• çərşənbə axşamı, 19 mart, 07:34
  • Baku Bakı 8°C

Sülh – dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır

21.09.17 09:45 4197
Sülh – dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır
Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 1981-ci ildə qəbul etdiyi müvafiq qətnamə ilə təsis edilmiş və ilk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunmuşdur. Elə o vaxtdan etibarən də hər il sentyabr ayının hər 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi qeyd edilirdi. Lakin BMT Baş Məclisinin 2001-ci ildə qəbul etdiyi qətnaməsinə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.

BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olmuşdur.

2017-ci il üçün Beynəlxalq Sülh Gününün mövzusu "Sülh üçün Birlikdə: Hamıya Hörmət, Təhlükəsizlik və Ləyaqət” adlandırılmışdır. Bu təşəbbüs isə 2016-cı ilin 19 sentyabr tarixində BMT-nin Qaçqınlar və Miqrantlar üçün Sammitində səsləndirilmişdir.

Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Bu baxımdan dünya ölkələrinin yekdil qərarı ilə əlamətdar gün kimi qəbul edilmiş Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur.

Bu gün təəssüflə qeyd etmək lazımdır ki, sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, heç də hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir, onların insan həyatı və bütövlükdə bəşəriyyət üçün təhlükəli olan nəticələrə səbəb olur.

İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin müasir tələblər səviyyəsində yüksəldilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdəndir. Buna görə də Beynəlxalq Sülh Günü nəinkixalqlararasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə, insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılmasına nail olmaq üçün bir imkandır. Bunu nəzərə alaraq hər il ənənəvi olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın təşəbbüsü ilə "İnsan hüquqları aylığı”, "Uşaq hüquqları aylığı” ilə yanaşı, "Sülh aylığı”nın da elan olunması əhalinin hüquqi maarifləndirilməsi işinə mühüm töhfələr verməklə, ölkəmizdə insan hüquqları və sülh mədəniyyətinin təbliği sahəsində müsbət təcrübə formalaşdırır.

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il Beynəlxalq Sülh Günü ərəfəsində, yəni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə "Sülh aylığı”nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti cənabİlhamƏliyevinrəhbərliyi altında həyata keçirilən islahatlar, sülhsevər xarici siyasət kursunun əsasprioritet istiqamətini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, siyasi müstəqilliyə qarşı güc tətbiq etmənin yolverilməzliyi, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ölkəmizin ərazisində xarici ölkələrin hərbi qüvvələrinin digər ölkələrin təhlükəsizliyinə təhdid vasitəsi kimi istifadə edilməsinin qeyri-mümkünlüyü, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir.

İnsan hüquq və azadlıqlarının heç bir ayrı-seçkiliyə yol vermədən, hamı üçün bərabər şəkildə təmin olunması ilə yanaşı Azərbaycanın gözəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, əhalisi polietnik, çoxmillətlidi, ölkədə 80-dən çox etnos heç zaman münaqişələr müşahidə olunmadan, mehribançılıq və əməkdaşlıq şəraitində yaşayır, bu faktlar Azərbaycanda azsaylı xalqların və etnik qrupların inkişafı üçün lazımi şəraitin yaradılmasını bir daha sübut edir.

Tarixən ölkəmizdə yaşayan insanlar arasında milli və ya dini ayrı-seçkilik qoyulmamış və bu gün də qoyulmur. Tolerantlıq, milli-etnik dözümlülük, sıx əməkdaşlıq, bərabər imkanlarla iştirak milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda müxtəlif xalqlar vahid və mehriban bir ailə kimi yaşayaraq bir-birinin dininə, inanc hislərinə, ibadətgahlarına hörmətlə yanaşmış və zəngin mədəni müxtəlifliyini qoruyub saxlamışlar.

Dövlət başçısının müvafiq Sərəncamları ilə ötən ilin Azərbaycanda "Multikulturalizm ili”, bu ilin isə onun məntiqi davamı kimi "İslam Həmrəyliyi İli” elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən əhəmiyyətli bir ideya olmaqla bərabər Azərbaycanda tolerantlığa, birgəyaşama ənənələrinə olan münasibətin təzahürü kimi xalqımız tərəfindən də yüksək qiymətləndirilir.

Ölkəmizdə tolerantlığın daha bir təsdiqi üçün qeyd edə bilərəm ki, Azərbaycanda on minlərlə erməni bu gün də yaşayır. Azərbaycan vətəndaşı kimi onlar bütün konstitusion hüquqlardan faydalanır, dövlət orqanları, ombudsman təsisatı tərəfindən hüquqları təmin olunur, millətinə görə hər hansı hüquq pozuntusuna məruz qalmır. Bundan fərqli olaraq, tarixən qədim və əzəli Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistanda isə, yüz minlərlə azərbaycanlılardan bir nəfər də olsun qalmamış və Ermənistanın monoetnik dövlət kimi yürütdüyü, etnik təmizləmə siyasətinin nəticəsi olaraq kütləvi deportasiyaya məruz qoyulmuşlar.

Bunun özülündə isə təbii ki, ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycanın bir çox göstəricilər üzrə sürətlə inkişaf edən öndər ölkəyə çevrilməsi faktı durur.

Ölkə başçısı cənab İlham Əliyevin siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində müvafiq qanunvericilik aktları qəbul olunmuş, zəruri tədbirlər həyata keçirilmiş və bu proses hazırda da uğurla davam etdirilir. Həyata keçirilən bütün tədbirlər və islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarının həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Azərbaycana beynəlxalq aləmin marağı daha da artır və ölkəmizdə bir sıra beynəlxalq tədbirlər uğurla həyata keçirilir.

Yaşamaq hüququ insanın ən ümdə və ayrılmaz hüququdur. Bu hüquq şəxsin öz fiziki və bioloji fərdi mövcudluğu üçün heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir sosial varlıq kimi müxtəlif maddi və mənəvi nemətlərdən bəhrələnməsini ifadə edir. Bu mənada sülh həm də həyatın, insan ömrünün özülündə duran yaşamaq hüququnun təmini baxımından da mühüm əhəmiyyətə malikdir. Buna görə də insanların sülh içində yaşamaq hüququ var.

Qeyd etmək istərdim ki, Azərbaycanın BMT-yə üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması və bundan irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədiləölkə başçısı tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması da xüsusi əhəmiyyət kəsb edir.

Sülh, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox vacibdir, çünki sülh və inkişaf bir-birindən qarşılıqlı sürətdə asılı və bir-birini gücləndirən anlayışlardır. Təbii ki, davamlı sülh üçün dayanıqlı inkişaf çox önəmlidir və hər ikisi insan hüquqlarına hörmətdən asılıdır. BMT-nin sabiq Baş katibi Pan Gi Mun da haqlı olaraq qeyd etmişdi ki, "Sülh ancaq silahları kənara qoymaq deyil. O elə bir cəmiyyət yaratmaqdır ki, orada insanlar yoxsulluqdan əziyyət çəkmir və rifahın bütün faydalarından yaralanırlar. Bu universal ailə kimi birlikdə inkişaf etmək və bir-birini dəstəkləməkdir.”.

İftixar hissi ilə qeyd etmək istərdim ki, ölkədə idmanın inkişafına göstərilən diqqət nəticəsində bu gün dünya, Azərbaycanı həm də idman ölkəsi kimi tanıyır. Həm örnək olaraq yüksək standartlar yarandığı ilk Avropa Oyunlarını (2015), həm də ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəylik Oyunlarını (2017) ölkə Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz çıxışlarında yalnız idman nailiyyətləri deyil, həm də milli dəyərlərimizə sadiq olaraq, eyni zamanda hər bir ölkədə insanların sülh, əmin-amanlıq, yüksək rifah, ədalətli dünya, dayanıqlı inkişaf naminə yaşamağın müsbət təcrübələrini bölüşməklə dünyanın qlobal çağırışlarına dəstək verərək dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əməkdaşlığın həm zəruri, həm də mümkün olduğunu vurğulamışlar.

Tarixən Olimpiya Oyunları sülhün əsas simvollarından biri hesab olunub və hazırda da bu belədir. Heç də təsadüfi deyildir ki, tarixin müxtəlif dönəmlərində məhz olimpiya oyunlarının keçirildiyi müddətdə bütün müharibələr dayandırılırdı.

Məlum olduğu kimi, ötən illərdə olduğu kimi, bu ildə ölkəmizin növbəti dəfə - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir. Dünyanın siyasi və mədəni həyatında xüsusi çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin, siyasətçilərin, hökumət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, alimlərin yenə də ölkəmizin paytaxtı Bakıya üz tutaraq belə bir mötəbər tədbirə qatılması mühüm hadisə kimi qiymətləndirilməlidir.

Xüsusilə vurğulanmalıdır ki, həmin mötəbər beynəlxalq tədbirin rəsmi açılışında ölkə başçısı İlham Əliyev öz çıxışında demişdir: "Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar”.

Təbii ki, vətəndaşların maraqlarına uyğun olaraq, dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində, bu vərdişlərin yayılmasında bütün qüvvələrimizi səfərbər etməliyik.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, insan hüquqlarına dair bir sıra universal və regional beynəlxalq hüquqi aktlarda öz əksini tapmış, insan hüquqlarının tərkib hissəsi kimi, kollektiv hüquqlardan olan sülh hüququ geniş anlam ifadə etməklə yanaşı bütün xalqlar və cəmiyyətimiz üçün firavanlığı, əmin-amanlığı, müha­ribəsiz, zorakılıqsız mədəniyyəti ehtiva edir.

Hazırda dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ikili standartlar nəticəsində müsəlman dövlətləri münaqişə ocaqlarına çevrilir, əhalisi, mədəniyyəti, iqtisadiyyatı ağır itkilərə məruz qalır. Bu baxımdan XX əsrdə tarixin ən dəhşətli səhifələrindən biri də genosid siyasətinin davamı olaraq Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzüdür. Bu işğal siyasəti nəticəsində on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırımı aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olmuş, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilmişdir. Eyni zamanda minlərlə soydaşımız itkin düşmüş, əsir və girov götürülmüş, atəşkəs rejiminə baxmayaraq bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir.

Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, Xocalı soyqırımı XX əsrin Xatın, Sonqmi, Liditse, Babiy Yar kimi dəhşətli faciələrin sırasına düşdü.

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Xocalı soyqırımının əsl mahiyyəti açıqlanmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Hazırda ölkə səviyyəsində bu siyasi kurs davam etdirilməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini vurğulamaqla yanaşı, Xocalı soyqırımının tanınmasını qətiyyətlə tələb edir.

Bu il Xocalı soyqırımının törədilmisinin 25 ilinin tamam olmasına baxmayaraq təəssüf ki, günahkar şəxslər hələ də öz layiqli cəzasını almamışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl işlər görülür. Eyni zamanda, Fondun vitse-prezidenti Leyla Əliyevanın gerçəkləşdirdiyi "Xocalıya Ədalət” kampaniyası bu gün Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasını təmin etməkdədir.

Təəssüf ki, bu gün uzun sürən sülh danışıqları, nüfuzlu beynəlxalq təşkilatların BMT, Avropa Şurası, ATƏT-in Minsk qrupu və digər qurumların səyləri, problemin həllində vasitəçilik missiyası heç bir nəticə vermir.

Eyni zamanda haqq və ədalət hissini itirməyən dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır.

Ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq bir sıra strateji sənədlər qəbul edilir və uğurla həyata keçirilir.

Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının 39-cu bəndində, habelə 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının isə 4.10-cu bəndində də "Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” aidiyyəti qurumlar üçün bir vəzifə kimi təsbit olunmuş, yerli və mərkəzi icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, həmin sənədlərə əsaslanmaqla QHT və KİV-lə əməkdaşlıqda geniş fəaliyyətlər həyata keçirmişlər.

Azərbaycan Ombudsmanı ATƏT-in İnsan Ölçüsü Komitəsinin Avstriyanın Vyana şəhərində keçirilmiş iclasında üzv dövlətlərin insan ölçüsü sahəsində öhdəlikləri yerinə yetirməsi üzrə könüllü hesabatlarının təqdim edilməsi prosesində Milli Fəaliyyət Proqramı ilə bağlı geniş təqdimatla çıxış etmişdir. ATƏT-in İnsan Ölçüsü Komitəsinin sədri, İsveçrənin ATƏT yanında Daimi Nümayəndəsi səfir Tomas Qreminger geniş və məzmunlu təqdimatına, tədbirdə maraqlı dialoq yaratdığına görə Müvəkkilə dərin təşəkkürünü bildirmişdir.

Artıq bir ənənə halını almış Ombudsmanın təşəbbüsü ilə "Sülh aylığı” çərçivəsində müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, beynəlxalq təşkilatlara, QHT və KİV-lərə, icmalara müraciətlər ünvanlanaraq, müxtəlif silsilə tədbirlərin davamlı olaraq keçirilməsi tövsiyə olunur ki, bu da özlüyündə sülh mədəniyyətinin təbliğinə, insanların sülh diləyinin təcəssümünə mühüm töhfələr verir.

Məhz insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh məfhumu bu gün bəşəriyyətin həllini gözləyən ən vacib problemlərindən biridir. Yaşadığımız mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran ən mühüm məqsəd istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ауrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdır. Başqa sözlə hər zaman insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zərurəti vardır.

Bu baxımdan Ombudsmanın təşəbbüsü ilə elan olunmuş və artıq uğurla başa vurduğumuz "Sülh aylığı” insanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə qarşımızda duran Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir.

Bu tədbirlər vasitəsilə insan hüquqları, o cümlədən sülh şəraitində təhlükəsiz yaşamaq hüququ təbliğ olunur, bu hüququn isə yalnız sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmininin mümkünlüyü izah edilir. Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəldilir, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi istiqamətində böyük səylər göstərilir.

Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların gənc yaşlarından hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı, əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində real icra olunur və təsdiqini tapır.

Aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərlə bağlı arayışlar hazırlanaraq Müvəkkilə təqdim edilmiş və onlar təhlil edilərək ümumiləşdirilmişdir. Hüquq-mühafizə orqanları, nazirliklər, komitələr tərəfindən aylıq çərçivəsində həyata keçirilən tədbirlər planı, demək olar ki, əhalinin bütün sosial qruplarını əhatə etmiş və fəal iştirakları ilə yadda qalmışdır.

Ombudsmanın xalqımızın iradəsinə, dövlətimizin sülh siyasətinə dəstək məqsədilə müxtəlif qurumlara ünvanlandığı müraciətlərə əsasən "Sülh aylığı” çərçivəsində respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə silsilə maarifləndirmə tədbirləri, inşa və rəsm müsabiqələri, sərgilər və idman yarışları təşkil edilmişdir. Belə ki, "Sülh və insan haqları”, "Sülh və dialoq”, "Biz sülh istəyirik”, "Dünyamıza sülh gərəkdir”, "Sülh olmasa cəmiyyət inkişaf edə bilməz”, "Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi”, "Sülh dünyanın səadət, əmin-amanlıq və firavanlıq rəmzidir”, "Sülh və əminamanlıq həyatımızın əsasıdır”, "Azərbaycan xalqı hər cür təcavüzün əleyhinədir”, "Silahlara yox deyək”, "Azsaylı xalqların hüquq və azadlıqlarının qorunması sülhə və sabitliyə xidmət edir”, "İslam sülh və barışıq dinidir”, "Sülh və dözümlülük mədəniyyəti”, "Müharibə insanlığın faciəsidir”, "Azərbaycan ədəbiyyatında sülh mövzusu”, "Azərbaycan sülh tərəfdarıdır”, "Mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu”, "Multikulturalizm Azərbaycan modeli və dünya multikulturalizm modelləri”, "Dini radikalizm islamın əleyhinə təxribatdır”, "Sülh anaların arzusudur”, "Sülhü qorumaq, cəmiyyəti qorumaq deməkdir”, "Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti beynəlxalq sülhün təminatına istiqamətləndirilir”, "Multikulturalizm siyasəti müxtəlif dinə sitayiş edən insan qrupları arasında sülhün təminatıdır”, "Dünyanı sülh xilas edəcək”, "Mən sülhə səs verirəm”, "Sülh - azadlıq, bərabərlik və ədalət” və s. mövzularda maarifləndirmə tədbirləri keçirilmiş, yerli KİV-də məlumatlar işıqlandırılmışdır. Bununla yanaşı, əhali ilə səyyar qəbullar zamanı onların müraciətləri dinlənilmiş və müvafiq tədbirlər görülmüşdür.

Eyni zamanda, "Biz sülh istəyirik”, "Sülh və azadlıq”, "Uşaqlar sülh istəyir”, "Sülh uşaqların gözü ilə” mövzularında rəsm sərgiləri və inşa yazı müsabiqələri təşkil olunmuşdur.

Etnik azlıqların məskunlaşdığı rayonların icra hakimiyyəti orqanlarından aldığımız məlumatlara əsasən qeyd etmək olar ki, Ombudsmanın tövsiyəsinə uyğun olaraq etnik azlıqların nümayəndələri ilə də görüşlər təşkil olunmuş, onlara hüquq və vəzifələri izah olunmuşdur. Keçirilən bu tədbirlər ölkəmizdə formalaşmış sülh mədəniyyətini, sülh istəyini təcəssüm etdirən çıxışlar tolerant respublikamızın mövqeyini bir daha təcəssüm etdirir.

Qeyd olunmalıdır ki, Baş Prokurorluğun Təşkilat-analitik idarəsində "Sülh inkişafın əsas təməlidir” mövzusunda tədbir, Elm-Tədris Mərkəzində Beynəlxalq Sülh Gününə həsr edilmiş iclas keçirilmiş, habelə Hüquqi təminat idarəsi tərəfindən Baş Prokurorluğun idarə və şöbələrinə, Bakı şəhər, bütün rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına sülh və insan hüquqlarını təbliğ edən mövzuların "Prokurorluq işçilərinin ixtisaslarının artırılması, attestasiya olunması işinin təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə uyğun olaraq keçirilən tədris məşğələlərində müzakirə edilməsinə dair məktub göndərilmiş və müvafiq mövzular ətarfl müzakirə olunmuşdur.

Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən tərbiyəvi iş və hüquq saatlarında dövlətimizin insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xüsusi önəm verməsi şəxsi heyətə çatdırılmış, xüsusi təyinatlı müəssisələrində "Sülh və insan hüquqları”, "İnsan hüquq və azadlıqları” və "Beynəlxalq humanitar hüquq” mövzusunda dərslər tədris olunmuşdur. Eyni zamanda nazirliyin mətbu orqanları olan "Azərbaycan ordusu” qəzetində "Sülhün və əminamanlığın qorunması dövlətimizin ümdə vəzifələrindən biridir”, "Bəşəriyyətə sülh gərəkdir” və "Hərbi bilik” jurnalında "İnsan hüquq və azadlıqları” mövzularında yazılar dərc edilmişdir.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ilk dəfə ədliyyə orqanlarına, o cümlədən tibb, penitensiar xidmət və vəkilliyə qəbul olunan namizədlərin icbari təlimlərinin, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslər, habelə bələdiyyə üzv və bələdiyyə qulluqçuları üçün hüquqi maarifləndirmə kurslarının proqramlarına insan hüquqları, sülh və dözümlülüyün təbliği ilə bağlı xüsusi mövzulara, o cümlədən "İnsanların sülh şəraitində yaşamaq hüququ”, "İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsində azadlıq hüququnun təmin olunması standartları” və s. aktual məsələlərə diqqət yetirilmişdir. Bundan əlavə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə 4, 10, 17 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində "Din və vicdan azadlığı”, "Dövlət və din münasibətləri”, "Terrorizm, sülh və insanlıq əleyhinə cinayətdir”, "İslamda insan hüquqları” mövzularında tədbirlər keçirilmişdir.

Daxili İşlər Nazirliyi tərəfindən peşə hazırlığı məşğələlərində şəxsi heyətə "Beynəlxalq Sülh Gününün yaranma tarixi və əhəmiyyəti, "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”, "İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında Konstitusiya Qanunu”, "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, "Hər hansı bir formada tutulan və həbs olunan şəxslərin müdafiəsinin Əsas Prinsipləri” və digər mövzular üzrə ətraflı məlumatlar verilmişdir.

Fövqəladə Hallar Nazirliyinin qurumlarında keçirilmiş tədbirlərdə ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatlar, fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması zamanı insanların müdafiəsinin təmin olunmasında nazirliyin fəaliyyəti və rolu mövzusunda müzakirələr aparılmış, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı insan hüquqlarının qorunmasının vacbliyi vurğulanmışdır.

Vergilər Nazirliyi tərəfindən sülh, insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi mövzularında tədbirlərin keçirilməsi ilə əlaqədar Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamenti, Ərazi Vergilər Departamentləri və idarələri, Rayon Vergilər Şöbələri tərəfindən vergi ödəyicilərinin iştirakı ilə görüşlər keçirilmişdir.
İqtisadiyyat Nazirliyi tərəfindən insan hüquqlarının tərkib hissəsi olan istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması və onların maarifləndirilməsi məqsədilə Tovuzda Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilmiş konfransda tədbir iştirakçıları istehlakçı hüquqları ilə bağlı məlumatlandırılmış, onlara maarifləndirici materiallar təqdim olunmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sülh aylığı ilə bağlı "Bərabər imkanlar və cəmiyyətə tam inteqrasiya: əlilliyi olan şəxslərin sosial statusunun bərpasında innovativ reabilitasiya modellərinin rolu”, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində "Cəmiyyətin müxtəlif sosial qrupları arasında qarşılıqlı dialoqun inkişafı sülhün təminatıdır” mövzularında dəyirmi masa, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində müvafiq mövzunda dəyirmi masa, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli orqanları tərəfindən "İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzusunda seminar və digər tədbirlər keçirilmişdir. Nazirliyin Sülh aylığı çərçivəsində keçirdiyi silsilə tədbirlərə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində DSMF-nin direktorunun, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinin, həmin rayondan seçilmiş millət vəkilinin, o cümlədən Ombudsmanın nümayəndəsinin iştirakı ilə "Dünyamızı qoruyaq” mövzusunda keçirilmiş tədbirlə yekun vurulmuşdur.

Səhiyyə Nazirliyinin İctimaiSəhiyyəvə İslahatlar Mərkəzində sülh və insan hüquqlarının təbliği məqsədilə "Sağlamlıq baxımından insan hüquqları” mövzusunda həkim, orta tibb işçiləri və digər mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarında sülh və insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri keçirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində respublikanın regionlarında müntəzəm olaraq təbliğat və maarifləndirmə işləri həyata keçirlmiş, KİV-də məqalələr dərc edilmiş, televiziya və radioda çıxışlar edilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) "Sülh aylığı” çərçivəsində "Sülh və milli-mənəvi dəyərlərimiz”, "Biz sülh istəyirik”, "Cahanda Sülh”, "Sülh Quşları”, "Sülh günü uşaqların gözü ilə”, "Mən sülhə səs verirəm”, "Mənim sülh göyərçinlərim”, "Qoy həmişə sülh olsun” və s. mövzularda tədbirlər keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq multikulturalizm, eləcə də İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsi məqsədilə "Dinimizdə sülhün carçısı kimi”, "İslamda sülh və tolerantlıq”, "Azərbaycanda sülh və həmrəylik”, "Sülh prizmasından vətəndaşların hüquq və azadlıqları”, "Dimizdə sülhün mahiyyəti”, "İslamda sülh və vəhdət missiyası” və digər bu kimi mövzularda Şamaxı, Saatlı, Tovuz, Lənkəran və Siyəzən rayonlarında silsilə tədbirlər keçirilmişdir.

Dövlət Statistika Komitəsi aparatının və Komitənin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə "Qloballaşma və sülh mədəniyyəti”, "Sülh və inkişaf”, "Sülh və insan hüquqları” mövzularında mühazirələr oxunmuşdur.

Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Miqrasiya İdarəsinin xidmət ərazisi olan Zaqatala şəhərində "Miqrantların cəmiyyətə inteqrasiyası”, Xaçmaz Regional Miqrasiya İdarəsinin əhatə etdiyi Qusar rayonunda "Azərbaycan dövlətinin yeritdiyi sülhsevər siyasət və bu siyasətin miqrasiya proseslərinin tənzimlənməsinə təsiri”, Lənkəran Regional Miqrasiya İdarəsinin xidmət ərazisinə aid olan Lənkəran şəhərində "Miqrantların hüquqlarının müdafiəsi Dövlət Miqrasiya Xidmətinin vəzifələrindən biri kimi” mövzularında tədbirlər keçirilmişdir.

Milli Televiziya və Radio Şurası tərəfindən respublikada fəaliyyət göstərən bütün teleradio yayımçılarına əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tövsiyələr verilmişdir. Həmin tövsiyələrə uyğun olaraq bir sıra telekanalların verilişlərində müvafiq sahədə maarifləndirmə tədbirlərinin təşkil edilməsi məqsədilə Şura əməkdaşları regional televiziyalarda olmuş və müvafiq tədbirlər təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qeyri-hökumət təşkilatları tərəfindən sülh və insan hüquqlarını təbliğ edən mövzularda bir sıra tədbirlər keçirilmişdir.

Azərbaycan Mətbuat Şurası tərəfindən ölkəmizdə tanınan, ictimai rəyə təsir göstərən 10 kütləvi informasiya vasitəsində görüş keçirilmiş, sülh çağırışlarının yayılmasındakı forma və üsulları diqqətə çatdırılmış, insan hüquq və azadlıqlarının qorunması istiqamətində maarifləndirmə işləri aparılmışdır. Həmin görüşlərdə "Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nda jurnalistin insanlar dininə, milliyyətinə, etnik mənsubiyyətinə görə fərqləndirməməli olduğunun təsbit edildiyi bildirilmişdir.

Ümumilikdə Aylıq çərçivəsində insan hüquqlarına dair dövlət qurumlarının təşkil etdiyi tədbirlər əsasən "Sülh və insan hüquqları”, "Sülh və dayanıqlı inkişaf”, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli yollarının müzakirəsi”, "21 sentyabr – Beynəlxalq Sülh Günüdür” və s. mövzularda olmaqla hüquqi maarifləndirmə məqsədini daşımışdır.

"Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Aparatın əməkdaşlarının, Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən regional mərkəzlərinin iştirakı ilə silsilə tədbirlər Bakı şəhərində, eləcə də respublikanın rayonlarında davam etdirilmiş və bununla bağlı mütəmadi olaraq KİV-lərə məlumat verilmişdir.

Belə ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, DSMF-nin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində, habelə Sabunçu rayon Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində keçirilmiş tədbirlərdə mövzu ilə bağlı çıxışlar etmişlər.

Bundan əlavə, aylıq çərçivəsində Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzləri tərəfindən "Cəza siyasətinin humanistləşdirilməsinin insan hüquqlarının müdafiəsinə tövhəsi”, "İslam həmrəyliyi və insan hüquqları”, "İslam Həmrəyliyi və sülh mədəniyyətinin insan hüquqlarının qorunmasında rolu” və s. mövzularda aidiyyəti dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, yerli icra hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət, bələdiyyə, dini icma, QHT və KİV, habelə geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.

Uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on yeddi ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən, həmçinin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və Liderlik Məktəbinin gənc sülh elçilərinin sülh hərəkatının inkişafında və sülh mədəniyyətinin təbliği prosesində fəal iştirakı da respublikamızda uşaq və gənclərin iştirakçılığını təmin edən və bu sahədə formalaşmış ən yaxşı təcrübələrdəndir. Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzun bitirmiş, burada "Azərbaycan – yurdum mənim!” devizi ilə onlar ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər almış, vətənpərvərlik tərbiyəsi, yurdsevərlik hissi aşılanmış, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqları öyrədilmişdir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların Quba rayonundakı N saylı hərbi hissəsində yaradılmış "Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin bağlanış mərasimində iştirak edən Müvəkkil, öz çıxışında ölkəmizdə insan hüquqlarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilməsinin ölkəmizin prioritet məsələlərindən olduğunu, bu sahədə mühüm addımlar atıldığını bildirmişdir.Qeyd edilməlidir ki, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin şəhid, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan üzvləri də düşərgədə iştirak edərək fərqlənmiş və mükafatlandırılmışlar.

Ümumilikdə Aylıq çərçivəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsinə məsul olan dövlət qurumları, şəhər və rayon icra hakimiyyətləri tərəfindən müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmiş, onlarla sərgilər və inşa müsabiqələri təşkil edilmişdir ki, bu da minlərlə insanı əhatə etmişdir. Hər bir qurumun öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlər həyata keçirməsi bir daha ənənə olaraq hər il belə Aylığın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını və sülhün bərqərar olması sahəsində vahid bir hərəkatın formalaşdığını sübut edir.

Müvəkkilin fəaliyyəti dövründə sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq, xüsusilə də gənclər arasında sülh təhsili və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirmiş, o cümlədən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirmişdir.

Bununla belə hesab edirəm ki, ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi və həmin sənədin 2.1.3-cü bəndində gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi kimi müvafiq tədbirin də həyata keçirilməsinin bir vəzifə olaraq qarşıya qoyulması bu istiqamətdə görülən işlərin səmərəliliyini və əhatə dairəsini daha da artıracaqdır.

BMT-nin bir sıra sənədlərində də genosid ümumi beynəlxalq hüquq normalarını pozan bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayət kimi dəyərləndirilir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (1) saylı qətnaməsində genosidin beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət olduğu elan edilir. Bu cinayətin hüquqi əsası isə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur.

Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Şurasının (İHŞ) Cenevrədə baş tutan 25-ci sessiyasının münaqişə şəraitində uşaq hüquqları mövzusuna həsr edilmiş iclasında bəyanatla çıxış edərək, müharibə vəziyyətində uşaqların hüquqlarının pozulması BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, "Müharibə qurbanlarının müdafiəsinə” dair Cenevrə Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə, habelə BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının münaqişənin sülh yolu ilə həllinə dair müvafiq qətnamələrinə riayət olunmamasının nəticəsi olduğunu bildirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, İHŞ-nin 25-ci sessiyasının gündəliyi ilə bağlı Genosid cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyanın 65-ci ildönümü münasibətilə genosidin qarşısının alınmasına dair sessiyada həmin mövzu üzrə Müvəkkilin yazılı bəyanatı qurumun rəsmi sənədləri sırasına daxil edilərək internet səhifəsində yerləşdirilmiş və 250 nüsxədə çap etdirilərək iştirakçılar arasında paylanmışdır.

Ümumilikdə Ombudsman fəaliyyəti dövründə 122 bəyanatla çıxış etmiş və nüfuzlu beynəlxalq təşkilatlara ünvanlamışdır. Həmin bəyanatlarda Azərbaycan dövlətinin sülhsevər siyasət yürütdüyü, respublikamızın Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etdiyi, lakintəcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dördqətnamənin tələblərini kobud şəkildə pozmaqda davam etdiyibildirilmişdir.

Yeri gəlmişkən, 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindənFüzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri almış və araq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Bununla əlaqədar ölkə Ombudsmanı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına Bəyanat göndərərək Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və bütün insan hüquqlarından tam faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini və həmkarlarımı birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırmışdı.

UNİCEF-in direktor köməkçisi Kornelius Uilyams tərəfindən Ombudsmanın ünvanına daxil olmuş məktubda Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar Bəyanata görə təşəkkür edildiyi bildirilmiş və vurğulamışdır ki, heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir. Eyni zamanda məktubda göstərilmişdir ki, BMT-nin Baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir və UNİCEF bu cür həlli yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan bütün uşaqların hər cür müdafiə ilə təmin edildiklərinə ümid edir.

Bundan əlavə baş ofisi Brüsseldə yerləşən, Avropa İttifaqı və beynəlxalq siyasətə dair məlumatların dərc edildiyi müstəqil həftəlik qəzet olan Avropanın aparıcı "New Europe” (Yeni Avropa) qəzetinin son buraxılışında Müvəkkilin sözügedən bəyanatının mətni əsasında hazırlanmış məqalə çap edilmişdir.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində uzun illərdən bəri ilk dəfə erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmiş və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıtmış, hazırda isə 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilməkdədir.

Təqdirəlayiq haldır ki, Böyük Qayıdışın başlanğıcı hesab olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bərpa edilmiş və ölkə Prezidenti cənab İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndinə gedərək orada görülən işlərlə tanış olmuş, sakinlərlə görüşmüşdür. Qeyd olunmalıdır ki, Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşmüşdür.

Yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu il 15 sentyabr - Bilik Günündə kənddə 24 ildən sonra yenidən məktəb zənginin səslənməsi ilə əlaqədar daha bir bayram sevincini yaşamışlar.

Yeri gəlmişkən, Azərbaycan Ordusu ötən ilin aprel döyüşlərində xalqımıza ilk qələbə müjdəsini yaşatmışdır. Müvəkkil bu münasibətlə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş zəfər yürüşündə, "Aprel şəhidlərinə xatirə” abidəsinin açılışında iştirak etmiş və öz çıxışında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışmış, xalqımızın daha böyük qələbələr qazanacağına, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpa ediləcəyinə, tezliklə doğma ata-baba torpaqlarına qayıdacaqlarına əminliyini bildirmişdir.

100 illik tarixə malik olan Beynəlxalq Sülh Bürosunun 1997-ci ildən üzvü olan, Ombudsman tərəfindən fəaliyyəti dəstəklənən Azərbaycan Sülh və İnkişaf Alyansı müxtəlif dövlət orqanlarının, beynəlxalq təşkilatların, dini icmaların, QHT-lərin iştirakı ilə qarşılıqlı əməkdaşlığa əsaslanan və respublikamızda sülh hərəkatının formalaşdırılması istiqamətində əhalinin müxtəlif qruplarına (uşaqlara, gənclərə, qadınlara, ahıllara, milli azlıqlara, dini icma nümayəndələrinə) ünvanlanan fəaliyyəti ölkəmizdə müsbət təcrübə formalaşdırmaqdadır.

Hələ 1999-cu ilin may ayında Hollandiyanın Haaqa şəhərində keçirilmiş II Ümumdünya Sülh Konqresində ölkəmiz Elmira xanım Süleymanova, fəal qadınlar və uşaqlar da daxil olmaqla 100 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bu isə öz növbəsində dünyada sülh hərəkatı tarixinə töhfəsini verməklə yanaşı, həmin konqresdə iştirak etmiş Azərbaycan Sülh və İnkişaf Alyansı üzvlərinin də fəaliyyətinin güclənməsinə, ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə açıqlanmasına geniş imkanlar yaratdı.

Bununla yanaşı insanların mənəvi sərvətləri içərisində dinin fərqliliyi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə, əməkdaşlığa dəvət etmişdir. Biz indi də bunun şahidiyik. Getdikcə daha çox din adamı dinlərarası dialoqun zəruriliyini dərk edir və dəstəkləyir. Bu isə sülh, dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə əməkdaşlıq tələb edir.

Ümummilli Liderimiz Heydər Əliyev vaxtı ilə Türkiyənin İstanbul şəhərində "Sülh və səbir” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edərək demişdir: "Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar”.

Bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmayan müxtəlif dağıdıcı qüvvələr milli və dini ədavət toxumları səpir, qarşıdurma ocaqlarının saxlanılması üçün hər cür çirkin vasitələrə əl atırlar. Qafqazda sülhə və əmin-amanlığa təhlükə törədən bütün əməllərin qarşısının alınması hamımızdan sülh naminə daha sıx əməkdaşlıq tələb edir.

Müasir dövrdə bütün dünyada enerji sülhün və sabitliyin lokomotivi kimi qəbul edilir. Bu baxımdan Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ölkəmizin əldə etdiyi növbəti uğurlardandır.

Müharibə hər bir xalq üçün böyük imtahandır. Bu imtahanda Qələbə çalacağıq. Görüşdüyümüz həmsöhbətlərimizin hamısı başlıca problemimizin mənfur düşmən tərəfindən işğal olunmuş bütün torpaqlarımızın azad olunması və geri qaytarılması olduğu, bu arzuya çatacaqları günün artıq uzaqda olmadığını, bunun qarantı kimi ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə ordumuz və əhalimizin vəhdət təşkil edərək yüksək nizam-intizamla, mütəşəkkil, çətin anlarda bir qüvvə kimi vahid səylərini birləşdirib səfərbər olmağı bacaran xalqımızın olduğunu bildirmişlər.

Sülh Aylığının keçirilməsi onu göstərir ki, Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə kütləvilik və ictimai iştirakçılıq təmin edilməklə davamlı olaraq həyata keçirilən bütün tədbirlər əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, hüquqların bərpası və qarşısının alınması istiqamətində müvafiq dövlət qurumları, QHT və KİV-lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən sülh və insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin və uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verir, bu sahədə Azərbaycan təcrübəsini daha da inkişaf etdirir.

Fikrimi ölkə başçısının sözləri ilə tamamlamaq istərdim: "Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Ancaq heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən 20 ilə yaxın vaxt keçir, bunu heç kim unutmamalıdır...

Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır”.

Faiq Ağayev
Ombudsman AparatınınHüquqi maarifləndirmə, elmi-analitik,informasiya və beynəlxalq əlaqələrşöbəsinin müdiri
banner

Oxşar Xəbərlər