Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib - FOTOLAR
Azərbaycan Texniki Universitetində (AzTU) Əməkdar
İncəsənət xadimi, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin 110
illik yubileyi keçirilib. AzTU mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, yubileydə
şairin ailə üzvləri, tanınmış ictimai şəxslər, elm adamları və incəsənət nümayəndələri
iştirak ediblər. Tədbirdə Süleyman Rüstəm yaradıcılığının ədəbiyyatımıza,
poeziyamıza verdiyi töhfələrdən danışılıb. Çıxış edənlər şairin sovet dövründə ədəbi
mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz
açıblar. Bildirilib ki, şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları,
qəzəlləri ədəbiyyatımızda xüsusi rol oynayır.
AzTU-nun rektoru, professor Havar Məmmədov
çıxışında müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman
Rüstəmin Vətənə, xalqa olan məhəbbətindən danışıb və qeyd edib ki, şairin yaradıcılığına
bugünkü gənclər də xüsusi həssaslıqla yanaşırlar.
Sonra Azərbaycan Könüllü Kitabxana Birliyi tərəfindən
AzTU-nun rektoru, professor Havar Məmmədova fəxri fərman təqdim olunub.
Yubiley tədbiri Süleyman Rüstəmin sözlərinə bəstələnmiş
mahnıların ifası ilə davam etdirilib.
Tədbirin sonunda şairin oğlu
Azad Rüstəmov atası haqqında deyilən xoş sözlərə görə bütün çıxış edənlərə və tədbirin
təşkilatçılarına öz təşəkkürünü bildirib.