AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Sülhməramlı” təxribat

“Sülhməramlı” təxribat

Siyasət
02 Aprel 2021, 16:30 527
Politoloqların fikrincə, Qarabağdakı təxribatlar yeni müharibə ehtimalını artıra bilər
 
İkinci Qarabağ müharibəsindən sonra məğlub olan Ermənistan üçtərəfli razılaşmanın tələblərini tam yerinə yetirmək əvəzinə, Qarabağda müəyyən təxribatlar da törətməkdə davam edir. Separatçılar gah qondarma parlamentin iclasını keçirir, gah rus dilini "ikinci dövlət dili” elan edir. Eyni zamanda Ermənistan rəsmiləri də mütəmadi olaraq Qarabağa səfərlər edir. Bütün bu təxribatlar isə Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Onlar isə buna göz yumur. Bu addımı nəyin əlaməti hesab etmək olar? Azərbaycan belə məqamlarla bağlı hansı addımları atmalıdır?   
     
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyalı hərbiçilərin erməni təxribatının qarşısını almırlar: "Bəzən əksinə olaraq, özləri şərait yaradırlar. İndiki halda Rusiya ermənilərə desə ki, bunu etməyin, onlar etməzlər. Çünki Moskvadan asılıdırlar. Amma demirlərsə, deməli, ermənilər də öz bildiklərini edirlər. Yəni, tərksilah olmurlar, saxta parlamentlərinin iclasını keçirirlər, səfərlər təşkil edirlər, indiki ağır vəziyyətdə kilsələrə gedirlər, halbuki bunu sonra da edə bilərlər. Əlbəttə ki, bunlar rus hərbiçilərinin gözü qarşısında baş verir. Belə olan halda, biz, qarşı tərəflə yox, onun ağası ilə danışmalıyıq. Ermənilərin ağasına izah etməliyik ki, bu vəziyyət müharibə ehtimalını yenidən artıra bilər. İndiki halda Rusiya da müharibə istəmir və əslində Moskva ermənilər qarşısında tələblə çıxış etməlidir. Onu qeyd edim ki, xarici işlər naziri Ceyhun Bayramov Moskvada idi və rusiyalı həmkarı Lavrovla da görüşdü. İnanmaq istəyərəm ki, Ceyhun Bayramov  bu məsələləri ciddi surətdə Lavrovun qarşısında qaldırıb. Çünki belə olmaz. Əgər bölgədə sülh, əməkdaşlıq, inkişaf istəyiriksə, bu cür təxribatlara yol verilməməlidir. Ermənilər deyirlər ki, bizim əsirləri qaytarın və harada gəldi bu məsələni səsləndirirlər. Halbuki, biz dəfələrlə demişik ki, 10 noyabrdan sonra əlisilahlı olan ermənilər Azərbaycan üçün əsir deyil. Amma yenə də bizim şərtləri yerinə yetirsələr, onun qarşılığında həmin əsirlərin müəyyən hissəsini geri qaytara bilərik. İndiki halda o şərtlər yerinə yetirilirmi? Yox! Məsələ də burasındadır. Ermənilər tərksilah olmur, parlamentin saxta iclaslarını keçirirlər. Eyni zamanda müəyyən ərazilər var ki, Azərbaycanın nəzarətinə keçməlidir. Bu barədə danışıqların gedib-getmədiyi barədə məlumatım yoxdur. Lakin Xocalı, Şuşanın kəndləri, Xankəndinin özü belə nəzarətimizə keçməlidir. Bütün bu məsələlər qaranlıq qaldığı üçün də həll olunmur və sonrakı aylara, illərə qala bilər. O zaman da gərginlik yaranacağı şübhə doğurmur. Ona görə də, hesab edirəm ki, bu məsələni, əsasən Moskvanın qarşısında qaldırmaq lazımdır ki, onlar tədbirlər görsün. Əgər Rusiya bir tədbir görməyəcəksə və ermənilər öz bildiklərini edəcəklərsə, onda biz Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik və bu ölkənin hərbi bazalarının Qarabağda yerləşdirilməsi istiqamətində danışıqlara başlamalıyıq”.
 
E.Şahinoğlu Paşinyanın Moskva səfərinə toxunaraq qeyd etdi ki, belə səfərlər, görüşlər çox olub: "Amma Paşinyan indiki halda minnətlə Moskvaya gedir. Onun Moskvadan xahiş və ricası olacaq ki, kommunikasiya xətlərinin açılması ilə bağlı iyunun 20-dək onu sıxışdırmasınlar. Ermənistanda seçkiləri keçirsinlər. Onsuz da Paşinyanın reytinqi yüksəkdir və böyük ehtimalla, yenə də hakimiyyətdə qalacaq. Hökuməti ya təkbaşına, ya da koalisiya şəklində formalaşdıracaq və bunu Moskva da anlayır. Ona görə də, Paşinyan seçkilərə görə sıxılmasını istəmir və əgər o nə isə güzəştə getsə, devirə bilərlər. Bu səbəbdən də iyunun 20-dək Rusiyadan və eyni zamanda Rusiya vasitəsilə bizdən vaxt istəyir ki, seçki keçirilsin və sonra əli gücləndirilmiş şəkildə kommunikasiya xətlərini açsın və digər məsələlər həll olunsun. Düşünürəm ki, Paşinyanın Moskvadan istəyi var, nəinki Moskvanın Paşinyandan”.
 
Politoloq Qabil Hüseynli hesab edir ki, Kreml istədiyi düzəni postsovet məkanında bərqərar etmək istəyir. Onun fikrincə, rusların və eləcə də Qarabağdakı erməni tör-töküntülərinin hərəkəti Azərbaycan xalqını çox narahat edir: "Əlbəttə, təkcə bu məsələlər deyil. Eləcə də Əsgəran, Ağdərə, Xocalı istiqamətində olan ermənilər yolları bağlayır və Azərbaycana məxsus avtomobillərin Ağdərə istiqamətindən Kəlbəcərə yük daşınmasına imkan vermirlər. Rus sülhməramlıları da bunu dəstəkləyir. Üstəlik, həmin ərazilərdə hələ də erməni silahlı birləşmələrinin qalıqları qalır. Əlbəttə ki, Azərbaycan vəziyyətin belə davam etməsinə imkan verməyəcək və öz ərazi bütövlüyünü birmənalı qaydada təmin edəcək. Bunun dəqiq vaxtı məlum olmasa da, amma bu, mütləq baş verəcək. Bütövlükdə ölkəmizdə üçüncü bir qüvvənin olmasına imkan verməyəcəyik. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşı olacaqlarsa, həmin ərazilərdə yaşaya biləcəklər”.
 
Q.Hüseynli yaranmış vəziyyətin diplomatik həllinin mümkün olub-olmamağına münasibət bildirərkən vurğuladı ki, hələlik problemlər həll edilməmiş qalır: "Amma inanmıram ki, buna cəhd edilməsin. Məsələn,  bir neçə gün əvvəl Lavrovla Ceyhun Bayramov və Ara Abramyan arasında görüş keçirilib. Düzdür, qeyd edilir ki, bu görüşdə kommunikasiya məsələləri və onun həll edilməsi müzakirə olunub. Amma onu qeyd edim ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov özü dəfələrlə bölgədə Rusiya sülhməramlılarının hərəkətlərindən və eləcə də erməni silahlı birləşmələrinin qalmasından narazılığını bildirib. Yəqin bu məsələlər də Lavrovla müzakirə edilib. Lakin Rusiya xarici işlər naziri o şəxs deyil ki, məsələnin həllinə pozitiv nail olasan. Hesab edirəm ki, Qarabağdakı problem indiyədək güc yolu ilə həll edilibsə, qalan məsələlər də belə həll ediləcək. Bunun vaxtı uzaqda deyil və bəlkə də bu il və ya gələn il ərzində qalan problemlər də həll olunacaq”.
 
BƏXTİYAR