Süleymanov Lənkəranda futbol ictimaiyyəti ilə görüşdü
Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar
İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə görüşləri davam etdirirlər.
Növbəti belə görüş Lənkəranda keçirilib. Bu barədə məlumatı Kaspi.az-a
təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması,
məram və məqsədi ilə bağlı məlumat vermək üçün Lənkərana səfər ediblər:
"Lənkəranın Azərbaycan futbolunda özünəməxsus izi var. Deyərdim ki,
Lənkəran müstəqil Azərbaycan futboluna rəqabət, yeni nəfəs, rəng qatan rayon
olub. Məhz bu rayonun futbol ictimaiyyətinin sayəsində müstəqil Azərbaycan
futbolunda azarkeşlik ənənəsi formalaşdı. Kimsə Lənkəranın futbol
ictimaiyyətinin intellektual potensialına şübhə edə bilməz. Belə bir potensiala
malik rayona səfər etmək bizim borcumuz idi”.
Süleymanov bildirdi ki, Lənkəranda həm futbol veteranları, həm də
futbol ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar: "Məramımız,
təşkilatın ideya və prinsipləri ilə bağlı Lənkəranın da futbol ictimaiyyətini
məlumatlandırmaq idi. Onların fikirlərini, təkliflərini dinlədik. Lənkərandakı
görüşümüz olduqca səmərəli alındı. Dəyərli təkliflər eşitdik, ümumiyyətlə,
Azərbaycan futbolunun problemləri, onların həlli ilə bağlı müzakirələr apardıq”.
Süleymanov bildirdi ki, belə səfərlər davamlı olacaq və Azərbaycanın
bütün bölgələrini əhatə edəcək
Qeyd edək ki, Azərbaycan
Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki
görüşləri Gəncə, Masallı, Buzovna və İmişlidə olmuşdu.