• cümə axşamı, 25 aprel, 19:37
  • Baku Bakı 21°C

Sülh Platformasının yaradılması Azərbaycanın uğuru sayıla bilər

08.12.16 15:24 2378
Sülh Platformasının yaradılması Azərbaycanın uğuru sayıla bilər
Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma yaradılıb. Bununla bağlı qəbul olunmuş bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədləri qəbul edilir. Həmçinin BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyi vurğulanır. Qeyd olunur ki, münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq. Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasiyaların açılması olmalıdır. Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan ("Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan ("Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev ("Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova ("İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.

Millət vəkili Elman Nəsirov "Kaspi”yə bildirib ki, platformayla bağlı artıq müəyyən addımlar atılıb, onun yaradılması bəyan edilib: "Münaqişənin həlli ilə bağlı prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir. Təəssüf ki, indiyə qədər heç bir nəticə hasil olmayıb. Biz fərqindəyik ki, yalnız bu yüksək səviyyəli danışıqlar nəticəsində razılaşma əldə olunarsa, o halda, münaqişə həllini tapacaq. İkinci bir element də var, ona xalq diplomatiyası deyirlər. Bizim qənaətimiz ondan ibarətdir ki, xalq diplomatiyası bu münaqişəni həll edən deyil. Bu işləri yalnız və yalnız prezidentlərin siyasi iradələri həll edir. Hələ ki, Ermənistan prezidentinin belə bir siyasi iradəsinin olmadığının şahidiyik. Təbii olaraq, əlavə imkanlardan istifadə məsələsi aktuallaşır. Bu nöqteyi-nəzərdən, sülh naminə Platforma ideyası diqqəti cəlb edən məsələdir. Xalq diplomatiyasının ifadəsi, onun əlamətidir. Söhbət qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ictimai birliklər, ziyalılar, alimlər, sənət adamları və digər bu kimi cəmiyyətdə öndə gedən simaların təmaslarından gedir. Ünsiyyət, qarşılıqlı səfərlər əsasında münaqişənin həlli prosesinə töhfə vermək planlaşdırılır. Əsas mahiyyət bundan ibarətdir”.
E.Nəsirovun fikrincə, bəyanatda diqqəti cəlb edən əsas məqam münaqişənin kompromis nəticəsində həlli ideyasıdır. Məlumdur ki, Azərbaycan münaqişənin həlli ilə bağlı ən böyük güzəştə getməyə razıdır. Belə ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilir - Dağlıq Qarabağ Muxtar Respublikasının yaranmasına icazə verilir: "Azərbaycanın ərazi bütövlüyü məsələsi təbii ki, dəyişməz məqamdır. Dağlıq Qarabağın və onun ətrafındakı rayonların azad olunması ideyası bu sənəddə öz əksini tapıb. Eyni zamanda, qaçqınların, məcburi köçkünlərin öz yuvasına qayıtması, kommunikasiyanın bərpası kimi yenilənmiş Madrid prinsiplərindən irəli gələn məsələlər də burada öz əksini tapıb. Xalq diplomatiyası yardımçı funksiyanı həyata keçirəcək, münaqişənin həllinə töhfə verməyə çalışacaq. Bunun nə dərəcədə uğurlu olacağı sualına cavab vermək çox çətindir. Çünki əvvəllər də analoji addımlar atılıb. Ermənistandan gələn nümayəndə heyətləri Azərbaycanda, bizimkilər isə Ermənistanda olublar. Bundan sonra Ermənistan hökuməti əl-ayağa düşüb vahimə içərisində bu prosesin qarşısını alıb. Çünki Ermənistandan gələn nümayəndə heyəti Bakını öz gözləri ilə görərkən Ermənistanın nə qədər geridə qaldığının şahidi olublar”.
Millət vəkilinin fikrincə, o insanlar geri döndükdən sonra Ermənistanda ictimai fikrin dəyişməsinə nail ola, münaqişənin dinc yolla həlli məsələsini aktuallaşdıra bilərlər. Status-kvonun dəyişməsinə çalışa bilərlər. Nəticədə barışıq, sülh yaşanar: "Ermənistan isə hər zaman bundan qorxduğundan gedişata imkan verməyib. İndi növbəti addım atılır. Bunun əvvəlki addımların taleyini yaşayacağını, yoxsa effektli olacağını indidən demək çox çətindir”.

Politoloq Elxan Şahinoğlu düşünür ki, xalq diplomatiyasını genişləndirmək rəsmi Bakının yeni strategiyasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı, xalq diplomatiyasına da üstünük verməyə başlayıb. Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabrın əvvəllərində Bakıda konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yeri verildi. Məqalədə əsas tezislər bunlar idi - "İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və "yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər...”; "Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir...”;
"erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil...”. Bu tezislərlə yanaşı, "Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi” kimi fikirlər vardı. Ümumiyyətlə, məqalənin əsasını erməni ictimai fəalların Bakıya gəlişləri və onların Azərbaycan paytaxtında iştirak etdikləri konfransın tezisləri təşkil edir”.
Politoloq xatırlatdı ki, Ermənistan tərəfdən platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir: "Bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidirlər. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, qaçqınların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. Platforma hər iki ölkədən ictimai fəalların qoşulması üçün acıqdır.
Beləliklə, bu platformanın yaradılması Azərbaycanın uğuru sayıla bilər. Çünki platforma və orada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir. Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana adi olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu, bir beyin oyunudur və bu oyunda işğalçıdan irəli olmağı bacarmalıyıq”.

Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər