə məşğul olub. Bütün günü başı işə qarışsa da, övladlarının oxumağına xüsusi fikir verib. Bu ailədə böyüyən səkkiz uşaqdan yeddisi ali, biri texnikum təhsili alıb.
“Şuluq olmağın badına getdim”
Müsahibimiz balaca vaxtı şuluq uşaq olmasından danışır: “Məktəbə gedənə qədərki dövrdə və ibtidai siniflərdə oxuduğum ilk illərdə çox şuluq uşaq olmuşam. Bir dəfə şuluqluğumun ucbatından qonşunun iti qolumdan qapıb. Qış tətili idi. Atamın dayısı oğlu Aşıq Salmangilə getmişdik. Salman əmimin yoldaşı ilə anam evdə nəsə iş görürdülər. Mən də evdəki uşaqlara göz verib, işıq vermirdim. Anam məni başından eləmək üçün dedi ki, “Salman əmin tüfəngi götürüb kəklik vurmağa gedib, sən də onun dalınca get, kəklik vursun, gətir evə”. Anamın bu sözləri ağlıma batdı və tez-tələsik evdən çıxdım. Möhkəm qar yağmışdı. Həyətdən xeyli aralanıb üzüyuxarı dağa tərəf getmək istəyəndə gördüm dizə qədər qara batıram, getmək mümkün deyil. Evə qayıtmaq əvəzinə qonşu uşaqları tapıb onlarla qartopu-filan oynamaq fikrinə düşdüm. Qonşumuzun həyətinə təzəcə ayaq basmışdım ki, zorba bir it üstümə şığıyıb qolumdan qapdı. Pencəyimin qolundan qan dama-dama evə qaçdım. Anam qoluma bal qoyub bağladı. Atam mənim “qəhrəmanlığımdan” xəbər tutandan sonra kəndin feldşeri rəhmətlik Baba “doxduru” evə çağırmalı oldu. Beləcə, şuluq olmağın badına getdim”.
“Samanlığa od vurdum”
Bir dəfə də 4-5 yaşlı Muxtar az qalır samanlığa od salsın: “Havanın qızmar istisində həyət-bacada heç kim yox idi. Anamla əmim arvadı - əmcanım bizim əl damımızda palaz toxuyurdu. Getdim onların yanına. Gah kirkitə, gah həvəyə əl atdım. Aydınlıq üçün deyim ki, bunlar palazdan-kilimdən ötrü lazım olan toxuculuq alətlərdir. Anam gördü mən işləməyə aman vermirəm, üstümə acıqlandı və əl damından çıxmalı oldum. Özümə bir iş tapıb başımı qatmaq istədim. Təndirəsərin (çörək yapılan yerin - M.K.) taxçasından kibrit qutusu götürdüm. İçərisində bircə dənə kibrit çöpü vardı. Öz-özümə fikirləşdim ki, görən bir dənə kibrit çöpü ilə samanlıqda nəm çəkmiş lazımsız samanı yandırmaq olarmı? Kibriti çəkdim və bir az keçməmiş qara tüstünün qalxdığını gördüm. Gözlərim acışdı. Birdən saman alovlandı və mən samanlığın yanacağından qorxub eşiyə qaçdım. Anam tüstünü görüb haray saldı, qonum-qonşu tökülüb samanlığa düşən od-alovu söndürdü. Qonşu kənddə dərs deyən atam evə qayıdanda anam məndən giley-güzar eləməyə başladı. Atam məni vurmadı, dedi, yaxşı ki, özünə bir şey olmayıb. Amma xeyli öyüd-nəsihət elədi, başıma ağıl qoymağa çalışdı ki, bir də belə iş görməyim”.
Uşaqlıqda bu cür dəcəl olan Muxtar məktəbə gedəndə yavaş-yavaş sakitləşməyə başlayır. Şuluqluq etmək, dalaşmaq, bir yerdə durmayıb ora-bura qaçmaq kimi vərdişləri tədricən çəkilib gedir.
“Bitlə birənin nağılı”
Həmsöhbətimiz ailəsində ədəbiyyata olan maraqdan da söz açdı: “Atam riyaziyyat muellimi olsa da, ədəbiyyata çox böyük maraq göstərirdi. Qalın bir dəftəri var idi, cavan vaxtı həmin dəftərə şeirlərini yazmışdı. Şeirlərin çoxu təmsil idi. Xəlvətcə dəftəri götürüb o şeirləri oxuyardım. Anam təhsil almasa da, iti zehinli idi. Bizə nağıllar danışardı. “Bitlə birənin nağılı”nı elə məzə ilə danışardı ki, ona bu nağılı təkrar-təkrar söylətməkdən doymazdıq. Onu da deyim ki, bu gün mənim cibimdə həmişə bir dəftərçə olur, yayda kəndlərə gedəndə adamlardan eşitdiyim maraqlı atalar sözü və məsəlləri ora qeyd edirəm. O dəftərçəni vərəqləyəndə görürəm ki, ordakı sözlərin əksəriyyəti anamın dilindən yazdıqlarımdır. Anam cavan vaxtları yaxşı tikiş də tikərdi (indinin özündə də boş dayanmağı sevmir, evdə hansısa işə əl atır – M.K.). O vaxt kasıb idik, anam bizə də, əmim uşaqlarına, hətta qonşuların uşaqlarına da şalvar, köynək tikərdi. Paltar tikəndə öz-özünə oxuyar və oxuya-oxuya ağlayardı. Ağlamasının səbəbini soruşanda deyərdi, babam (müharibədən qayıtmayan atasını nəzərdə tuturdu – M.K.) yadıma düşüb”.
“Ədəbiyyatı seçməyimin “günahkarları””
Orta məktəbi bitirib ali məktəbə sənəd verərkən atası hüquq fakültəsinə getməyi məsləhət görsə də, Muxtar Kazımoğlu dediyindən dönmür, sənədlərini indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verir və qəbul olur: “Atam deyirdi ki, hüquq fakültəsini qurtarsan, qohum-qardaşa köməyin dəyər, onlara əl tutarsan. Universiteti bitirəndən sonra üç il qonşu kənddə müəllim işlədim. Sonra aspiranturaya qəbul oldum. Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olanda dərk etdim ki, atam düz deyirmiş, elmi işçi ola-ola adamlara istədiyin köməyi etmək mümkün deyilmiş. Müxtəlif işlərdən ötrü kəndimizdən yanıma adamlar gələrdi. Mən bir elmi işçi kimi onlara nə kömək edə bilərdim? Nə elə pulum vardı ki, ciblərinə pul qoyam, nə də elə böyük əlaqələrim vardı ki, kiməsə zəng edəm, kəndçilərimin dərdinə çarə qılam”.
Hüquq sahəsini yox, ədəbiyyatı seçməyinin səbəbinə gəlincə, Muxtar Kazımoğlu deyir ki, bunun “günahkarları” qardaşı Akif İmanlı və onun dostu İsa Həbibbəylidir: “İsa Həbibbəyli ilə qardaşım bir kursda oxuyublar, yataqxanada da eyni otaqda qalıblar. Tez-tez İsa müəllim bizim kəndə gələr, ya da qardaşım Akif onların kəndinə gedərdi. İsa müəllim bizə gələndə mən bir tərəfdə oturub qardaşımla onun söhbətinə qulaq asardım. Ədəbiyyatçı olmağımda o söhbətlərin çox böyük təsiri oldu”.
“Adam dilində yazın”
Beləliklə, filologiya fakültəsini seçən Muxtar Kazımoğlu sevdiyi ixtisas üzrə çalışaraq cəmiyyətdə kifayət qədər tanınır. Amma bu, çox sonralar olur. Ona kimi müsahibimiz uzun bir yol keçir, tanınmış müəllimlərdən dərs alır: “Bizə Mir Cəlal Paşayev, Səlim Cəfərov, Muxtar Hüseynzadə, Fərhad Zeynalov, Yusif Seyidov, Firudin Hüseynov, Mehdi Məmmədov, Bəkir Nəbiyev, Qulu Xəlilov və b. ustad müəllimlər dərs deyib. Mir Cəlal Paşayev ədəbiyyatşünaslığın əsaslarını tədris edirdi. Mir Cəlal müəllim dilə, fikrin dildə aydın ifadə olunmasına xüsusi diqqət yetirərdi. Onun çox gözəl bir sözü vardı. Deyərdi ki, “adam dilində yazın, adam dilində”. Mən aspiranturada oxuyarkən ilk ciddi məqalələrimi yazanda “adam dili” deyəndə Mir Cəlal müəllimin nəyi nəzərdə tutduğunu daha dərindən başa düşdüm. O vaxt qələm yoldaşlarımın bəziləri qəliz cümlələr qurub özlərini savadlı adam kimi göstərmək istəyirdilər. Mən o cür yolla getməməyə çalışdım. Ən mürəkkəb məsələləri də sadə dildə ifadə etmək istədim”.
“Mənim dekabristlərim”
Qulu Xəlilovla bağlı xatirələrindən danışan müsahibimiz deyir ki, Qulu müəllim digər müəllimlərdən fərqli olaraq təkcə dərs keçmirdi, həm də tələbələrini mübahisələrə çəkirdi: “Təzə çıxan bədii əsərləri dərsdə - ədəbi tənqid kursunda qızğın müzakirə edirdik. Sərbəst müzakirə və mübahisələrə şərait yaratmaqla Qulu müəllim bizim dilimizi açdı. Dilimiz o dərəcədə açıldı ki, bəzən Qulu müəllimin özü ilə də mübahisə etməkdən çəkinmədik. Qulu müəllim bizə zarafatla “mənim dekabiristlərim” deyərdi”.
Ata haqqı
Müsahibimiz tələbə vaxtı yataqxanada qaldığını bildirir. Folklorşünas alim tələbəlikdə atasının göndərdiyi 30 manat və öz aldığı təqaüdlə dolanırmış: “Universiteti bitirəndən sonra bacım Pərvanənin dediyi bir söz heç yadımdan çıxmır. Deməli, bir dəfə atamın mənə pul göndərəcəyi vaxt yaxınlaşıbmış, amma işdən maaşlar nədənsə gecikirmiş. Bacım deyir ki, sənə pulu vaxtında göndərə bilmədiyinə görə atam özünə yer tapa bilmirdi, çox narahat idi, hardansa pul tapıb sənə göndərəndən sonra kişinin eyni açıldı, üzü güldü. Bacımın bu sözlərini xatırladıb demək istəyirəm ki, uşaqlıq, gənclik illərindən danışanda valideynlərimizin üstümüzdəki haqqını heç vaxt unutmamalıyıq”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər