• cümə, 19 Aprel, 03:38
  • Baku Bakı 18°C

Süleymanov Buzovna qəsəbəsində futbol ictimaiyyəti ilə görüşdü

18.06.19 12:24 581
Süleymanov Buzovna qəsəbəsində futbol ictimaiyyəti ilə görüşdü
Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə görüşləri davam etdirirlər.
Növbəti belə görüş Buzovna qəsəbəsində keçirilib. Bu barədə "Kaspi” qəzetinə Nazim Süleymanov məlumat verib. O bildirib ki, Buzovna qəsəbəsinin futbol ictimaiyyətinə təşkilat barədə məlumat verilib: "Buzovna qəsəbəsi müstəqil Azərbaycanın futbol tarixində ilk illərdən təmsil olunub. Bu qəsəbənin "Xəzri” komandası Azərbaycan çempionatında iştirak edib. Özü də uğurla çıxış edib. Qəsəbədə xeyli futbol veteranı var. Üstəlik, burda futbolu sevən insanlar da yetərincədir. Ona görə də Buzovna qəsəbəsində futbol ictimaiyyətinin geniş kontingenti cəmləşib.
Biz bu kontingentlə görüşməyə borclu idik. Onlara təşkilatın məram və məqsədi, gələcək planlarımız barədə geniş məlumat verdik”.
Süleymanov bildirdi ki, Buzovna qəsəbəsinin futbol ictimaiyyəti ilə səmərəli müzakirə aparıblar: "Çox təəssüf ki, hazırda Buzovnanın da futbol veteranları, ümumiyyətlə, futbol ictimaiyyətinin nümayəndələri futbol sahəsindən kənarda qalıblar. Onların futbola öz baxışları, yanaşma tərzləri, Azərbaycanda futbolun inkişafı və təbliği ilə bağlı dəyərli fikirləri var. Görüşdə bu fikirləri dinlədik. Buzovnanın futbol ictimaiyyəti yeni yaradılan təşkilat barədə də fikirlərini bildirdilər, onun fəaliyyətini necə görmək istədikləri ilə bağlı təkliflərini səsləndirdilər. Heç şübhəsiz, təşkilatın gələcək fəaliyyətində bu təkliflər mütləq nəzərə alınacaq”.
Süleymanov bildirdi ki, belə görüşləri davam etdirəcəklər. Qeyd edək ki, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki görüşləri Gəncə və Masallıda olmuşdu.
Onu da vurğulayaq ki, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri ilə AFFA-nın baş katibi Elxan Məmmədov da görüşüb. Federasiyanın mənzil-qərargahında baş tutan yığıncaqda bir sıra tanınmış futbol veteranları iştirak edib. Baş katib Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasının və fəaliyyət göstərməsinin tərəfdarı olduqlarını bildirib. O, bu yöndə AFFA-nın təşkilata hər cür dəstək göstərəcəyini də vurğulayıb: "AFFA hər kəsi dinləməyə və kömək etməyə hazırdır. Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı haqda fikirlərim müsbətdir. Mən əminəm ki, bu İttifaq futbolun inkişafı üçün mühüm işlər görəcək. Potensialınız böyükdür”.
banner

Oxşar Xəbərlər