• cümə, 19 Aprel, 23:46
  • Baku Bakı 24°C

Süleyman Ələsgərovun 95 illiyi Filarmoniyada da qeyd olunacaq

29.01.19 12:21 620
Süleyman Ələsgərovun 95 illiyi Filarmoniyada da qeyd olunacaq
Fevralın 21-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTACxəbər verir ki, tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından danışılacaq, sənətin inkişafındakı xidmətliləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Ansamblının müşayiətilə unudulmaz sənətkarın bəstələdiyi əsərlər səsləndiriləcək.
Qeyd edək ki, 1924-cü il fevralın 22-də Qarabağın dilbər guşəsi Şuşada anadan olan bəstəkarın yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin ən parlaq səhifələrini təşkil edir. Onun tükənməz xalq yaradıcılığından bəhrələnən, musiqi dilinin sadəliyi, rəngarəngliyi və səlisliyi ilə səciyyələnən əsərləri son illər ərzində respublikamızın mədəni həyatında mühüm rol oynamaqla, milli musiqi sənətimizin tarixinə qızıl hərflərlə yazılıb. S.Ələsgərov Üzeyir Hacıbəylinin qayğısı ilə böyük sənət dünyasında ilk uğurlu addımlarını atıb, ilk musiqi əsərlərini bəstələyib. Onun əsərləri Azərbaycan xalq musiqisinin ən yaxşı ənənələrini özündə əks etdirir.
Bəstəkarın "Yada düşdü”, "Vətənimdir”, "Sərvi Xuramanım mənim”, "Qafqaz”, "Ata”, "Küsmərəm”, "Bilmirəm”, "Neylərəm” romansları forma əlvanlığına, ifadə vasitələrinə görə böyük maraq doğurur. Bəstəkar Azərbaycanda operetta janrının inkişafı ilə bağlı çox məhsuldar fəaliyyət göstərərək Ü.Hacıbəylinin ənənələrini davam etdirib. Onun müxtəlif illərdə yaratdığı "Ulduz”, "Özümüz bilərik”, "Olmadı elə, oldu belə”, "Milyonçunun dilənçi oğlu”, "Sevindik qız axtarır”, "Hardasan, ay subaylıq?”, "Həmişəxanım”, "Gurultulu məhəbbət”, "Hərənin öz ulduzu”, "Subaylarınızdan görəsiz” operettaları uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.
banner

Oxşar Xəbərlər