• cümə axşamı, 18 aprel, 17:52
  • Baku Bakı 22°C

Sülh və dayanıqlı inkişafın əsas təməli - Fotolar

07.12.18 15:15 735
Sülh və dayanıqlı inkişafın əsas təməli - Fotolar
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT ilə birlikdə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirib.

Ombudsman Elmira Süleymanova tədbiri açaraq, qeyd olunan əlamətdar hadisələr münasibətilə iştirakçıları təbrik edib və xoş arzularını bildirib, bu mühüm günlərin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, bildirib ki, bu il həm də Müvəkkil 35 rayonu əhatə edən Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri ilə birlikdə Azərbaycanın dəstəklədiyi və qatıldığı beynəlxalq kampaniyaları çərçivəsində, yəni İnsan Hüquqları üzrə Ali Komissarının "İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı, habelə 25 noyabrdan 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək həyata keçirilən "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ilə bağlı paytaxtda və regionlarda əhalinin iştirakı ilə çoxsaylı tədbirlər keçirib. Bunlar insan hüquqlarının təbliği və təşviqi, əhalinin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Diqqətə çatdırılıb ki, yeni seçilmiş BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Baçeletin "Hər bir kəsin insan hüquqlarının müdafiəsinə qalx” çağırışı da bu sahədə birgə və əlaqələndirilmiş fəaliyyəti daha da gücləndirməyə sövq edir. Sonra həmin çağırışı əks etdirən videoçarx nümayiş etdirilib.

Ombudsman çıxışını davam etdirərək vurğulayıb ki, konfransın mövzusunda yer almış bərabərlik, sülh və dayanıqlı inkişaf bir-biri ilə sıx əlaqədə olan məhfumlardır, bərabərlik olan yerdə sülh olar, sülh isə dayanıqlı inkişafın əsas şərtlərindəndir.

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi və hüquq bərabərliyi bir çox dövlətlərin Konstitusiyasında, beynəlxalq konvensiyalarda təsbit olunduqdan sonra, bu sənəd icrası mütləq statusu almışdır. Həmin prinsiplər 30 il əvvəl Şərqdə ilk Parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçki hüququ verilmiş, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları tanınmışdır.

Müvəkkil Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk Parlamenti, mühüm nazirliklərin, prokurorluq və digər orqanların yaradıldığını, bu münasibətlə konfransda iştirak edən Bahar Muradovanı, habelə həmin qurumların nümayəndələrini təbrik edib və uğurlar arzulayıb.

E.Süleymanova bu konfransın həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını, bunların bir çoxunun bilavasitə və ya dolayısı ilə insanların hüquqlarının təmin olunmasına və hüquq bərabərliyinə yönəldiyini söyləyib.

Bu il Ümummilli liderimiz Heydər Əliyevin 95 illiyinin qeyd edildiyi, onun başladığı və Prezident İlham Əliyevin ölkəmizdə uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə sülhə və dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırılıb.

Bildirilib ki, ölkəmiz bu dövrdə geniş beynəlxalq əməkdaşlığını davam etdirmiş və böyük nüfuz sahibi olmuş, beynəlxalq konvensiyalara qoşulmuş, çoxsaylı qanunvericilik aktları qəbul olunmuş, bunların icrasını və hər bir kəsin bərabər insan hüquqlarını təmin etmək üçün səmərəli mexanizm olan Ombudsman təsisatı yaradılmışdır. Respublikamızda analoqu olmayan bu ilk qurum qısa müddətdə özünü doğrultmuş, ölkəmizdə və beynəlxalq qurumlar arasında böyük nüfuz qazanmışdır.

Milli Məclis sədrinin müavini Bahar MuradovaBMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai də giriş sözləri ilə çıxış edib, bu konfransın təşkilinə və səmərəli əməkdaşlığa görə Müvəkkilə minnətdarlıqlarını bildirib, təmsil etdikləri qurumların insan hüquqları üzrə fəaliyyəti barədə danışıblar.

Sonra E.Süleymanova "Ombudsmanın əhalinin bütün qruplarının fərq qoyulmadan bərabərlik hüquqlarının təmin olunmasında fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Ombudsman təsisatının insan hüquqları, o cümlədən qaçqınların, məcburi köçkünlərin, miqrantların, əliliyi olan şəxslərin, uşaqların, qadınların, məhkumların və digər əhali qruplarının hüquqlarının təmini və müdafiəsi, habelə hüquqi maarifləndirmə, beynəlxalq əməkdaşlıq sahəsində çoxşaxəli fəaliyyəti və nailiyyətləri, Milli Preventiv Mexanizm qismində gördüyü işlər barədə ətraflı məlumat verib.
Konfransda YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Edvard Karvardin "Uşaq hüquqları – heç bir uşaq kənarda qalmasın”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova "Qadın və uşaq hüquqlarının təminatında dövlət qurumlarının və QHT-lərin əməkdaşlığı”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev "İnsan hüquqlarının müdafiəsi sahəsində insan hüquqlarının tədrisinin rolu” və Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni "İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzularında çıxışlar ediblər.

Konfransın sonunda Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq YUNİSEF-in dəstəyi ilə keçirdiyi "Hüquqlar hamı üçün!" mövzusunda jurnalist yazıları, həmçinin "Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinə yekun vurulmuşdur.

Jurnalistlər İlhamə İsabalayeva ("Olaylar” qəzeti) və Nigar Abdullayeva ("Palitra” qəzeti) I yerə, Rufik İsmayılov ("Kaspi” qəzeti) və Nazim Əlifov ("Savalan" qəzeti) II yerə, Seymur Əliyev ("Türküstan" qəzeti) və Əli İbrahimov ("Xalq cəbhəsi" qəzeti) III yerə layiq görülüb, sertifikatlar və pul mükafatları alıblar.

Qeyd olunmalıdır ki, builki uşaq rəsm müsabiqəsinə Bakıdan və regionlardan, o cümlədən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndindən olan 308 uşağın 400-ə yaxın rəsm işi təqdim olunub.

Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Səyyad Məlikov, Firuzə İsmayılova və Tunar Rəşidli birinci yer, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Mədinə Orucova, Nigar Ağamirzəyeva və Xədicə Rzayeva ikinci yer, Çobanova Aysel, Ləman Ağazadə və Məmmədli Nihad isə üçüncü yerləri tutub, onlara sertifikatlar və pul mükafatları təqdim edilib. Rəsmləri fərqləndirilən 34 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunublar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, paytaxt və bölgələrdəki uşaq yaradıcılıq evlərini, rəsm studiyalarını təmsil edən istedadlı uşaqlar vardır. Onların müsabiqəyə təqdim etdiyi rəsmlər mövzusunun aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə fərqlənir.
banner

Oxşar Xəbərlər